Müzakirə

Jordan Jardel, Gemma Atkinson, Nereide Gallardo, İmogen Tomas, Letizia Filippi, Raffaella Ficho, Paris Hilton, İrina Şeyk, Lucia Villalon, Yara Hmidan. Bunlar məşhur ” Burada üfüqlər sakitdir” (“А зори здесь тихие…” filmindəki qızlar deyil…

Bunlar elm üçün, mənsub olduqları xalq üçün xüsusi xidmətləri olan qadınlar deyi. Qadın hüquqları uğrunda məşhur mübarizlər də deyil : aralarında hüquqşünas, jurnalist və sair kimi ixtisas sahibləri olsa da, onlar daha çox model görkəmi ilə məşhurdurlar. Bunlar Ronaldonun məşuqələridir, əksər informasiya vasitələri isə onları Ronaldonun sevgililəri kimi təqdim edirlər, özü də çox canfəşanlıqla.
2 gün öncə Madridin “Real” komandasının hücumçusu həmin Ronaldonun yeni 11-ci məşuqəsi – amerikalı model lə birlikdə Mayami sahillərindən görüntüləri yayılmışdı: guya paparatsilərə rast gəlibmiş və bu paparatsilər də guya gözəgörünməz rənglə rənglənib onları addımbaaddım izləyib və bu Don Juanın “istirahət” anlarını çəkib paylaşıblar.
Kimə lazımdır bu anlar, nə demək istəyirsiniz, paparatsilər? İSİD dünyaya meydan oxuyur, niyə qırabaqıra onları izləyib dəhşətli edamları fil qulağında yatmış dünyaya çatdırmırsınız? Paparatsilər təsadüfdən-təsadüfə belə anlara rast düşə bilərlər. Olsun ki, özləri də buna “povod” veriblər: Ronaldo eqoizmini , gözəlçələr də onları tanıyanlara, dost və rəfiqələrinə göz dağı vermək üçün xudbinliklərini nümayiş etdirir …
Sosial şəbəkədən birindən həmin şəkli mən də paylaşdım: xoşum gəldi deyə yox, təqdir etmək üçün də yox. Sadəcə, münasibət bildirdim. “like ”lər yağdırılmadı, rəy də bildirilmədi. Şəxsən tanıdığım bir neçə yaxın adam isə təəccüblərini çatdırdılar. Elə düz olduğum qənaətə də bu təəccüblərlə gəldim.

Yazmışdılar ki, Ronaldo yeni sevgilisi ilə… Heç olmasa ifadəni dırnaqlar arasına da varsa almırlar. Doğrudanmı onları oxuyanlar bu qədər sadəlövhdürlər və ya doğrudanmı Jordan Jardel, Gemma Atkinson, Nereide Gallardo, İmogen Tomas, Letizia Filippi, Raffaella Ficho, Paris Hilton, İrina Şeyk, Lucia Villalon, Yara Hmidan və indi də amerikalı model Kassandre Devis sevgilidir, Ronaldonun könül sirdaşıdır?
Bilmədik sovet dövrünün qədrini: kimsə ailəli olduğu halda, ikinci qadına meyilli olsaydı, onu ailə-məişət pozğunu, qadın düşkünü kimi rüsvayi-cahan edərdilər. Kimin nə cürəti çatardı ronaldociyəzin belə fantaziyalarını paylaşmağa?
İzahlı lüğətlərdə “sevgi” sözü bu şəkildəki yaxınlıqların, bu şəkildəki təsvir edilənlərin ürəklərindəki niyyətlərinin heç birini əhatə etmir axı. Kim sevgilisi ilə belə şəkil çəkdirər ki..? Kim razı olar ki, sevgilisi ilə belə münasibətləri manşetləri zəbt etsin?


Sevgi…Bu, hələ yaşamamışdıq deyə şirinliyini yüzə-yüz bilməzdik , amma elə məsuliyyət yaradırdı ki, deməyə dilimiz gəlmirdi: utanırdıq, dilimiz əsirdi və s…Beləcə çəkinə-çəkinə, ehtiyatla günlərin birində qovuşduq: gözəl-şirin nəvələrimiz var bu sevgi ülfətindən. Amma biz hələ də sonradan tapıb bütövləşdiyimiz paramıza SEVGİLİM deyə bilmirik. Ona görə yox ki, 30-40 ildən sonra dünyaya bir “topqovan” peyda olacaq , o da düyada düzənlənən moda, gözəllik müsabiqələrinə qatılacaq, gözü tutan, şövqünə uyğun gələnləri(bizim qadınlar bağışlayın)bir-bir seçib “sevgili” edəcək.
Ona görə ki, Azərbaycan ailə, qadın-kişi münasibətlərində bir ağayanalıq vardı və hələ bu ölçüdən, utvatdan tam ayrı düşməmişik. Ayılmalıyıq, özümüzə, kökümüzə qayıtmalıyıq.
Sosial şəbəkələrdə son illər baş verən kriminal hadisələrin dinamikasında çox ciddi bir amil də bu cür əxlaq təsirləridir. Mən Ronaldonun və yaxud kiminsə şəxsi həyatına qarışmaq istəmirəm. Dünyada bizim heç vaxt görmədiyimiz və görməyəcəyimiz də adalar var, qoy ronaldoların, bütün bədəni “nakolka” olan meqastarların olsun…0nlar acından sümükləri görünən, Afrika səhralarında yeməyə cücü axtaran uşaqların hesabına qoy gedib nə qədər istəyirlər fərqli həyat yaşasınlar. Amma bunu gözə soxmayaq, belə həyat səhnələrini mətbuat, televiziya kimi kütləvi təbliğat vasitələrində nümayiş etdirməyək. Onda bir balaca evlərində söz-söbət, problem olan yeni evlənənlərin qulağına gizlicə pıçıldayıb yol göstərmirikmi? Onda cürbəcür müsabiqələrə qatılan qızlarımız hər vəchlə çalışmayacaqmı, bir təhər özlərini Azərbaycandan kənara çıxara bilsinlər: Amerikadadan bir neçə qızımızın çəkdirdiyi şəkilləri gördük. Eləcə də digərlərinin. Azadlıq, gender üstünlükləri budurmu? Heç fikir vermisinizmi, bir balaca tanınmış xarici müğənni Bslıya gələndə ona can atan da qızlarımız olur: ağlayırlar, əllərinə imza etdirirlər, səhnədə şəkil çəkdirirlər və s.
Mən həmişə dünyagörüşüm səviyyəsində həyat hadisələrinə, həyati münasibətlərə bir qədər ciddi baxmışam, ədalətlə baxmışam. Dünya çalxalanır. Ölkələr sürətlə silahlanır, yeni dağıdıcı silahlara malik olmaq üstündə yarış var sanki. Belə vaxtda ümid edə biləcəyimiz güvənc yeri Böyük Mədəniyyət, Böyük Ədəbiyat, İdmandır.
2020 ci ilin iyun ayında dünya Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimini seyr etdi.
Azərbaycan da bu möhtəşəm idman bayramında 24 idmançı ilə təmsil olundu. Avqustun 3-də Rio-de-Janeyrodakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Bu şəkil də həmin mərasim zamanı çəkilmişdir.

Dili, dini, irqi, adət-ənənələri fərqli millətlər bir araya gəliblər, birlikdə şənlik edirlər. İdman, mədəniyyət dünyanın bütün insanlarının yaxınlaşmasına, sülh arzularına xidmət etməlidir, belə xudpəsəndliyə yox. Kimə lazımdır bu cürə idman, musiqi?
Bir tərəfdən intiharlardan, eyş-işrət motivli qətllərdən, küçələrə, zibilliklərə atlan uşaqlardan, evdən çıxıb gedən və ya itkin düşən qızlardan, aeləcə də ailəli ola-ola başqasına qoşulub gedən qadınlar haqqında yazılar, xəbərlər intensivləşməkdədir. Qadın bir cürə xəyanət edir, ər bir cürə… Bütün belə hadisələrin baş verməsində bu cür həyat tərzi bir arzuolunmayan “təsəlli” olur. Amma bir müddət sonra bu zavallılar həmin mühitin özündən də “tullanmışlara” çevrilirlər.
Avropaya, dünyaya inteqrasiya olunmaq qaçılmazdır. Amma bu inteqrasiya elm və texnologiyalar üzrə olsun. Milli-əxlaqi dəyərləri isə öz ölçülərimizlə yaşatmalı və qorumalıyıq.
Biz niyə xarici ölkələrin Azərbaycan üçün, əxlaqi dəyərlərimiz üçün ciddi fəsadlara səbəb olacaq təzahürlərini kütləvi informsiya vasitələrində təqdir etməliyik, kimə lazımdır, nəyə xidmət edir bu xəbərlər?
Nəyə lazımdır belə xəbərlərlə reytinq yaratmaq?
Nəyə lazımdır gözəllik müsabiqələri, belə əminliklə təbliq edirlər? Azərbaycana lazımmı belə müsabiqələr? Məhdud bir qrupun hansı meyarlarla seçdiyi şəxs hansı statusla gözəldir? Bu qrup etalon-zaddır bəyəm? Onların ölçmə haqqını kim müəyyən edib, bu ölçü dəqiqdirmi və s. Azərbaycanın ən gözəl qızları podiuma çıxmayan qızlardır. Niyə bu məsələlərlə bağlı hörmətli yazıçılar, alimlər, sənət və mədəniyyət xadimləri, məşhur jurnalistlər fikir demirlər, münasibət bildirmirlər?
Buyurun, deyin…















Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.