Nostalji
Özün getdin, sözün qaldı,
Sinəm üstə közün qaldı,
Bagcalarda izin qaldı,
Gah aglayar, gah da gülər,
Qəlbimdəki xatirələr…
B.Vahabzadə

Bu dəfə Xatirə mücrümü silkələyəndə yadıma köhnə çamadanlar düşdü. Hər kəsin həyatında bu çamadanlarla bağlı nə isə maraqlı bir epizod, yəqin ki, olmamış olmaz. Xüsusən, Bakıya oxumağa, işləməyə gələn bütün gənclərin səfər yoldaşı olub bu çamadanlar. Kimin əlində görürdülərsə, şəhər təəssüratı yaradırdı: yaxşı yol arzulayırdılar, “xoş gəldin” deyirdilər. Orta məktəbin son illərində oxuyan yeniyetmələr də bu bir-iki ili birtəhər başa vurub beləcə əllərinə çamadan alıb Bakıya qanadlanacağı günü xəyal edirdilər. Artıq ali və ya orta ixtisas məktəblərinə qəbul olunmuş tələbələr tətilə qayıdanda elə maraqla vağzalda, avtobusda, metroda çamadan macəraları danışardılar ki, adama elə gəlirdi ki, çamadansız Bakının, tələbəliyin ləzzəti yox imiş ki…
“Çamadan” [rusca чемодан; əsli farsca camədan]deyəndə ağıla ilk olaraq səyahət zamanı işərisinə müxtəlif əşyalar yerləşdirilən böyük çanta gəlir: düzbucaqlı, yuvarlaq , həmçinin kvadrat künclü, sərt və ya yumşaq divarlı olmaqla metaldan, sərt plastikdən, parça, vinil və ya dəridən hazırlanır.
Çamadanı ilk dəfə XIX əsrdə Parisdə Lyi Bitton adlı usta tərəfindən hazırlanmışdır.

Lyi Bitton 1835-ci ildə – on dörd yaşında yeniyetmə ikən Parisə gələrk sandıq və şkaf qutuları istehsalı ilə məşğul olan atelyedə işə düzəlmişdir. 18 il adi işçi kimi, daha sonra usta kimi. Bu müddətdə artıq o, istedadlı dizayner, model olaraq şöhrətlənməyə başlamışdır. 1853-cü ildə İmperator III Napoleonun həyat yoldaşı Evgeniyanın şəxsi əşyalarını qablaşdıran xidmətçi olub. Qısa müddətdə əldə etdiyi zəngin təcrübə və qazanılmış status ona Parisdə öz atelyesini açmağa ilham verdi. O, ilk dəfə sərt divarları olan çamadan buraxdı. Az sonra çamadanları yastı divarları, dar üstü ilə əvəzləndi. Lyinin adı da, istehsal etdiyi çamadanlar da irəliyə doğru inkişaf edərək dünya brendinə çevrildi.
“Əhməd haradadır” filmində çamadanla bağlı nastalji hisslər : xoş anlar, qayğılı-qayğısız günlər, müəyyən həsrət, xiffət necə gözəl ifadə edilib.
Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Şəhərdən valideyinlərinin yanına gələn Əhmədi öz fikrini öyrənmədən evləndirmək istəyirlər. Digər bir ailədə isə Leylanın rəyini soruşmadan məcburən ərə vermək istəyirlər.
Hər ikisi buna etiraz edərək şəhərə gəlir.

İstər kənddə, istərsə də şəhərdə Əhmədin də, Leylanın da əlində çamadan görürük. Filmin əvvəlində evlənmək istəməyən, bir sevgi düşüncəsi yaratmaq üçün Leyla ilə, Leyla da Əhməd ilə rastlaşmağa, söhbətləşməyə heç cəhd etməsələr də şəhərdə bir-birlərinə bağlanırlar. Filmin bir yerində Əhməd Leyla ilə avtobus vağzalında çay içir. Bu zaman dispetçer radio qovşağı ilə xəbər verir ki, az sonra avtobus həyətdən yola düşəcək.Leyla stəkanı qoyub qalxır ki, mən getməliyəm, bu, axırıncı avtobusdur. Əhməd onu buraxmaq istəmir, deyir ki, ondaa mən də səninlə gedəcəyəm.Leyla gülüb deyir ki, az keçməz darıxarsan. Əhməd “Sən olan yerdə niyə darıxım ki. İşdə ki tapılar” deyib artıq onsuz qala bilmədiyini ortaya qoyur.

Çamadan bu filmdə kiçik bir detal olsa da, keçən əsrin 60-70-ci illərin koloritini təcəssüm etdirmək baxımından çox uğurla seçilmiş vasitədir. Bəlkə də filmdə çamadan olmasa idi, filmin məzmunundakı şirinlik, hadisələrin ardıcıllığı, bir-birinə bağlılığı bu qədər təbii alınmazdı. Tək filmdə deyil, həyatımızda da çamadan hər zaman xoş niyyətləri daşıyan, saxlayan milli rəmzdir.
Gözümüzü açandan evimizdə çamadan görmüşük. Toy çamadanları, cehiz çamadanları evlərimizin, niyyətlərimizin mühafizi olub.
Kənddən Bakıya gələn və yaxud Bakıdan kəndə qayıdan qızlı-oğlanlı hər kəsin hər kəsin çamadanı olmalı idi. Onları gözləyənlər bunun həsrətində olardılar ki, gəlsin görək bu çamadandan onun üçün nə çıxacaq. Çamadan gətirən də eynilə sevinərdi ki, tez evinə çatıb gətirdiyi hədiyyələri əzizlərinə paylasın.Onun içindən ana üçün şal, ata üçün köynək və ya ayaqqabı, bacı üçün şal, balaca qardaş üçün top, sonra da 2-3 cürə konfet çıxanda bütün ailə xoşhal olardı.Çamadan boşalandan sonra isə evin sayılıb-seçilən bir yerinə qoyub növbəti səfərini gözləyirdilər. Növbəti dəfə isə kənddən qayıdan kəs çamadanın içini həyətlərində olan nardan, heyvadan, qozdan, fındıqdan doldurub ağarardı. Eləcə də Bakıda və ya hansısa şəhərdə də onu intizarla gözləyərdilər ki, dostları kənddən əlidolu gələcək.
Bizim tələbəlik illərində avtovağzalların, dəmiryolu vağzallarının “D” diskində qızların çamadanlarını daşmağa kömək edən o qədər gənclərin təsvirləri qalıb ki… Bu nostalji hisslərin hörmətinə çamadanları yazıma mövzu seçdim. Kimlərinsə həyatında çamadanların vasitə, ilişki olduğu o illərin tərtəmiz sevgi xatirələrini oyatmaq istəyirəm. İstəyirəm çamadanlar həyatımızda,sadəcə, məişət əşyası kimi qalmasın. Bir qədər utancaq, bir qədər qorxacaq gənclərə güman yeri, ümid yeri olsun. Qoy köhnə məktublar kimi xatırlansın bu köhnə çamadanlar…
Şünki köhnə məktublar kimi çamadanlar da neşə-neçə xoşniyyətli sevgilərə səbəb olub, neçə-neçə sonu vüsalla bitən tanışlığın əlaqələndiricisi olub. Dəmiryol və avtobus vağzalları, bir qədər də avtobus dyanacaqları nə yüzlərlə-minlərlə , on minlərlə belə sevgilərin zəminini hazırlayıb. Kənddən Bakıya oxumağa gələn , Bakıdan rayonlara, şəhərlərə evlərinə qayıdan gənclərimiz üçün vağzal təkcə sərnişin daşıma fəaliyyəti ilə məhdudlaşmayıb, həm də sevgi daşıyıb, sevgili daşıyıb. Elə bu yazı müəllifi də nəvələrinin nənəsini o illərdə tələbə bacısını avtovağzalda kəndə yola salanda bu məkanda görüb seçmişdir.

Ümumiyyətlə, yol ünsiyyəti, qızın ədəb-ərkanlı davranışı, oğlanın ağayana hərəkətləri belə fürsətdə və məkanda nə qədər tamiz sevgilərə işıq tutub. İkinci, üçüncü səfər/ yol yoldaşlığında isə bu gənclər niyyətləri bir qədər də saflaşıb, durulaşıb.
Bəs o qızla söhbəti, tanışlığı necə başlamalı, necə danışmalı ki, qızın xoşuna gəlsin, onu atası, qardaşı, dayısı ilə hədələməsin.
Axı lap sevmək hissi olmayan adi adamlar da ola bilər ki, Bakıdan rayona gedən və yaxud rayondan Bakıya gələnə kimi yanbayan əyləşmələrinə baxmayaraq, mənzilbaşına kimi kəmə də kəsməsinlər. Lap tanışlıq niyyəti olmuş olanlarda da belə sıxıntı, utancaqlıq ola bilər. Bu, oğlanlara da aiddir, qızlara da. Gərək məqam düşsün, səbəb olsun. Məkan var: dayanacaq, vağzallar, Qatar, avtobus, gəmi, təyyarə və s. İndi qalır ünsiyyət açarı.
Köməyə çamadan gəlir: “Aha, çamadanını aparmağa kömək edərəm, vağzaldan yola salaram. O mənə sağ ol deyər, üzündə-gözündə təbəssüm qərarlaşar. Harda oxuduğunu soruşaram, sonra nə vaxt qayıdacağını, qarşılamağa hazır olduğumu deyərəm…”. Beləcə, cansız əşyaların saxlanc vəzifəsini yerinə yetirən bir çamadan, sanki, xeyirxaha çevrilər: onu əlində daşıyan, qollarını yoran, ürəyini “dıp-dıp” döyünən gəncə əvəzini gələcək sevgi ümidi ilə qaytarar.
Mən inanmıram ki, içində, beynində eşq ruhu olmayan hansısa bir gənc dayanacaqda əlində avtobusdan düşən qıza yaxınlaşıb ona kömək etmək istəsin. Sevə bilməyənlər belə nəzakətə də hazır olmurlar. Ola bilər ki, çamadan daşıyan qadın və yaxud nişanlı olsun. Onlara qarşı ehtiram göstərmək daha mükəmməl alicənablıqdır. Söhbət ondan getmir ki, qızın daşıdığı çamadanı əlinə aldımı, onun qızı sevmə statusu var, məcburiyyəti var.
Və yaxud qız da hər hansı oğlanın kömək etmək təklifinə etiraz etməyibsə, bu da o anlama gəlmir ki, etiraz etməyibsə, həmin oğlana meyli var deməkdir. Xahiş edirəm mənim demək istədiklərimin urvatına sağlam olmayan məzmun qatmayasınız. Bütün sevənlər heç də çamadan aparmağa kömək edib aşiq olmayıblar. Sadəcə, onu demək istəyirəm ki, gənc qız və oğlanların tanış olmaları, bir-birlərini tanımaları, bir-birlərini kəşf etmələri üçün konkret şərait, yer, səbəb nəzərdə tutulmayıb. Təbii ki, tələbəlik, kitabxana, birgə tədbirlər belə fürsəti stimullaşdırır. Amma bir fakültədə, bir ali məktəbdə oxuyan gənclərin başqa ali və orta ixtisas məktəblərində oxuyan həmyaşıdları ilə ülfət bağlaması da rast gəlinən münasibətdir. Ümumrespublika səviyyəsində gənclərin birgə təşkil etdiyi tədbirlər onlara social ünsiyyət imkanı versə də, mənim müşahidələrimə görə , hər hansı tədbirdə, birgə auditoriyalarda, dəhlizlərdə sevgi niyyətləri o qədər baş qaldırmır ki, müxtəlif nəqliyyat vasitələrində rayonlardan Bakıya, Bakıdan rayonlara, dərsə, işə gedib-gələrkən metroda, avtobuslarda yaranan tanışlıq səmimiyyətə və getdikcə də sevgiyə çevrilir.
Bu baxımdan gənclərin ünsiyyət əlaqələri nə qədər rəngarəng olsa, hər kəsin öz könül sirdaşını tapması heç vaxt problemə çevrilməz. Ailə qurmaq yaşı keçəndən sonra da heç bir oğlan, heç bir qız valideynlərinə “kimi istəyirsiniz alın”, “kimə istəyirsiniz verin” deməz.
Bizim bu yazımızın məqsədi həm də konkret olaraq oğlanlara onları gənc qızların çamadan və ya çantasını aparmasına görə fərqli münasibət bəsləyənlərin qınaqlarından qorumağa yönəliklidir.
Sosial şəbəkələrdə az da olsa bu mövzuya toxunulub, amma təəssüf ki, rəy bildirənlərin daha çox hissəsi qızlara çamadan daşımaqda kömək etməyə hazır olmadıqlarını ifadə etmişlər.
Kimisi özünə sığışdırmadığını deyir, kimisi hansısa oğlanın qarşısına çıxan qızın çantasını və ya çamadanını aparmağa borclu olması haqqında öhdəlyi yoxdur deyə cavab verir, kimisi də qızın kömək üçün xahiş etdiyində bunu normal qəbul etdiyini bildirir və sair.
Hər kömək sevgi təşəbbüsü demək deyil ki. Hər əlində, yanında çamadan olan qız çamadanı ona görə götürməyib ki, oğlanlar kömək etsin.Guya bütün qızlar belə köməyi gözləyirlər? Lap elələri də ola bilər ki, qətiyyətlə bu müraciəti rədd edər, amma qəzəblə yox ha: nəzakətlə, etik şəkildə.
Belə məqamlarla hamı qarşılaşır.
Onsuz da çamadanların və ya böyük çantaların əksəriyyəti diyircəkli təkərlər üstündədir. Kiminsə rast gəldiyi məqamda kiminsə çamadanını aparmaqda köməyinə ehtiyac o qədər də duyulmur.
Amma köməyə ehtiyac duyulan məqamlar da olur. Bir insan olaraq da qızlarımıza, qadınlarımıza bu ehtiramı göstərmək ağayanalıqdır. Sevgiyə çevriləcəksə bu ağayanalıq, qoy çevrilsin, ağayana da bir sevgi olacaq…


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.