Müzakirə


Təkcə bir ildə 2895 nəfər məktəbli qız ana olub, bu, qorxulu nümunədir. Sanki uşaq və yeniyetmələr elmə, intellektual yüksəlişə deyil, sevgiyə, macəra həyatına yüksəlirlər.
Əvvəlki yazılarımızın birində demişdik: Sevinc də, Kənan da tələsməməli idilər. Kənan məktəbi bitirmişdisə, hərbi xidmətini çəkməli, qayıtdıqdan sonra işə girməli və ağıl-kamalla həyatını davam etdirib toyuna hazırlaşmalı idi. Sevinc də eynən. Valideynlər söz yox ki, bu sevgidən xəbər tutacaqdılar. Söz yox ki, Kənanın valideynləri də, Sevincin valideynləri də müxtəlif vasitələrlə maraqlanacaqdılar. Sevinvim valideynləru biləcəkdilər ki, Kənan ağıllı-başlı oğlandır, ali təhsili var, işləyir və sair, və ilaxır.
Qız valideynlərini gələcəkdə övladları sarıdan xatircəm etməyən heç bir pis xüsusiyyət yoxdur Kənanda. Belədirsə, inanmıram ki, ata-ana qızının arzularının ziddinə getsin. Və yaxud oğlan ata-anası soraqlaşırlar, heç soraqlaşmağa da ehtiyac yoxdur, qonşudularsa, bir-birlərinin gözləri qarşısında böyüyürlər onsuz da. Ata-ana görür ki, bilir ki, ailə əsil-nəcabətli ailədir, səliqəli ailədir, ziyalı ailədir.Qız özü də ağıllı uşaqdır. Həyət-bacada, yolda-küçədə başıaşağı gedib-gəlir, geyimi-keçimi öz yerində. Əgər ata-analar övladı bəyənibsə və onlar özləri də oğulların (qızlarının) seçimini bəyəniblərsə, onda niyə bu qızı gəlin gətirməsinlər?
Görünür, hər iki tərəf də bir az təcrübəsizlik edib, gənclər özü də təcrübəsizlik edib.
Təqdim etdiyimiz şərhlərdə İradə adlı bir xanım çox haqlıdır:
“Mənim ən çox oglanın yox, qızın anasına yazığım gəlir. İndiki qızlarla anaları bacara bilmirlər… “

Nə şərhi yazanda İradə xanımın, nə də indi mənim məqsədim bu böyüklükdə müsibətə tuş gəlmiş bir ananı günahkar hesab etmək deyil, hər birimiz hər zaman ətrafımızdakı insanlara qarşı həssas olmalı, öz köməyimizi əsirgəməliyik.
Biz bu yazını bütövlükdə Sumqayıtda baş vermiş bu hadisəyə aid etmədik, elə ilk yazıdan da qarşımızda bu məqsəd olmayıb: əgər belə olsa idi, 1 yazı münasibətimizi bildirməyə kifayət idi. Son dövrlər belə xarakterli hadisələr, intiharlarlar tez-tez rast gəlinir. Sumqayıt hadisəsi fonunda mövqeyimizi çatdırmaq istədik.
Sumqayıtda baş verən hadisədə bu və ya digər dərəcədə hər kəsin məsuliyyəti var: laqeydik, biganəyik. Ətrafımızda bu qədər hadisələr baş verir, nəticə çıxarmırıq.
Sovet dönəmində komsomol, partiya, həmkarlar təşkilatları vardı, mənzil İstismar sahələrində pedaqoqlar vardı, məktəbdən başlamış bütün təşkilatlarda qadınlar şurası vardı: hər təşkilatın bir az təsiri, rolu olurdu, gənclər arasında əməlli-başlı iş aparılırdı. İndi bunlar yoxdur, əksinə, həmin xoşagəlməz halların baş verməsini fəallaşdıran təsirlər kifayət qədər çoxdur, fəaldır.
Bu gün ədəbiyyatımız, musiqimiz, sənətimiz dədə-babalardan miras qalan sevgini, yüksək əxlaqi keyfiyyətləri yaşada bilmirlər. Şou proqramları, belə musiqilər, internet təsiri və s. gəncləri kütləvi şəkildə əza həzzinə bağlayır.
Yeniyetməlik dövründə, gəncliyin ilk illərində valideynlər, orta və ali məktəblər şagirdlərə və tələbələrə çox həsa yanaşmalıdırlar. Bu çağlrında onların şəxsiyyətləri, kmilliyi formalaşır, indi necə özül qoyulur, sonrakı həyatı da bu özül üzərində davam edir.
Şərhlərdə yazılıb ki, yazıqlar görüşməyə yer tapmayıblar . Kimi yazır ki, telefonla şəklin çəkib sonra söz-söhbət yarada bilərdilər.
Məntiqli deyil. Niyə bu gözəllikdə oğlan-qız (lap Şantiyə oxşalar belə) qarajda görüşsünlər ki. Rəhmətliklər də, digər bütün oğlan və qızlarımız da sevgilərinə, sevdiklərinə dəyər verə bilirlərsə, niyə avtobusda, metroda, parkda insanların gözləri qarşısında bir-birlərinə sarılmalıdırlar ki. Heç əsl sevgi duyğulrı ilə sevən, təmiz niyyətlə ailə qurmaq istəyən gənc gələcək ömür-gün yoldaşını Sahil parkına aparıb nümayişkaranə şəkildə öpərmi? Bu qədər həyat yolu keçdik, filmlər gördük, kitablar oxuduq, burada nə qədər məhəbbət lövhələri oldu. Amma heç bir elə hala rast gəlmədik ki, kimsə gələcəkdə el adətiylə toy edib atasının, babasının ocağına gəlin gətirəcəyi qızla tələbəlikdə və yaxud subaylığında, o park sənin, bu park mənim, sevgi macəraları yaşayırmış

Bunu edənlər ya etdiklərinin fərqində deyillər, ya da bu münasibət sevgi deyimiş, sadəcə, macəra həyatı yaşamaqmış. Sevgi həyatının öz sərhədləri, öz gizlinləri var… Keçmiş dövlərin ailə həyatında bu hüdudlar gözlənildiyi üçün, arada izzəti-şərəf vardı, ailədə intim həyat, yaxınlıq olduqca balanlaşdırılmış şəkildə olur. Mənim şəxsi fikrimdir, bu mövzuda ailə tərəfləri, ümumilikdə qadın-kişi arasında sədlər, ölçülər götürüldükdə, müxtəlif xoşagəlməz hadisələr yaranır….Hər şey adiləşir və tədricən dəyərsizləşir. Bundan sonra o ailədə hansı səmiyyəti gözləmək olar ki…? Bu gün evlilik yaşı ötmüş nə qədər gənclərimiz var. Bunların bəziləri ya bu vaxta qədər macəra həyatı yaşayıb: öz vətənində və ya xarici ölkələrdə. Dönəndən, şövqdən düşəndən sonra Vətənə dönüb. Belələri, soyuq və laqeyd olurlar. Onların ailə həyatında da bir soyuqluq hər zaman olur…
Allah rəhmət etsin, Nüsrət müəllimin məşhur şeirlərindən birində necə səmimi etiralar var:
….Qapını döymüşəm gecəyarısı,
Saçımda bir əlin təması gəlib.
İsti dodagımda bir öpüş izi,
Əlimdə bir saçın xınası gəlib.
Yuxulu gözündə qızartı görüb,
Qızara-qızara yalan demişəm.
Şübhənin bəhanə payını verib,
Hələ yatmayıb ki, balam, demişəm.
Tez -tez oymayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payının
Yarısın özgəyə verib gəlirəm.
Bu elə duyğu ki,
Bu elə qəm ki,
Min olsa yenə də əzməzdi səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdi sənin..
.

Hesab edirəm ki, bunlar hamısı məhz cilovu çəkilməyən, nizamlanmayan şəhvani hislərdən qaynaqlanır.
Hz. Əli buyurmuşdu: “Əlinə , dilinə , belinə sahib ol”.
Amma insanlar bu sahibliyi qədərincə bacarmırlar. İrsi yetişkənliyin fəallaşdığını da nəzərə alsaq, günümüzdə, sabah da bizim əxlaq üçün uyğun olmayan ekzotik hallar gözləniləndir. Ailə həyatının uzunömürlü olmasına, məzmun və mənalı keyfiyyətinə sevgiyə, sevdiyin qadına hörmətdən başlamalıdır.
Bu hörmət sevəni də, seviləni də ciddi göstərəcək, tərəflər arasındakı əlaqəlrin daha ülvi olmasına bir zəmanət olacaqdır.
Mən Sumqayıt hadisəsində gəncləri qaraja aparan qüvvənin macəra hissi olduğundan çox uzağam: onları tanımıram, hadisə baş verən aiələrdə olmamışam, dostları, əzizləri ilə söhbət etməmişəm. Belədə mənim də söylədiklərim ehtimallardır. Bu cürə ehtimalları istənilən qədər söyləmək olar. Şübhəsiz ki, hüquq-mühafizə orqanlarımızın araşdlrmaları məsələyə aydınlıq gətirəcək. Biz, sadəcə, istifadəçilərimizlə (oxuculaımızla) məsələ ilə bağlı təəssürtlarımızı bölüşdürərək, yeniyetmə və gəncləri diqqətli və həssas olmağa, emosiya ilə deyil, ağılla, məntiqlə qərar verməyə, valideynlər, ailə, ümumilikdə cəmiyyət qarşısında məsuliyyət hiss edərək addım atmağa çağırırıq.
Əvvəlki yazılarımızda dedik: bu və bu kimi hadisələrin baş verməsində hər birimizin məsuliyyəti var, cəmiyyətin özünün məsuliyyəti var. Amma ən böyük məsuliyyət, cavabdehlik, əlbəttə ki, gənclərin öz üzərinə düşür: məlum hadisədə də Kənan və Sevincin üzərinə düşür.
Bir ailədə sevgi olmlıdır. Bu sevgi gündən-günə yeni məzmun, yeni keyfiyyət kəsb etməlidir. Valideynlər bu sevginin şəfqət paylayıcılarıdır. Onlar sevgiləri ilə övladlarına nümunə olmalıdırlar. Övladlar bu sevginin əhatəsində gələcək ailə həyatına hazırlanmalıdırlar. Ailədə ailə üzvləri qarşında sevgi, borc, məsuliyyət hissi olmalıdır. Ata-ana nə qədər ciddi olsalar da, övladları ilə aralarında dostluq telləri də olmalıdır, xüsusən, ananın. Bu missiyası çox mühümdür: qızın kimə “hə” deyib, bəs oğlun? Onların seçimi doğrudurmu? Doğru deyilsə, deməli, sizin övladlarınızla bu mövzuda söhbətləriniz olmayıb və ya bu söhbət adi məişət söhbətlərindən kənara çıxa bilməyib: təsir edə bilməyib, cavabdehlik yarada bilməyib. Valideynlər övladlarının hislərinə hörmətlə yanaşmalıdır. Övladının səhv etməməsi üçün isə ata-ana onlara sevgini yox, dəyərləndirməyi, fərqləndirməyi, seçməyi, belə deyək, ölçünü öyrətməlidirlər. Ölçünü öyrədə bilmisənsə, əlbəttə, əmin olacaqsan ki, övladın birincini ikincidən çox gözəl fərqləndirir.
Şərhlərin əksəriyyətindən məlum olur ki, Sevinc də seviulməyə layiq olub, Kənan da. Onda niyə Kənan da, Sevinc də özlərini ağayana aparmayıblar?
Əgər əsgər gedəcəkdisə, əvvəlcədən bu barədə söhbətləri, məsləhətləşmələri olmalı idi. O qədər belə sevgilər var ki və bu gündə neçə-neçə evimizdə-ocağımızda əsgər nişanlısını həsrətlə gözləyən qızlarımız var. Allah hamını muradına yetirsin. Nə böyük şərafət imiş 1 il, 1 il yarım əsgər nişanlısı olmaq!
Əfsus ki, bunlar olmadı. İki ailəyə dağ çəkdisə, hər birimizin də gözünü yaşla doldurdu. Bu gözəl balalar kaş həyatda qovuşa idilər. Allah rəhmət etsin. Bu və bu kimi hadisələri eşidən, görən bütün insanlar, eləcə də hər kəs nəticə çıxarmalıdır. Əgər gənclərimiz həyatda eşitdikləri, gördükləri, bildikləri bədbəxt hadisələrdən nəticə çıxarmırsa, qeyri-iradi deyil, adi həyat axarında yanlışlıq edib həyatını itirirsə bu da bir intihardır.
Gənclərimiz sevgiyə məsuliyyətlə yanaşmalıdırlar. Onlar ailə qarşısında, valideyn qarşısında övladlıq borcunu göz yaşları gətirməklə deyil, fəxarət, məmnunluq bəxş etməklə yerinə yetirməlidirlər.

Son

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.