Mövqe

Musiqinin məqsədi ruhu cana gətirməkdir, heç bir sənət insan qəlbində, bu qədər uca bir insanlıq duygusu oyandıra bilməz.
Jorj Sand
Musiqinin olduğu yerdə pislik yaxınlaşa bilməz.
Servantes
Bir ölkənin inkişf səviyyəsini, mədəni-əxlaqi səviyyəsini müəyyən etmək istəyirsinizsə, həmin ölkənin musiqisini dinləyin .
Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir .
Konfutsi
İnternetdə rast gəldiyim bir statistik məlumatı diqqətinizə çatdırım: “2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33009 nikah və 8538 boşanma halları qeydə alınıb”. Hələ bu, rəsmi olaraq qeyd olunanlardır.Hələ qeydiyyata düşmədən ayrılanlar, küsüb gedənlər, evlənib bir ayın gəlinini evdə qoyub başqa şəhərlərə şellənməyə gedənlər nə qədərdir. Çox güman ki, bunlar valideynlərinin təkidi ilə evlənənlərdir. Təbii ki, aralarında müəyyən ehtiyac və kəm-kəsirlərini düzəltmək üçün pul qazanmağa gedən həmvətənlərimiz də az deyil, bunlara sözümüz yox. Şellənməyə gedənlər də bizim gənclərimizdir, özlərinə gün ağlamağa gedənlər də. Bəs bunlar həyata, sevgiyə nə üçün fərqli baxışlardadır? Heç şübhəsiz ki, dünyagörüşünün, idealların formalaşması ailə və məktəbdən aldığı tərbiyə ilə bağlıdır. Gün-güzəran qurmaq, karyera uğrunda həyatla mübarizəyə girişmək, ehtiyaca sinə gərib çətinlikləri birər-birər dəf etmək cəsarəti, lap əsl eşq də ürəkdə, beyində heç nədən yaranmır. İnsan yaşa dolduqca dünyagörüşü zənginləşir, kitablar onların xəyallarında yeni-yeni üfüqlər açır. Eləcə də gözəl musiqi nümunələri, rəngkarlıq əsərləri duyğulu insanlara ömürləri boyu bələdçilik edir, əllərindən, yolgöstərənləri olur. Onları ideallarına bərk-bərk bağlayır, cavabdehlik məsuliyyətindən uzaqlaşmağa qoymur. Nəbi Xəzrinin ”Pəncərəmə qondu çiçək” şeirinə Tofiq Quliyevin eyniadlı mahnısı Mirzə Babayevin ifasında səslənəndə, qəlblərə dolanda kim gözəlləşmir, paklaşmır:
Pəncərəmə qondu çiçək,
O çiçək səndin, dinləndi ağ ləpələr
Əsən külək, dinən külək,
Coşan külək səndin…
Ulduzların gözləri ilə
Gördüm səni gecə yarı,
Dalğaların sözləri ilə
Dindi könül arzuları
Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar.
Aylar keçər, il dolanar
Yenə qəlbim, səni anar…
Yollarına doğdu günəş,
O günəş səndin: parladı al şəfəqlər…
Ürəyimdə yandı atəş,
O gül atəş səndin…
İstər “Bir gecəlik yanımagəlsən”, istərsə də bu qəbildən olan şou mahnılarının əksəriyyətində
bu qədər zəriflik, həzinlik, sdvgiyə, sevdiyinə təslimiyyət ola bilməz . “Pəncərəmə qondu çiçək” mahnısı 3 böyük dahinin ürəklərinin odu ilə ərsəyə gəlib: Nəbi Xəzri, Tofiq Quliyev və Mirzə Babayev.
Amma şou mahnılarının əksəriyyətinin müəllifləri şeirdən, şeiriyyətdən xəbəri olmayan kəslərdir: özləri yazır, özləri musiqi bəstələyir, özləri də oxuyur.
İnsan hər gün bir parça musiqi dinləməli, mənalı bir şeir oxumalı, gözəl bir tablo seyr etməli , gözəl söyləməli, gözəl eşitməlidir.
Bu gün belə mahnılar, kliplər, özəl telekanalların keçirdiyi məzmunsuz layihələr kifayət qədər çoxdur. Bəs insanların sosial və məişət qayğılarının həllinə həsr edilmiş, məsələn, mərkəzdən uzaq məhəllələrdə sosial rahatlıqların olmaması, sosial ünsiyyət məkanlarının getdikcə xidmət və ticarərət şəbəkələrinə çevrilməsi, məişət tullantılarının toplanması, çeşidlənməsi, daşınması, zərərsizləşdirilməsi kimi məsələlər niyə müzkirə mövzusu olmur, televiziya, mətbuat belə problemlərin həllinə çalışmır. Amma zəngin və dəbdəbəli studiyalarda çal-çağırlı “Düz bazar”, “Ondan sonra”, “Maşın şou”, “Dərdinizi bizə danışın”, “Hər şey daxil”, “Səhər-səhər”, “Yalan-doğru”, “Bax ki baxasan”, “5/5”, “Onun yarısı” və sair bu kimi verilişləri aparmağa layihə müəllifləri hər zaman maraqlıdır. Amma axtarsaq, bəlkə də şou layihələri aparıçılarının jurnalistlik, heç olmazsa, filoloji təhsilləri belə yoxdur. Televiziyanın, jurnalistin əsas vəzifəsi məlumatı yaymaqdır, cəmiyyəti maarifləndirməkdir. Təəssüf ki, bizim şou layihələri,müəyyən bir auditoriyanı əyləndirməkdən, qalmaqallı şou nümayəndələrini reklam etməkdən uzağa gedə bilmir. Aparıcılar, belə verilişə dəvət edilənlər özlərindən çox müştəbehdirlər, halbuki, izləyicilər məmnun qalmalıdır.

Şou verilişlərinə də kiçik istisnalarla, əsasən, elə biznes-şou nümayəndələri dəvət edilir. Aralarında qalmaqal yaşanan, məhkəmə çəkişmələri yaşanan, təqdir edilmək üçün elə bir fəaliyyəti olmayan kəslərə ekranda auditoriyanı maarifləndirməyə mikrafon verirlər. Həyatdır, insanın səhvi ola bilər, başına qəza gələ bilər(amandı olmasın), amma dəfələrlə qadınını boşayan, ərindən ayrılan adam auditoriyaya əxlaq dərsi keçməsi , bu dərsi azmış kimi, elektron məktubda manşetə çıxarmaq hansı məntiqlədir? Fikir vermisinizsə, belə verilişlərdə iştirakçı kimi dəvət edilənlər (zalda əyləşənlər) eyni adamlardır. Sanki proqramlaşdırılıb hər şey, qarşı tərəfə hansı suallar vermək, əks-arqument gətirmək və s. İştirakçı kimi dəvət edilənlər də bəzən kimsənin tanımadığı şəxslər olur. Birbaşa efirdə qoçuluq edirlər, bu qədər izləyiciləri saya almadan ağıllarına gələn kimi danışır, hərəkət edirlər. Kimə lazımdır belə şou, belə musiqi, belə sənətçi? Əgər belə verilişlər bim musiqimizi, ayrı-ayrı incəsənət sahələrini layiqincə təmsil və təbliq edə bilmirlərsə, sənətimizə zaman-zaman xidmət etmiş, onun zənginləşməsinə töhfə vermiş sənət xadimlərimizi ayrı-seçkilik etmədən, fərq qoymadan təqdim edə bilmirlərsə, öz verilişlərinə həmişə qalmaqal yaradan, danışığı, hərəkətləri ilə cəmiyyətin haqlı narazılığına səbəb olan sənətçiləri, prodüsserləri, modelləri dəvət edəcəklərsə, buyursunlar, şou verilişlərini klublarda, hansısa istirahət məkanında davam etdirsinlər: kim arzumanındadırsa, gedib orada baxsın. Televiziyanın missiyası tam başqa fəaliyyətdir.
Mövzu ilə əlaqəli internetdə bəzi məlumatları arayarkən qəribə bir məlumata rast gəldim:
“Sonxeber.az oxu.az-a istinadən “Youtube”da ən çox izlənilən və dinlənilən azərbaycanlıların “Top 15” siyahısını təqdim edir:

15-ci pillədə “Düşün məni” mahnısı ilə məşhurlaşan Elvin Mirzəzadə var. O, 9 milyon 800 mindən çox baxış sayı toplayıb.
14-cü yer sosial mediada “tufan qoparan” Damlanındır. Azərbaycan dilində heç bir mənası olmayan “Bilirmisən” sözü ilə adlandırılan klipinin izlənmə sayı 9,9 milyondur.
“Gecə-gecə” mahnısı Asif Məhərrəmovun təqdimatı ilə “Youtube”da 10,9 milyon baxış sayını ötüb. O, 13-cü pillədə qərarlaşıb.
“Cover” mahnılarla məşhurlaşan Nigar Muharremin türkiyəli DJ Alper Eğrinin remiks versiyasını hazırladığı “Galiba” adlı ifası 11,9 milyonla 12-ci yerdədir.
11-ci yer isə Şəbnəm Tovuzlu və Talıb Talenindir. Bir il ərzində “Narın narın” baxış sayı toplayan klipi izləyənlərin sayı 12 milyona çatıb.
“Top 10″luğa nəzər salanda bizi ilk qarşılayan iki nəfər olur. “Səndən birdənədir” deyib 2016-cı ilin yayında hit olan Miri Yusif və Röyanın mahnısı 13 milyon 700 mindən çox insanın diqqətini cəlb edib.
Doqquzuncu pillədə qarşımıza yenidən Şəbnəm Tovuzlu çıxır. Onun Türkiyədə də məşhurlaşan “Qadasın alaram” mahnısı nə az, nə çox, 14 milyona yaxın görüntülənib.
Bir ilə 15,5 milyondan çox baxış sayı ilə öz rekordunu vuran Zamiq siyahımızın səkkizinci mərtəbəsindədir. Onun “Kaman” adlı “cover” ifası mərhum İlhamə Quliyevanın ən çox dinlənilən mahnısı ünvanını qazanıb.
Yeddinci pillədə bizi yenə də Nigar Muharrem salamlayır. İllər sonra Röya və Tunarın ifasını “cover”layan Nigarın “Həsrət nəğməsi” 16 milyon 300 minə yaxın baxış sayı yığıb.
“Əlvida, keçmişim” mahnısı ilə altıncı pilləni Üzeyir Mehdizadə tutub. Onun mahnısının baxış sayı isə 16,6 milyondur.
Qızıl beşliyin açılışını Əməkdar artist edir. Röya Ayxanın 2015-ci ildə çıxardığı “Kesin bilgi” adlı klipi “Youtube”da 18 milyon 400 min nəfərin izlənmə hədəfi olub.
Talıb Tale “Bilirsən ki” adlı mahnı ilə dördüncü pillədədir. Klip üç ilə 19,8 milyona yaxın baxış sayı toplayıb.
Siyahıda üçüncü dəfə yer alan Nigar Muharrem “Omuzumda ağlayan bir sen” adlı “cover” mahnı ilə üçüncüdür. Hansı ki, bu mahnıya görə Kıraç onu məhkəməyə verib və təzminat tələb edir. Mahnının bir neçə aydır “Youtube”da yayımı dayandırılsa da, o, 23,8 milyon dəfə görüntülənməyi bacarıb.
İkinci pillədə “Always” mahnısı ilə Aysel Teymurzadə və Araş qərarlaşıb. Onlar doqquz il ərzində 30 milyon 700 min dəfədən çox görüntülənib.

Və nəhayət, zirvədə bütün zamanların ən çox dinlənilən azərbaycanlı müğənnisi Üzeyir Mehdizadə öz yerini tutur. Müğənninin “Yaxşı olar” adlı mahnısı 50,5 milyon baxış sayı ilə rekord qırıb (Mənbə: http://sonxeber.az/81288/youtubeda-rekord-qiran-azerbaycanli-mugenniler-siyahi)”
Sonra Əbülfət Əliyevin irsinin təbliği, bir-birindən gözəl mahnılarına izləyici marağını izlədim.”O, körpəmin anasıdır”(Sözləri Qasım Qasımzadənin, musiqisi Hacıbaba Həsənovun) kimi şirin, oynaq bir mahnını 2013-cü ildən 114 437 dinləyici izləyib, 983 nəfər bəyənib.
İslam Rzayevin “Bakı”(Sözləri Zeynal Cabbarzadənin, , musiqisi Cahangir Cahangirovun) Youtube-də 2015-ci ildə yerləşdirilib.İndiyə kimi 3 614 izləyicisi, bəyənəni isə cəmi 53 nəfər olub və s.
Bu müqayisə musiqi tədqiqatçılarının diqqətini cəlb etməlidir. Bayağı mahnıları izləyənlər milyonlarla, mükəmməl sənət nümunələrini minlərlə.
Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.