Mövqe

Mətbuatda 2021-ci ilin 8 ayı üçün Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən “Report”a bildirilib ki, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb (Bax: https://report.az/daxili-siyaset/bu-il-azerbaycanda-nikah-ve-bosanma-hallarinin-sayi-aciqlanib/).
Həmin açıqlamada qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.
Fikir verin, hələ sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün vəziyyət necə olacaq bu göstəricilərdə yoxdur. Az qala pozulan nikahların sayı bağlanan nikahların sayına yaxınlaşmaq üzrədir.
Hələ mətbuatda dərc olunan bu statistika rəsmi olanlardır. Ailələr var ki, faktiki nikah davam edirsə də bu ailə boşanmış ailələrdən heç də fərqlənmir. Ailə var ki, kiminsə qızını gətirib evinə, toydan bir ay sonra da üz tutub “Rusyət”ə, Ukraynaya, Avropaya və s.
Nə qədər belə məsələləri, onları doğuran səbəbləri doğru-düzgün təhlil edib nəticələrə gəlinməyəcək, bu yönümdə ciddi addımlar atılmayacaq, davam edəcək boşanmalar, dağılan tifaqlar.

45-50 il bundan öncəki toyların forma və məzmunu arasındakı fərqi indiki gənclər bilmir, bilməyəcək də. Amma yaşlı nəsillər bilir axı. O vaxt oğlan, istərsə də qız belə məsələlər haqqında fikirləşmirdi.Bunlar hədəf deyildi. Onlar, sadəcə, həyat axarında yaşmaqlarını davam etdirirdilər. Ata-analar istəyirdilər ki, övladlarını oxutsunlar, təhsil versinlər, övladları ağıllı olsun, əlləri çörəyə çatsın. Bu hədəflər eyni zamanda onların kişi olmaq, ana olmaq zamanlarını şərtləndirirdi. El-oba , toy edəcək ailə, eləcə də gələcəkdə oğlunu evləndirəcək, qızını köçürəcək ailə də bu gedişatı izləyirdi. Oğlan tərəfin valideynləri kəndin, məhəllənin bütün qızlarının, onların ailələrinin cəmiyyətdəki yerinə: əxlaqına, ailə nümunələrinə, qızın bu vaxta kimi ictimai mühitdə davranışına, geyiminə və sair bələd olurdular. Ola bilərdi ki, oğlan bir qızı sevsin, amma ailənin o qıza, onun ailəsinə münasibəti yaxşı olmasın. Bu sevda baş tutmayacaqdı, istisna kimi baş tutsaydı da, həmin ailə hər zaman davalı-şavalı olardı.
Eləcə də qız tərəfi. Min bir əziyyətlə böyüdüb ərsəyə gətirdiyi qızı hər qapılarına gələnə verməyəcəkdilər ki. Oğlan tərəf də, qız tərəf də övladları böyüdükcə kürəkən, gəlin axtarışında olardılar, ürəklərində, xəyallarında arzuladıqları kürəkəni, gəlini formalaşdırardılar. Oğlan tərəfin də, qız tərəfin də bir qayğısı həmişə bu olardı: ətraflarına, yan-yörələrinə həmişə göz qoyardılar ki, hansı qız necədir, hansı oğlan yaxşıdır. Bu, oğlan və qız tərəfi həm də neçə övladları var , onların hamısı evlənincəyə, gəlin köçüncəyə qədər ətrafla ünsiyyətini fəallaşdırıdı.Gək qaynayıb qarışasan, onların toyunda, hüznündə iştirak edəsən ki, fikir verib görəsən ki, ail necədir, onların övladları necədir.
Vaxt gələndə də xalalar, bibilər, bacılar başlayarlar qız nişan verməyə.
Bir ailənin toy məclisi bütün şəcərənin toy büsatına çevrilərdi.Yığışardılar, dəfələrlə məsləhət-məşvərət edərdilər. Toy gününə qədər bu xeyir işin neçə şərtini yerinə yetirərdilər. Bu proseslərdə hər iki tərəfə mənsub nəslin bütün yaxınları iştirak edirdi.
Onların toyunda bütün qohum-əqrəba iştirak edərdi, bütün kənd iştirak edərdi. Oğlan da, qız da bu nəsillərin, bütün el-obanın qarşısında həmişə cavabdehlik daşıyardılar.
Qız evinə parça aparardılar, bayramlarda pay aparadılar, gəlin gətirməyə gedəndə hər qohum şəstlə neçə gün öncə bu münasibətlə hazırladığı xonçanı aparmağa aparardı. Toy günü bütün qohum-qardaş, dost-tanış, bütün el-oba şənliyə cəm olub bu ailələrə gözaydınlığı verərdilər. Bunlar həmin toy məclislərinin, toy ənənələrinin rəsmi ssenarisi idi, amma hər bir belə elliklə başa gətirilən toy məclisinin gələcək ailənin davamlılığı üçün də böyük təsiri vardı.

Qədim insanların mövsüm və mərasimlərlə bağlı neçə-neçə ayinləri olub. Məhsulları bol olsun, ovları uğurlu olsun deyə, müxtəlif ayinlər keçiriblər. Bəli, o vaxtın toylarında elliklə keçirilən, toyun səhərisi günü isə keçirilən ” Üzəçıxdı”, “Üçgünlük”, “Gəlinin qırxgünlüyü”,
“Gəlingördü”, “Ayaqaçdı”, “Qonaqçağırma” kimi çoxlu sayda ayinlər həmin ayinlərin mahiyyətini təmin edirdi.
İndi getdikcə bunlar unudulur. İndiki evlənənlərin 80 faizi yengə deyəndə, “Üzəçıxdı” deyəndə daş atıb başlarını tuturlar. İnternetdə, avtobusda, harda-harda rastlaşıb dərhal da izdivaca qaçırlar. Ailə, toy ritualları tamam yaddan çıxır. Yoxdur axı bunlar artıq. İndi inanmıram ki, sevgilərin ömrü 3-5 il olsun, 8 il olsun. Tanış olur və dərhal da evliliyə baş vururlar. Ürək, ədəb-ərkan, sevdiyi tərəfdə gələcək ailə səadətini təmin edəcək keyfiyyətlərin varlığını düşünən çox az… Toydan 5-6 ay keçməmiş aradakı uçurum dərhal görünməyə başlayır.
Qız tərəf deyəcək özün bəyəndiyindiyi getmisən, oğlan tərəf də deyəcək özün seçdiyindi almısan… İlk və yeganə qınaq da bu olacaq. Guya bundan sonra daha yaxşı olacaq deyə hər iki tərəf özlərini rahat hiss edir. Belələrinə qarşı bu gün cəmiyyətin qınağı azdır. Belələri heç nə olmayıbmış kimi karyera pillələri ilə yuxarı addımlayırlar, fəxriad alırlar, vəzifələrə təyin olunurlar, ekranlara cəmiyyətə dərs keçməyə dəvət edilir və s.
Keçmiş toy adətlərimiz yaşadılmalıdır. Onun müəyyən nizamlamalara ehtiyacı olsa da, məzmun və mahiyyəti eyni ilə yaşadılmalıdır, həm də qədirşünaslıqla.
Müasir gənclik bizim dədə-babalardan miras qalmış ailə dəyərlərinə sahib çıxmalıdırlar. Onu yaşatmalı və qorumalıdırlar. Bunun üçün maarifləndirilmə işlərinə ciddi ehtiyac var. Aparılan maarifləndirilmə işləri həyatda təsdiqini tapmalıdır. Hansı ədəbiyyat və sənət adamının, publisistin, ağsaqqalın, ağbirçəyin fikirləri havadan asılı qalmamalıdır. Ağsaqqal və ziyalıların dedikləri bir başqa, cəmiyyətin gedişatı bir başqa olmamalıdır.
Bu saat gündəmdə evliliklərinin 30-40, hətta 50 illiyini yaşayanlar deyil, 2-3 dəfə evlənib boşananlardır. Belədirsə, onda heç bir maarifləndirmə cəhdi uğurlu olmayacaq.
Digər bir ciddi məsələ də bu mövzuda söz deyən, proqram aparan jurnalistin müdriklik statusundan asılıdır. Məsələn, bu xüsusda Rövşanə xanımın müsahibəsinə istinad etsək, Rövşanə xanım özü hələ gəncdir, olsun ki, hələ qayınana da deyil və ailə münasibətlərinin bu dövrünü hələ yaşamayıb. Özü qayınana olmayan bütün analar mübahisə edən tərəflərə xoş niyyətlərini ifadə edə bilər, amma ailə ziddiyyətlərində gəlin üçün doğma ana kimi canıyananlıq göstərə bilməz.
Ona görə də istər Rövşanə xanımın, istərsə də yaşını qabaqlayıb belə məsələlər haqqında söz demiş, söz deyəcək hər kəsin ağbirçəklik, ağsaqqallıq haqqı olmalıdır: belə insanlarımız görüb-götürmüş olmalıdır, ağbirçək, ixtiyar olmalıdırlar.
Şəxsən mən Rövşanə xanımdan fərqli olaraq toylarımızın keçmişdəki kimi izdihamlı, bütün ayinlərə əməl edilməklə keçirilməsini istəyirəm. Belə izdihamlı toy mərasimləri unudulmaz olduğu kimi, həm də tərəflər qarşısında, istər yeni ailə quracaq gənclər arasında, istərsə də onların ailələri arasında bir məsuliyyət və cavabdehlik yaradır. Gənclər nəsil qarşısında, toyda onlara xeyir-dua verməyə gəlmiş insanlar qarşısında özlərini borclu bilirlər.
40-50 il bundan əvvəl kənd toylarında bütün kənd iştirak edirdi. Toy sahibi bu məqsədlə əvvəlcədən bir öküz saxlayırdı. Bir öküz toyu yola verməyə bəs edirdi. Süfrəyə yalnız çay, dovğa bir kasa da bozbaş gətirilərdi.
Nəmər salmaq məcburi deyildi. Salanlar da 5-10 manat salardı ki, bu pullar da gənc ailəyə dəstək üçün verilərdi. Getdikcə toylarımızı günümüzdəki vəziyyətə gətirdilər.
Gənclərimizin əhd-peymanlarını el-obanın xeyir-duası ilə gerçəkləşdirən toylarımız işbazların korporativ maraqları üçün vasitəyə çevrildi.
Toylar toy sahibi, yeni ailə quranlar üçün deyil, şadlıq saraylarının sahibləri üçün, manıslar üçün xidmət etməyə başladı. Buna qarşı mübarizə aparmaq lazımdır. Qaldı ki, Rövşanə xanımın babasının yüz il bundan qabaq kiminsə toyuna rus əlliliyi salıbsa, aparıcı xanımın indi onu qaytarmaq məsələsinə. Narahat olmayın, babanız kiminsə toyuna rus əlliliyi salıbsa, indi siz onun toyuna seyil, o sizin xeyir işlərinizə nəmər salacaq.
Əgər biz istəyiriksə, gənclərimizin ailə ittifaqları möhkəm olsun, ailə telləri qarşılıqlı sevgi və etimada əsaslanan sevgi üzərində qurulsun, milli köklərimizə tapınmalıyıq. Yenilik, kreativlik istehsalatda, məişətimizdə ola bilər. Adət-ənənələrimizə, ailə dəyərlərimizə heç bir yenilik, kreativlik yol tapa bilməməlidir. Biz gənclərimizə ata-babalardan miras qalmış dəyərlərin siqlətini çatdıra bilməliyik. Bu vacib məsələnin cəmiyyətə çatpdırılması üçün ədəbiyyat, sənət və kütləvi informasiya vasitələri ciddi addımlar atmalııdr.
Kütləvi informasiya vasitələrində milli adət-ənənələrə, milli-mənəvi dəyərlərə münasibət bildirməyə şou nümayəndələri deyil, el ağsaqqallarına: ixtiyar qocalara, ağbirçək nənələrə, zəngin həyat təcrübəsi olan sənət adamlarına, nümunəvi həyat tərzi sürən ailə başçıları dəvət edilməlidir.
Yadınızdadır, Zaur bir vaxt məktəbli qıza elçi getmişdi? Vaxtilə məşhur adamlar elçi gediblər və onlar getdikləri qapıdan heç vaxt naümid qayıtmayıblar. Amma Zaur, Tolik, Elgiz, Sərxan hara, elçilik hara? Ailə, sevgi məsələləri şou proqramlarına daxil edilməməlidir.
Bir çox telekanallarda uğursuz ailələrdən bəhs edən verilişlər aaparılır. Nəyə lazımdır belə məzhəkələr? Gedin nümunəvi ailələri tapın, sədəaqətli ər-arvad cütlüklərini tapın, qızıl, brilyant toyları yaxınlaşan bəxtəvərləri ekrana cətirin, manşetlərə çıxarın. Gənclərə, təcrübəsiz ailələrə, ilk dəfə qayınana, qayınata olmuş şəxslərə onlar yön öyrətsin. Belə verilişlərdə şit-şit şou mahnıları deyil, insanların qanına, ruhuna işləyən mahnılar səsləndirilsin, məsələn, Xalq artisti Yalçın Rzazadənin ifasında məşhur bəstəkarımız, Xalq artisti Tofiq Quliyevin Xalq şairi Fikrət Qocanın sözlərinə bəstələnmiş “Bəxtəvər qayınana” mahnısı:
Sevinsənə, gülsənə,
Bir gəlin tapdım sənə.
Barmaqları qızıldır,
Özü də, bəy qızıdır.
Nəqarət:
Ay, bəxtəvər qaynana,
Nə durmusan, dur oyna….

Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.