Mövqe

“Təsir dairəsi” ictimai-sosial proqramının aparıcısı Lalə Azərtaş bir neçə gün əvvəl canlı efirdə dediyi “Ailələrin dağılmasının qəti əleyhinəyik. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəçəksən” sözləri     böyük rezonans doğurub.

 Rezonans doğurubsa, deməli,  cəmiyyətin  nəzərə çarpacaq bir hissəsi bu fikri birmənalı qarşılamayıb. Bu neçə gündəöylənilən fikirləri, şərhləri diqqətlə  izlədim. Lalə Azərtaş məqamın sözlərini söyləyib,  bu  fikirləri  etirazla  qarşılyan  insanlara deməyib. Ailəsini, yuvasını pozmağa dəmadəm hazır olanlara  söyləyib. Yəqin ki, kütləvi informasiya vasitələrində 

boşanma halları ilə bağlı  verilən statistik məlumatlardan  sizin də  xəbəriniz var.

 Az qala  boşananların sayı  nikah bağlayanların sayına  bərabər olsun.

Ailə qurmaq istəməyən gənclərimizin sayı da daim artmaqdadır. Nikahı pozulmuş  cütlüklərin yaş tərkibi də getdikcə cavanlaşmağa doğru gedir.

Bu mövzuda internetdə  kiçik bir arşadırma  apardım. Azərbaycanda təkcə 2019-cu ildə boşananlardan 5595 nəfərin nikahı 5 ilə qədər, 4946 nəfərin nikahı 5-9 il, 4518 nəfərin nikahı 10-19 il, 2089 nəfərin nikahı isə 20 il və daha çox davam edib. Fikir verirsinizmi,   ailələrimizin keyfiyyəti getdikcə necə aşağı enir.

Azərbaycanda ailələrin say tərkibi də keçən əsrin  80-ci illərinə qədər olan vəziyyətdən  aşağı enməkdədir.

  Mənim   kənddə  yaşadığım   1955- 1980-ci illərdə   kəndimizdə 5-6 uşağı olan ailələr  azuşaqlı ailə sayılırdı,bu gün isə 2-3 uşaqlı ailələr çoxuşaqlı ailə hesab edilirlər.

  Bəlkə də yeni doğulanların  statistikasını ortaya atacaqlar ki, qorxulu  bir  şey yoxdur, doğum qaydasınca davam etməkdədir. Amma bu artım  keçən əsrdə doğulmuş uşaqların  və bu gün artıq ata olmuş gənclərin evliliklərindən dünyaya gəlmiş uşaqların hesabınadır. İndi ailələrdə, əsasən, 2-3  uşaq doğulursa, qarşıdakı illərdə demoqrafik  problemlər gözləniləndir.

Bu sarada uşaqların sayının  azalması  da nəzərdən qaçmamalıdır. Ailələrin 3-dən artıq uşaq istəməməsi evliliklərin tamam başqa səmtə  meyilliliyi ilə bağlı  şübhə və gümanlar da  yaratmaqdadır.

Problemli ailələrin sayı  da  nəzərdən qaçmamalıdır. Çünki belə ailələrin valideynləri həmin ailələrdə  doğulmuş    uşaqların tərbiyəsi ilə bağlı öz  funksiyalarını yerinə yetirə bilmirlər. Onlar məktəbdə müəllimlərin, həyət -bacalarda isə ahılların probleminə çevrilirlər, cəmiyyətin probleminə  çevrilirlər.  

 Bir vaxt Azərbaycan ailələri üçün vacib  olan   keyfiyyət  bu idi ki, yaxşı, ağıllı övladlar böyütsünlər, onları oxutsunlar, peşə sahibi etsinlər, əllərini çörəyə çatdırsınlar, oğul övladıdıdırsa,    dədə-baba qaydası ilə  toy edib gəlin gətirsinlər , qız övladıdırsa, adı, şərafəti üstündə bir    şöhrətli ailəyə gəlin köçürsünlər, ailələrinə, özlərinə  daha bir güc, etibarlı dayaq qazansınlar.   Boşanmaq, acıq edib evdən  getmək,   bir-birlərinə etimadsızlıq  kimi hallar  ola bilməzdi. Olsaydı da, ağsaqqallar  dərhal  problem məcrasına qaytaradılar.  Təəssüf ki, bu gün  həmin nizam, həmin məsuliyyət yoxdur.

Axtarış sistemi vasitəsi  ilə bir baxın:

1.    Bir neçə il əvvəl rayonlarımızın birində 23 yaşlı iki uşaq anası başqa şəxsə qoşularaq evdən qaçıb.

2.    Ağcabədidə 18 yaşlı iki uşaq anası 44 yaşlı evli kişiyə qoşulub qaçıb. Göyçayda, Qusarda, Xaçmazda, Qubada, daha sonra   Siyəzəndə 5 uşaq anası həyətdə işləyən ustaya qoşularaq qaçıb.

3. Azərbaycanın şimal rayonlarından birində  maddi imkanları yetərli olan ailənin gəlini övladlarını, ərini tərk edərək internetdə tanış olduğu gəncə qoşularaq qaçıb.  Sonradan  etiraf edibmiş ki,  onu qaçmağa    seriallarda gördüyü, həsəd apardığı romantik sevgi münasibətlərinin reallıqda yaşamaq istəməsi  olub. “Deyib ki, öz həyatımı yaşamaq istəyirəm. Lap Qodarın Nanası kimi…”

 Öz halalca ərinin qayğısına qalmağı söz edən  belə qadınlarımızın ağıllarının gizli qatlarında seriallardakı kişi qəhrəmanlarla münasibət  modeli  varsa,  Lalə Azərtaş  belə qadınlara ünvanlanıb.  Yanıb deyib də.

  Hər qapı açılanda, hər qapı döyüləndə  ərinin ola biləcəyini zənn edib   gündə 10-15 dəfə  qapıya sarı səmtlənən    qadınlarımıza  ünvanlanmayıb. Fərizə kimi  qızlarımıza,  şəhid ərlərinin  nəşini çiyinlərində   son mənzilə yola salmış  qadınlarımızın   davamçıları ola biləcək  qadınlarımıza ünvanlanmayıb.

Təəssüf ki, müəyyən istisnalarla  heç kim bu mövzuda  ciddi  söz, fikir söyləmək istəmir. Əksər  mətbu vasitələr  şouya , xarici ölkələrin pis nümunələrinə , transparan geyimlərə  daha çox  yer ayırılar, ailə institutunun  gündə   bir kərpicinin qopduğunu isə   kimsə görmək istəmir.  Amma  görmək istəyənlərdən biri də Lalə Azərtaşdır, özü də çikinə-bikinə bələdliklə.

Mən  uşaqlıq illərində  kənddə  qohum-qardaşa, qonşulara qonaq gedəndə, lap  öz evimizdə    belə  məqamları çox   görmüşəm : 50-55 il bundan qabaq. Yay fəslində   evin kişisi və yaxud baba  çiynində bel,  yaba , ya da dəryaz  tarladan işdən gələrdi, çim tərin içində, yorğun-əzgin. Gəlib  çatan kimi  qadını onu qapının ağzında  qarşılyar,  üst paltarını soyunmağa  kömək edər,  corablarını çıxardar,  sarı mis ləyənlər olurdu,  dərhal ləyəni də,    aftafanı da gətirib  evin ruzisini qazananın, evin fəhləsinin, uşaqlarının atasının  ayaqlarını yuyardı.  Şonra ər  aşağı əyilərdi  ki, bədəninin qurşaqdan  yuxarı hissəsini  sərinlətsin,  tərini, kirini    töksün. Qadını su tökərdi, ər  özü yuyardı. Amma  görürdün ki,  arada qadını da  ərinin kürəyinə əl gəzdirərdi. Axı bunsuz da olmaz.  Bəs bu qadın  nəyə lazım imiş onda?.

Eşq olsun  o dövrdə ərlərinə bu ehtiramı göstərmiş qadınlarımızın hər birinə, onları dünyaya gətirib tərbiyə vermiş  valideynlərinə. Qızları   çıxdığı evin, ailənin  hörmət-izzətini belə qaldırır.  Allah eləməsin ki, onların əri xəstələnsin  vəonlar  bu  qayğını   ərlərinə çarəsiz  durumlarında göstərsinlər.  Elə sağlığına qulluq  etsinlər də. Burada pis nə var ki. Onsuz da qadın   ərinin ayağını  yuyanda bunu  Allahdan və özlərindən  başqa heç kim  bilmir, görmür. Olsun ki, evdə qızları  görüb, bilib.  Bu, belə də olmalıdır. Qoy  görüb,  bilib  bundan dərs alsınlar.

 “Analı qızın  özü böyüyər, anasız qızın sözü”  kəlamı havadan, boşluqdan yaranmayıb ki. 

 O vaxt bizim sovetliyin 3 kəndində bir adam ola bilməzdi ki, onun indiki kimi hamamı olsun. Hamı  gecəyə salıb uşaqlar yatandan sonra  yuyunardı, ya da  pıtraq  lobya, xiyar tağlarının , ya da ki qarğıdalılığın içində  çimərdi. Məişətimizdə qadının  kişi ayağını, kürəyini yuması   vacibi belə yaranıb. İnkişafa  doğru getdikcə  buna ehtiyac qalmayıb.   Maşallah,   bu gün bütün  kəndlərimizdə hər kəsin şəhər rahatlığı kimi  rahatlığı var. Yuyunmaq,  duş almaq istəyənə köməyə ehtiyac  lazım  gəlmir: vedrədə su qızdırmağa, aftafa gətirməyə də   ehtiyac qalmır.

İndi  işdən , ya da   hardansa tədbirdən qayıdan  proletar   elə birbaşa  hamama keçib  5 dəqiqəyə yuyunub, rahatlanıb  keçir  süfrə başına. Xanımı,  sadəcə,  dəsmal , müəyyən aksesuarlar  verib, öz işinə davam edər. Ər hamamdan çıxan kimi də pürrəngi çayı dəmadəm   qarşısında olar…

  Bu gün ərin  ayağını yumaq  kimi  ailə-məişət davranışı  birmənalı olaraq yoxdur.  Olması da lazım deyil.

   Həmin davranış   ailə üzvlərinə, qohumuna, qonşusuna, lap  daha böyük auditoriyaya söz demək haqqı olan ixtiyarın, ağbirçəyin, qələm adamının  leksikasında , sadəcə, ibarə  olaraq qalıb. 

  Yəni, hansısa  ailələrdə yaranmış  ekstremal vəziyyəti  ümumiləşdirmək  və sabitləşdirmək üçün   həmin ibarəni  onun bir az da etik olmayan “Qadın kişinin ayağını  yumalıdır,  lap suyunu da içməlidir” kimi kiçik mətn formasında  el sözü kimi  dilə gətirirlər.   Həm də  o qadına qarşı  dilə gətirirlər ki, onun müəyyən də günahları  var. Axı, el gözü tərəzidir. Hamı görür, bilir və dəyərləndirir.

 Lalə Azərtaş   da emosiyalı halında  ailəsinin dağılmasına zərrə qədər də   narahat olmayana “ailəni, adını qorumaq  üçün,  ərinin ayağını yumaq lazımdırsa,  bunu etməlisən də” deyirsə,  onu öz yuvasına dönməsini  istəyən  Laləyə niyə çəpəki baxmalıyıq ki? Məgər  bu deyim ailəsini dağıtmaq istəyən, artıq dağıtmış həmcinslərinin etdiklərindən yamandırmı? 

Təbii ki, “ Qadın kişinin ayaqlarını yumalııdr ”  fikri nə qrafik olaraq, nə də semantik olaraq xoşa gəlməyən  buyuruqdur. Bu  antipatiyanı  bir qədər də artıran  ibarənin  sintaktik və sözlərin işlənmə formalarına uyğun olaraq qurulmaması ilə bağlıdır.  Ona görə də  bizim   hörmətli qadınlarımız Lalə Azərtaşın fikirlərini  həzm edə bilmirlər.

 Amma   hörmətli qadınlarımız, oxucularımız  fikrin  müəyyən üslubi məqamlarda  yarandığını, müəyyən üslubi məqamlar üçün  işlədildiyini unutmamalıdırlar.  Lalə  Azərtaşın məlum verilişi haqqında  çox fikirlər səsləndi. Bu da təbiidir. Hər hansı ictimai məzmunlu bir yazı,eləcə də  veriliş cəmiyyət üçündür, insanlar üçündür. Cəmiyyətə, insanlara  ünvanlanıbsa,  əks tərəfdən reaksiya da olmalıdır. Bu reaksiyaların   hamısının eyni ruhda olması, əlbəttə, mümkün deyil, heç lazım da deyil.   Fikir müxtəlifliyi, əksliklər, əksinə, doğrunu tapmağa  bələdçi olacaq.  Söylənilən fikirlərin  mənfi olması, yanlış olması da problem   deyil.  Təki iradlar da, tənqid    ədalətli olsun.

Məlum   verilişlə bağlı    tanınmış yazıçı Xeyrəddin Qocanın  bir çox saytlarda   yayımlanmış yazısı diqqətimi daha çox çəkdi.

Xeyrəddin müəllimin  manşetə çıxarılmış  bu başlığına  çox təəssüf etdim.  Başlıqdakı      fikir bir qədər “süzülüb, düzülüb” söylənməyib, bir qədər də  mətbuat  özü  konteksdən çıxardıb yaman günə salıb. Yeni bir   laflaşma  yeri  formalaşdırıb.

 Axı Şah İsmayıl Xətai   belə deməmiş, demiş  ki

:

Söz vardır kəsdirir başı,

Söz vardır kəsər savaşı,

Söz vardır ağulu aşı,

Bal ilən edər yağ, bir söz.

Mən  Xeyrəddin müəllimin indi   haqqında  fikir bildirməkdə olduğum  yazısında belə  söz  görmədim.

Xeyrəddin Qoca deyir ki, “kişilər orada-burada yekəbaş kimi danışırlar”. Yazıçı  hansı auditoriyaya ünvanlayır bu sözləri. Konkret  hədəfiniz var, buyurun, dəqiq ifadə edin. Amma  “kişilər ” deyib  onları “yekəbaş” adlandırmaq hədəfin  doğru seçilmədiyinii göstərir və  digər  kişilərə qarşı da qeyri-etikdir. Ayrı-ayrı kişilər bu və ya digər  formada pozula bilər, amma bütün kişilər yox.

Xeyrəddin müəllim kişilərdən sonra  keçir qadınların nümayəndəsinə: “O aparıcı son dərəcədə savadsız, kobud adamdır”.

Hardan bilirsiniz? Məgər siz Beynəlxalq Çəki və Ölçülər Komitəsində (CIPM –  Fransanın Sen-Klu şəhərində yerləşir) işləyirsiniz ? Heç kim topluma  bu  və yaxud  hər hansı  bir şəxsə  belə  müraciət edə bilməz, haqqında belə  deyə bilməz.

Mən bu xanımı tanımıram,  heç bir verilişini izləməmişəm.  Amma bu qalmaqalla bağlı vikipediyadan onun haqqında  məlumatlarla  maraqlandım  və müzakirələrə səbəb olmuş   verilişi də  izlədim.

 Lalə 2002-ci ildə Azərbaycan Dillər Universitetinin Tərcüməçilik fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini qırmızı diplomla bitirib. 2002–2020-ci illərdə Azad Azərbaycan TV-də, hal-hazırda isə Xəzər TV-də çalışır. Prezident tərəfindən fəxri diplomla təltif edilib. Bir çox beynəlxalq mükafatlarla təltif olunub. Azəriqaz İB-də İctimai Şuranın katibidir. Hal-hazırda BDU-nun Hüquqşünaslıq fakültəsində təhsil alır.

Belədirsə,   Xeyrəddin Qoca onu hansı əsasla  kobud və savadsız  adlandırır? O özü  Lalə Azərtaşın  “süzüb, düzüb söyləmədyi söz”lərdən  ondan da ehtiyatsız  şəkildə istifadə etmişdir.

  Kaş  Şəms Təbrizinin  dediyi kimi, “süzüb, düzüb söylə”yə idi:

Sözü süz də söylə,

Könlü bulandırmasın.

Sözü düz də söylə,

Qulağa inci deyə taxılsın.

Sözü  üzə söylə,

Qiybət olub utandırmasın.

Ola bilsin ki, müəyyən qisim   izləyici Lalə xanımın   həmin fikirdən məqamın sözü kimi  istifadə etdiyinin fərqində ola bilməsin.  Bəs fərqində  olanlar?

Xeyrəddin Qoca dan sitat: “…Qadın heç vaxt kişinin ayağını yumamalıdır. Kişi ölüm ayağında xəstə olar, o başqa məsələ. Ümumiyyətlə,  kişi də qadın xəstə olanda onun ayağın yuya bilər. Yəni çıxılmaz vəziyyətdə olan zaman etmək olar… 

…Qadın qul deyil. Qadının öz hüquqları var. Qadın anadır…”.

 Axı Lalə  demir ki, qadın quldur. Demir ki, qadınlar  ərlərinin ayağını yumalıdır. Qadınlar, Allah adına doğrusunu deyin: heç bir dəfə  həyat yoldaşınız belə bir istək  dilinə gətiribmi?  Kişilər, siz də deyin,   ağlınıza   heç belə   fikir düşübmü, xanımınızdan   bunu gözləmisinizmi?

 Gəlin, bir az  da açıq danışaq.  Bu gün  Azərbaycan cəmiyyətində  ailə institunun  vəziyyəti ciddi narahatçılıq doğurur.   Ailə dəyərləri çox  bayağılaşdırılır.  Xəyanət, etimadsızlıq, azyaşlılar arasında  intim həyata meyillilik,  nikahsız doğulan uşaqlar   təkcə ailələrimizdə deyil, ümumilikdə  mənəviyyatda  gedən tənəzzüldən   xəbər verir. Ər qadınını öldürür və yaxud   qadın ərini öldürür. Mən heç də dağılan ailələrin  cavabdehliyini  qadınların üzərinə  yıxmaq fikrində  deyiləm. Heç vaxt da  belə  yazı yazmamışam.   Əksinə, yazmışam ki,   bütün xəyanətlərin  hər birinin  arxasında bir qadınla yanaşı, həm də  bir kişi dayanır. Musa Yaqub demiş, “bir günah onundur, bir günah bunun”. Əgər biz günahkar axtarışına   baş vursaq, doğrunu heç vaxt tapa bilməyəcəyik.

  Amma   qadınlardan gözləntilər  çox böyükdür. Mən öz subyektiv fikirlərimi  bildirirəm. Qadınlar emosional olduqlarından  çox vaxt da  emosional da   addım atırlar.    Özünüz  seçmisiniz, sevmisiniz,  ailə qurmusunuz,  1-2 uşağınız da  olub.  Ay balam,  nə boşanmaqdır bu? Siz daha  gənc ola bilməzsiniz, siz   sosial şəbəkələrdə, seriallarda  rast  gəldiyiniz   macəra   həyatına inanmayın. Onlar sizin kimi hörməli ada  layiq ola bilmədiklərindən, layiq ola bilməyəcəklərindən   bu   həyata  yuvarlanıblar. İşgəncə,  təhqir  kimi  ciddi hallar  yoxdusa,  ailəni mütləq qorumalısınız,   hətta  bəzən göz yaşları ilə müşayiət   olunsa da. Qadınını   boşamış ər də   heç vaxt ikinci qadınla ilk evliliyini    xoşbəxtliyini qaytara bilməz. Taleyinizə sahib  çıxın da. Əgər  həyatınızda hansısa problemlə,  acı ilə qarşılaşmayaqsınızsa,  nə biləcəksiniz sevginizin dadı nə, adı nə?

Hər  “çırtı-pırtı” məsələdən ötrü uşaqları  da götürüb ata evinə  qayıtmayın.   Əsl qadın  ərinin  üstün rolunu qəbul etməklə, öz  arzularını gerçəklışdirə bilən  qadındır.  Nəinki özü   bir neçə  ziddiyyət yaranmasını gözləsin ki, bunları əlində dəstəvuz edib,  “daha yaşamaq mümkün deyil”, “ayrılmaqdan başqa  çarə yoxdur”  deyib,   ayrılmağa  qərar versin. Belə düşünənlər yuxudadır, bəlkə kimsə lap hansısa  rahat şərait vəd  edib,    bəlkə gizlində  yaradıb da.

   Həmin qadının  əvvəlki həyatı  bu rahatlıqda  yaşayacağı  halından  daha şərəflidir. Çünki  təmiz adı üstündə bir ailənin  nikahlı həyat yoldaşıdır,   “Dədə  Qorqud”da  deyildiyi kimi, kiminsə Halalıdır.  Amma atmaq istədiyi  addımı qətiləşdirsə,   olacaq  kiminsə  cariyəsi,  “любовница” sı. O da müəyyən müddət üçün.  Sonra  başqa ələ düşəcək, daha sonra başqa…….

Ən pisi  isə haqqında belə düşünülməkdir. Əgər ər ayağını yumaq lazım gələcəksə, yu,  lap   suyunu da  iç, təki ocağın dağılmasın,  amma nəzərlərə ərdən qayıtmış kimi  gəlmə.

     Bu, qadını aşağılamaq deyil,  onun halına, düşdüyü vəziyyətə acımaqdır. Lap  ana da  bu vəziyyətə gəlib çıxmış qızına  belə deyə bilər. Bəs belə qıza  ciyəri yanan  ana daha  necə    deməlidir.  Onlar elə bilir ki,   ailəsini dağıdıb sərbəst olacaqlar, öz əlləri öz başları olacaq. Amma anaları  nə olacağını  qızından yaxşı bilir.

 Lalənin apardığı   “Təsir dairəsi” verilişi adından  da göründüyü kimi,  auditoriyasını   əyləndirən,  güldürən layihə deyil,    ciddi, emosional, psixoloji  vəziyyətlərlərlə dolu ciddi  sosial layihədir.   Layuhənin  birbaşa  yayım olduğunu nəzərə alsaq, müəllifin, aparıcının  psixoloji anını dəyərləndirməmiz lazım.   Qalmaqal doğurmuş  ibarədə söhbət ayaq yumaqdan   deyil, əri ailənin  başçısı kimi  qəbul etməyə, qadınlıq səadətini onunla  birlikdə  qazanmağa  çağırışdan getməlidir.

Bu baxımdan  mən Leylanın fikirlərində heç bir aşağılayıcı çalar  görmürəm. Əksinə, 40 yaşı olsa da,   kütləviləşməyə doğru  səmt götürmuş boşanan ailələrin qarşısında      yaşı müdrikliyini qabaqlamış  və   həyat təcürbəsi kifayət qədər olan bir  qadınımızın nigarançılığını  görürəm.

İşlətdiyi ibarə də  bizim leksik mühitdə  özünə yer eləmiş fikirdir.   Sadəcə,   birbaşa ünsiyyət olduğu üçün   ibarə  bir qədər konteksdən çıxıb. Yazılı nitq olsa idi, jurnalist xanım onu daha doğru ifadə edərdi.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı