Əxlaq və mənəviyyat

Gözəllik deyəndə öncə zərif, incə qadınlar yada düşür. Hələ bu gözəlliyə malik qadının daxili aləminə varmadan, onun surəti qarşısında azmı cavanlar təslim olub.
Məmməd İlqar adlı bir istedadlı şairimizin dediyi kimi:
İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz- gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə göz əl çəkir….
Bəs bu gözəlliyin məna, məzmun kəsb etməsini şərtləndirən kişini beləyumoritik tərzlə müqayisə edirlər. “Kişi meymundan bir qədər fərqləndi bəsdir”, hə? Bilmirəm, bu fikri ilk dəfə kim ortaya atıb, nə məqsədələ atıb, amma mən ilk dəfə “O olmasın, bu olsun ” filmində Məşədi İbadın dilndən eşitmişəm. Getdikcə danışıq dilində özünə leksik mühit qazanıb. Zaman-zaman belə sözlərlə qızların saqqızını oğurlayıb : ”Kişi meymundan fərqlənsə, kifayət edir” deyib, onlara təskinlik verib, yola gətiriblər. Maraqlı olan tərəfi isə budur ki, bu ibarədəki fikrin nə demək olduğunu daha çox yumoristik ovqatda qəbul edirlər.
Bəs qız ailəsində kişi meymundan bir qədər fərqləndi, kifayət edər deyilibsə, bəs niyə oğlan tərəfdə mizan-tərəzi yada düşməyib? Kişiyə bir gözı olmayan qız alanda deməyiblər ki, səsini çıxartma, “arvad meymundan azca seçilsə, bəsdir.” Təbii ki, belə fərqlilik olub, amma hər evliliyin öz yozumu və öz aydınlaşması var.

“Kişi meymundan bir qədər fərqləndi bəsdir” fikri hansı mənada deyilib? Məlumdur ki, məişət üslubunda, xalq danışığında “kişinin arvadı gözəl olmaz” yanaşması var. Gözəl olmamalıdırsa, dolayısı ilə meymundan bir qədər fərqli olmalıdır demək deyilmi?
Bəlkə bu fikirlər bu vəziyyətdə seçim qarşısında qalan insanların, bir az sözün həqiqi mənasında, həyatı bu cür qəbul edən insanlrın düşüncəsidir: özlərinə bu yolla təsəlli vermişdir. Ya da qısqanclığın pik zirvəsi kimi, elə bu cür kəsin gözüylə desək, “meymuna oxşayanın birini” özünə baş yoldaşı seçmişdir. Təbii ki, bu qadın əsl həyat yoldaşı, Ana ola bilər, fitrətində onun bu keyfiyyətlər var.Fəqət, kişi, onu seçəndə bu keyfiyyətləriilə yanaşı, içindəki şübhələrin səsiunə də qulaq asıb: gözəl olsa, evdə oturmayacaq . Bir az kifir olsa, oturub evində uşaqlarına baxar, həm də kimsə ona fikir verməz.
Gözəl bir qızın özündən yaraşıqsız oğlana ərə verilməsi isə oğlanın və yaxud onun ailəsinin mənsəbi, sərvəti ilə bağlı ola bilər.
Həyati müşahidələrimizdə hər iki cürə evliliyi gördük: zahirən gözəl bir qız eybəcər oğlana , özündən çox-çox böyük kişilərə ərə gedən də, ucaboy, enlikürək bir oğlanın “dıqqıdım” (eybəcər) qızla ailə qurmasını da. Yenə deyirəm, mən öz fikirlərimi deyirəm, təki düşündüklərimizn əksi olsun. Fəqət elə görünür ki, bu münasibətlərdə sevgidən daha çox mal-dövlətə hərislik, bəzən də ictimai statusu məşhur olan birinə getməklə məşhur olmaq məqsədi dayanır.
Bəzən kimsəsizlikdən, bəzən həyat yolu dolanbaclardan keçən qadın və qızlar da, məcbur olub, kimə gedəcəklərinin fərqində olmurlar, buna məcbur olurlar.
Gözəl olub eybəcər oğlana və ya yaşlı kişiyə ərə gedən qadın, çox güman ki, bu halları təkrara edə-edə gedəcək. Oğlan gözəl olub eybəcər qız alıbsa, bu evlilikdə ailə davamlılığı nisbətən uzunömürlü olacaq. Amma kaş bu sevgi hər iki tərəfinin qarşılıqlı sevgi tarixçəsindən sonra baş tutmuş olaydı. Onda bu qız heç bir az pis deyil, əksinə, daha gözəldir. Belə evlilkilərdə oğlan əgər ifrat qısqanc deyisə, bu ailə uzun davam edə bilər, amma ifrat qısqanc və vasvasaçıdırsa, bu evlilikdə yaşanan ömür cariyəlikdən başqa bir şey deyil.
Elələri var ki, zahirən bütün parametrləri, bədən quruluşu idealdır, amma üz-gözü tüklü, geyimi natəmiz, nimdaş. Yanında tər qorxusndan 3-5 dəqiqə durmaq olmur. Rəftarı, davranış tərzi, etiketləri də heç xoşa gələn deyil. Bu cür insana ancaq gözəl olduğuna görə kim yaxın gedər? Təəssüf ki, bəzən gözəlliyi və ucaboyu varsa, qalan əyər – əskikliyi seçim edən özü də aradan qaldırır.

Bəzi kişilər də var var ki, yuxarıda qeyd etdiyimiz kimi, qarşı tərəfin yaşı, gözəlliyi, digər xüsusiyətləri, hətta əvvəllər də ailəli olması fərq etməz, evi, maşını, pulu varsa, heç nəyə baxmadan onunla nikaha girir. Hətta, bunun üçün əvvəlki evliliyindən imtina edənlər də olur.
Biz, sadəcə, fikrimizi deyirik və tərəfsiz olaraq deyirik. Eşitdiklərimizə, gördüklərimizə əsasən münasibət bildiririk.
Niyə gözəl olmayan kişi lap gözəllər gözəli ilə evlilik binasını qoymaq istəyər, amma gözəl qız özündən gözəl olmayan kişinin adını belə eşitmək istəməz?
Həyatda azmı görmüsünüz yaraşıqlı, imkanlı bir kişi özündən eybəcər ( “eybəcər” mənim sözüm deyil ha, onu belə qəbul edib alanın nəzər-nöqtəsidir bu ) qadınla ailə qurur və yaxud Çin atalar sözündə deyildiri kimi,
“hamıdan ağıllı qadın hamıdan axmaq kişini sevir”.
Bunlar qismətdirmi, alın yazısıdırmı, yoxsa, hər birinin özülündə mübhəmlər var.
Söhbətlər olub eşitmişəm, deyiblər ki, belə deməyin, “kişi meymundan bir qədər fərqləndi bəsdir” deyilməsindən kişilər inciyə bilər. İnciməli çalarlar da var. Amma mən ki, bu fikrin tamam fərqli izahını qəbul edirəm, istər kişilər üçün, istərsə də, qadınlar üçün. Bu ifadə, sadəcə, kişinin və yaxud qadının zahiri gorünüşünün evlilik üşün vacib olmadığını başqa tərzdə ifadə etmək deməkdir. İnsanın gözəl olana, fərqi yoxdur, insana, meyvəyə, paltara və s.. meyil etməsi təbiidir. Amma neynəyəsən ki, sizin vitrindən seçib aldığınız gözəl almalardan yanındakı qurdlu almalar par-parıldayan almalardan daha şirin imiş.
Bəzən elə gözəl geyinmiş oğlan ola bilər ki, beş dəqiqə bir yerdə olmaq bəs edir ki, “qalstuklu odun parçası” olduğuna şəkk-şübhən qalmasın. Yaxşı geyinmiş axmaq məclisdə ağzını açan kimi onun zahiri də , batini də aydın olacaq.
Sevgi təkcə iki şəxs arasında yaranan bağlılıq deyil. Saf, dəruni hisslərlə yaranan sevgi əvvəl ailənin, daha sonra da cəmiyyətin keyfiyyətini müəyyən edən amillərdən biridir.
Sitatlar:
1. Hər cür inkişaf evdən başlayır: yaxşı da olsa, pis də olsa, cəmiyyətdə riayət edilməsi lazım olan qaydalar, bu qaynaqdan gəlməkdədir.
S. Smiles
2. Ailəsinə bağlı olan, vətəninə da bağlı olur.
Bethoven
Məşhurların söylədiyi bu kəlamlar təxəyyül kimi ortaya çıxmayıb, illərin müşahidələrinin ümumiləşmiş sonluğudur. Sevgilər ucuzlaşdıqca, ailələr öz sosial mahiyyətini itirdikcə cəmiyyət getdikcə süquta doğru gedir. Sevgi-ailə hr kəsin öz şəxsi işidir, kimi istəyir gedib alsın, xoşu gəlməyəndə yenə özü bilər, getsin ərizə verib boşasın və yaxud evi-uşaqları qoysun, özü baş götürüb getsin. Cəmiyyət belə hallara laqeyd qalmamalıdır. İctimai qınaq olmalıdır.
Maarifləndirilmə işləri aparılmalııdr və bu işlərin davamı olaraq bu maarifləndirilməyə cəlb olunmuş insanlar cəmiyyətdə bunun təzahürlərini görməlidir. Konkret yazımızın mövzusuna gəlincə, mən də istəyirəm həyat gözəl olsun, bütün sevgilər çiçək açsın. Gənclərimiz ağıllı olsunlar, ən vacib məslələri önə çəksinlər, sevginin də vədəsi gələcək.
Kişinin və ya qadının zahirən gözəl olması sevinməliyik. Sevinməliyik ki, bizim aillələrdə təpəgözlərcinlər, əcinnəlr yox, Basatlar, Uruzlar, Selcanlar, Gültəkinlər, Aytəkinlər doğulur.
Bunlar gözəl olduğu kimi, həm də ağıllı olsinlar, soyumuza-kökümüzə bağlı olsunlar. Amma gələcək həyat yoldaşını seçrkən gözlərinin hökmü ilə yox, ağılları ilə qərar versinlər. Güntəkin, Aytəkin kimi doğulmayanlar ola da bilər ki, Aytəkin və Güntəkin kimi doğulanlardan ucada dayansınlar.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.