Sevgi gözəl bəladır

Hüseyn Arif
Sən mənimlə get
Ətirli bağçaya, şehli çəmənə,
Lilparlı bulağa sən mənimlə get,
Arabir dənizin dalıb seyrinə,
Yaxına, uzağa sən mənimlə get.
Gəzək obaları, gəzək elləri,
Hər kəndə, şəhərə sən mənimlə get.
Gəl bölək sevinci, bölək kədəri,
Həm xeyrə həm şərə sən mənimlə get.
Haranı bəyənib seçəsi olsam,
Oraya, ey sənəm, sən mənimlə get.
Bir gün bu dünyadan köçəsi olsam,
Tək onda demərəm sən mənimlə get.

Vaqif Səmədoğlu
“Nədən başlayım? 75 yaş mənim üçün çox azdır. Yaşamaq istəyirəm, çox yaşamaq istəyirəm, Nüşabə xanımı daha çox görmək, səsini daha çox eşitmək istəyirəm.”
“O dünyadan da qətiyyən qorxmuram. Bilmirəm orada neçə dil var, məsafə necə ölçülür, çəki vahidi nədir, məhəbbət varmı?.. Hər halda məhəbbət olsa, pis olmaz. Ancaq bir şərtlə ki, mən öləndən əlli il sonra Nüşabə xanım da gəlsin, ona təzədən aşiq olum və deyim ki, mən səni sevirəm.”
“- Nuşabə xanım, Vaqif Səmədoğlunun hansı şeirini pıçıldayırsız öz-özünüzə?..
– Bütün onun varlığı ilə, yaradıcılığı ilə nəfəs alıram. Hər an, hər saniyə ağlımdadı, heç fikrimdən çıxmır. Evdə əşyaları durur, onsuz qalıb, yetimləşib. Ən dəhşətlisi də yəqin ki, budur: əşyanın yetim qalması…”
Sevgilim, mən öləndə…
Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?
Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…
Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…
Balaş Azəroğlu

Çöldə yağış-yağır,
Pəncərədə baharın göz yaşları
Axır gilə-gilə . . .
İşdən dönürəm,
İkimizin həmişə
Nəfəsilə qızınan mənzilə.
Otaqlar soyuqdur ancaq,
Nə işıq yanır, nə ocaq.
Yetim uşağa dönüb otaqlar.
Nə süfrədə çörək var,
Nə çaydanda çay var.
Hər yanda bir lal sükut,
Bir də bu sükutun içində
Acı bir haray var . . .
Məni bu qəribə tənhalığa tapşırıb
Hara getdin, ömrüm-günüm?
Yox, dözə bilmirəm ağrısına,
Bu ayrılığın, bu nisgilin!
Bir zaman qoşa keçdiyimiz
Bu həyat yollarında
Ağlı-qaralı günlərimiz olub
Ikimiz bilmişik.
Sevincimiz, qəmimiz olub
Ikimiz bölmüşük.
Sən ən yaxın sirdaşım,
Məsləkdaşım olmusan.
Sonra həyat yoldaşım,
Ömür yoldaşım olmusan . . .
Sən mənim varlığıma hopmusan
Zaman-zaman.
Səni məndən ayıra bilməz əcəl
Heç zaman, heç zaman!!!
İndi məni tənhalığa tapşırma!
Ömrün bu yorğun çağında
Dözə bilmərəm bu sınağa.
Qayıt, səsinə, nəfəsinə
Gülüşünə adət etmiş otağa!
Güldanda qoyub getdiyin güllər
Səni gözləyir.
Saralan yarpaqlar nəvaziş istəyir. . .
Qayıt, səni gözləyir təzə şeirinin
Hələ yazılmamış misraları.
Gəl, sevindir yolunu gözləyənləri barı.
Məni də tənhalığa tapşırma gülüm.
Yolunu gözləyirəm hər qapı döyuləndə.
Bilirəm, bir vaxt olacaq
Xatirəyə dönəcəyik sən də, mən də . . .
Sözümüz, söhbətimiz
Nağıla dönəcək yəqin.
Hər şeir məclisində
Yerimiz görünəcək yəqin,
Sənə yazdığım şeirlər düşəcək yada . . .
Görəsən inanan olacaqmı onda
Bu şeirləri mən yazmışam sənə.
O zaman məni düşünənlər
Yəqin deyəcəklər,
“Necə də sakit görünürdü üzdə,
Ilahi, nə qədər sevgi,
Nə qədər təlatüm varmış
Bu lal dənizdə . . .”
Ancaq səni düşünənlər deyəcək:
“O, qəribə xislət idi . . . ”
İnanıram belə qalacağıq
Sən də, mən də
Bir zaman xatirəyə dönəndə . . .
Daha gəl, tənha qoyma məni,
Bir ildir yolunu gözləyirəm
İndi, xəbərin olsun əzizim
Artıq açıldı yolu
Dumanlı Təbrizin.
Gəl, yapışım əlindən,
Xəyalən min dəfə keçdiyimiz
Xudafərindən keçək ikimiz.
Bilirsən gəlişindən necə sevinəcək
Yolunu gözləyən
Anamız Təbriz . . .
Mədinə Gülgün

Sən gəlməz oldun
Deyirdin baharda görüşərik biz,
Bahar gəldi keçdi, sən gəlməz oldun.
Daşlaramı dəydi sındı əhdimiz?
Aylar, illər keçdi, sən gəlməz oldun
Sən gəlməz oldun, sən gəlməz oldun,
Sən gəlməz oldun, yarım,
Gözləyirəm mən, gözləyirəm mən, gözləyirəm mən,
Sən gəlməz oldun.
Deyirdin qapına qonaram quş tək,
Quşlar cəh-cəh vurdu, sən gəlməz oldun.
Yaşamaq eşqi ilə vəcdə gələk,
Quşlar yuva qurdu, sən gəlməz oldun.
Sən gəlməz oldun, sən gəlməz oldun,
Sən gəlməz oldun, yarım
Gözləyirəm mən, gözləyirəm mən, gözləyirəm mən
Sən gəlməz oldun.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.