Əxlaq və mənəviyyat

Kübar, zəngin bir qadın özü üçün geyinər: özünü daha yaxşı hiss etmək üçün, bir qədər də digər qadınlardan fərqlənmək üçün. Çünki zövqlə geyinən, ən yaxşı markaları geyinən qadın özünü yaxşı hiss edər, özünə inamlı olar. Mən bu özünəməxsusluqda qəbahət görmürəm. Əksinə, zəngin geyinən qadının məsuliyyətli də böyük olur.
Bu mənada Dris Van Hoten adlı belçikalı bir marka sahibinin fikirləri ilə razılaşmamaq olmur. Dris Van deyir ki, məqsəd insanları dəyişdirmək deyil, kim olduqlarını paltarlarla anlatma imkanı verməkdir.
Əgər bir qadın yüksək zövqlə gözəl və dəbli geyinibsə, əyninə geyindiyi paltarın içində özünü daha məsuliyyətli hiss edir. Əynindəki libas həmin qadının sanbalını tamamlayır.
Belə qadına , qıza kimsə pis nəzərlə baxa bilməz. Amma ola bilər ki, həmin qadının geyimi hansı gəncinsə ürəyində tutduğu ideal qadının, həyat yoldaşının simvolu olsun. Hansısa bir ata, hansısa bir ana ürəyində evində, ailəsində belə gəlinin olmasını xəyal etsin.
Fəqət, əynindəki geyim, ayaqqabı nə qədər brend məhsullar olsa da, onu geyinən zərif məxluq oturuşunu-duruşunu bilmirsə, müəyyən jestlərlə diqqətlərin ona və əynindəki geyimə səmtlənməsini istəyirsə, nə olacaq, diqqət kəsilənlər üzünə deməsələr də, içlərində heyfslənəcək ki, heyf, əynindəki paltardan. Və yaxud da ki, belə geyim və hərəkətlə o, kiminsə ona artıq söz deməsinə “povod” verəcək.
Unutmaq olmaz ki, ürəyində xoş niyyət , yəni, sevgi niyyəti olan heç bir kişi hansısa qıza/qadına ən qəşəng, ən brend mallar geyinir deyə, maraq göstərmir. Ciddi fikri olanları qızın geyimi deyil, səliqə-sahmanı, nəzakəti, paltarından da gözəl olan özü maraqlandırır.
Sadə, təbii rənglərdən seçilmiş paltar geyinsin, təki, donunun arxadan, öndən , sağdan-soldan açıq yerləri olmasın.


Əyiləndə, oturub-duranda, hərəkət edəndə qadınlıq cizgiləri gözə girməsin. Çəkili bədəninə pantolon şalvar geyib özünü biq qədər də yöndəmsiz hala salmasın.
İşə, gəzməyə gedib-gələndə ətrafımızda nə qədər dar, mini geyinən qız və qadınlara rast gəlmişik. İstər-istəməz ki, avtobusda, metroda əyləşəndə kənar baxışları özlərnə cəlb edir. Bəzən əl atıb yaxalarını, libaslarının ətəklərini çəkişdirməyə başlayır, bununla bir qədər də diqqətdə olurlar. Hazır olmazmı ki, çölə-bayıra, küçəyə çıxanda hər şeyi nəzərə alıb, abırlı geyinəsiniz, oturub-duranda da fikriniz özünüzdə ola, çətin vəziyyətə düşməyəsiniz.
Bu gənc lərdən biri sol dizinin üstünə, biri də sinəsinə ürək şəkli çəkdirib/yapışdırıb. Hələ yaxşı ki, ürəyin sol tərəfdə yerləşdiyini bilirlər. İndi bu görüntü nə anlamı verir, müasirliik əlamətimi? Deyin, onların qarşılaşdığı adamlar həmin görüntülərə zillənib baxmayacaqlarmı?
Və yaxud bədənlərinin müxtəlif nahiyələrinə tatuajlar nəqş etdirən qızlarımız azdırmı? Qoluna, ayağının yuxarı hissəsinə tatuajlar nəqş etdirən qız/qadın sonra bu tatuajları gizlətməyəcək ki. Gərək qolu çılpaq , yanları yuxarıya qədər kəsik don və yaxud transparan libas geyinsin ki, zəhmət və xərc çəkib qoluna, eləcə də yanına nəqş etdirdiyi tatuaj görünsün, kimsə görsün.
Mənim fikrimcə, belə tatuajlar bizim qızlara heç yaraşmır da.
Bizm qız və gəlinlərimiz heç bir əlavə vasitəsiz gözəl, zəngin və ağıllıdırlar. Təbii vasitə kimi onlara ancaq xına yaraşır. Əl və ayaqlarındakı xına qızlarımızı cazibədəar etməklə bərabər, qadın gözəlliyinə, əsl mənada, bağlılıq, səcdə assosiasiyası yaradır. Şair demiş:
Üz yanında tökülübdür tel nazik,
Sine meydan, zülf perişan, bel nazik,
Ağız nazik, dodaq nazik, dil nazik,
Ağ əllərin əlvan hənadan, Pəri!
Bir qadının paltarı tikanlı çəpər kimi olmalıdır: qadının obrazına mane olmamalı, amma məqsədinə xidmət etməlidir.
Sofi Loren,
Məşhur italyan müğənnisi

Haqqında bəhs etdiyimiz bu mövzu günümüz üçün çox vacibdir. Bunu hər zaman kütləvi informasiya vasitələrində bu mövzuda gedən yazılar, cəmiyyətdə səslənən fikirlər də sübut edir. Amma vəziyyət heç yaxşılığa doğru dəyişmir, əksinə, getdikcə də kütləviləşməyə doğru gedir. Söhbət qadın geyimindən getdiyi üçün, qadınlar geyimlə bağlı hər fikrə aqressiv yanaşırlar. Etirazlarını bildirirlər. Məsələn, onlar deyə bilər ki, heç bir qız ona görə məxsusi geyinib cəmiyyət içərisinə çıxmır ki, onu bəyənsinlər. Etiraz etmirik. Hamımız da belə fikirləşirik. Axı, elə bir kimsə yoxdur ki, bu qadın-qızların arasında onun da ailəsindən, nəslindən kimsə olmasın. Məqsəd, sadəcə, həddən-ziyadə açıq geyimlər, bu açıqlığı sanki öz evində, həyətində geyinirmiş kimi nümayiş etdirdiyinə diqqəti cəlb etmək, buna geyinənlərin deyil, cəmiyyətin rəyini öyrənməkdir.
Qadın geyimi haqqında harda, nə vaxt söhbət, müzakirə gedirsə, qadınlar qəzəbnak olurlar, kişiləri imkan olsa, şişə taxarlar. Halbuki, heç bir kişi qadına özündən aşağı varlıq kimi baxmır. Əgər belədirsə, kişi özündən aşağı olan bir varlığı böyük təmtəraqla toy edib niyə özünə könül sirdaşı gətirirdi ki? Ailə kimi ən müqəddəs idealını niyə qadınla bütövləşdirirdi ki? Əgər kişi qadına aşağı varlıq kimi baxırsa, nə dərəcədə məntiqlidir ki, hər bir kişinin ailəsində, həyatında bir Ana, bir Qadın, bacı, qız övladı, qız nəvəsi, gəlin var.
Belə təsəvvürlər bəlkədə cəmiyyətin ilkin mərhələsində – mağara dövründə olub: onda qadın hamı üçün qadın olub, kişi hamı üçün kişi olub. Amma zaman irəliyə doğru irəlilədikcə, qadınlaar da, kişilər də bunun eybəcər həyat tərzi olduğunu dərk edib.Hərə bir mağara, kaha tapıb özünəməxsus ailə qurub, qadını cariyə, seks ortağı olmaqdan xilas edib. Və bu gün də hansı ailənin başçısı yoxdursa, o ailənin qızı, qadını haqqında bədgüman fikirlər söyləyirlər.
Kişi hələ o vaxtdan irəli çıxaraq qadını himayəsinə almış, qadını özününün, ailəsinin namus ölçüsü səviyyəsinə yüksəltmişdir.
Beləliklə, ərillik və qadınlıq mənaları gələcəkdə kapitalizm dünyasının maraqlarına xidmət etməkdən xilas edilmişdir. Qadına əyləncə, zövq-səfa mənbəyi kimi yanaşan Qərb dünyasından fərqli olaraq türk xalqlarının tarixində qadına hər zaman spesifik münasibət bəslənib, qadın bütün dövrlərdə namus simvolu olmuşdur. Bu keyfiyyət nə qədər əxlaqi dəyərlərimizin, qadınlarımızın özü ilə bağlı olsa da, kişi-ər qoruyuculuğunun rolu inkar edilməməlidir.
İstənilən qədər əks-arqumentlər gətirə bilərsiniz. Necə ki, internet müzakirələrində həmin arqumentlər var: “Niyə kişiyə hər şey geyinmək olar, qadına olmaz”, “niyə kişiyə hər şey etmək olar, qadına yox” və s.
Elə bilirəm ki, məntiqli irad və giley deyildir. Cəmiyyətimizdə kişini qadından üstün tutan ayrıca Qanun, Məcəllə yoxdur. Cinsindən, dilindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni yaşam hüququna malikdir. Qadın təhsil ala bilər, qadın vəzifə pilllələri ilə karyerasını qura bilər, avtomobil idarə edə bilər, yüksək vəzifələrdə təmsil oluna bilər. Bunları qeyri-qəti gələcək zamanda vurğulasaq da, həyatda təsdiqini çoxdan tapıb. Bu gün real mənzərə belədir.
Vaxt var idi ki, qızı ərə verəndə rəyini belə soruşmazdılar. Amma indi azərbaycanlı qız öz ürəyinin istəyi ilə başqa kənddən, rayondan, şəhərdən, hətta fərqli bir ölkədən özünə həmdəm seçir. doğrudur, belə nikahlar arzuedilən olmasa da, heç kim heç kimin qarşısını kəsmir, mane olmur, buna haqqı da yoxdur: sadəcə, hər kəs öz narahatçılığını ifadə edir. Ümumi, ictimai olan belə ölçülər, münasibətlər saf-çürük edilməsə, nizamlanmasa, müəyyən qadağalar, qınayıcı baxışlar olmasa, onda mənəvi aşınmalar, həyatı cəhənnəmə döndərədi. Bu qadağalar, qınaqlar insanlarla eybəcərliklər arasında bir sərhəd hasarıdır.
Yoxsa , Qərbə məxsus həyat, davranış tərzi Azərbaycan mühitinə də ayaq açar, getdikcə adi hala çevrilərdi.
Bir vaxtlar bu mələkətdə qadın və qızların fotoaparat önündə dayanıb şəkli çəkdirməsi nadir təsadüf edilə bilən hal idi, bəlkə də yox idi. Qızlarımız və qadınlarımız özləri bunu istəmirdilər və doğru da edirdilər. Onlar ehtiyatlanırdılar ki, mənim şəklim axı niyə əllərə düşməlidir,kimsə göz yetirib xəyalına qara-qura fikirlər gətirməlidir. Bəlkə də onun hələ sevdiyi yox idi, bəlkə də kimsə onun adını heç dilinə də gətirməmişdi. Fəqət, o, adını, qızıllığını qoruya-qoruya, addımını çox ehtiyatla ata-ata bir oğlana doğru yol gəlirdi.
Bəs indi necədir, bu gün qızlar da var ki, model imicində məşhur jurnallar üçün soyunur, çılpaq fotosessiya paylaşırlar. İstiqlal şairi Əhməd Cavadın vəfalı ömür-gün yoldaşı qatarda sürgünə aparılarkən paltarını qatarın ayayoluna sürtüb geyinirmiş ki, alçaqlar Cavadının ləyaqətini alçaltmaq fikrinə düşməsinlər. Belə ləyaqət nümunələri Azərbaycan qadınlığının tarixində çoxdur. Onlar sayılmaq üçün, hesaba alınmaq üçün edilməyib, sadəcə, həyat tərzi belə olub.

Bu gün qarşılaşdığımız, gördüyümüz, eşitdiyimiz, bildiyimiz aşınmalar bizim həyat üçün xarakterik deyil, onlar mənəviyyatımıza xaricdən sirayət edib, gənclərin beyninə müxtəlif formada və müxtəlif ampulalarda yeridilib.
Metroda, küçədə, ictimai tədbirlərdə, səhnədə, televiziyada açıq-saçıq geyimlər, şit hərəkətlər bunlar hamısı həyatımıza Qərbdən sirayət edib. Mənim fikrimcə, Qərb, hətta, buna imkan yaradıb, qrantlar ayırıb.
Elə bilirsiniz mətbuatda, televiziyada yayımlanan moda proqramları, gözəllik yarışmaları gənclərimizin mənəvi tərbiyəsinə, şəxsiyyətlərinin ahəngdar inkişafına hesablanıb? Hansı etalon, ölçü vasitəsidir ki, dünya gözəlini və yaxud rus gözəlini, tacik gözəlini müəyyən edə bilər? Dünyanın, insanların hansısa bir məfhumu , hansısa bir varlığı eyni nöqteyi-nəzərdən qəbul etməsi mümkün ola bilməz axı. Sən olsa-olsa, hələ onu da təşkilatçının özünün subyektiv münasibəti ilə, həmin yarışda iştirak edənlər arasında “gözəl” elan edə bilərsən. Nəyə lazımdır bu gözəllər? Müəyyən titul əldə edəndən sonra da başlayırlar yaxtada, çimərliklərdə poza verməyə. Reklam çarxlarında, panolarda, podiumlarda ticari niyyətləri stimullaşdırmağa.
Qərbi Berlin!
Bir reklamdır başdan-başa,
Havası da, küləyi də
Az qalıb ki, reklamlaşa.
Hər tox reklam,
hər ac reklam!
Divar reklam,
Qapı reklam,
Ağac reklam.
Yan-yanadır küçələrdə
maşın şəkli,
pivə dolu qədəh şəkli,
…reklam, reklam…
Qərbi Berlin tamam reklam ,
Fikir reklam,
Adam reklam…
Sevimli şairimiz Cabir Novruzun “Qərbi Berlin” poemasındandır bu misralar. Təkcə Qərbi Berlində deyil, dollar hərisliyinin dəyərli olan hər şeyin fövqünə qaldırıldığı bütün kapitalist ölkələrində belədir.
Bəs nədir reklam?
Hər hansı əmtəəni, xidməti geniş əhatədə tanıtmaq, təqdir etməklə onun satışını stimullaşdırmaq, istehlakçılarla istehsalçılar arasında etimad yaratmaq məqsədi ilə həyata keçirilən təbliğat fəaliyyətidir.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.