Sevgi gözəl bəladır

Şair, qəzəlxan, Azərbaycan SSR Əməkdar İncəsənət xadimi İsgəndərov Əliağa Məmmədqulu oğlu (Əliağa Vahid)18 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur.

Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer (“Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s.) yazmış, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmişdir. Onun “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şerlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə (“Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdı. Ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bununla bağlı Mircəfər Bağırova şeir də yazıb:

Evimi görsə naxırçı, deyər, samanlıqdır,

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,

Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,

Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,

Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı m

ənzil verib.

Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Əliağa Vahidin dünyasını dəyişməsi onu sevənləri çox sarsıtmışdı. O, böyük xalq məhəbbəti qazansa da, xalq şairi fəxri adını almadığı üçün dövlət rəsmiləri onun Fəxri Xiyabanda dəfn edilməsinə icazə vermək istəmirdilər. Amma xalq o zamankı rəhbərliyi qərarlarını dəyişməyə məcbur edə bildi. Yazıçı Salam Qədirzadə ölkə rəhbərliyini xalqın kəskin etirazlarından xəbərdar etdi. Azərbaycan SSR Mərkəzi Komitəsinin I katibi olan Vəli Axundov özü Bakıda olmadan xalqın bu qərarını rəsmi şəkildə təsdiqləməli oldu. Azərbaycan xalqı Vahidin tabutunu Yazıçılar İttifaqından Fəxri Xiyabana qədər piyada gətirib, burada dəfn etdilər.

Əliağa Vahiddən nə əvvəl, nə də ondan sonra heç bir şair bu cür dəfn edilməyib.

“Ana və Uşaq”

Əliağa Vahidin şəxsi həyatı (ailə həyatı nəzərdə tutulur) haqqında məlimatlar çox azdır. İnternetdə olan məlumatlar da fərqli-fərqlidir. Şairin oəlu Ramiz İsgəndərovun “Report”a müsahibəsində bu mövzuda olan məlumatlar daha etibarlıdır. Böyük qəzəlxan dünyasını dəyişəndə oğlu Ramizin 15, qızı Firəngizin 10 yaşı vardı.

– Ramiz müəllim, bir az da uşaqlığınızdan danışın. Siz Əliağa Vahidin ilk nikahından olan övladısınız?

– İlk nikah deyəndə, atamın anamdan əvvəl başqa qadınla münasibətləri olub. Amma uşağı olmayıb. Anamla ailə qurandan sonra mən və bacım Firəngiz anadan olub. Amma atamla anamın rəsmi nikahı olmayıb. Dini kəbinlə yaşayıblar. Neçə dəfə istəyib ki, anamı ZAQS-a aparsın. Anam getmək istəməyib.

– Niyə? Atanızı sevib ailə qurmayıb ki?

– Yox, anam atamı sevməyib. Atam onu sevib. Atamla anamın arasında 30 yaş fərq var idi. Anam ondan 30 yaş kiçik idi. Atamın istedadı, böyük şairliyinə vurulmuşdu. Amma atamı sevmirdi. Həmişə deyirdi: “Sən mənə yaraşmırsan. Mən gözələm, sən çirkinsən” (gülür). 

– Ananız qəşəng xanım olub?

(Söhbətin bu yerində Ramiz müəllimin həyat yoldaşı Səfurə xanım və qızı Zülfiyyə müdaxilə edirlər)

– Səfurə İsgəndərova: Qayınanam hündürboylu, qəşəng xanım idi.

– Deyəsən, tibb bacısı olub. Vahidə iynə vuranda tanış olublar?

– R.İsgəndərov: Yox, anam tibb bacısı deyildi. Ərzaq dükanında işləyirdi.

– Səfurə İsgəndərova: Qayınanam “Torqovı”da “Prodmaq” deyilən dükanda satıcı idi. Mənim xalamla birlikdə işləyiblər. Əliağa Vahid onu dükanda görüb bəyənmişdi. Onu görmək üçün tez-tez dükana gəlirmiş. Qəzəllər yazıb, qayınanamın piştaxtasına atırmış.

– Hər yerdə tibb bacısı olduğu yazılıb. Hətta Əliağa Vahid haqqında çəkilən “Qəzəlxan” filmində də belə göstərilib

– R.İsgəndərov: Həmin filmdə atamla bağlı göstərilən faktlar yalandır. Filmin çəkilişləri vaxtı Vahidin ailəsi ilə məsləhətləşən olmayıb.

– Səfurə İsgəndərova: “Qəzəlxan” filmi ekranlara çıxanda qayınanam sağ idi. Filmə baxıb əsəbləşmişdi. Həmin filmdə bir yer var. Əliağa Vahid tibb bacısına deyir: “Adamın sənin kimi bir arvadı ola”. O da deyir: “Məni alsan, niyə gəlmərəm” Qayınanam danışır ki, belə söhbət olmayıb. Mən heç Əliağanı bəyənmirdim. Ondan həm cavan, həm də qəşəngdim. Əliağa mənə yalvarmışdı. Mən ona yox. Rəhmətlik həmişə belə deyərdi. Ona görə də rəsmi nikaha daxil olmadı. Amma Vahid onunla ailəli ola-ola rus qadınla evləndi.

– Rus qadınla rəsmi nikaha daxil oldu?

– Hə, rus qadının adı Fenya idi. Yaşda qayınatamdan çox böyük olub. İçki içən, it saxlayan qadın idi.

– Bəs necə tanış olublar?

– S.İsgəndərova: Qayınanam danışırdı ki, bir müddət ayrı yaşayıblar. Həmin vaxt da onunla tanış olub. Əvvəllər Vahidin paltarlarını yuyurmuş. Sonradan onunla rəsmi nikaha daxil olub.

Gözəldir

Hər aşiqə öz istədiyi yarı gözəldir,

Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,

Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm

Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,

Amma bizim ölkə bütün – elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?

Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi

Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,

Əhsən elə bir şairə əşarı gözəldir.

Tələsmə

Səbr eylə könül, möhnəti hicranə tələsmə,

Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

Kam almayacaq ayrılığa bais olanlar,

Aşiq yetəcək sevgili cananə tələsmə.

Pərvanə əgər yansa da şəmin sitəmindən,

Şəmin də yaxar ömrünü pərvanə tələsmə.

Zahid çalışır yıxmağa meyxanə binasın,

Məscid qalacaq, əksinə, viranə, tələsmə .

Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,

Bülbül gələr əlbətdə gülüstanə tələsmə.

Gündən-günə artır bu gözəl huriliqalar

Dünya dönəcək cənnəti rizvanə tələsmə.

Vahid içəcəksən demə ki tövbələr olsun,

Cəlb eyləyər axır səni meyxanə tələsmə.

Bəs nə deyim?

Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?

Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,

Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?

Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

Çırpınır quş kimi hər zülfünü gördükcə könül,

Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?

Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,

Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?

Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!

Sənə güldən də mən əla deməyim, bəs nə deyim?

Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,

Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?

Mənbə:1. Vikipediya

2.https://report.az/edebiyyat/eliaga-vahidin-oglu-atam-ozunu-qorumaq-ucun-icirdi/

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı