Mövqe

Musiqi – sözsüz, amma çox dərin mənalar ifadə edən bir nitqdir.

T.Kapleyl

O insan ki, içində musiqi duyğusu yoxdur, ürəyi səslərlə riqqətə gəlməz, hissləri gecə kimi qaranlıqdır .

Şekspir

Ürəkdəki fəzilət toxumları musiqi ilə yaşıllaşar.

M.Lüter

Musiqi insanın çox vaxt sözlərlə çatdıra, izah edə bilmədiyi duyğu və düşüncələri, obrazları, həmçinin müəyyən halları, fakt və hadisələri müəyyən bir gözəllik anlayışına görə melodiya, ritm, harmoniya şəklində formalaşdırılmış səslərlə birləşdirərək izah və ifadə edən estetik bir formadır, incə sənətdir.

Rəsm əsərləri rənglərin birləşməsindən, poeziya sözlərin birləşməsindən yarandığı kimi, musiqi də səslərin müəyyən estetik ölçülərə görə seçilib işlənməsindən ibarətdir. Səsin ən gözəl şəkli musiqi ilə dilə gəlir.

Musiqi birbaşa duyğulara təsir etdiyi üçün onu heç bir dil, irq fərqi olmadan hər kəs anlaya bilir. Əgər səsləndirilən musiqi fərqli dilə mənsub musiqi nümunəsidirsə, ən azından ritminə, ahənginə görə, dinləyicisini gözəlləşdirə bilir.

Yunan mifologiyasına görə, musiqi pərilərin, mələklərin danışdığı dildir. “Musiki-musika-muzika-müzik” sözləri yunan mənşəlidir. Yunan əlifbasındakı “m-o-u-s-a” kimi yazılan və “muza” kimi oxunan və “pəri” mənasındakı sözün sonuna “-ike” və ya ” –ika” hissəciyi artırılaraq o sözə danışılan dil mənasını qazandırır. Yunan mifologiyasında bütün dünyanın tanrısı olmuş Zevsin yaddaş ilahəsi Mnemosina ilə izdivacındaan dünyaya gəlmiş “muza” qızların hər biri (Klio, Evterpa, Тaliya Melpomena, Terpsixora,Erato, Polihimniya, Uraniya və Calliope) bir sənət sahəsini himayə etmişdir.

Bu anlamda musiqi dili həm də ilahi bir anlam kəsb edir.

Musiqinin mənşəyi insanlığın tarixi qədər qədimdir. Tarixçilər ilk insanların 160.000 il əvvəl mövcud olduğunu güman edirlər. Amma insanların toplum olaraq icma, tayfa, qəbilə şəklində oturaq şəkildə məskunlaşmasının tarixi təxminən 50.000 il əvvəllərə aid edilir. Musiqinin ilkinliyi də həmin vaxtlara təsadüf edir. İlk insanlar hələ dağınıq, bir-birindən təcrid edilmiş şəkildə yaşayanda da, musiqinin ilk nümunələrini yaratmışdılar. Bu musiqi nümunələri, əsasən, cadu, eləcə də onlar üçün anlaşılmaz olan müxtəlif qüvvə və hadisələrə tapınma məqsədi ilə keçirilən mərasimlərlə bağlı olmuşdur. Onlar təbiətdə seyr etdikləri şimşək çaxmasını, göy guruldamasını, yağış yağmasını təqlid edərək çıxardığı səslərlə təbiət hadisələrinə hakim olmaq və bununla özlərini hələ sirrini bilmədikləri vahiməli təbiət hadisələrindən qorumaq üçün istifadə etmişlər.

Zaman keçdikcə, sivilizasiyalar bir-birini əvəz etmiş, istehsal münasibətləri və vasitələri təkmilləşdikcə, insanların həyat səviyyəsi, təfəkkürləri də inkişaf etmiş, daha fəal ünsiyyətə, nitq vərdişlərinə ehtiyac yaranmışdır. Belə ehtiyaclardan biri də musiqi ehtiyacı idi. Musiqi insanların gündəlik həyatlarını əyləncəli etmək xüsusiyyətindən daha çox , onları hiss və idrak baxımından zənginləşdirən, saflaşdıran gücə çevrilmişdir.

Musiqi terapiyası çox faydalıdır, çünki musiqi beynin bütün proseslərinə idraki, emosional, fiziki funksiya və qabiliyyətlərinə birbaşa təsir edən prosesləri sürətləndirir.

Musiqi nevroloji, immunoloji, tənəffüs və ürək fəaliyyətinin funksiyaları üçün əks təsiri olan stress hormonlarını neytrallaşdırır, stressi azaldır, depressiyanın qarşısını alır, insanı qəlbən rahat edir, qan dövranının fəaliyyətini yaxşılaşdırır, xüsusən, uşaqlarda hafizəni və öyrənməni gücləndirir, xəstəliyə tutulma riskini önləyir, ağrını azaldır, uşaqlarda duyğu və fantaziyanın inkişafını təmin edir və sair, və ilaxır.

Buna görə də müasir dövrümüzdə musiqi ilə müalicə reabilitasiya, təhsil və səhiyyə proqramlarında istifadə edilən əsas strategiyadır.

Musiqi gizli emosional reaksiyaların aşkarlanmasına və yaradıcı insanın stimullaşdırılmasına kömək edən ilham çeşməsidir.

Amma musiqinin musiqinin həyatımızdakı ən böyük rolu onun insanı saflaşdırması, mənən ucaltmasıdır. Musiqi insanı pisliklərdən, xudpəsəndlikdən, laqeydlikdən, yersiz sərtlikdən, kobudluqdan çəkindirir. Dinlənilən məqamda ürəkdəki, başdakı gərginliklər, mənfi olan nə varsa, hamısı yox olur. İnsanı “yem dalınca qaçmaqdan” gözəl arzular, fikirlər daşıyıcısı olmağa bağlayır, bu yönümdə qüvvət verir, ümidli edir.

   Saz,  ney, zurna, ümumilikdə musiqi  Azərbaycan xalqının  yaddaşında  genetik varislik əmanətidir. Bizim qəhrəmanlıq və məhəbbət dastanlarımızı  musiqisiz, aşıqsız, sazsız  təsəvvür etmək mümkün deyil. Zəfər yürüşlərimizin, sevgi niyyətlərimizin mayası həmişə musiqi ilə tutulub.

 “Koroğlunun Bəyazid səfəri” qolunda maraqlı bir epizodu yada salaq:

” Toqatlı Hasan paşa  Bolu bəyi Ərzincana, Keçəl Həmzəni Çənlibelə yola salır. Bəyazidə  də Əhməd tacirbaşına bir namə göndərib, namədə Koroğluya qarşı  hazırladıqları planın təfərrüatlarını göstərir . Əhməd tacirbaşı da öz növbəsində  qulunu Çənlibelə yola salır ki, Koroğlunun gözünə girsin, lazım olanda Hasan paşaya da  kömək eləsin. Qul Çənlibelə gəlir, Koroğlu onu sazla imtahan edir. Dəmirçioğluna deyir ki, mən saz çalanda, sən onun əlindən tut , gözlərinə bax, saz ona təsir edəcəkmi?

Koroğlu sazı dilləndirir, Dəmirçoğlu bunun tükünün də tərpənmədiyini söyləyir…

 Koroğlu onda deyir ki, əgər saz ona təsir eləmirsə, namərd adamdır, ondan Koroğlu dəlisi olmaz.

Doğrudan da , belədir. Musiqi dolmayan qəlbdən, ürəkdən  nə   atəşin məhəbbət, nə  hünər , nə də dözüm-iradə  gözləməyin.

Təbii ki, bütün sənət növləri insanlarda zərif, incə duyğular yaradır. Amma musiqi səslərlə ifadə edildiyi üçün qulaqdan başlayaraq insan ruhunun hər yerini aşqarlaya-aşqarlaya, gözəlləşdirə-gözəlləşdirə gəlib beyində məskən salır, başqa sözlə, musiqi insanın ətraf aləmi müşahidəsindən zehin və düşüncə dünyasına qədərki yolda bir əlaqə vasitəsi olur. Əsas məsələ musiqinin təsir gücündən, onun necə başa düşülməsindən asılıdır.

Əsl musiqi hökmən insanı düşündürəcək, gözəlləşdirəcək, kamilləşdirəcək. O da belə gözəllikləri yaradanların sırasına qoşulacaq.

Əsl musiqi insanı səbirli, təmkinli edəcək. Belə insan sükan arxasındadırsa, diqqətli olacaq, həkimdirsə, müayinə və xəstəsinə münasibət zamanı şəfqət daha çox paylayacaq, müəllimdirsə, həyat üçün yetişdirəcəyi gələcək vətəndaşların qəlbinə daha çox nur bəxş edəcək və s.

Əsl musiqidirsə, dinləyicisinin, Bəxtiyar Vahabzadə dediyi kimi, “başını işlədəcək”, əsl musiqi deyilsə, diringidirsə,  nə ürəklərə yol tapacaq, nə  beyinlərə, nə də ruhu saracaq. Sadəcə, qulaq seyvanında diringiyə çevrilib əlləri-ayaqları hərəkətə gətirəcək,  eyş-işrət hərisliyini qıdıqlayacaq, gözlərin qurdu ulayacaq. Ən abırlı halda, hələ sevginin hikmətini, fəlsəfəsini anlamadan  əks cinsə meyil yaradacaq.

 Bunun nəticəsidir ki, sevgi deyilən bir münasibət getdikcə cılızlaşmaqda, qızı və ya oğlanı ələ çevirmək vasitəsinə çevrilib.   Qızı götürüb qaçır, təcavüz edir, ələ keçəndən sonra da deyir ki, evlənmək məqsədi ilə qaçırmışam. İnandınızmı, bu, sevgidir? Və yaxud inanırsınızmı   bu ittifaqda  əsl sevgi həyatı yaşanacaq, gözəl niyyətlər cücərəcək və s. Təki bzi yanılaq. Amma həyati müşahidələr  tam əksini göstərir.

“Bir gecəlik yanıma gəlsən” mahnısı var  internetdə müxtəlif ifalarda mövcuddur.Fərqi yoxdur kim oxuyur, məsələ burasındadır ki, oxunur və   nə qədər   təəccüblü olsa da  izləyiciləri də  minlərcədir.  Mahnının mətnini təqdim edirik:

 Burada   “göylərin mehrabı olacaq eşq” varmı?  Və yaxud   təsadüfi  tanış olub, tezbazar  toy edib izdivaca girən  qızlar  belə  “uyuşdurucu sözlər”in  tələsinə düşüb sonra da kirimişcə içlərində ağlayan qızlarımızdır.   Bir az aqressivləri isə  “Sus, kişi ol” mahnısı oxuyacaqlar.

 Amma  lirik şairimiz Hüseyn Arifin “Sən dərsə  gəlməyəndə” şeirini xatırlayaq:

Düşür yadıma hərdən

Məktəb həyətində mən

Yoluna göz dikərdim,

Qəlbim sızlardı birdən

Sən dərsə gəlməyəndə…

*****

Durub-durub anardım,

Gizli-gizli yanardım.

Neçə dostun içində

Özümü tək sanardım.

Sən dərsə gəlməyəndə…

*****

Zəng səsi ucalardı,

Uşaqlar söz alardı.

Gözlərim boş masanda.

Fikrim səndə qalardı

Sən dərsə gəlməyəndə…

*****

Dözməyib buna bəzən

Düşüb gah da həvəsdən

Nə danım həqiqəti,

Qaçardım mən də dərsdən

Sən dərsə gəlməyəndə…

Bu mahnı da yalvarış varmı, acizanəlik varmı? Bəlkə də bu şeiri oxuyan   hər kəsin  xatirələri yaşıllaşır. Çünki buradakı hiss, təəssüf, etiraf hamıya dogma gəlir. O illərdə məhəbbət belə mötəbər idi. Dilə gətirmək olmurdu. Heç dilə gətirilməmiş  xəyallarda  nəşvü-nüma tapan,  rişə atan, yaşıllaşan  o qədər sevgilər vardı ki. Belə   ehtiyatla yanaşırdılar sevgiyə. Ona görə də nadir hallarda ayrılıqlar, boşanma halları olurdu.

 Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Ana və Uşaq.com – sadəcə, bir sayt deyil, cəmiyyət üçün kiçik də olsa, fayda vermək istəyən bir təşəbbüsdür.

Bağlantı