Əxlaq və mənəviyyat

Övladlarınız arasında fərq qoymayın, əgər qoymaq lazım gəlsəydi, mən qızlarıma üstünlük verərdim .
Məhəmməd Peyğımbər (s.a.v)
Son dövrlər yeni doğulmuş körpələr arasında oğlan uşaqlarının sayca artması, qız uşaqlarının isə azalması, tək bir ölkə üçün deyil, bütün dünya üçün arzu olunmayan demoqrafik bir anomaliyadır.
BMT-nin oğlan uşaqlarına üstünlük verilməsi və bu səbəbdən qız uşaqlarının sayca azalması hallarını araşdıran xüsusi Proqram layhələri var. Belə Qlobal Proqram layihələrindən birinin araşdırmaları nəticəsində məlum olmuşdur ki, 2019-cu ilə qədər dünyada 130 milyon qız uşağı məhv edilib: düşünülmüş şəkildə, məqsədli şəkildə.

Bu gün dünya əhalisinin üçdə birini təşkil edən Çin Hindistan, xüsusilə Şərq ölkələrində qadınların sayının hissediləcək qədər azalmasına baxmayaraq, kişilərin sayının getdikcə artması təkcə həmin ölkələr üçün deyil, bütövlükdə dünyamız üçün narahatlıq doğurmaya bilməz. Özü də son dövrlər dünya ölkələri arasında inteqrasiyanın indiki formatında.
Çindəki “Tək uşaq” siyasəti , Hindistanda və bir çox Şərq ölkələrindəki patriarxal cəmiyyət normaları ucbatından illərdir mövcud olan vəziyyət, təəssüf ki, yeni əsrin başlanğıcından Qafqaz ölkələrinə də sirayət etdi. Artıq bu ölkələrdə də təbiətin bioloji nizamına insan amili əl gəzdirməyə başlamışdır.

BMT-nin Əhali Fondunun proqnozuna görə, əgər doğulan uşaqların cins nisbəti hər 100 qıza 116 oğlan olarsa, 2050-ci ilə qədər cəmiyyət ciddi problemlərlə üz-üzə qalmalı olacaq.
Statistik məlumatlara əsasən, bu rəqəm dünyanın ən çox əhali sıxlığına malik ölkəsi olan Çində artıq 118 nəfərdir. Çin və Hindistan kimi ölkələr artıq bu problemin ilk zərbələrini almaqdadır.
Bu ölkələrdə nikah yaşına çatmış kişilərlə nikaha girə biləcək qadınların sayı ilbəil azalır. Nəticədə, kişilər azyaşlı qızlarla nikah bağlayırlar. Gəlini xaricdən gətirirlər. İş o yerə çatıb ki, Hindistanın bəzi əyalətində eyni vaxtda 2-3 kişi ilə evlənməyə məcbur olmuş qadınlara rast gəlinir. Belə meyillər insan alverindən tutmuş qadın və qızların zorlanmasına qədər daha geniş spektrli cinayət əməllərinə rəvac verir. Cəmiyyətdə rast gəlinən neqativ təzahürlərin əksəriyyət bilavasitə və yaxud bilvasitə qadınlarla bağlı oğluduğundan onlara qarşı olan etimadsızlıq günbəgün dərinləşir. Ziddiyyətli bir mənzərə yaranmışdır: kişilər həyatlarını hansısa bir qadınla davam etdirməlidirlər, amma bu qadının həmcinslərinin dünyaya gətirdiyi qız övladlarına hər yerdə “yox” deyirlər.
Məhz belə yanaşmalar həyatımıza “cinsi seçim” və selektiv abortlar praktikası gətirmişdir . “Oğlan, ya qız” dilemması qarşısında qalmış ailə isə seçimdə daha çox birinciyə üstünlük verməkdədir: doğulacaq körpə qızdırsa, hamiləlik selektiv abortla arzuolunmayan hamiləliyə çevrilmişdir. Nə qədər dəhşətli olsa da, hətta bəzi ölkələrdə doğulmuş qız uşaqları baxımsızlıq, peyvənd edilməməsi, normal qidalanmaması kimi səbəblərdən də həyatlarını itirmişlər.
Azərbaycanda da yeni doğulan körpələr arasında cins seçimində süni müdaxilələr mövcuddur

Əvvələn, onu qeyd edək ki, yeni doğulan körpələr arasında cins nisbətinin pozulmasının bir problem kimi yaranması və mövcudluğu bizim ölkə ilə bağlı deyil. Bu utanc yanaşma dünyanın problemidir. Amma , təəssüf ki, bu gün Azərbaycana da sirayət etməkdədir.
Yaşlı nəslin nümayəndələri yaxşı xatırlayarlar: 50-60 il bundan əvvəl Azərbaycanda doğulan uşaqlar arasında oğlan uşaqları qızlara nisbətən üstünlük təşkil edirdi. Ta keçən əsin 90-cı illərinə qədər. Hətta o vaxt deyərdilər ki : “ Hər oğlana 7 qız düşür. ”
Amma keçən əsrin 90-cı illərin əvvəllərindən başlayaraq dölün cinsini müəyyən etmək üsulu meydana çıxandan və ən ucqar əyalətlərdə onun istifadəsi mümkün olandan sonra balans oğlanların xeyrinə ciddi şəkildə dəyişilməyə başlamışdır. Hətta, son illərdə bu göstərici oğlan uşaqlarının xeyirinə 100-ün 116 –ya nisbətinə qədər yüksəlmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2020-ci il üçün məlumatına əsasən, ümumilikdə 126 571 uşaq doğulub. Onlardan 67 407 nəfəri oğlan, 59 164 nəfəri isə qızdır. Bu isə o deməkdir ki, qız uşaqlarına nisbətən 5243 oğlan uşağı çox doğulub.
Başqa müqayisə: 2021-2022-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 133 422 nəfər, XI siniflərini 91 188 nəfər şagird bitirmişdir. IX sinfi bitirənlərdən 61 400 nəfəri qız, 72 022 nəfəri oğlan, XI sinfi bitirənlərdən 42 005 nəfəri qız, 49 183 nəfəri oğlandır”.
Fərqi gördünüzmü?
Bioloji normaya əsasən, hər doğulan 100 qız uşağına nisbətdə 105 oğlan uşağı doğulmalıdır. Bu rəqəm tibbi göstərici üçün ölçüdür. Əgər bu ölçüdən artıqdırsa, deməli, yeni doğulan körpələr arasında cins nisbətinə süni müdaxilə baş verməkdədir. Deməli, bütün hallarda Azərbaycanda bu hal var.
“Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur: “Hazırda hər 100 qız uşağına 114 -116 oğlan uşağı düşür. Cins nisbətinin pozulmasına görə Azərbaycan dünyada ikinci yerdə qərarlaşıb” (https://www.musavat.com/news/azerbaycanda-dogulan-her-100-qiza-114-oglan-usagi-dusur_766554.html) .

Yanlış ailə planlaşması və çıxış yolu kimi üz tutulan abortların gənc analar və cəmiyyət üçün təhlükəsi
Bəli, bu gün dünya ölkələrində cinsi seçmək, hətta planlaşdırmaq üsulları mövcuddur və həmin ölkələrdə bu üsullardan artıq istifadə edirlər. Azərbaycanda da belə hallar mövcuddur: analar ultrasəs müayinəsinə gedərək gələcək övladının qız olmasını yəqin edincə, selektiv yolla ondan imtina edirlər. Bəs görəsən abort etdirənlər bunun tibbi baxımdan nə demək olduğunu bilirlərmi?
Şüa müayinəsi doğulacaq uşağın oğlan olacağını təsdiqləsə də, yenə, körpə üçün də, ananın özü üçün də zərərlidir.
Ali dərəcəli cərrah, mama-ginekoloq Ramilə Abbaszadə bu zərərləri belə ifadə etmişdir:
“Abort reproduktiv funksiyalara birmənalı şəkildə mənfi təsir göstərir. Abort zamanı uşaqlıq boynunun zorla genəldilməsi onun zəifliyinə və sonrakı hamiləliklərin düşüklə nəticələnməsinə səbəb olur. Bir abortdan sonra hamiləliyin düşük təhlükəsi 26%, ikisindən sonra – 32%, üç və daha çoxdan sonra isə – 41%-dir.
Bitişmələr və zədələr dölün uşaqlığa bitişməsinə mane olur, perforasiya isə doğuş zamanı uşaqlığın cırılmasına səbəb ola bilər.
Abortlar həmçinin qadın sonsuzluğuna da səbəb ola bilər.
Mayalanma və hamiləliyi saxlamağın mümkünsüzlüyü, cinsi orqanların funksiyalarının pozulmasına, onların zədələnməsinə və ya çıxarılmasına səbəb ola bilər. Elə qadın sonsuzluğunun 50%-inin səbəbi məhz əvvəllər aparılmış abortlardır”.
Artıq tendensiya cəmiyyətə və həyatın nizamına da əks təsir göstərməkdədir.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov 2019-cu ildə mətbuata verdiyi bir açıqlamada cins nisbətinin pozulmasının Azərbaycan üçün təhlükəli hal aldığını dilə gətirmişdi. Alim öz yazısında bildirmişdi ki, oğlanların sayı getdikcə artır, qızların sayı isə azalır. Xüsusilə Aran, Gəncə-Qazax bölgəsində bu intensivlik artmaqdadır. Gənclər ailə qurmağa qız tapmırlar. Bu isə ona səbəb olacaq ki, Azərbaycanlı gənc başqa millətdən olan qızla evlənəcək, bu isə gələcəkdə millətin etnik tərkibinin dəyişməsinə səbəb olacaq. Yaxud da yaşı keçməkdə olan ailə qurmaq istəyən oğlan öz yaşına uyğun qız tapmayaraq və özündən daha kiçik qızla ailə quracaq. Bu isə gələcək ailə həyatının keyfiyyətinə öz mənfi təsirini göstərəcək.
Bütün bunlar ailə planlanmasına məsuliyyətlə yanaşmağı, oğlan uşağı naminə doğum proseslərinə süni müdaxilələrin yolverilməzliyini tələb edir.

Azərbaycan ailələrini qız övladından imtinaya vadar edən səbəblər
Biz gözümüzü kənd ailəsində açmışıq. Bu, o vaxtlar idi ki, qız uşaqlarının say nisbəti oğlanlardan yuxarı idi. O vaxt oğlan uşağı olmayan ailələr vardı, amma elə bir ailə tanımırdım ki, həmin ailədə qız uşağı olmamış olsun. Hətta bunu o vaxt hansı qələm sahibisə obrazlı şəkildə daha emosional təsvir etmişdi:
…Yer var bir Günəşin həsrətindədir,
Burdasa hər evdə bir Günəş yanır.
. “ Qızbəs”, “Qızqayıt”, “Qızyetər”, “Yetər”, “Bəsti” kimi adlara gəlincə isə, bu, o demək deyildi ki, həmin ailələr evlərindəki qızları görmək istəmirlər, bu qızlar doğulduqları evdə darısqallıq yaradırlar . Yox, sadəcə, bu, əski bir inac forması idi. Ata-analar “Qızyetər” deməklə bir oğul istəklərini ifadə edərdilər.
Fəqət, qız uşaqlarına sevgilərini heç azaltmazdılar. Demək olar ki, hər bir ailə qız uşağı üçün itikçi olardı… Çünki qız uşağı tez böyüyər, əvvəlcə anasına dəstək olar, bir az da böyüyər, işləyərək ailəyə dəstək olardı.
Bizim kənddə çoxlu qızları olan ailələr heç vaxt kasıbçılıq çəkməzdilər. Onlar təsərrüdatdan yaxşı gəlir əldə edidilər.
Qızlar gəlin köçəndən sonra isə köçdükləri evin iqtisadi vəziyyətini qaldıradılar. Ata evlərini də heç yaddan çıxartmazdılar.
Bəs nə üçün həmin ailələrin davamçıları bu gün qız uşaqları istəmir?
Mən bu yanlış ailə planlanmasının səbəbini cəmiyyətin özündə görürəm. Valideynlərin qız uşaqlarının ailə üçün yarada biləcəyi problemlərdən hər zaman narahatdırlar. Belələri düçünürlər ki, qızı olub ömrü boyu ehtiyatlanmaqdansa, bəri başdan, ai\lə ttərkibini oğlanlardan formalaşdırmaq hamısından salamatıdır.
Digər bir ciddi səbəb isə mətbuatın və sosial şəbəkələrin yaratdığı qadın obrazı ilə bağlıdır.

Yadınızdadırsa, 2017-ci ildə internet mediasında Ağsu rayonunda kimya müəlliməsini oğurlayaraq cinsi təcavüzə məruz qoyulması barədə məlumatlar tirajlanmışdı .
Bir neçə il öncə oxşar hadisə Ağcəbədidə baş vermişdi: müəllimə işdən qayıdarkən zorla maşına götürülərək qaçırılmışdı.
2021-ci ildə Bərdədə müəlliməni zorla qaçırmışdılar.
Bu ilin yanvar ayında Tərtərdə məktəbli qız qaçırılmışdı…
Belə hadisələrin daha sonralar təkrarlanmaması üçün qanunun aliliyi ilə tədbir görülməyincə, cavabdehlərə ibrət dərsi verilməyincə, qızlara, qadınlara şəhvət obyekti kimi dikilən baxışlar, nəzərlər, ən pisi isə təcavüz əməlləri davam edəcək.
Ağsuda baş vermiş hadisədən sonra, gənc müəllimənin yenidən qayıdıb əvvəlki iş yerində fəaliyyətini davam etdirməsi pedaqoji nöqteyi-nəzərdən məqbul hesab edilə bilməzdi. Təhsil şöbəsi, nazirlik müəlliminə sahib çıxmalı idi və onu dərhal da öz arzularına uyğun başqa işlə təmin etməli idilər. Onu ancaq bu yolla cəmiyyətə yenidən bağlamaq olardı. Amma necə olub:
“…Təhsil Nazirliyindən 23 yaşlı müəlliməyə yenidən hadisənin baş verdiyi kəndə qayıdıb işləmək təklif edilib: “Onun iş yerinin dəyişdirilməsinə gəlincə, dedilər ki, yenidən imtahan verməlidir. Halbuki hadisədən bir il əvvəl imtahan yolu ilə işə qəbul edilmişdi və məhz Təhsil Nazirliyinin göndərişi əsasında Ağsunun Nuran kəndinə kimya müəllimi kimi göndərilmişdi, orda kirayə yaşayırdı. Buna baxmayaraq, bizə heç cür kömək etmədilər. Məcbur qalıb qız işdən çıxmaqla bağlı ərizə yazdı”(Bax: https://aztehsil.com/news/1803-ourlanb-zorlanan-mllim-i-verilck-nazrlyn-aqlamas.html ) .
Bu hadisə Ağsuda baş versə də, Bərdədə, Tərtərdə, Bakıda baş vermiş hadisələrlə məzmunca eynidir. İnsanlar ayrı-ayrı bölgələrdə eyni məzmunun müxtəlif variantlarını izləməkdə, amma həmin hadisələrdən eyni baxışlarla çəkinməkdə davam edir. Ona görə də qız uşağı böyütməyin ağırlığını çiyinlərinə götürməkdən ehtiyatlanırlar.

Gənclik illərimdə bu halı da diqqətdən qaçırmamışam. İstənilən ailə qızını ərə verməyə tələsməzdi. Məsələn, qız orta məktəbdə oxuyub, daha sonra ali məktəb bitirib. Atanın, ailənin heç bir narahatçılığı yox, son imkana qədər çalışırdılar ki, qızlarını ata evində daha 1 il artıq saxlasınlar. Amma indi valideynlər arzu edir ki, məktəbi qurtaran kimi bir xeyirli Allah bəndəsi elçi gəlsin. O da qızını versin. Nə qədər ki, problem çıxmayıb. Əlbəttə, bu, bütün ailələrimizə aid deyil. Amma belə hal var. Bunu keçən əsrin 80-ci illərinə qədər nikaha girmiş gənclərlə 2000-ci ildən sonra nikaha girmiş gənclərin yaşlarına görə müqayisəsi ilə müəyyən etməyə nə var ki. Ata-anaların narahatçılıqları başadüşüləndir.
Baş verənlərdə Qərb ölkələrinin, internetin, xarici serialların da ciddi təsiri var.
Onlar texnologiyaların verdiyi imkanlarla gəncliyi şaşırdılar. Elə eyforiya yaratdılar ki, bu gün baş verməkdə olan bəlaların etiologiyasını məhz elə bu nöqtədən aramaq lazımdır.
Bunu mətbuat və televiziya etməlidir, əksinə, onlar mədəni ideyasızlığa rəvac verir. Bu gün də belədir. Çoxlu sayda mətbu vasitələr, özəl kanalların şou layihələri cəmiyyəti şou psixologiyası üstdə kökləyir.
Özəl kanallarda qadın və qızlar daha çox zahiri görkəmi, qadınlıq cizgiləri ilə önərlənməkdədir. Onlar da səyahətlərindən, sevgi, ailə macəralarından, təminatlı həyatlarından danışırlar. Çünki verilişi aparanlar intellektual verilişlər aparmağa qadir deyillər.
Bir neçə gün öncə tirajlanmış üç yazının manşetə çıxarılan sərlövhəsinə baxın:
1. “Azı yüz dəfə xəyanət eləmişəm, amma arvadım yerindədi…” – Mirəliyevdən şok sözlər”.
2.”Paltar mağazasında arvadını dostu ilə tutdu: “Səsinə qulaq asdım… – Goranboyda şok “
3. ““Keçmiş arvadım mənə 9 il xəyanət edib” – Müğənnidən şok açıqlama” .
Yuxarıda bəhs etdiyimiz hadisələr, mətbuat və internetdə paylaşılan bütün zərərli baxışlar qızlar və qadınlar ətrafında şübhə toxumu səpir, ciddi etimadsızlıqlar yaradır. Gənclərə qız seçmək, qız bəyəndirmək olmur.
Cinsi seçim, selektiv abort praktikası da Qadın obrazının şüurlarda yaratdığı bu assosiasiya ilə bağlıdır.

Qız qorumaq çətindir
“ Hər gün eşitdiyim xəbərlərə, rastlaşdığım hadisələrə görə, bir daha qız uşağı dünyaya gətirmək istəmirəm. Mənim qızım orta məktəbi bitirdiyi vaxt məktəbdə ikən sevmədiyi bir şəxs – manyak tərəfindən məktəbin mühafizəsinə silahla hücum etmiş və qızım ciddi xəsarət almış, hələ gələcək üçün sarsıntısı da bir üstəlik.
Valideynlər yüz arzu-niyyətlə çox böyük qayğılar bahasına qız böyüdüb boya-başa çatdıracaq, bir manyak onun qızına aşiq olacaq, “hə” demədiyində canını alacaq, ya da sadəlövh qızını aldadıb qaçıracaq, zorlayacaq. Bu cür dəhşətlərdən sonra uşaq sağ qalsa belə, onun insanlarla yenidən xoşbəxt və normal münasibət qura biləcəyi çətin ki mümükün olsun.
Günah mənimdir, kaş məktəbə göndərməyəydim, bir yerdə gedəydim.
Oğlanlar üçün mühit o qədər də təhlükəli deyil, mən bunun fərqindəyəm, çünki bu cəmiyyətdə onlar bir qədər daha şanslıdırlar.
Yoxsa mən qız övladım olsun, çəhrayı qıvrım ətəkli don geyindirim deyə arzuladım, buruq saçlarını toplamaq üçün hər dəfə onunla döyüşdüm… Olsa yenə edəcəm, yenə də sevirəm. Məndən utanana qədər hər yerə özüm aparıram, amma tək çıxmağa başlayanda, hər dəfə əlim ürəyimdə pəncərənin yanında gözləyirəm , ta qayıdana kimi…”
Bir ananın dilindən iqtibas etdiyim bu hadisə Türkiyə həyatına aiddir.
Amma burada məkan şərtidir. Oxşar və fərqli hadisələr Tacikistanda da ola bilər, Özbəkistanda da, Azərbaycanda da və olur da.
Bu kimi hadisələr və bu hadisələrin cəmiyyətdə yaratdığı fobiyalar ailələrin qayğılarına daha bir qız böyütmək qayğısı da əlavə edir. Nə qədər kədərli olsa da, bu qızlar olmasa, oğlanlarının “kitabı bağlanacaq ata-analar” ailə planlanmasında hələ əsər-əlaməti yox ikən, qız övladına “Yox!” deyirlər.
Azərbaycan kişisni qürurlu edən də “yox” deyilən bu qızlardır
Doğulan uşqalar arasında oğlanların üstünlük təşkil etməsinin səbəblərini ümumiləşdirərək bu nəticəyə gəlmək olar ki, bunun birinci səbəbi cəmiyyətimizin ataerkil olmasıdır, yəni, hamı istəyir ki, öz nəsil şəcərəsinin sarbanı oğul övladı olsun.
2-ci bir səbəbi bizim adət-ənənələrlə, mühafizəkarlıqla bağlıdır. Çünki Qadın, namus məsələsi bizim xalqımız üçün çox həssas məsələdir. Bu gün özəl telekanallarda, sosial şəbəkələrdə yuxarıda qeyd etdiyimiz kimi, Qadın obrazı o qədər bayağılaşdırılır ki, hamı ailəsində qız övladının doğulmasından qaçır. Hətta ata razırdır ki, oğlan uşağı olsun, böyüyüb hansısa bir xətanı törətsin, ailə, nəsil onun acısını yaşasın, amma qız acısını yaşamasın.
Qızı haqqında şaiyələr yayılmasın və sair.
Son olaraq

Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına qarşı nübarizə tədbirləri Azərbaycan dövlətinin prioritetlərindən biridir. 2019-cu ildə bununla bağlı Milli Fəaliyyət Proqramı və digər çoxlu sayda hüquqi Aktlar qəbul edilmişdir.
Biz belə hesab edirik ki, ən normativ hüquqi sənədlərlə belə, bu vəzifələrin həyata keçirilməsində ictimaiyyətin, ayrı-ayrılıqda hər bir vətəndaşın fəallığı lazımdır. Məqsədyönlü maarifləndirilmə işləri aparılmalıdır. Xüsusilə, ədəbiyyatın və sənətin, publisistikanın fəal mövqey olmalıdır. Bu yönümdə aparılan bütün fəaliyyətlər bir-birini tamamlamalıdır. Yoxsa, bir qəzet ailə dəyərlərindən, qadın vəfasından, nümunəvi ata obrazından bəhs etdiyi məqamda boş-boş yazılar tirajlanacaqsa, verilişlər yayımlanacaqsa, təbliğatın heç bir əhəmiyyəti olmayacaq.Məsələn:
1. https://yenisabah.az/aile-yox-bir-usaq-ere-gede-bilmir-saxlayani-da-yoxdur-kerim;
2. https://yenisabah.az/nadir-qafarzadeden-xeyanet-etirafi-heyat-yoldasimin-xeberi-var
Məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş universitetlərə qədər bütün təhsil ocaqlarında, bütün rayonlarda, ən ucqar kəndlərdə belə təbliğat aparmaq lazımdır.
İnsanlarımızın ailə planlaması, hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlığın qorunması, selektiv abortların fəsadları və sair bu kimi mövzularla bağlı bilikləri maarifləbməsinə çox ehtiyac var.
Belə fəaliyyətlər sayına görə deyil, göstərdiyi təsirə görə dəyərləndirilməlidir.
Bir çox ölkələrdə dünyaya göz açmadan ana bətnində həyatlarına son verilən uşaqlar üçün abidələr qoyulmuşdur.




Bakıda və Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Şirvan kimi böyük şəhərlərdə belə abidə qoymaq yaxşı olardı. Belə yerlər çinsi ayrı-xeçkiliyə, selektiv abortlara qarşı aparılan təbliğat tədbirlərinə məkan və dəstək ola bilər. Ailə quran gənclərimiz nikah və toy mərasimlərində bu cür məkanları ziyarət etməsi, təsirlənməsi onların ailə planlamalarındakı məsuliyyətlərini daha da artırardı.
Digər stimullaşdırıcı tədbirlər də etmək olar. Məsələn, hər ikinci, üçüncü qız övladı üçün həmin ailələrə qiymətli hədiyyələr vermək və yaxud müavinət təyin etməklə qız uşaqlarına ictimai dəstək və hörmət yaratmaq olar.
Ən vacibi isə televiziya və mətbuatda qadın mövzusunda yazılan hər bir yazının, hər bir verilişin monitorinqi aparılmalıdır. Televiziyalarda sənətimizi, ədəbiyytımızı, tariximizi bilən adamlar bələdçilik etməlidir. Amma indi bu məkanlarda maarifləndirilmə deyil, əyləncə məkanı,əyləncə ab-havası yaradırlar.
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin müsabiqə şərtlərinə uyğun olaraq “Ən yaxşı jurnalist araşdırması” nominasiyası üzrə hazırlanıb.
Qeyd2 : Şəkillər intrenetdə informasiya üçün açıq mənbələrdən götürülmüşdür.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.