Təhsil və məktəbəqədər tərbiyə müəssisələri

Elə etmək lazımdır ki, “general” olmaq istəyən hər müəllim üçün seçilmək şansı verilsin.
Bu gün məktəb direktorlarını, müavinləri də Təhsil nazirliyi təyin edir, proses imtahan və müsabiqə yolu ilə olsa da. Təhsil nazirliyinin başqa işləri yoxdurmu?
Ümumiyyətlə, pedaqoji rəhbər vəzifələrdə işləmək Nazirlik tərəfindən deyil, məktəb və ya bağça kollektivinin, həmçinin valideynlərin birgə iştirakı ilə səsvermə yolu ilə müəssisənin öz işçilərindən seçilsə, daha uğurlu nəticə əldə edilər. Özü də rəhbər şəxs 3 il müddətinə seçilsin. Bu müddət bitdikdə həmin rəhbər şəxs nümunəvi işləyibsə, Bakının tamam başqa bir rayonuna dəyişdirilsin. Əyalət rayondandırsa, rayonun başqa kəndinə. Elə etmək lazımdır ki, “general” olmaq istəyən hər müəllim üçün seçilmək şansı verilsin. Arzu edən hər kəs bu şansdan yararlana bilsin. Məktəblər guya müstəqil olsalar da, gerçəkdə müstəqil deyillər.
Bu gün istər rayonlarda, istər Bakıda ümumtəhsil məktəblərinə digər təşkilatlardan çox nümayəndələr gəlib gedirlər. Rayonlarda icra hakimiyyətlərindən, Bakıda isə müxtəlif təşkilatlardan. Bunu mənə Nərimanov rayonundakı məktəblərdən birində müəllim işləmiş bir tanış söyləyib.
Sovet dönəmində yox idi belə şey. Məktəb mühitinə hamı ehtiyat və hörmətlə yanaşırdı.
İcra hakimiyyətləri məktəb fəaliyyətinə müdaxilə etməməlidir.
Nazirlik də yoxlamaların sayını azaltmalıdır.
Bu qədər ali təhsil müəssisələri doğrudanmı lazımdır, xüsusən özəl ali məktəblər və kolleclər.
Bir balaca ölkədə, onun rayonlarında qədərindən çox kolleclər, maddi-texniki bazası, professor-müəllim heyəti olmayan “Uni”-lər yaratdılar.
Müəllimlər institunun 11 rayon və ya şəhərdə filialları vardı. Məsələn, Salyan filialı 2010-cu ildə yaradılıb, 2015-ci ildə qapadılmışdı. Bu filiala ehtiyac vardımı, vardısa 5 il sonra niyə qapadıldı?
Salyan filialının maddi-texniki bazası, professor-müəllim heyəti olmadığı halda, ölkə üçün müəllim kadrları hazırlaması nə dərəcədə məntiqlidir?
Mətbuatda müəllimlər institutunun filiallarında saxta diplomlarla bağlı nə qədər yazılar getdi. Həmin vaxtlar Gəncədə filial direktorunun toyda gəlinə diplom bağışlaması da belə yazıların içində yer almışdı.
2014-cü ildə ovaxtki Təhsil naziri bir muxbirin saxta diplomlarla bağlı sualına belə cavab vermişdi:
” Sual: Nə qədər saxta diplom satılmışdır?
Cavab: – Dəqiq rəqəm deyə bilməyəcəm, təxminən bir neçə min. Hal-hazırda bu məsələ ilə bağlı istintaq davam edir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəmi müəyyənləşdirdilər. Amma bilirik ki, əsasən respublikanın rayonlarında 2000 belə saxta diplomlu şəxs ümumi təhsil sistemində çalışır. Biz həmin adamları adbaad tanıyırıq. Əldə olan bütün məlumatları, o cümlədən saxta diplom satan şəxslər barədə məlumatı da Baş Prokurorluğa təqdim etmişik. Bu şəxslər arasında təhsilin idarəetməsində olanlar da var idi. Səhv etmirəmsə, bu barədə Baş Prokurorluq artıq ictimaiyyəti məlumatlandırmışdır. Hansı səbəbdən bu bizim üçün vacibdir? Biz hələ də belə “müəllimlərin” qəbulunun qarşısını kəsə bilməmişiksə, nədən danışa bilərik? Çirklənmə mənbəyini aradan qaldırmasaq, suyu necə təmizləmək olar ki?”
Beləcə, yalançı müəllimlər, qeyri-pedaqoji təhsillilər, qəlbən, ruhən müəllim doğulmayanlar təhsil müəssisələrimizə doluşdu, məktəbin dadı-düzü, müqəddəsliyi qaçdı.
Haşiyə: Mən şagird olanda bir müəllim mənə qarşı haqsızlıq etmişdi. Direktor bundan xəbər tutub məni kabinetinə dəvət etdi. Xeyli söhbət etdik, gördü ki, bəli, anlaşılmazlıq olub, həm də mənim təqsirim olmayıb. Dedi ki, müəllimlə söhbət edərəm. Dedim ki, həmin müəllimin növbəti dərsində gəlib sinifdə deyin, sinif yoldaşlarım da bilsin ki, mən günahsızam. Direktor əsəbiləşdi, əlini stolun üstünə vuraraq dedi ki, o müəllim Mehdi Mehdizadənin stolunun üstündə Nohurqışlaq kənd orta məktəbinin bu fənn üzrə ali təhsilli müəllimidir. Gedərsən növbəti dərsdən sinfə, mən özüm müəllimlə söhbət edəcəyəm.
Yerbəyerdən üstümə tökülsəniz də, Mehdi Mehdizadənin nazir olduğu dövrlərdə məktəblərimizin də, müəllimlərimizin də nüfuzu , həqiqətən də yüksək idi.
Qəbul imtahanları : ənənəvi, yoxsa indiki test üsulu

Qəbul imtahanlarının ənənəvi formasını yenidən bərpa etmək, test üsulunu ləğv etmək lazımdır. Test üsulunun texniki üstünlükləri var, amma keyfiyyət baxımından əvvəlki kimi 4 imtahan verməklə qəbul olunan abituriyentlər indikilərdən daha savadlı idilər. Sovet dövründə , tutaq ki, inşaat mühəndisləri institunu bitirmiş məzun indiki texniki universiteti bitirmiş məzundan daha
kamil mütəxəssis idi.
Test sistemi sovet dövründə olsaydı, on minlərlə abituriyent ən nüfuzlu fakültələrə elə 1-ci ili qəbul olunardı. Çox adamın 2-3 ali təhsil diplomu olardı.
Bu gün sınaq və qəbul imtahanlarında şagirdlərin/ abituriyentlərin bilik, bacarıq və vərdişlərinin ölçülməsi, hesaba alınması və qiymətləndirilməsi orta məktəb dərsliklərindən daha çox DİM-nin çoxsaylı test toplularının, vəsait adı ilə buraxdıqları, əslində orta məktəb dərsliklərinə alternativ olaraq hazırladıqları dərs vəsaitlərinə əsaslanır.
Şagirdlər də ona görə dərsliyə, sadəcə, göz yetirir, amma imtahanlara hazırlaşmaq üçün DİM-nin dərs vəsaiti və test topluları üzərində baş sındırırlar.
Dərsliklər, dərs vəsaitləri, test topluları

DİM-nin dərs vəsaitlərində akademizm güclüdür. Baxın, orta məktəbdə hər sinif üzrə Azərbaycan dili dərsliyi ayrıcadır, amma DİM-nin Azərbaycan dili üzrə dərs vəsaiti 632 səhifədən ibarət bir kitabdır və bütün orta məktəb proqramı bu 632 səhifəyə yerləşdirilib. Abituriyent bir ola hər sinfin kitabına ayrılıqda hazırlaşa, bir də ola 7 kitabı bir kitab şəklində, hansı üzücü olar? Abituriyent DİM-nin kitabını əlinə aldıqda mütləq bir vahimə keçirəcək ki, “bu qalınlıqda kitabı öyrənib necə yadda saxlayım?” 632 səhifə qurtarana kimi, bu gərginlik onu tərk etməyəcək.
Orta məktəb dərslyində, eləcə də DİM-nin Azərbaycan dili dərs vəsaitində mövzuların paylaşılma forması da fərqlidir. Dərslikdə hər mövzudan sonra çalışmalar , mətnə uyğun müəyyən şəkillər paylaşılır. Əgər orta məktəb dərsliyində hər hansı bir mövzunun nəzəri hissəsinin hazırlanmasına 1 saat vaxt verilirsə, 1 saat da çalışmalar üzərində işə ayrılır. Bütün bunlar zehni gərginliyin qarşısını almaq və ayrı-ayrılıqda mövzuların dərindən mənimsənilməsi üçündür. Amma DİM-nin 632 səhifəlik dərs vəsaitində şəkillər, hər mövzudan sonra çalışmalar yox, yalnız hər bölmədən sonra test tapşırıqları verilir.
Test tapşırıqları şagirdlərin istər yazılı, istərsə də şifahi nitq vərdişlərinini məhdudlaşdırır. Test əzbərçiliyə əsaslanır, amma sovet təhsilindəki imtahanlar hafizəyə, fikrini dəqiq və sərrast ifadə etmək bacarığına və s.

Bu gün məktəb dərslikləri, istərsə də dərs vəsaitləri adı ilə işbazların hazırladıqları iş dəftərləri, test topluları və sinifdənxaric oxu üzrə nəşr olunan ədəbiyyatlarla bağlı çiddi narahatçılıqlar var. Kim istəsə, vəsait, test toplusu, bədii əsər yaza bilər, aparıb onu nəşriyyatlarda nəfis şəkildə çap etdirib mağazalarda, köşklərdə satdıra bilər. Repetitorlara paylaşa bilər ki, bunu qrupunuza gələn uşaqlara satın və yaxud onlara məsləhət görün ki, bu testlərdən istifadə etsinlər.
Bu test toplularının çoxunda ciddi sistemsizlik və qüsurlar var. Müəllimlər də rahat olsun deyə, uşaqların valideynlərinə tapşırır ki, bu iş dəftərlərini və test toplularını alın, övladlarınız bunların üzərində çalışsınlar. Test topluları da baha. Hələ bunun sınaq imtahanları var, o da ödənişli, qəbul imtahanı da ödənişli. Niyə ödənişli?
Bir evdən məktəbə, ən azından 2 uşaq gedirsə, bəzən hətta 3 uşaq gedir , indi ailə hər uşağına fənlərin sayına uyğun iş dəftəri, test topluları alsa və bu ilboyu bir neçə dəfə təkrar olunursa, görün ailə məktəbə görə nə qədər əlavə xərc çəkməli olur, sınaq imtahanlarının xərcini də bucəmə əlavə etsək, bir az da böyük görünəcək.
Bu sınaqları məktəblərin özündə aparmaq olmazmı? Ailələr həm əlavə xərclərdən və ora-bura getməkdən azad olarlar. Həm də məktəblərin nüfuzu get-gedə özünə qayıdar.
Sovet təhsilində şagird bir kitab, bir də şagird dəftəri ilə təhsilini başa vururdu, ən yüksək reytinqli ali məktəblərə qəbul olunurdu.
7 və 8-ci siniflər üçün “Azərbaycan dili” dərsliyi vardı. Müəllifləri Azərbaycan dialektologiyasının banisi, Əməkdar elm xadimi, professor, EA-nın həqiqi üzvü Məmmədağa Şirəliyev və məşhur türkoloq, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Muxtar Hüseynzadə idi. O kitab necə aydın, anlaşıqlı dildə yazılmışdı.
Dərslik yazmaq elmi əsər yazmaq demək deyil, bunun çox incə pedaqoji, psixoloji və sosial aspektləri var.
Dövlət İmtahan Mərkəzindənsə bir Dərslik Mərkəzinin yaradılması, bu sahə üzrə peşəkarlar yetişdirmək təhsilimizə daha çox fayda verərdi.
Ümumiyyətlə, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti Təhsil Nazirliyinin fəaliyyəti ilə paralellik təşkil edir. Orada fəaliyyət göstərən mütəxəssislərin böyük əksəriyyəti də Təhsil Nazirliyi sisteminin əməkdaşlarıdır.
Nə üçün şagirdlərin zəhmətini 10 il orta məktəb müəllmləri çəkir, dərs vəsaitləri, test topluları, sınaq və qəbul imtahanlarının əhəmiyyətli hissəsi orta məktəb müəllimlərinin fəaliyyəti ilə başa gəlir, amma qazanc gətirə bilən hissəsi DİM-nə aid olur.
Gəlmək istədiyimiz yol təyinat bölgüsündən işə imtahanla qəbula qədərmiş.

Ali məktəblərin gözəlliyi məzun buraxılışı, diplom bölgüsü idi. Kimin ağlına gəldi təyinat bölgüsünü ləğv etmək ? Elə həmin vaxtdan da pedaqoji ixtisaslar üzrə kadr hazırlığı sahəsində ekstensiv planlaşma hökm sürməyə başladı və bu, indi də davam edir. Bir tərəfdən universitetlər, kolleclər diplomlu mütəxəssislər hazırlayır, onlara iş tapılmır, o biri tərəfdən isə ehtiyac var deyə qeyri-pedaqoji ixtisaslıları ixtisasartıma və pedaqoji kadrları yenidənhazırlanma kursları vasitəsi ilə müəllim edirlər. Belələri iş tapırlar, amma dövlət ali məktəblərini bitirmiş pedaqoji ali təhsillilər məktəbi bitirən kimi iş tapa bilmir, başqa sahələrə üz tutur, müəllimliyin daşını atırlar.
Baxın, şagird orta məktəbdə fəal oxuyub. Daim tələbə adı qazanmaq arzusu ilə yaşayıb, bunun üçün yuxusuna haram qatıb, çox şeydən özünü məhrum edib. Zəhməti səmərəsiz qalmayıb: yüksək balla Xarici Dillər Universitetinin ingilis dili fakültəsinə qəbul olunub və oranı da əla qiymətlərlə başa vurub. Amma təyinat bölgüsü yox, istədiyin uyğun hansısa məktəbə isə kimdir səni işə götürən, deyəcəklər yer yoxdur. Həm də məktəblərə işə imtahanla qəbul edirlər? Fəqət, özlərinin marağı olanda istədikləri şəxslərə istədikləri məktəbə əmr verirlər. Məktəblərin hansında araşdırma aparsalar, bunu aşkar etməyə nə var ki? Qanuna görə, tam stavka olmazsa, əmr verilməməlidir.
Amma bunlar verirlər. Faktiki işləyən müəllimi diaqnostika adı ilə nokauta salırlar, deyirlər ki: imtahanda az bal toplamısan, sənə 18 saat dərs vermək olmaz. 5 müəllimin hərəsindən 5-6 saat kəsəndə, 3-4 nəfərə 0, 5 stavka düzəldib yeni əmr verə bilirlər. Bu yeni müəllimlər də izahat yazırlar ki, biz 0,5 stavka dərs yükü ilə tam razıyıq.
65 yaşında nə fiziki, nə də mənəvi cəhətdən qocalmamış müəllimləri bir az da qocaldan 65 xofu.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.