Mövqe

İnformasiya — bizi əhatə edən təbiətdə, yaşadığımız cəmiyyətdə insanlar, canlı-cansız varlıqlar, hadisə və proseslər haqqında olan məlumat və biliklərdir.
Bu məlumat və biliklər istər insanların, istərsə də cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir.

Müasir insan daim yeni nə isə öyrənməyə çalışır. Təbii ki, öyrənməyə ehtiyac duyulan hər yeni nəsə, nələrsə informasiyadır, hər şey haqqında biliklərdir. Bu biliklər insanı zənginləşdirir, onun insanlarla, cəmiyyətlə qarşılıqlı əlaqələrini mükəmməl edir. Bu biliklər insana həm maddi, həm də mənəvi mənfəət gətirir. Bu biliklər dövlətin maddi, siyasi və hərbi maraqlarını təmin edir.
Hələ lap qədim zamanlardan informasiya əldə etməyə, harasa, kiməsə göndərməyə ehtiyac duyulub, amma o zamanlar informasiya ötürmək də, qəbul etmək də, çox ibtidai səviyyədə olub. Məsələn, bir ölkə qonşu ölkəyə ölkəsindəki fəlakətli xəbər vermək üçün təpələrin, dağların başında böyük tonqallar qalayırlarmış. Daha sonralar belə məlutlandırmalar çaparlar, qasidlər, elçilər vasitəsi ilə həyata keçirilib.

Bu, həm həftələrlə, bəzən aylarla zaman tələb edirdi, həm də təhlükəli idi. Məsələn, ədəbiyyatdan bilməmiş deyilsiniz: 1797-ci ildə Məhəmməd şah Qacar Şuşa qalasını işğal еtdikdən sonra İbrahim xan Car-Balakəınə, qayını Əmmə xanın yanına qaçır.Bu zaman xanlığı İbrahim xanın qardaşı оğlu Məhəmməd bəy Çavanşir öz əlinə almışdı . Vaqif İbrahim xanın dalısınca qasid göndərib yazdığı məktubda xandan tеz qayıtmasını xahiş еdir. Lakin məktubu aparan qasid sərhəddə tutulur və Vaqifin xana yazdığı həmin məktub ələ kеçir. Məhəmməd bəy Çavanşir 1797-ci şairi оğlu Əli ağa ilə birlikdə Şuşa şəhərində edam etdirilir.
Yəni, bu cürə informasiya mübadiləsi sürətli olmadığı kimi, etibarlı da deyildi.
Amma elm və texnikanın inkişafı ilə əlaqədar olaraq informasiya mübadiləsi hər zaman təkmilləşib.
Məsələn, 1450-ci ildə məşhur alman ixtiraçısı, mühəndis İohann Qutenberq kitab çap edən dəzgah kəşf emişdi. Bu, minilliyin ən böyük nailiyyəti, insanlıq tarixini və bəşər mədəniyyətini dəyişdirmə gücünə malik bir kəşf idi.
Viktor Hüqo məşhur “Paris – Notrdam kilsəsi” əsərində yazmışdı ki, kitab çap edən dəzgah bütün kilsələri dağıdacaq. Yəni, böyük tirajlarla çap edilən kitablar kütlələrə təsir etmək – onları dəyişdirmək, istiqamətləndirmək baxımından kilsələri üstələyəcək, üstələdi də. Maarifçilik hərəkatı elmi tutumlu və sistemli bir fikri cərəyan kimi XVIII əsrdə meydana çıxsa da, köklərini çox-çox əvvəllərdən almış, kitab çapı ilə daha canlanmağa başlamışdır.
Kitablar o vaxtdan da öz qiymətli yükünü ehtiyatla nəsildən-nəslə aparan vəsilə olmuş və bu gün də, sabah da, gələcəkdə də belə olacaqdır.
500-550 ildən sonra isə audio və video translyasiyasiya mümkün oldu, daha modern elektron texnologiyaların tətbiqinə başlanıldı. Cəmiyyətin həyatında informasiya və bilik resursları prioritetə çevrildi.

İnformasiya resursları dedikdə, mövcud məlumat və bilikləri cəmiyyətə ötürən 8 ötürücü, əlaqələndirici vasitə: kitab, qəzet, jurnal və səsyazmalar, radio, kino, televiziya və internet başa düşülür. Biz yazımızın mövzusuna uyğun olaraq ancaq mətbuat, televizya və internetlə bağlı mülahizələrimizi bildirəcəyik.
İlk kütləvi informasiya vasitəsi qəzetlərdir. “Günün hadisələri” adlı vərəqə – lk qəzet b.e.ə. 59-cu ildə Romada əl ilə yazılmış idi. Jurnallar XVIII əsrdə meydana gəlmişdir.
Ölkəmizə gəlincə, Azərbaycanda ilk qəzət 1875-ci ildə, ilk radio 1926-cı ildə fəaliyyətə başlayıb. İlk televiziya isə 1956-cı ildə fəaliyyətə başlayıb. Onda mənim bir yaşım vardı. 8 yaşına qədər nəinki televizor, heç radio haqqında təsəvvürüm yox idi. Mən üstü alüminiumdan hazırlanmış radionu ilk dəfə kəndin mərkəzində dirəyin başından asılmış danışan aparat kimi görmüşəm. O yaşda bizi radioya bağlayan, cəlb edən heç bir hiss yox idi. Sadəcə, hər səhər məktəbə gedəndə, günorta məktəbdən qayıdanda eşidirdik ki, dirəyin başından səs gəlir.
Müasir radioqəbuledicilər hələ kəndlərə gəlib çıxmamışdı: hamının evində ümumi qovşaqdan idarə olunan radio vardı. Amma bu radioya elə də maraq yox idi. Birdən kiminsə gözünə sataşsa idi ki, divarda, rəfdə, şkafın üstündə radio var, yalnız onda acırdılar ki, evdən səs gəlsin.
Televiziya isə təkcə qonşuluğumuzda yaşayan bir müəllimin evində vardı. Böyük oğlu bizdən 2-3, bəzilərimizdən 5-6 yaş balaca olmasına baxmayaraq, hamı onunla dost olmağa can atır, yaxınlıq hiss etdirirdi ki, futbol olanda gedib televizorda baxa bilsinlər: lap yaxınlar hərdən kinoya və konsertə də baxırdılar. Sonra yavaş-yavaş kənd radiolaşdırılmağa başladı. O vaxt şəxsi avtomobilləri radiosuz təsəvvür etmək olmazdı. Yük maşınlarına belə, radio qoydururdular. Tranzistorlu radiolar dəbə düşmüşdü. Bağda, səyahətdə, istirahətdə olanda onu şəbəkəyə qoşmadan istifadə etmək olurdu deyə, adamlara maraqlı gəlirdi. Getdikcə televizorlu evlərin sayı artdısa da, radio sonralar da heç vaxt arxa plana keçmədi. “Araz” proqramını sevməyən, izləməyən ola bilməzdi. Çünki burada musiqi proqramları, ədəbi-bədi verilişlər dinləyicilərə gözəl-gözəl duyğular bəxş edir, yaşamaq üçün qol-qanad verirdi.
Əsas informasiya məkanımız olan Azərbaycan televiziyasının da şərəfli və zəngin inkişaf tarixi vardır. 80-ci illərdə bu televiziyada 50 adda veriliş yayımlanırdı. “Günün ekranı”, “Sizin istəyinizlə”, “Arzular”, “Səhər görüşləri”, “Dalğa”, “Komediyalar aləminə səyahət”, “Dünyaya pəncərə” , “Tələbə klubu” , “Rampa”, “Evrika”, “Sağlamlıq”, “Retro” “Ailələr, talelər”, “Tələbə klubu”, “İki ömrüm olsaydı”, “Şəcərə”, “İllər, nəsillər”, “Ömür yaddaşı”, “Kimin sözü var”, “Üz-üzə”, “Səhər”, “İşıq”, “Dünya, səndən kimlər keçdi…”, “Təhsil”, “Müəllim nüfuzu”, “Ana dili”, “Hünər”, “Örnək”, “Səadət”, “Sağlamlıq” sair bu kimi sanbalı vedriliş və rubrikaları vardı ki, onları hər kəs intizarla gözləyirdi . Bu verilişləri düzüb-qoşub ərsəyə gətirən, xalqa təqdim edənlər isə Rafiq Hüseynov, Ofelya Sənani, Sabir Ələsgərov, Roza Tağıyeva, Şərqiyyə Hüseynova, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Rafiq Həşimov kimi peşəkar diktorlar idi.

Nə diktorların, nə aparıcıların, nə də verilişə dəvət edilən iştirakçıların nitqində hansısa kobud dil pozuntularına, əllaməliyə rast gəlmək olmazdı. Əksinə, yeni termin və sözlər olurdu ki, dinləyici onu ilk dəfə belə verilişlərdə eşidirdi, doğru tələffüz vərdişinə televiziyadakı nümunələrlə əməl edirdi. Bu verilişlərin dilini gözəlləşdirən əsas amil həmin verilişlərin özünün əxlaqi-mənəvi sanbalı ilə bağlı idi.
Amma bu gün televiziyaların əyləncə, şou yönümü daha qabardılır. Əyləncə də lazımdır, musiqi də lazımdır. Amma balansı hökmən gözləmək lazımdır. Özü də diringi musiqilərlə, replə, elektrik naqilləri qırılıb bir-birinin üçtünə düşəndə yaratdığı əks-sədanı doğuran əcaib Avropa musiqiləri ilə yox, insanı gözəlləşdirən, duyğulandıran, daha insanşünas edən milli müsiqilərlə: muğam, mahnı və təsniflərlə; saz musiqiləri ilə.
Avropa, dünya musiqisi də olar, amma küçə musiqisi olmasın.
Bu gün Azərbaycanda 11 ölkə yayımçısı, 14 regional yayımçısı, 1 peyk yayımçısı və 12 kabel televiziyası fəaliyyət göstərir. Bunlardan əlavə, ölkə yayımçısı olan 13 radio və 3 regional radio gündəlik olaraq efirə çıxır.

Bunlar kommunikasiya vasitəsi olmaqla bərabər, həm də mühüm kütləvi mətbuat vasitəsidir. Əsas missiyaları maarifçilik, informasiya, əyləncə funksiyaları olsa da, təsiretmə coğrafiyası daha genişdir: onların həm də sosiallaşma, motivasiya, müzakirə-dialoq, təlim, mədəni inkişaf, inteqrasiya kimi funksiyaları da vardır.
Bu funksiyalar kütləvi informasiya vasitələrində öz uğurlu həllini taparsa, informasiya almağa ehtiyac duyan insanlar və yaxud cəmiyyətin özünün informasiya ötürməyə maraqlı olduğu insanlar əldə etdikləri bilgilərlə həm intellektual dünyagörüşlərini genişləndirmək, həm də tarixi, mədəni-ədəbi irsimizi, milli-mənəvi dəyərlərimizi yaşatmaq, tanıtmaq üçün istifadə edəcəkdir. Amma daha çox şou proqramlarına, diriungi musiqilərə yer veriləcəksə, ekranı səriştəsiz, ədəbiyyatımızı, tariximizi orta məktəb səviyyəsindən aşağı bilik və təsəvvürləri olan adamlar idarə edəcəklərsə, bu verilişlərin, bu musiqilərin izləyiciləri artıq özlərini əyləncəyə təslim edir, virtual məkan bataqlığında itib-batırlar.
Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.