Tarixdə bu gün

İlin 143-cü (uzun illərdə 144-cü) günü.

.

Mühüm hadisələr:

1040 – Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında böyük savaş baş vermişdir.

2003 — Azərbaycan Respublikası Sent-Vinsent və Qrenadin ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1919 — Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimov Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra o, Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. Hüseyn İbrahimov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin jurnalistika şöbəsinə  daxil olmuş və 1958-ci ildə bitirmişdir.

Hüseyn İbrahimov əmək fəaliyyətinə 1940-cı ildə Şərur rayon Sədərək kənd orta məktəbində müəllim kimi başlamışdır. Sonra o, 1941–1943-cü illərdə Azərbaycan LKGİ Noraşen (indiki Şərur rayonu) rayon komitəsinin birinci katibi, 1943–1947-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol komitəsinin katibi olmuşdur. H.İbrahimov 1947–1949-cu illərdə “Şərq qapısı” qəzetinin redaksiyasında redaktor müavini, 1949–1954-cü illərdə isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir.

O, 1954–1960-cı illərdə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, 1960–1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, 1961–1965-ci illərdə “Şərq qapısı” qəzetinin redaktoru vəzifəsini icra etmişdir. Hüseyn İbrahimov 1965–1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970–1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri, 1975–1980-ci illərdə “Şərq qapısı” qəzetində şöbə müdiri, 1977-ci ildən isə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində çalışmışdır.

Hüseyn İbrahimov ədəbi yaradıcılığa lirik  şeirlə başlamışdır. 1950-ci illərdən etibarən isə   bir-birindən məzmunlu nəsr əsərləri yazmışdır. Onun  qələmə aldığı hekayə, povest, roman və pyeslər müasirlərimizin mənəvi zənginliyini əks etdirən dolğun sənət nümunələridir. Hüseyn İbrahimov “Qu quşları öləndə oxuyurlar” əsərini və Hüseyn Cavidə həsr etdiyi “Böhtan” adlı romanını 1998-ci ildə başa çatdırmışdır.

Ədibin əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.

1958 – Milli Qəhrəman Yusif Mirzəyev Babək rayonunun Böyükdüz kəndində anadan olmuşdur. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirmişdir.

Yusif Mirzəyev 1988-ci illərdə Xalq hərəkatına qoşulmuşdur.

1991-ci ildə könüllü olaraq cəbhəyə yazılmışdır. Yusif tez bir zamanda taborun ən cəsur döyüşçülərindən birinə çevirilmişdir. Yusif 14 nəfərlik dəstə ilə bütün əməliyyatlarda iştirak edirdi. Döyüşlərin birində Yisif mühasirəyə düşən bölüyü itkisiz azad edə bilmişdi. O, 1993-cü il 19 fevralda Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş  daha  bir dəstəni xilas edərkən qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Naxçıvan şəhərində büstü qoyulmuşdur.

Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilmiş, qarşısında büstü qoyulmuşdur.

Vəfat etmişdir:

1524 – Səfəvi imperiyasının banisi, görkəmli dövlət xadimi, sərkərdə, şair Şah İsmayıl Xətai vəfat etmişdir.

17 iyul 1487-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. XIII əsrdə Azərbaycanın Ərdəbil şəhərində Səfəviyyə sufi təriqətinin əsasını qoyan Şeyx Səfinin nəslindəndir. Atası Ərdəbil hakimi Şeyx Heydər, anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyim idi.

Atası Şeyx Heydər 9 iyul 1488-ci ildə Tabasaranda Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə qızılbaşlar arasında baş verən döyüşdə öldürüldükdən sonra, Sultan Yaqub tərəfindən iki yaşlı İsmayıl anası və qardaşları Sultan Əli və İbrahim ilə birlikdə Şiraz yaxınlığındakı İstəxr qalasında həbs olunur və 5 il burada saxlanılır. Bir müddətdən sonra Həsən Padşahın nəvəsi Rüstəm Mirzə onları həbsdən azad etdirib müstəqil hakim kimi Sultan Əlini Ərdəbilə qaytarır.

Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan Səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir.

Bədii əsərlərini “Xətai” təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkçəsində, qismən də fars və ərəbcə yazmışdır.

Şah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu ölkələrin alimləri istifadə edirdilər.

Şah İsmayıl özü  də gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı.

Rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.

O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün bölük işlər görmüşdür.

Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, Çaldıran döyüşündən sonra şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri Sultan Səlimə çatır. Maraqlanan sultan şah İsmayıla ismarış göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmin qılıncdır, vuran əl isə həminki olmayıb.

1987  — Görkəmli  Azərbaycan aktyoru və rejissoru, Xalq artisti Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli 76 yaşında Bakıda vəfat etmişdir.

Şəmsi Bədəlbəyli 23 fevral 1911-ci ildə Şuşada anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra atası Bədəl bəy kimi müəllim olmaq istəyi ilə Bakı Pedaqoji Texnikumuna daxil olan gənc Şəmsi sonradan başqa bir istiqamətə üz tutub. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Dövrün məşhur dramaturqu Cəfər Cabbarlı ilə Əfrasiyab Bədəlbəylinin dostluğu, onların teatrla, musiqi ilə bağlı söhbətləri Şəmsini də özünə çəkib. O, evlərində dövrün tanınmış ziyalılarını, mədəniyyət xadimlərini tez-tez görərdi. Özündən yaşca böyük sənətkarlarla dostluq etməyi çox sevən Şəmsi sonralar C.Cabbarlı, rejissorlardan İsmayıl Hidayətzadə, Aleksandr Tuqanovla həmfikir olub.

1932-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayan Şəmsi Bədəlbəyli bu teatrda on il rejissor vəzifəsində çalışıb. Arada Moskvada rejissorluq üzrə təcrübə keçməyə göndərilərək Malı Teatrda Şillerin “Don Karlos” əsərinin hazırlanmasında assistent kimi təcrübə keçib. Bu qədim teatrın yaradıcı heyəti ilə ünsiyyət qurub. Sonradan doğma şəhərə qayıdaraq fəaliyyətini davam etdirib.

Onun Dram Teatrında ilk yaradıcılıq işi Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediyası oldu. İlk yaradıcılıq işi ona uğur gətirdi. Tamaşa yüksək qiymətləndirildi. Sonrakı işlərindən biri də 1939-cu ildə quruluş verdiyi “Ölülər” komediyası oldu. Bu tamaşa haqqında mətbuatda müxtəlif yazılar dərc edildi. Bəyənənlər də oldu, tənqid edənlər də. Sabit Rəhmanın “Xoşbəxtlər” əsərinə verdiyi quruluş da uğurlu alındı. O, bu tamaşanı Adil İsgəndərovla müştərək hazırlamışdı. Sənətşünaslıq doktoru Mehdi Məmmədov bu əsər haqqında rəy yazarkən rejissorların işini də təqdir etmişdi. Bu teatrda onun quruluş verdiyi son tamaşa Şekspirin “Kral Lir” pyesi oldu. Ikinci dünya müharibəsinin başlanması bir çox məsələləri yarımçıq qoydu. Ş.Bədəlbəyli hərbi müxbir kimi Irana ezam edildi. O, burada öz həmkarları ilə birlikdə “Vətən uğrunda” qəzetində ədəbi işçi kimi çalışıb, həm mədəniyyət mövzusunda məqalələr yazıb, həm də həvəskar aktyorlarla birlikdə Ü.Hacıbəylinin “Arşın mal alan”, Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan”, “Evli ikən subay” əsərlərini tamaşaya qoyub. 1943-cü ildə Bakıda Musiqili Komediya Teatrı yaradılır və Ş.Bədəlbəyli geri çağırılaraq həmin teatra rejissor təyin edilir. O, əsası dahi bəstəkar Ü.Hacıbəyli tərəfindən qoyulmuş Musiqili Komediya Teatrının yenidən yaradılmasında, inkişaf etdirilməsində böyük zəhmət çəkib. Bir rejissor kimi o, ilk növbədə teatrın repertuar məsələsinə, seçiminə, truppanın istedadlı insanlardan təşkil olunmasına çalışır. Ş.Bədəlbəyli Azərbaycan mədəniyyət tarixində bu teatrın yaradıcısı kimi silinməz izlər qoyub.

Ş.Bədəlbəyli zahirən çox ciddi, qaraqabaq təsir bağışlasa da, nikbin ruhlu şəxsiyyət idi. Yumoru çox sevərdi. Bu səbəbdən də, quruluş verdiyi əsərlərdə duzlu gülüş, əsl yumor olardı. O, bir rejissor kimi dramaturqun ideyasını, bəstəkarın musiqisini, aktyorun ifasını səhnədə təcəssüm etdirə bilirdi. O, bu teatrın həm bədii rəhbəri, həm də direktoru vəzifəsində müxtəlif illərdə və fasilələrlə çalışmışdı. Bir müddət də filarmoniyanın bədii rəhbəri və direktoru olan Ş.Bədəlbəyli 1976-cı ildən ömrünün sonuna kimi Teatr Cəmiyyətinin sədri vəzifəsində də səmərəli fəaliyyət göstərib.

Bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət edən Ş.Bədəlbəyli kino sənətinin də inkişafında öz əməyini əsirgəməyib. Hətta bir sıra bədii və sənədli filmlərdə aktyor kimi də iştirak edib. Bu gün də həmin filmlərə (“O qızı tapın”, “Axırıncı aşırım”, “Xatirələr sahili” və s.) baxanda Şəmsi Bədəlbəylinin həyat verdiyi rollar diqqət çəkir.

Bayramlar və xüsusi günlər:

Azərbaycan, Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür.

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı isə Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixli sərəncamı ilə təsis olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi Nazirliyin qarşısında duran başlıca məsələlərdir.

…Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, respublikamızda ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. “…ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planına əsasən də genişmiqyaslı işlər həyata keçirilib. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Prezident İlham Əliyevin 2010-cu ili Ekologiya elan etməsi bu sahəyə diqqəti daha da artırılıb. Ekologiya ili çərçivəsində bütün ölkə ərazisində böyük yaşıllaşdırma işləri aparılıb. İndiyədək 6 milyona yaxın ağac əkilib.

…Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti də böyük razılıqla qarşılanır və hər kəsi səfərbər edir. Fondun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizinə bütün ölkə vətəndaşları qoşulub.

Bu gün Azərbaycan ekoloqları öz peşə bayramlarını uğurları ilə qeyd edirlər. Bayram ərəfəsində Dövlət başçısının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir qrup əməkdaşını təltif etməsi isə onların əməyinə verilən yüksək dəyərin nümunəsidir.

Mənbə: Kütləvi informasiya vasitələri üçün açıq internet- mənbələri

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!