Məşhur qadınlar

Haqqında bəhs edəcəyimiz Adilə xanımın dünyaya göz açdığı ailənin başçısı İsa- Sultan Nəcəfqulu oğludur. 1851-ci ildə Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
Peterburq Əkinçilik İnstitutunda Təhsil almış, Parisdə və Londonda siyasi iqtisadi, Surix Politexnikumunda təbiətşünaslığa dair mühazirələrə qulaq asmışdır (1872-75). 1875-ci ildə “Təbiətdə və cəmiyyətin iqtisadiyyatında meşənin əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, kənd təsərrüfatı elmləri namizədi diplomu ilə Tiflisə gəlmışdir. Rus, fars, ingilis, alman dillərini mükəmməl bilən İsasultan ziyalı jurnalist, alim , ictimai xadim kimi tanınmışdır.
İsa Sultanlı “Tiflisski vestnik” qəzeti redaksiyasında siyasi məsələlər şöbəsinin müdiri olmuş, ” Kafkaziski almanax”ı nəşr etdirmişdir. Almanaxda müxtəlif təqvimlər, bayramlar, qafqazın coğrafiyası, inzibati bölgüsü, dövlət idarələri, maarif işçiləri haqqında məlumat, habelə astronomiya və metrologiyaya dair yazıları vardır.
17 oktyabr 1894 -cüildə 43 yaşında vəfat edən İsa Sultan Nəcəf oğlu Şahtaxtinski ilk Azərbaycan jurnalistlərindən biri idi.
İsa Sultan Nəcəf oğlu 1885-ci ildə general Allahyar Ağalarovun qızı Səkinə xanımla ailə qurur, bu evlilikdən altı qız övladı olur: Leyla, Adilə, Fatma, Nazlı, Cəmilə. Bu ailənin taleyi haqqında arxiv məlumatlarında 6-cı qız haqında heç bir məlumat yoxdur. Adilə xanımdan başqa məlum olan 4 bacı haqqında cüzi qeydlərdən başqa heç nə yoxdur.
Qızların anası Səkinə xanım İsa Sultanla cəmi 9 illik ailə həyatı yaşadısa, ömrünün sonuna kimi özünü İsanın qız övladlarının eım-mərifət sahibi olmasına həsr etdi.
Bu gün ailənin ikinci qızı tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın, ilk azərbaycanlı ginekoloq Adilə Şahtaxtinskayanın doğum günüdür.
Adilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub.
Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu, həm də ilk professor ginekoloq.
1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.

İrtica illərinin burulğanı Adilə xanımın taleyindən də yan keçməyib. 1937-ci il 4 sentyabrda Bakıda yaşayan Adilə xanımı həbs ediblər. Səbəb də bu olub ki, Adilə xanımın əri – Qulam Həmid oğlu Sultanovun guya əksinqilabi fəaliyyətlə məşğul olurmuş. Adilə xanım DTK-nın 8-ci şöbəsinin rəisi leytenant Roqan imzası ilə təsdiqlənən orderlə Bayıl həbsxanasına aparıblar.
Orada bu ziyalı qadını nahaqdan çox incidiblər. Amma bu məşhur həkim ginekoloq bütün dindirilmələrdə günahsız olduğunu etiraf edib.
Professor Adilə xanım ömrünün sonlarını Tiflisdə yaşayıb.
Haqsız yerə incidilmiş bu xanım 30 mart 1949 ildə Tiflisdə vəfat etmişdir.
Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda).
Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.