Əxlaq və mənəviyyat

Bu məsədlə yazılan mətn,  çəkilən şəkil, rəsm əsəri, film   və s. reklam vasitəsi hesab olunur.

İstər  qəzet, jurnal, radio və   televiziyada, istər  malların üzərində , nəqliyyat vasitələrində reklam, istərsə də  üzərində  tanıtma məlumatları olan hər cürə reklam lövhələrinin   məqsədi  istehsal olunan  məhsul və göstəriləcək xidmətlə    istehsalçı arasında  romantik bağlılıq yartmaq,  məhsula, xidmətə qarşı məmnunluq  yaratmaqdır. 

Adətən,  reklamçılar  bu hədəflərində qadınlardan daha çox istifadə edirlər. Reklamlarda qadının bədən  cizgilərindən,  ayrı-ayrı nahiyələri  daha önə çıxarmaqla    cəlbedici təsir kimi istifadə edilir. Əslində, qadın reklamlarda  həm də bir seks obyekti halına gətirilir. Ən aşağısı, qadın bədənini moda yolu ilə əmtəə halına gətirilir, istehlaka  sövq edilir.

Bu, kapitalizm cəmiyyətinin, burjua psixologiyasının təbiətindən irəli gəlir. Burjua mühiti    gözəllik müsabiqələri düzənlənməklə, guya, dolayısı yolla  başqa çarəsi olmayan qadına   gözəlliyini  irəli sürmək imkanı yaradır,  onu stimullaşdırır ki, özünü sübut et. Sübut et ki,  kişinin gücü, hegemoniyası varsa, sənin də  gözəlliyin və zərifliyin var.   Dolayısı  ilə belə reklamlarda qadın kapitalist sistemin  istehlak  mədəniyyətinə xidmət etmək məcburiyyətində qalır.

Qadın  ətrafında belə gördü. Gördü və artıq o mənəvi gözəllikdən daha çox müqayisə nəzəriyyəsinin standartını təşkil  edən  gözəlliyi ilə önə çıxmağa başladı.. Bununla bağlı  mütəxəssislər maraqlı müşahidələr də aparmışlar. Onların müşahidələrinə görə, gözəl görünüşü olan tələbələr digərlərindən daha yüksək qiymətləndirilirlər. Gözəl, şən-şux, qıvraq xəstələr  başqa xəstələrdən daha keyfiyyətli  müalicə alırlar. Başqa bir araşdırma ilə müəyyən etmişlər ki, daha az cəlbedici   qadınlar, kişilər daha cəlbedici olanlardan  15 faiz daha aşağı  qazanırlar.

33 yaşlı məşhur amerikalı aktrisa və müğənni Skarlet Yoxanson    “LOREAL” kosmetika markasının  reklamı üzərində işləyərkən 4 000 000 ABŞ dolları qazanıb.

 İqtisadi baxımdan reklam etdirənin gəliri  o qədər səmərəli olur ki,   reklam edənə də, reklamda vasitə olan  qadına  da bu qədər vəsait ayırır. Amma məsələnin sosial  tərəfi  arxa plana keçir. Qadın qazandığı pulların, lüks həyatın qarşılığında əmtəələşməkdə,maddiləşməkdə  davam edir. Çünki reklamda təsvir olunan qadın  onu izləyənlərə  həzz  vermək,  cazibə obyekti olmaq  mövqeyinə məhkum edilir. Qadın həm də  mənə bu yaraşır, məni cazibədar edir duyğusu ilə ideal bədənə hədəfinə can atır.

 Və yaxud hansısa şirkət   avtomobillini  və yaxud avtomobil şinlərini reklam etdirir. Dünyanın gözəllik və zəriflik imicini qazanmış Qadın bu təkərlərin yanında  təsvir olunur. Qəribə deyilmi, qadın hara,  təkər hara? Aralarında bir bağlılıq varmı? Əlbəttə ki, yox. Amma istehsalçı niyyətləri ilə bu bağlılığı görmək mümkündür.

Avtobilin yanında dayanmış  bu qızlar  avtomobili də , şinləri  də görməyə məcbur edir. Düşüncələrə bu da gəlir ki,  belə avtomobilin olsa,  həmin avtomobili  xoşlayan qızlar əlində olacaq və s. Və yaxud da ki, yuxarıdakı şəkillərin birində  dili ilə dodaqlarındakı ıokoladı yalamış qız onu seyr edənlərdə başqa assosiativlik də doğurur.

 İnternet mənbələrində  xarici ölkələrin iaşə  xidmətlərini  nümayiş etdirən  aşağıdakı şəkilləri – reklam növünü  bəs hansı  ölçüyə sığışdırmaq olar?

Məsələn, əsrlərdir ki, Cənubi  Asiyada elit təbəqədən olan insanlar üçün servis edilən “çılpaq qadın üzərində  suşi yemək”  təqdimatı keçirirlər. Bu təqdimat “nyotaimori” adlanır, yəni,   “qadın bədəninin təqdimatı”.

 Bizim ölkə üçün  xarakterik olmasa da,  bu və ya buna bənzər reklam, moda görüntüləri, gözəllik müsabiqələri  bizim qızlarımız üçün pis nümunə olur. Qızlar, qadınlar  belə  geyim və həyat tərzini nümunə olaraq onlardn götürür.

Onsuz da avropalılara xas geyimlər müsəlman ölkələrinə  XIX əsrin sonlarından Avropadan – Fransadan ayaq açmışdır. Həm də elit təbəqə tərəfindən.  Amma bir subyektiv fikrimi də bu məqamda deyəcəyəm. “Axırıncı aşırım ” filmində Hatəmxan ağanın məşhur kəlamlarını yada salaq: “Bu saatda mən sənə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir. Məsələn biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanarıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız gödək ( kursiv: amma  gödək  geyinsələr də,   topuğa qədər  şalvar hökmən olurdu) libas geyər, onların arvadları uzun libas; bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq”.

 Müqayisəni ona görə xatırlatdım ki,  Hatəmxan ağanın vaxtından  aristokrat cəmiyyət sayılan Fransada  boşanma statistikası çox olduğu halda,  əl ilə yemək yeyən Azərbaycanda ailənin dayaqları   möhkəm olub.  Amma  Avropaya, Fransaya və s.ölkələrə oxşamağa meyil artdıqca, mənəviyyatımız da Qərb həyatına yaxınlaşır. Erkən pozulan nikahların sayı getdikcə artmaqdadır.

Sitat:

Məni təhlükədən qoruyan paltar geyinməyi üstün tuturam.

Кetrин Хеpbёrn, amerikalı aktrisa

İnformasiya portallarından: “…Rəsmi statistika göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanılan nikahların sayı həm də xeyli artıb. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, birinci yarısında Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayanlarla 792 nikah bağlanıb. Bu göstərici ötən ilin müvafiq dövründə 733 olub…”.

İnformasiya portallarından: “…Ədliyyə Nazirliyinin məlumatına görə 2017-ci ilin 9 ayı ərzində ölkə vətəndaşları ilə əcnəbilər arasında bağlanan nikahların sayı 1541, 2016-cı ilin 9 ayı ərzində isə 1551 olub. Belə ki, 2017-ci ilin 9 ayı ərzində əcnəbilərlə nikah bağlayanların 804-ü qadın, 737-si kişi, 2016-cı ilin 9 ayı ərzində isə 808-i qadın, 743-ü kişi olub…”.

İnformasiya portallarından:”… Baş məsləhətçi əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə ailə quran və boşananlarla bağlı ötən ilin statistikasını da açıqlayıb. A.Veysəlova qeyd edib ki, 2013-cü ildə isə 2 780 nikah, 211 nikah pozulması qeydə alınıb. 2014-cü ildə isə əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə 1 816 nikah, 155 boşanma faktı qeydə alınıb…”.

Bu, hələ məlum olanlardır. Çox pozulan nikahlar da var ki, onlar utandıqlarından bunu gizli saxlayırlar. Biz hər bir vətəndaşımızın xoşbəxt olmasını arzulayırıq. Amma əcnəbi vətəndaşlarla ailə səadətini necə tapmaq olar, bunu ağıla sığışdırmaq olmur. Lap məşhurlardan da səadətini xaricdə tapacaqlarına ümid edənlər olub,  belə evliliklər haqqında mətbuatda dəfələrlə  yazılar verilib. Amma çox keçməyib ki, bu bağlılığın çox qısa müddətdə qırılmağa doğru getdiyi haqqında söz-söhbət gəzməyə başlayıb. Belələrinin bəziləri elə həmin yerdə qalıb və ya daha başqa ölkəni seçib, nə məhrumiyyətlər çəkir Allah bilir.

Amandı olmasın. Neyləyəsən ki, həyatın özünün təbii qanunları var: “Sürüdən ayrılanan quzunu qurd qapar”.

Mən nəinki başqa ölkələrə, hətta öz ölkəsində, məsələn qərbdə olan qızın şərqə və yaxud müxtəlif fərqli rayon və şəhərlərə gəlin köçməsinə hər zaman heyfslənmişəm. “A” yaşayış məntəqəsindən olan qız “Z” yaşayış məntəqəsində gəlin köçmüş  və yaxud əksinə, necə xoşbəxt ola bilər. Bu, müəyyən mənada ola bilər.  Amma belə xoşbəxtlik   mükəmməl xoşbəxtlik deyil. Xoşbəxtlik rahat ev-eşiyi olmaqdırmı, avtomobilə, dəbdəbəli geyimlərə malik olmaqdımı? Və yaxud həyat yoldaşın sənin nə geyinəcəyinə göz ağartmayacaqsa, bir işinə qarışmayacaqsa, əsl sevgi budurmu?

Bunlar da lazımdır, həyatın keyfiyyətinə təsirləri, əlbəttə ki, ola bilər. Amma əsl xoşbəxtlik öz obanda, öz qohum-qardaşların əhatəsində ən yaxın göy üzünü paylaşmaqdadır. Qürbətə köçənlər deməsələr də, içlərində bu nigarançılığı həmişə çəkirlər. Onların gözü həmişə itikçi olur. Həyati müşahidələrimə çox  istinad edirəm.

Müasir informasiya-rabitə texnologiyalarının, nəqliyyat vasitələrinin yüksək inkişafına istinadən gənclərimiz düşünürlər ki, bu gün  50 il öncəki zaman-məkan çətinlikləri yoxdur. Hər gün istədiyin vaxtda skaypla, vatsapla görüntülü danışa bilərsən, təyyarə reysləri ilə uzağı 2-3 günə istədiyin yerə gedib-gələ bilərsən. Bir ölkə daxilində yaşayırsansa, şəxsi avtomobilinlə bilet problem qarşılamadan, basabas, yol narahatçılıqları keçirmədən əzizlərinlə görüşə bilərsən.Bunlar, fəqət, texniki rahatlıqlardır. Mənəvi xatircəmlik isə tamam başqa məzmunu ehtiva edir. Qərib ölkədə nə qədər saya almasan da, ha heç bir xiffətim yoxdur desən də, kəndin o başından bu başına, məhəllənin bu başından o başına köçən gəlinin qürbətdəki gəlinə nisbətən bir könül, göz toxluğu var. Bir balaca narahat oldumu, anasını özünü çatdıra bilir: zoğal mürəbbəsindən, yağından, südündən, qatığından sovqatı ilə.Bazardan alınan bu məhsullar ananın gətirdiyi nemətin təsirini verə bilərmi? Atan bir balaca kövrəlsə, durub qızının evinə gələcək. Qızı köynəyini, corabını dəyişəcək, armudu stəkanda mürəbbəli çay verəcək.Pərqu döşəyində atasını bir gün qonaq saxlayacaq. Ata da səhər böyük rahatlıqla evinə qayıdacaq. Qızı da kəndin o başında və yaxud qonşu kənddə rahatlıq tapacaq.

Xoşbəxtli çim yağın içində üzmək, qapıda xidmətçi saxlamaq, əlini paltara, soğana, bulaşıq qab-qacaqlara vurmamaqda deyil.Bu, insanları, əslində, xoşbəxtlikdən uzaqlaşdırır.

Əsl ailədə qulluqçu olmamalıdır. Ailədə  firavanlığın, könül xoşluğunun  mənbəyi  tərəflərdən hər kəsin öz vəzifəsini qarşılıqlı etimad və hörmət əsasında birlikdə icra etməsindədir.

Bizim gənclər xarici filmlərdəki Qərb həyatını görüb onu idealizə edirlər. Bəziləri də xarici ölkələrdə olub gəlib gördüklərini, bildiklərini ”mətə mindirirlər”, yəni ağızdolusu tərifləyirlər. Olsun ki, Avropada bu və ya digər davranış normaları, ictimai olana münasibət məsələsi bizdəkindən fərqlidir. Bunlar göydən düşməyib ki, marketlərdən almayıblar ki. Sosial şəbəkələrin birində bu mövzuda maraqlı bir münasibətə rast gəldim. Onu olduğu kimi də oxucularımıza təqdim edirəm:

“…Artıq açıq-saçıq geyinən qızı qonşunun baxışı maraqlandırmadı, binanın tinində yeniyetmə oğlanların əllərində siqaret böyüklərlə bir ortamda dayanmaları təəccübə səbəb olmadı. İctimai nəqliyyatda özündən böyüyə yer vermək unuduldu, illər öncə şəhər sakinlərinin ən sevimli istirahət mərkəzi sayılan Dənizkənarı park başqa məqsədlər üçün istifadə olundu, qızlar ibtidai sinfi bitirər-bitirməz bir əllərində güzgü, kosmetik vasitə, bir əllərində telefon sosial şəbəkələrin yolunu tanıdılar, gənclərimizdə narkotikaya meyil baş qaldırdı. Qızlar ərə getmək xatirinə əcnəbi demədi, ağıllı-dəli demədi, təki xaricdə yaşayım deyib gəlin köçdü. Qızlar bir yana qaldı, oğlanlar qaş düzəltdilər, slikon dodaq qoydular, daha nələr-nələr… Adını nə qoydular? Biz avropalaşdıq… Sən demə avropalaşmaq bu imiş, sən demə insanın ağlını itirməkmiş Avropa mədəniyyəti…Soruşan olmadı ki, ay cahil insan, sən niyə avropanın mənim milliyyətimə xas olmayan adətini gətirib yuxarı başa keçirirsən? Mədəniyyət öyrənmək istəyirsən avropadan? Ayaqlaşmaq istəyirsən onlarla? Gəl yaxşılara qol qoy da. Niyə ictimai nəqliyyatda 20 nəfər üçün nəzərdə tutulan yerə az qala 60 nəfər minirsən? Niyə küçədə telefonuna gələn zəngə elə cavab verirsən ki, elə bir bu kənddən o kəndə adam haraylayırsan. Niyə avropalılar kimi tumun qabığını zibil yeşiyinə yox, küçəyə tullayırsan? Niyə gecənin istənilən saatında avtomobilindən gələn yüksək musiqi səsiylə yatanları narahat edirsən? Niyə tıxacda lazım olmayan halda maşının əcaib siqnalından aramsız istifadə edirsən? Axı Avropada belə deyil…”

 Amma ailə dəyərləri,  vəfa, sədaqət kimi  əxlaqi meyarlar var ki, ata-babalarımız, ağbirçək nənələrimiz bunların  abidəsini yaradıblar, ailə həyatının etibarlılığı üçün elə ölçülər yaradıblar, elə ölçülər müəyyən ediblər ki, bunlar fransızların da, almanların da, ingilislərin də, ərəblərin də karına gələ bilər.

Amma çox təəssüf ki, dəyişən, qloballaşan dünyanın modernləşməsi  bu əxlaqi dəyərlərə də təsirsiz ötüşməyib və müəyyən aşınmalar bu gün də davam etməkdədir. Məsələn, qadınların açıq-saçıq geyimləri, erkən pozulan nikahlar; gənclərin bir balaca  problemlə qarşılaşan kimi,   boşanmağa hazır olmalsı, azyaşlıların yaşını qabaqlayaraq intim  həzzə  baş vurması,  Türkiyədən, eləcə də  digər xarici ölkələrdən  deportasiya olunan qadın və qızlarımız narahatçılıq doğuran  belə aşınmalardandandır.  Mən öz şəxsi fikirlərimi deyirəm,  artıq bu mövzuda 8-ci yazımdır. Kimsə müzakirəyə qoşulub fikir bildirməyib. Halbuki, münasibət lazımdır. Bizim son  onillərə qədər  sütunlaşmış  əxlaqi dəyərlərimizi 1-2 nəfər yaratmayıb, xalq yaradıb. Zaman-zaman seçib, müqayisə edib, pisdən imtina edib, yaxşılarını gələcək nəsillərə ötürüb. O vaxtlar bu, həm də ona görə mümkün olub ki,  həyati  məsələlərə, əxlaqi ölçülərə dünyagörmüş, dərin müşahidə qabiliyyəti olan  müdriklər  nizam verirmişlər. İctimai qınaq  güclü imiş. Gənclər ağsaqqalsız  yerdə də oturmurlarmış. Amma indi bu ənənələr çox zəifləyib. Cəmiyyətdə ahıl adamlara bir laqeydlik hiss olunur. Ən dəhşətlisi, bəzən övladlar belə, valideynlərini bəyənmir, onları eşitmək istəmirlər.

İnternetdə neçə gün öncə Türkiyəli rejissor Hamdi Alkan   və onun qızı haqqında yazmışdılar.  Rejissor ilk nikahından olan qızı Zeynəb Alkanın açıq-saçıq fotolarına görə onu qınayanlara verdiyi cavaba   diqqət edin: “Nə edim? Gedib arvadımın, qızımın saçını yolum? Belə xoşbəxt olacaqsız? Xeyr, bunu etməyəcəyəm. Dünya onsuz da pisdir.”

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı