Təhsil və məktəbəqədər tərbiyə müəssisələri
Yanvar ayında sosial şəbəkələr, telekanallar İsmayıllı rayonunun 1 nömrəli Körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər paylaşırdı. Hadfisə cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Görüntü də bundan ibarət idi ki, guya, tərbiyəçi uşağı şirniyyat yediyi anda lentə almaq istəyib, amma uşaq tərbiyənin istəyincə görüntü vəziyyəti yaratmadığı üçün qeyzlənib və onun başına şillə çəkib. Süjetə əsasən, sonradan kütləvi informasiya vasitələrinin necə izah etmələrindən asılı olmayaraq tam antipedaqoji münasibətdir, qəddarlıqdır. Belə münasibətlər isə birinci deyildi, ani yaddaşa

köçürtmə və görüntülətmə fürsəti rahat olduğundan son 4-5 ildə isə cəmiyyətə daha çox təqdim olunur. Mən onlardan axtarış sistemində qarşıma çıxmış bəzilərini xatırladacağam:
2018-ci ildə Gəncə şəhər 31 saylı usaq bağçasında Saranın üzünə dağ basılması, 2018-ci ildə Yasamalda yerləşən “Nərgiz” uşaq bağçasında 2 yaşlı körpəyə fiziki xəsarət yetrilməsi , 2021-ci ildə Nərimanov rayonunda yerləşən 56 nömrəli uşaq bağçasında və digər müxtəlif vaxtlarda məktəbəqədər tərbiyə müəssisələrində valideynlərlə bərabər hər kəsi sarsıdan belə hadisələr haqqında kütləvi informasiya vasitələrində çoxlu sayda məlumatlar var. Hətta bağça müdiri müəllimə ilə saçyolduya çıxır və sonra da səbəb gətirir ki, müəllimə onun biznesini batırıb. Fikir verirsinizmi, bağça müdiri tərbiyə müəssisəsi biznes sahəsi kimi qəbul edilib. Burada uşağa nəvazişdən söhbət gedə bilməz. Heç inanmaq olmur ki, həmin müdirənin pedaqoji təhsili olmuş olsun.
Məktəblərdə də belə hadisələr baş verir. İsmayıllıda baş vermiş hadisə də onların davamıdır. Həmin hadisələr arxada qalmışdır. Güman edə bilərikmi sabah daha digəri olmayacaq.
Təhsil, gələcək şəxsiyyətlərin yetişdirilməsi dövlətin ən birinci strateji istiqamətidir. Belə sahələrini uşaqlara əzab verməklə, ac saxlamaqla, ərzağından oğurlamaqla biznes qurmaq istəyənlərin cənginə necə buraxmaq olar. Yuxarıdakı süjetdə sanki bura cəza müəssisədir, o yana keçəndə uşağa cəza verir, bu yana keçən də.
Heç birində də pedaqoq görkəmi yox. Təhsil özəl olmamalıdır, bağça özəl olmamalıdır. Qanunlarımız möhkəm olmalıdır. Hər adama pedaqoq diplomu vermək olmaz. Hər adama uşaqlarla işləməyi həvalə etmək olmaz.
Mən bir çox özəl bağçaların işi ilə imkan düşdükcə səthi də olsa maraqlanıram. Bunlar, əslində, başqa qeydiyyata alınırlar, amma profilib dəyişib bağça kimi fəaliyyət göstərirlər. İdeal təsir bağışlayan 2 özəl bağçada olmuşam. Bunu da deməliyəm. Düşünürəm ki, bir çoxları qanunlarımızın humanistliyindən, dövlətimizin binagüzarlıq orqanı olmasından sui-istifadə edir. Ona görə də, qanunlarımıza əməl etməyən, əksinə, onun adına, dövlətimizin adına mənfi rəy yaradan özəl müəssisələrin fəaliyyətinə dərhal xitam verilməlidir.

.
İsmayıllı hadisəsində bilmirəm kim uydurub ki, guya evdə valideynləri narahat imişlər ki, onların uşaqları bağçada heç nə yemir. Bu qohum tərbiyəçi də uşağı yedirtdirib valideynlərinə göstərəcəkmiş ki, baxın, necə iştəha ilə yeyir. Uşağın tək olmasından, qarşısında yemək stolunun olmamasından düşünürəm ki, bunlar sonradan düzülüb-qoşulmuş versiyalardır.
Sovet dövründə mən Bakıda bir bağçada olmuşdum – təxminən 83-85-ci illər idi. İşim vardı. Fürsətdən istifadə edib həyət-bacadan tutmuş balacaların sanitariya qovşağının vəziyyətinə qədər hər şeyə diqqət yetirdim. Bağçanın 3-4 texniki əməkdaşı, məlliməsi və müdiri ilə ehtiyatla ünsiyyət yaratdım. Marağım bu idi ki görüm bunların uşaqlarla ünsiyyəti (o vaxt indiki kimi kommunikasiya demirdilər. İndi kommunukasiya var, ünsiyyət yoxdur) necədir , belə yaraşıqlı binası və əhatə gözəlliyi olan bağçaya uyğun işləyirlərmi.
Tam razı qalmışdım. Müəyyən çatışmazlıqlar təbii ki, olmamış deyildi. Belə olmayan idarə, təşkilat , əslində, yoxdur və ola da bilməz. Amma indiki dövrdə olduğu kimi yox. Məktəbəqədər tərbiyə vasitələri bu gün sanki işləyən valideynlərin axşam işdən çıxana qədər övladlarının bir saxlanc yeridir.
Elə bağçalar var ki, sanitariya vəziyyətinə, heç bir rahatlığı olmadığına görə dərhal bağlanmalıdır. Amma onlar illərdir belə də fəaliyyət göstərirlər.
Günümüzün bağçaları tərbiyə subyektliyindən daha çox sahibkarlıq subyektinə oxşayır.
Bu uşağı saxlayan pedaqoqdur, anadır, ailəli deyil, psixikası necədir, bunu axtaran kimdir? Bu gün kim istəyir bağça aça bilər. Deputat , nazir, rektor qızı, gəlini, bacısı, bir sözlə, pulu olan hər kəs açdıra bilər.
Açdığı müəssisə bağça statusunda rəsmiləşməyəcək, qrup, mərkəz adı qoyub qeydiyyatdan keçəcək, sonra bağça kimi fəaliyyət göstərəcəklər. Cəmiyyətin gözünə kül üfürəcəklər….
Məktəb, bağça elə bir sahədir ki, bu sahədə ancaq məşhur pedaqoq Suxomlinskinin dediyi kimi: “ürəyini uşaqlara verə bilənlər işləməlidir”. Günümüzdə, təəssüf ki, belə deyil. Mən bütün bağçalarımız haqqında əks fikirdə deyiləm. Yaxşı bağçalarımız , əlbəttə, var. Amma narazılıq doğuran bağçalar da az deyil.
Haqqında söhbət gedən məqalədə, deyəsən, bu da yazılmışdı ki, hadisə baş vermiş bağçanın müdiri 1989-cu ildən burada işləyir. 30 ildən çox müddətdir. Bu, hər şeyi demirmi? Bakıda da belədir. Elə bağçalar var ki, müdirələri illərdir işlədikləri bağçalarda lövbər salıblar, elə bil babalarından miras qalıb. Ciddi qayda qoyulmalıdır. 3 ildən artıq eyni müəssisədə rəhbər işləmək olmaz. İndi Nərimanov rayonunda işləyir, 3 ildən sonra yaxşı işləyirsə Qaradağ rayonundakı bağçaların birinə dəyişdirilsin. Amma mütləq yeri dəyişdirilsin.
…Guya işə imtahanla qəbul edirlər. Bu, formal bir kampaniyadır, şəffaf deyil. Müsabiqədən keçən bir müəlliməyə deyəcəklər ki, sizi Qobu qəsəbəsindəki bağçaya müdir göndəririk. Evi Bayıl qəsəbəsində olan qadın/qız üçün bu marşrut əlverişli olmaya bilər. Və yaxud belə nümunə varmı ki, hansısa məşhurun qızı Bakıda yaşadığı halda, Salyanda, Zərdabda bağça müdiri işləməyə getsin?
Yəni, demək istədiyim odur ki, pedaqoyi müəssisələri müəllim, rəhbər vəzifələrə kadrların seçilib yerləşdirilməsində ciddi nöqsanlar var, şəffaf deyil.
Bu gün istər dövlət, istər özəl bağçaların çoxsunda işləyən şəxslərin pedaqoji təhsilləri yoxdur.
Daha bir məqam…
Uşağın şəklini hansısa tədbir olmayacaqsa, kütləvi tədbir deyilsə, kim icazə verir çəkirsiniz? Hansısa bir çəkiliş lazım gələrsə, bu, ancaq rəhbərliyin icazəsi ilə ola bilər, həm də həmin şəxsin uşaq müəssisəsinə buraxılması tibbi, pedaqoji tələblərə zidd deyilsə, bu halda icazə vermək olar.
İndi sosial şəbəkələrdə yazırlar ki, guya İsmayıllıdakı bağçada həmin süjeti telefonla çəkib paylaşan rayondakı kollecin praktikada olan tələbəsi çəkib.
Praktikant ora süjetçəkməyə gedib? Deməli, heç kim işinin, vəzifəsinin mahiyyətini bilmir, sadəcə, hamı möhür, kabinet axtarır ki, digərlərindən fərqli olsun, xudmani yaşasın, dolanışığı yaxşı olsun və sairə.
Mənə görə o uşağı döyən bağça işçisinin, müəllimin, məktəb rəhbərinin əməlindən bu cür əhvalatları telefona çəkib paylaşan şəxslərin əməli daha təhlükəlidir. Bağça məsulları vəzifələrinə məsuliyyətsiz yanaşıblar, təcrübəçi tələbə isə çirkli niyyətlərə yol açır. Onu çəkmək, paylaşmaq heç bir sağlam niyyətə əsaslanmır.

Mənə bir şəkil göndərmişdilər. Həmin şəkil Bakı bağçalarının birində uşaqların yemək vaxtı çəkilib. Süfrəyə, yeməyin özünə baxın: boşqabı ancaq su və makaronla “dolu qab” ediblər.
Nahar vaxtı uşaqlar daha acımış olur. Amma süfrədə meyvə, şirə və sair iştahagətirici heç nə yox.
Belə bağçalar çoxdur. Ona görə də uşaqlar bağçaya ağlaya-ağlaya gedirlər.Uşaqların üzünə baxanda bir vitaminsizlik yağır. Halbuki, dövlət onların qidalanması üçün normal vəsait ayırır.
Kütləvi informasiya vasitələri də təhsil sahəsinə çox həssas yanaşmalıdır. Bəzən kütləvi informasiya vasitələri diqqət cəlb etmək üçün elə sərlövhələr seçirlər ki, dil qüsurları hələ bir yana, həmin məsələnin ictimailəşdirilməsi xeyirdən çox zərər gətirir . Ondansa insanların məlumatlandırılmaması və ya maarifləndirilməməsi daha sərfəli olardı.
Son günlər mətbu vasitələr məktəb və müəllimlərdən mənfi ampulalı yazılar paylaşmaqda şou əhvali-ruhiyyəsi paylaşmaq qədər fəal görünürlər. Olmaz belə.
Məktəb və müəllim nüfuzu hər gün baltalanmaqdadır. İnsanlar belə fakt olanda Təhsil idarələrinə bildirsinlər. Tədbiri Təhsil idarələri özləri tədbir görsünlər, amma obyektiv və ədalətli.
Məsələ,bu hadisə ilə bağlı yazıblar: “Təhsil Nazirliyi körpənin döyülməsini nəzarətə götürdü”? Nazirlik körpənin döyülməsini nəzarətə niyə götürməlidir ? Bu kimi şablon , trafaret ifadələr bürokratiyadan xəbər verir.
Yazırlar ki, “Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır”.
Bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib. Cəsarət Valehov belə açıqlamalar verə-verə gedir, amma hadisələr aradan qaldırılmır, əksinə, çoxalır.

Nə deməkdir “ciddi şəkildə araşdırılır”, cəmiyyəti sakitləşdirmək istəyir Cəsarət Valehov? Yoxsa araşdırmamalı idi? Yoxsa elə-belə araşdırmalı idi?
Bəs Təhsil Nazirliyinin vəzifəsi nədir? Əgər Nazirlik indiyə kimi ciddi tədbirlər görsəydı, belə hallar baş verməzdi. Cəmiyyətlə bir işləmək lazımdır. Cəmiyyətin rəyini öyrənmək lazımdır. Özlərinə yaxın düşərgədən seçilmiş İctimai Şura ictimai rəy deyil.
Yaxud bir xəbərdə 10 yaşlı qızcığazın evdənqaçması haqqında xəbər paylaşılmışdı.
Belə xəbərlər qəti olaraq mətbuata, televiziyaya çıxarılmamalı, tirajlanmamlıdır. 10 yaşlı qızcığaz, lap olsun 13, 14, 16 bunlar hələ etdiklərinin məsuliyyət və cavabdehliyini analiz edib nəticə çıxara bilmirlər. Onlar ərkəsöyünlük edirlər.Valideynlərini qorxutmaq istəyirlər. Və yaxud valideynlərindən onlara qarşı sərt rəftar etdiklərinin qisasını almaq istəyirlər. İndi belə hadisələri mətbuata çıxaranda başlayır metastaz verməyə. Əgər belə halları aradan qaldırmaq istəyiriksə, bu işə birinci buradan başlamaq lazımdır: belə motivli xəbərlərin paylaşılmasına qadağa qoyulmalıdır.
Pedaqoji rəhbər vəzifələrə rəhbər məktəb və bağçaların öz nümayəndələrindən seçilməlidir. Kollektiv və valideynlərin seçimi ilə, həm də şəffa şəkildə. Rəhbər seçilmiş şəxs bir müddətdən artıq işləməməlidir, əgər layiqli namizəddirsə, digər məktəbə dəyişilməlidir.
Məktəbə kimsə müdaxilə etməməlidir. Amma fakt budur ki, məktəbə müdaxilə etməyən yoxdur.
Təhsil Nazirliyinin strukturu çox gəncləşdirilib və bir qədər də qeyri-pedqqoji təhsillilər hesabına.
Bu da mühüm şərtdir. Biz məktəbdə işləyəndə Nazirlikdən nümayəndə gəlirdi, vizual görünüşü bir ziyalılıq, alicənablılıq, kübarlıq paylaşırdı. Çünki onlar bu səviyyəyə pillə-pillə, yetişə-yetişə, kamilləşə-kamiləşə gəlib çıxırdılar. Amma indikilərin bir qismi çox gənc, bir qismi qeyri-pedaqoji təhsillilər, bir qismi də əvvəllər bu və yadigər sahələrdə daha yüksək vəzifələrdə çalışmış şəxslər, indi isə təhsil sisteminə “ponijeniya” göndərilmiş şəxslər. Axı belə şəxslərin daha nə motivasiyası ola bilər?
Son illər yeni məktəbəqədər tərbiyə müəssisələri və təhsil ocaqlarının görkəmi cavanlaşdırılmaqdadır. Çoxlu sayda ən müasir üslubda bağça və məktəblər tikilir, onların maddi-texniki bazası zənginləşdirilir. İstər məktəb idarəetmə sistemində, istərsə də tədris prosesində informasiya texnologiyalarından ən geniş şəkildə istifadə olunur.

Amma bu nailiyyətləri təhsilin keyfiyyətinə aid etmək olmaz. Təhsilimizin keyfiyyəti haqqında fikir birmənalı deyil. Çünki şagirdlərin kütləvi şəkildə dərsdən yayınmaları cəmiyyətin gözü qarşısında baş verir. Buraxılış siniflərinin şagirdləri dərsdən yayınıb repetitor yanına gedir. Aşağı sinif şagirdlərinin ciddi bir hissəsi həmçinin, lap olsun dərsdən sonra və yaxud şənbə və bazar günləri. Təhsilin səviyyəsi ailəni, şagirdi təmin etmir ki, əlavə təhsilə ehtiyac yaranır.
Əgər ailələr ibtidai sinifdə oxuyan övladlarını əlavə xərc çəkməklə hazırlıq qruplarına göndərirsə, həmin uşağın oxuduğu məktəbin, ona təhsil verən müəllimin nüfuzu necə olar?
Təhsil dövlətin stateşi seçimində ən dəyər verdiyi sahədir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, biz neft kapitalını insan kapitalına çevirməliyik, intellektual gənclərin hazırlanmasına yönəltməliyik. Dövlət başçısının bu strategiyası təhsillə gerçəkləşəcək.
Ona görə də təhsil sahəsində keyfiyyət məsələləri, düzgün idarəçilik daha önə çəkilməlidir.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.