Mövqe

2021-ci il “Miss və Mister Azerbaijan” Milli Gözəllik Müsabiqəsinin Baş koordinatoru və xoreoqrafı Ayla Mais koordinatoru olduğu Gözəllik müsabiqəsi haqqında müsahibə verərkən bildirmişdi ki, bu cür yarışmalarda gözəllik standartları üçün əsasən, yaş həddi,boy, bədən proporsiyaları və sair cəhətlər əsas götürülür. Həmçinin iştirakçıların subay olması, uşağa sahib olmaması da şərtdir.Elə mövcudluğundan Gözəllik müsabiqələri ənənəvi olaraq qadınların fiziki xüsusiyyətlərini hədəflədiyi bir seçim olub. Biz isə belə müsabiqələrin, sadəcə, cəmiyyətə nə faydası var və yaxud nə faydası ola bilər sualına cavab axtarırıq. Amma tapa bilmirik. Bu missislər və misterlər belə müsabiqələrin mahiyyətini tamam fərqli şəkildə, həm də özlərinin durumuna görə mənalandırırlar.
Halbuki, zaman-zaman gözəllik müsabiqələrinin qiymətləndirmə meyarlarına çox vacib şəxsi mənəvi xüsusiyyətlər: qızın/qadının zəkası, bacarıq və qabiliyyətləri, etket qaydalarına bələdlikləri də daxil edilmişdir.

Türkiyədə ilk gözəllik müsabiqələrində bu cürə dəyərləndirilmələr olmuşdur. İndoneziyada qızlar səhnəyə hicabda çıxır, onların həm də dini məlumatlılıqları yoxlanır, iştirakçılar “Qurani-Kərim”dən parçalar söyləyirlər. Münsiflər heyətinə uşaqlar da daxil edilir. Göründüyü kimi, müsabiqə gözəllik müsabiqəsi olsa da, müsəlman qadınının zərifliyi və mərhəmətli qəlbə sahib olmaq keyfiyyətləri onu Tac-ın layiqli sahibi edir.
Fəqət, bizim kütləvi informasiya vasitələrindən gözəllik yarışmaları belə vacib kriteriyaları arxa plana keçirir.
2021-ci il “Miss və Mister Azerbaijan” Milli Gözəllik Müsabiqəsinin Baş koordinatorunun müsabiqə haqqında fikrlərini bir qədər öncə bəhs etmişdik. Həmin müdahibədən bir seçmə:
“Modellik yarışmalarında şərtlərindən biri xanımların “bikini” çıxışı olmalıdır”. Bu varsa, demək, onda bədənin beldən aşağı hissəsi üçün olan digər alt geyimlə də çıxışı olur. İndi bu qadının vizual kolarını zorla podiuma çıxartmasalar olmurmu?

Və yaxud bizim Missislərdən birinin belə bir sitatını manşetə çıxartmışdılar ki, “Miss Azərbaycan-2019”: Ağlı olmasa da, pullu kişini seçərəm”.
İndoneziyadakı müslimə qadının zərifliyi və mərhəmətli qəlbə sahib olmaq keyfiyyətləri olmazdısa, həmin müsabiqələr də , sadəcə, fiziki keyfiyyətlər nümayişi olacaqdı.
Dünyada insanın həyatını məzmunlu edən hər şey gözəldir.Təki insan gözəl görmək istəsin, gözəllik təşnəsi olsun.
İnsanların gözü gözəl görmək üçündür. Gözəllik sorağında olan hər kəs gözəl görünmək istəyir.Balaca qıcığaz böyük bacısına baxıb güzgü qarşısında özünə sığal, bəzək-düzək verir. Qu quşları sevgilisindən bir an ayrılmır, hətta, onlar üçün rəqs edirlər. Yağış yağanda damçıların yarpaqlardan sırğa kimi sallanması bir gözəllik, göyqurşağı bir ayrı gözəllik. Əgər bir fikirdə, əməldə gözəlliyi özündə ehya edən cüzi bir nişanə varsa, bu da gözəllik sorğında olmaq deməkdir. Lap adamın Akif İslamzadənın məşhur gözəl mahnısını pıçıldamağı gəlir:
Hər şey gözəldir həyatda,
sən bu gözəlliyi anlaya, duya bilsən…
Hər şey gözəldir həyatda,
özün bir zərrə gözəllik yarada bilsən,
yarada bilsən.
Fəqət, bu gözəllik baxışları ilə gözəllik yarışmasında iştirak edən, eləcə də onu düzənləyənlərin gözəllik qavramı bir deyil. Gözəllik müsabiqəsinndə podiumda gözəlliklərini deyil, zahiri görüntülərini sərgiləyən qadın az qala, özünü kommersiyalaşdırıb, podiumu da istehlak cəmiyyətinin vitrini hiss edir bəlkə. Elə onları vitrində seyr edənlərin özləri də vitrinlərə bəsirət gözləri ilə baxmazlar. Ola bilsin ki, podiuma çıxmış qızlar bu fikrin fərqində ola bilməsin. Gözəllər heç vaxt xüsusi hazırlanmış mərasimlərlə, xüsusi vizajistlərlə, modelyer və yaxud dizaynerlərlə tanınmazlar da. Onlar özləri də istəməzlər. Axı onun gözəlliyi dəyərləndirmək baxımından bir nəfərə məxsusdur və o da mütləq gəlib çıxacaq. İlyas Tapdıq demiş: “Bənövşə xatirinə kol dibindən iz düzmüş”.
Gözəl olmaq üçün gözəl doğulmaqq, gözəl yaşamaq lazımdır.
Deyirsən olmur, demirsən də bu işbazlar getdikcə şitələnirlər.
Mən əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləmişəm. Test tapşırıqlarının necə hazırlanmasının şahidi olmuşam, müəyyən qədər də olsa, iştirak etmişəm. Çox ciddi prosesdir bu. Hər bir test tapşırığının üstündə nə qədər iş gedir: görək tərtib edilmiş test tapşırıqları şagirdlərin bilik və qabiliyyətlərini ölçməyə, qiymətləndirməyə yararlıdırmı, etibarlıdırmı, obyektivdirmi, ədalətlidirmi və sair. Test tapşırıqlarının bütün bu və digər meyarlara yararlılığı yəqin ediləndən sonra imtahanlarda istifadəsinə icazə verilirdi.
İndi bu gözəllik yarışmasını da nə üçün keçirilir, doğrudanmı o, bir qızın fiziki göstəriciləri Azərbaycan qızının gözəllik dəyərini ehtiva edı bilər? Nə üçün
ağıl müsabiqəsi keçirilmir, evdarlıq, analıq müsabiqələri keçirilmir? Ailə dəyərləri unudulur get-gedə. Ailə üzvləri arasında səmimiyyət, varislik, məsuliyyət, cavabdehlik özümüzün əlləri ilə yox edilir. Ümumiyyətlə, belə müsabiqələri keçirənlərin seçmə kriteriyaları etalon ola bilməz. Müsabiqəni hansısa bir qurum, cəmiyyət təşkil edir, zəhmət çəksin qalibini də öz qurumunun, cəmiyyətinin adından təqdim etsin, daha “Azərbaycan gözəli”, “Dünya gözəli” və sair yox.Nə əməl əhəmiyyətli deyil, nə niyyət. Bəlkə başqa xalqların əxlaqında, etik görüşlərində qızların podiumlarda nümayiş etdirilməsi heç bir əndişə yaratmır. Amma bizim xalq üçün əxlaq bir sərhəddir və onun da dirəyi Qadındır.
Orta əsrlərə aid bayatılarımızda bu sərhəd üçün ölməyi də, öldürməyi də qəbul edən Azərbaycan kişisinin
and-amanına, tapşırması unudulmamaalıdır:
Aşiq, biriynən gərək,
Sədəf dürüynən gərək.
Dünyada gözəl çoxdur,
İlqar biriynən gərək.
Əzizinəm yad əli,
Ya divanə, ya dəli,
Məhşərim o gün qopar,
Yara dəysə yad əli.
Gözüm, göz görə səni,
Kabab, köz görə səni.
İstəməm öz gözümnən,
Ayrı göz görə səni.
Əzizim, baxtı yarım,
Baxtımın taxtı yarım.
Üzündə göz izi var,
Sənə kim baxdı, yarım?!
Mən Aşığam, ya dəli,
Ya divanə, ya dəli.
Bağrım od tutub yanar,
Sənə dəysə, yad əli.

İndi bu nənələrin kötükcəsini, unnicələrini podiumlara kim çıxarır? Məqsəd nədir? Axı bunu dövlət keçirmir. Kim keçirir ancaq öz təşkilatının adından keçirə, öz auditoriyasının gözəli elan edə bilər? Yoxsa hansısa bir missioner təşkilat gözəllik müsabiqəsi keçirib, subyektiv mülahizələri ilə müsabiqədə iştirak edilməyə belə, buraxılmamalı iştirakçıları “Miss Azərbaycan”, “Vitse-Miss Bakı”, “Dünya Gözəli” adlandırıb qalib edəcəklərsə, dəyişin gözəllik kateqoriyalarını, ölçü vahidlərini və vasitələrini. Bunlar XXI əsrin buludları altında etibarlılıqlarını artıq itiriblər. Qədim inklərin 3 vacib and-amanından biri də bu olub ki, “İlahi, mənə müdriklik göndər ki, 1-cini ikincidən fərqləndirə bilim.” Biz, əsla, o fikirdə deyilik ki, bütün gözəllik müsabiqələrinin qalibləri ifritədir, kimdir…
Yox, sadəcə, fikrimizi bildirirk ki, bu cür müsabiqələr seçim üçün əsl meyarı aşkar edə bilməz. Elə gözəl oğlanlar var ki, bir qədər ünsiyyətdə olandan sonra məlum olur ki, qalstuklu odun parçası imiş. Elə gözəl qızlar var ki, saçını biqudiləyib, ətirləyib, bahalı geyinib gözlərdə qısa dövr üçün illüziya yarada bilir. Amma kimsə elçi gedib evinə gəlin gətirsə, bir il çəkməz ki, boşanacaq. Daha bunların harası gözəl oldu? Amma zahirən o qədər də gözəl olmayan qız və yaxud oğlan ola bilər ki, başına and içərsən.
Bəzən müsabiqələrdə seçim edənlər, heç 1-ci-ni ikincidən fərqləndirməyi bilmirlər. Gözəllər qalır Fatma xanım kimi təndirdə, gözəl olmayanı çəkirlər yuxarı başa. Külli- Qarabağın”, eləcə də yer kürəsinin, yəni, cəmi 1 gözəli var? Bunu necə təyin edirlər, kriteriyaları nədir, hörmətli Millət vəkili Aqil Abbas haqlı demiş ki, “Bilmirəm bu Azərbaycan gözəlini harasına baxıb seçirlər”.
Qərbdə necədir özləri bilər, Azərbaycana belə gözəl lazımdırmı? “
Hansısa bir işbaz təşkilat yarış təşkil edib, öz subyektiv ölçmə vasitələri ilə kimisə “Azərbaycan gözəli” elan edəcəksə, bu, özgə dənizlərdə başqa ölkənin bayrağı ilə hərəkət edən gəmi ilə eyni əməl davamçılarıdır.
Hansısa bir işbaz təşkilat yarış təşkil edib, öz subyektiv ölçmə vasitələri ilə kimisə “Azərbaycan gözəli” elan edəcəksə, bu, özgə dənizlərdə başqa ölkənin bayrağı ilə hərəkət edən gəmi ilə eyni əməl davamçılarıdır.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.