Dilimiz varlığımızdır

Dilimizdə bu ifadə ilə yanaşı təxminən eyni mənada “hər dərdin bir dərmanı var” ifadəsi də işlədilir. İfadənin kökü “Avesta”ya gedib çıxır: Buradan məlum olur ki, xeyir allahı Hörmüzd insanlara on min dərman bitkisi, onun düşməni Əhrimən isə adamlar üçün doqquz min doqquz yüz doxsan doqquz xəstəlik göndərmişdi. Fəlsəfəsi çox nikbin olan “Avesta”ya görə hər halda (bir dənə də olsa) dərman dərddən çoxdur. Sonralar bu mürəkkəb rəqəmlərin azalması (“on min” əvəzinə “min bir”) və ya yuvarlaq şəklə salınması dilin ümumi yığcamlıq meyli ilə əlaqədardır.

Məlumdur ki, dilimizdə “yüz” və “min” sözləri konkret kəmiyyət bildirən saylardan əlavə qeyri-müəyyən çoxluq mənasında da işlədilir. Burada say məsələsi “min” və ya “on min” sözündə deyil, nə qədər olsa da dərmanın dərddən artıqlığını göstərən “bir “ sözündədir.
Bütöv, yuvarlaq rəqəmlərə “bir” rəqəminin artırılması qədim türk xalqlarının təfəkkür tərzi ilə əlaqədardır. (Bu cəhət qədim almanlarda da müşahidə edilir). Qeyd etmək lazımdır ki,
belə əlavə edilən “bir” rəqəmi digər ifadələrdə də özünü göstərir. Məsələn, “Min bir gecə” ifadəsindəki “bir” sözünün işlədilməsi də türk xalqlarının təfəkkür tərzi ilə, bunun təsiri ilə əlaqədar izah olunur. İfadənin əsli “min gecə”(“əlif-leyla”) şəklində olmuşdur.
Yuvarlaq rəqəmlərə “bir”in əlvəsinə daha bir sıra ifadələrdə rast gəlirik. Məsələn, “yüz bir” (oyun havası), “min bir dirək” (türklərdə çox məşhur olan bir nağılın adıdır). Bu cəhətdən
H.Sarabskinin “Köhnə Bakı” əsərindəki bir cümlə diqqəti cəlb edir. “Kəbin hallı-hallına görə idi: 51, 101, 201, 301, 501, 1001, 2001 qızıl qədər olardı”.
Məşhur futbol hakimi Tofiq Bəhramov öz əsərini “1001 matç“ adlandırmışdır.
Ədəbi-bədii dilimizdə ifadə müxtəlif dəyişikliklərlə işlənir. Məsələn, M.H.Təhmasib “Məhəmməd-Güləndam” dastanı haqqında yazır:
“Əsərdə ən gözəl surətlərdən biri Güləndamdır. O, Məhəmməddən qat-qat ağıllı, gözəl və igiddir. O, həkimdir. Hər il yaz fəsli Arvan dağına qalxır, oradan yığdığı çiçəklərlə min bir
dərdə dərman hazırlayır”.
Əslində, “Avesta” ilə bağlanan ifadə sonralar milli təfəkkür ilə əlaqədar müəyyən dəyişikliklərə uğrayaraq müasir şəklə düşmüşdür.
Müəllif: Musa Adilov, professor




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.