Mövqe
Azəri torpağının hamımız övladıyıq,
Bakı bizim anamız, ona canla bağlıyıq…
Bir mahnıdan…

Hər il Azərbaycanda 1 iyul Bakılılar Günü kimi qeyd edilir.





Bu əlamətdar gün rəsmi şəkildə qeyd olunmasa da, bakılılar özləri belə mənəvi həmrəulik günü yarızarafat, yarıciddi həmrəylik günü müəyyən etmişlər…
Bu gün dünyanın hər tərəfinə səpələnmiş bütün bakılılar internet texnologiyalarının verdiyi imkanlarla bir-birini təbrik edir, bir-birlərinə xoş sözlər deyir, doğma şəhərlərinə sülh və firavanlıq arzulayırlar.
Bakı dünyanın ən çoxmillətli şəhərlərindən biridir. Belə ki, burada yetmişdən artıq millətin nümayəndələri bir yerdə, mehribancasına yaşayıb və yaşayırlar. Azərbaycan fərqli ləhcələrə malik ölkə kimi tanınır, lakin Bakı ləhcəsi təkcə azərbaycanlılar üçün deyil, həm də Bakıda doğulan başqa millətlərin nümayəndələri üçün doğmadır.
Xəzər dənizinin qərb sahillərində — Abşeron yarımadasının cənubunda yerləşən Bakıya “küləklər şəhəri” də deyirlər. Quru subtropik iqlimi var. Ümumi sahəsi 2130 km2-dir.


Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir. Zeytun, üzüm, əncir kimi dadlı və müalicəvi meyvələri var. Bir dostum söhbət edir ki, bağda qalanda ana üzümlə bərabər kuzədə su da qoyurdu. Çünki üzüm çox şirin olurdu… iki üzüm giləsi yeyəndə,bir qurtum da su içərdik.
Bakıda bir çox tarixi abidələr müasir dövrdə də qorunub saxlanılır. XII əsr “Qız Qalası” (“Gözətçi qülləsi”, “Göz qülləsi”), “Qala divarları”, XV əsrin əvvəllərində tikilmiş “Şirvanşahlar sarayı” (Xan sarayı), XIV-XVI əsrlərə aid “Buxaralılar karvansarayı” və “Hindistanlılar karvansarayı”, “Cümə məscidi” və başqaları bu cür maddi-mədəni sərvətlərimizdəndir.
Bakı paytaxt şəhərimizdir,ölkəmizin baş şəhəridir. Elmi-mədəni mərkəzlər, istehsal sahələri burada cəm olduğundan Bakı hər birimizə pasibanlıq edib. Alovlu gəncliyimiz bu şəhərin isti, mehriban qucağında keçib. Bir lirik mahnıda deyildiyi kimi:

Gündüzün kimidir gecələrin də
Ayaq izlərim var küçələrində.
Olsam da dünyanın mən hər yerində,
Sənsiz açılmayır səhərim mənim…
Bakı tək öz insanlarına deyil, hər kəsə hər zaman qonaqpərvərlik göstərib. Keçən əsrin əvvəllərində qonşu ölkələrdən axışıb neft Bakısına gəlir, ailələri üçün çörək qazanırdılar. İkinci Dünya müharibəsi zamanı Sovet ordusunun qələbəsini şərtləndirən bütün hərbi texnikanın yanacaq-sürtkü yağlarını, benzinini Bakı təmin etmişdir. Amma bizim Bakıya ədalətsizlik etdilər: “Qəhrəman şəhər” statusu vermədilər.
Hələ müharibədən əvvəl rus şairi Mayakovskinin “Bakı” şeirində doğma şəhərinmizə qoyduğu yarlığa baxın:
Bakı-
Donqar burun adamlar…
Bakı,
heç kim sənin torpağında məskunlaşmır
Əyləncə üçün.
Bakı –
bu dünyanın pencəyində yağ ləkəsi.
Vladimir Mayakovski bu şeiri 1923-cü ildə yazmışdır.

Digər ölkələr onları təmsil edən yaradıcıadamlar, elit təbəqə Bakıya laqeydliyini başa düşürük. Bəs özümüz?
İndi niyə Bakılılar gününün qeyd edilməsi heç də hamı tərəfindən birmənalı qarşılanmır.
Hətta, Milli Məclisin deputatlarından biri bu günün qeyd edilməsinin əleyhinədir. Niyə?
Belə izah edirlər ki, bu, regionçuluq yarada bilər. Axı belə deyil. Bakı bizim hamımız üçün Ana olub. Bu şəhərə nə şöhrətli ad verə biləriksə, haqqıdır, halalı olsun. 30 ildən artıq işğal dövründə biim bakı bütün qaçqın və köçkün həmvətənlərimizə sinəsində yer verdi. Regionlarda iqtisadi vəziyyət yaxşı olmayanda hamı axışıb gəldiyi şəhərdir Bakı. Bakı heç kimə üz turşutmayıb, üstlərinə qapı bağlamayıb. Bakılılar da elə Bakı kimi hamımız mehribanlıq göstərib.Ona görə də mən Bakılılar gününün dövlət tərəfindən qəbul edilməsini arzu edirəm.
Bakılı sayılmaq təkcə burada yaşamaq deyil, həm də onu sevmək, gözələşdirmək üçün əmək sərf etməkdir.
Doğma və əziz Bakı, mən mövqeyimi ifadə etdim. Bu şəhərdə doğulub, yşayıb, onu gözəlləşdirən hər kəs bakılıdır. Bu gün onların günüdür. Onlara eşq olsun..
Əziz Bakılılar, gününüz mübarək!

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.