Mövqe

       

                    

M.V.Vidadi:

Puç olsun qocalıq gördün ki, necə,

Bir pulca xublara gəlməzmiş vecə.

Q. b.Zakir:

Zakirəm, türfə xiyaban ilə bağım vardır,

Yatmağa, durmağa zəngin otağım vardır,

Nə qədər aşü-plov yesə qonağım, vardır

Yaxşı nəvvadələrim, oğul-uşağım vardır,

Yoxdu bir özgə qəmim, fikri-xəyalım, qocalıq.

 

 

Uşaq vaxtı biz elə bilirdik ki, kəndimizdə qoca yoxdur.  Kimin evində   babası, nənəsi olanlar da anlamazdılar  nə deməkdir qocalıq.  Elə baba, nənə kimi də qəbul edərdilər. İnsan heç də qoca olduğuna görə baba olmur ki. Elə cavan babalar var ki,  çoxlarının  ataları bu babalardan daha yaşlıdırlar: belə gənc babalar  günümüz üçün daha xarakterikdir.

Tək-tük lap   qocalmış, yumağa dönmüş, əsa ilə gəzən qocalar  vardı ki,  biz onları evdəki qocalarla eyni anlamda qəbul edə bilmirdik. Bu yaşlıları ulu kimi  zənn edirdik, elə bilirdik qeybdən göndəriblər.

Sonra  məktəbə getdik,  hərfləri öyrəndik, oxumaq  öyrəndik. Əlimizə keçəni oxumağa başladıq. Yenə elə bildik ki, qocalıq  elə yaşca hamıdan böyük olmaq deməkdir, üzün qırışması,  saçların ağarması deməkdir…

 Elə indinin özündə də qocalığı bu naturadan  fəqrli dərk də bilməyən  insanlar var. Belələrinin  arasında  lap özləri qoca olanlar da var. Çox az adam bilər ki, gerentologiya nədir, qocalığın psixoloji-fiziki xüsusiyyətləri deyilən  xüsusiyyətləri, ictimai  mahiyyəti nə imiş və s.

  Fransız yazıçısı  Andre Moruanın  insan ömrünün  mərhələləri arasında  mövcud sərhədləri çox dəqiq idadə edir ki, qocalıq hər bir kəsin qəhrəmanlıq hissi  öləndən başlayır.

  Bir insanın  əlinin yanmasını  sözlə bilmək bir ayrı  təhər olur,  əlinin üstünə, iraq-iraq, qaynar su töküləndən sonra  hiss  etməsi bir ayrı tövr.  Təbii ki,  bu anlamda  bizi  kamilləşdirən, zənginləşdirən əsərlər  nə qədər qüdrətli əsərlər olsalar da, müəllimlərimiz nə qədər   güclü müəllimlər olsalar da, uşaq ikən, gənc ikən qocalığı hərfi mənasında başa düşmək, dərk  etmək həyatın özünün  anladacağı qədər mükəmməl, real, həqiqi ola bilməz.

  Xəyal məni  kəndimizin   keçən əsrin 70-ci illərinə qədər  yadımda qalan çağlarına apardı.  O zaman insanların  lap ahıl olsa da, boş-bekar qalması, kəndin harasındasa cəm olub saatlarla  söhbətləşməsinə yaxşı baxılmazdı, ayıb sayılardı. Hamının həyət-bacası vardı, məşğuliyyətləri vardı. Kənd camaatı daimi  toplaşdıqları bir yer olmazdı. Adətən,   kəndin mərkəzindəki  transformatorun  böyür-başına toplaşardılar, ya hansısa arxın yanında  jıxılmış   qoz, şabalıd kötüyünə yanlarını verib  söhbətləşərdilər. Qeybət etməzdilər, keçən-keçmişdən danışardılar, müharibədən danışardılar, kəndin, kalxozun problemlərini   söhbət mövzusu edərdilər. Bu söhbətlərdə  intriqa-filan  olmazdı. Onların oturuşları,  bir-birlərinə ünsiyyəti çox mədəni olardı. Mən heç vaxt  hansısa bir qarşıdurma,  hay-küy görmədim  qocalarımızdan.   Onlara  hər kəs yaxınlaşmazdı. Lap ata  olanlar da. Gərək  o kişilərin  yaşına  heç olmazsa 5-6 yaş yaxın olaydı ki, gedib  onların yanında duranda  kənardan baxanlar da səni qınamayaydılar.

Xeyir-şər  məclisləri bu kişilərin  idi. Ortada ancaq onlar görünərdi. Gənclərə nəsə bir iş  gördürmək lazım gələndə ehtiyac yaranardı.  Kənd  toyları  açıq havada keçirilərdi. Sənin nə cürətin çatardı ki,  gedib palatkada o kişilərin arasında oturasan.

 Bir mübahisəli  məsələ olanda ağsaqqalları verərdilər qabağa. Elçi gedəndə  belə müdrik  aparardılar  ki, onların sözündən keçə bilməsinlər. Yoxdur indi belə şeylər,  elçiliyə gedəndə 3 ağsaqqal aparmaqdansa, kreditlə bir “Prado” almış   kababxanası olan  birini aparsalar, ondan  “şöhrətli”  sayılır.

  Belə getsə,   20-30 ildən sonra  qocalara ancaq hər   kəs öz  ancaq öz evində, ya da televiorda rast gələcək. Bu hal keçən əsrin sonlarında artıq başlamışdı.  Kəndin yaşlı adamlara    kəndin içinə şıxmazlar, toylarda görünməzlər,yaslarda isə  heç nəyə məhəl qoymadan iştirak edərlər. Belə   alicənablığın, humanizmin (indi bu   münasibəti avropalaşdırıb adını “tolerantlıq”  qoyublar )özü  də  bizə  qocalardan  miras qalıb. Həmişə eşitmişəm ki,    bir kəs yataq xəstəsi, dünyadan köç üstə olanda, incik olan  kəs incikliyi  unutmalı,  həmin adama doğru addım  atmalıdır.

  Sovet dövrünün   hər kəndində, hər ulusunda olan  qocalar  o kəndin, o  ulusun  həm dini-bərəkəti idi, həm də  hifz edicisi. Hər kəs “dağdan ağır bu kişilər”lə hesablaşırdı. Belə kişiləru, ağbirçəkləri olan kənddə Tovuzdakı Nərmin hadisəsi ola bilməzdi.

 Keçən  əsrin sonlarında  bir dəfə mən kənddə  kəndin  yaxından tanıyıb hörmət etdiyim qocalarından birindən soruşdum. Soruşdum ki, bax,   Cəmil dayı, Vəlican baba,  Sədrəddin kişi,   Səftər əmi,  Əhməd baba – siz   bizim   toyların yaraşığı idiniz, amma indi sizi toylarda görmək  olmur.

Dedi ki, ay bala, indiki  “cayıllar” içib gəlirlər,  bizimlə yanaşı  əyləşib   haray-həşir salırlar, oynamağa girib çıxmaq bilmirlər, elə əcaib   mahnılara  oynayırlar ki, biz   özümüzü belə məclisdə artıq hesab edirik.

 Bunlar həqiqətdir. Ağzıgöyçəklər  yazsalar da, yazmasalar da, ən azından deyəcəklər ki,  bizdə qocalar  hər cürə  ehtirama layiqdir. Onlar  təqaüd alırlar, müəyyən imtiyazları var və s. Bunlar var,  hətta bundan qat-qat  çox  nümunəvi qaydalar var bizim Konstitusiyamızda.  Həyatda  bunun  əksidir, əzizlərim.

Müəyyən bir yaşa çatanda, insanları mədəni şəkildə elə  hörmətsiz-urvatsız götürüb qoyurlar qırağa ki, bundan sonra onların “nər  kişilər” tövrünü  qaytarmaq  heç vaxt mümkün olmayacaq.   

   Bundan sonra  şairin obrazlı dillə ifadə etdiyi incidilmiş, küsdürülmüş  qocalara ancaq  kol dibində rast gəlmək olar.

  Niyə belə oldu. Dünyanın, mədəniyyətlərin inkişafı  doğurdumu bu nəticəni?  Axı insanlıq,  bəşər  mövcud olandan   Türk xalqlarının  zaman-zaman fpormalaşdrıb mükəmməl hala gətirdiyi  ailə-əxlaq, eləcə də mənəvi dəyərlər məcəllsində  ən birinci əxlaq ölçüsü  müdriklik olub,yaşlı valideynlərə, ümumilikdə qocalara, qadınlara   ehtiram olub. Dədə Qorqud  cəmiyyətində buna dair saysız-hesabsız nümunələr var.  Dədə Qorqud bizm xalqın mənəvi  atası, bilicisi olub.  Oğuz elinin  bütün taleyini o  həll edərmiş, nizamlayarmış,  bələdçilik edərmiş.

  Bir evin ağsaqqalı, qocası, ağbirçəyi  həmin   ailədəki, həmin nəsildəki  uşaların  nənəsi,  babasıdır.  Bu nəsil  də elə  ağsaqqala, həmin ağbirçəyə görə  sayılıb seçilirmiş.

“Baba” sözünün  nüvəsində  ailə, qohumluq münasibətindən də başqa,  bundan da müqəddəs allah var.    Bir çox müqəddəs ziyarətçlərimiz  bu gün də  “baba”    adlandırılır. Məsələn , Qəbələ  rayonunda  Şıx baba, Bəzrə baba,  Veyis baba pirləri; Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində Şıx baba türbəsi,  Siyəzən rayonunda Xızır-zində baba ziyarətgahı, Mərəzədə Diri baba ziyarətgahı və sair müqəddəs yerlərimizi bunun sübutudur.

” Baba” ifadəsi ilə  həm də Allahlara   müraciət edilirmiş. Məsələn, Yel baba, Allah baba və s.

 Ailə ittifaqında qohumluq munasibətinə görə, baba   nəslin   başçısı, gövdəsi,  kökü  sayılırdısa,  daha böyük coğrafiyada  Allah baba da dünyanın tək Sahibidir.

  Söhbətin bu yerində   el arasında işlənən, amma heç kim tərəfindən müsbət qəbuledilməyən bir atalar sözümüz haqqında  fikir  bildirəcəyəm. Mən   bu haqda    çox-çox əvvəllərdə  populyar saytların birində  fikirlərimi ifadə etmişəm. İndi mövzumuz   bu barədə olduğu üçün   bir daha  həmin atlar sözü  haqqında fikrimi  bildirmək istəyirəm: “Allahsız yerdə otur, böyüksüz yerdə oturma!”

 Mən bu atalar sözümüzdə heç bir naqislik görmürəm.

   Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı