Tarixdə bu gün

İlin 145-ci (uzun illərdə 146-cı) günü.

Mühüm hadisələr:

1954 – Tokioda keçirilən sərbəst güləş üzrə dünya çempionatında Türkiyə Milli komandası birinci yeri tutmuşdur.

1963 – 30 Afrika ölkəsi bir araya gələrək Afrika Birliyi Təşkilatını (ABT) qurmuşlar.

2005 – Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çıxarmaq məqsədi ilə çəkilən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə ilkin neft vurulmuşdur.

Doğum günləri:

1934 –Azərbaycanlı hakim Eldar Əzimzadə Eldar Əzimzadə 1934-cü il mayın 25-də Şuşada anadan olub.

Yeniyetmə yaşlarında İçərişəhərin məhəllələrində yaşıdları ilə top qovan Eldar komandada hücumçu kimi oynayırdı. Texnikası və qol vurmaq bacarığı ilə yoldaşlarından fərqlənirmiş. Günlərin birində oyundan sonra istirahət edərkən idman ustası, “Neftçi” (Bakı) klubunun əsas müdafiəçilərindən biri olmuş Naum Naumtsev ona yaxınlaşaraq Andreyev adına zavodun futbol komandasının məşqçisi olduğunu və Eldarı öz komandasında görmək istədiyini bildirir. Gənc Eldarın futbolçu karyerası belə başlayır.

Azərbaycan-sovet futbol hakimi, FİFA arbitri (1979). 3 dəfə SSRİ-nin ən yaxşı hakimi seçilmiş, 9 dəfə ən yaxşı 7 hakimi sırasına daxil olmuşdur. Futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olmuşdur.

Eldar Əzimzadə 2003-cü il yanvarın 20-də vəfat edib.

 1950 – Məşhur tarzən, Xalq artisti Zamiq Balarza oğlu Əliyev Bakı şəhərində anadan olmuşdur.

1957-ci ildə Bakıda 132 saylı orta məktəbə getmişdir. 1968-72-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda ali təhsil almışdır. 1970-ci ildə hələ institutda təhsil alarkən o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən kimi işə qəbul olunmuşdur. İnstitutu bitirdikdən və 1972-73-cü illərdə hərbi xidməti başa vurduqdan sonra yenidən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır.

1974-cü ildən etibarən Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan ulduzu” instrumental ansamblında tarzən kimi fəaliyyətə başlamışdır. Uzun illər SSRİ Xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblında musiqi rəhbəri kimi çalışmışdır. Bu illər ərzində ABŞ, Kanada, Hollandiya, Əfqanıstan, İspaniya, Yəmən, Tunis, Danimarka, Türkiyə, İraq və bir çox başqa xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. 1991-ci ildən muğam üçlüyü tərkibində Fransa, Belçika, Hollandiya, ABŞ, Kanada, İran, Cənubi Koreya kimi ölkələrdə mötəbər musiqi festivallarında müvəffəqiyyətlə çıxış etmişdir.

Yetirməsi Simarə İmanova və kamança ifaçısı Ədalət Vəzirov ilə birlikdə 1997-ci ildə Səmərqənddə birinci “Şərq təranələri” festivalında “Qran-Pri” mükafatına layiq görülmüşdür. O, 1998-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılıq” kafedrasında pedaqoji fəaliyyət göstərir və bir çox gənclərin tarzən kimi püxtələşməsində öz əməyini əsirgəmir. 2000-ci ildən kafedranın baş müəllimi, daha sonra (2003) dosenti olmuşdur. Hal-hazırda isə həmin kafedranın professorudur. Zamiq Əliyev həm də bir çox tanınmış şairlərin şeirlərinə olan mahnıların müəllifidir.

1955– Xalq artisti, aktyor Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Puşkin rayonunun Səmədabad qəsəbəsində doğulub.

1974-cü ildə M.Əliyevadına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb. 1978-ci ildə institutu bitirərək təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç (“Maskarad”, M.Lermontov), Məsxərəçi (“Muradın kələkləri”, T.Kazımov), General Şıxlinski (“Bütün Şərq bilsin”, Nəriman Həsənzadə) rollarını ifa edib.

Ramiz Novruzov  1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb.

R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və s. rollara çəkilib.

H.Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası” (Musiqi müəllimi), V.Şekspirin “Antoni və Kleopatra” (Antonio), O.Kamalın “Dodaqdan qəlbə” (Kənan bəy), “Yad qızı” (Nihad) və s. maraqlı rollar oynayıb.

Beynəlxalq Teatr festifallarının mükafatçısıdır.

 1991 — Gənc və istedadlı dirijor, bəstəkar və pianoçu, Azərbaycan Respublikasının Əməkdar artisti Turan İslam qızı Manafzadə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

Turan Manafzadə ilk musiqi təhsilinə 6 yaşında Abşeron Uşaq Musiqi Məktəbində başlayıb. 2003-cü ildə Türkiyədə “Mimar Sinan” İncəsənət Universitetinin Dövlət Konservatoriyasına qəbul olunub.

2012-ci ildə Avstriyanın Zalsburq şəhərində hər il təşkil edilən Beynəlxalq Yay Musiqi Akademiyasının seçim mərhələlərini keçərək Dimitri Başkirovla əməkdaşlıq fürsətini qazanmışdır.

2012-ci ildə “Memar Sinan” Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında professor Nurferi Onurun fortepiano sinfini bitirən Turan Manafzadə   Həsən Uçarsu ilə birlikdə bəstəkarlıq üzərində çalışmağa başlamışdır. 2014-cü ildə İtalyan Dirijor Antonio Pirollinin dirijorluq sinfinə qəbul olmuş və 2019-cu ildə ikinci ali təhsilini başa vurmuşdur.

O, 28 May 2017-ci ildə Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə Türkiyədə Azərbaycan Respublikasının Baş Konsulluğunun təşkilatçılığı ilə qonaqlara fortepiano konserti vermişdir, həm də 2017-ci ilin iyul ayında “Beynəlxalq 3-cü İpəkyolu Musiqi Konfransı” çərçivəsində qonaq olaraq İpək Yolu Orkestrinin drijoru kimi Şimali Kipr Türk Respublikasında konsertlər vermişdir. 

 2017-ci ildə ona  Əməkdar artist  fəxri adı ilə  verilmişdir.

İstedadlı drijorumuz 2018-ci ilin may ayında İstanbul Dövlət Opera ve Balet qurumunda bəstəkar Handel in “Apollo və Dafnə” əsərinin dirijorluğunu edib. 2019-cu il 25 May tarixində qardaşı Abuzər Manafzadənin dünyada ilk dəfə Balaban aləti üçün bəstələdiyi “Balaban Konsertinin” Azərbaycandakı təqdimatı zamanı dirijorluq etmişdir.

Vəfat etmişdir:

1983 —Məşhur  türk mütəfəkkiri, şair və yazıçısı Nəcib Fazil Qısakürək İstanbulda vəfat etmişdir.

Nəcib Fazil Qısakürək 26 may   1904-cü  ildə İstanbulda anadan olmuşdur.

İlk şerlərini 1922-ci ildə “Yeni Məcmuə”də dərc etdirmişdir . “Yeni Məcmuə” və “Yeni həyat ” jurnallarında dərc olunan şeirləri ilə ictimaiyyətın diqqətini cəlb etmiş və ona qarşı böyük maraq oyanmışdır.

 “Hörümçək toru” (1925) , “Səkilər”,  “Mən və ötəsi”, “İman və İslam atlası”  kimi məşhur əsərlərin müəllifidir.

Nəcib Fazıl Kısakürək  1983-cü ilin 25 mayında vəfat etmişdir.

1991—  Görkəmli fırça ustası Əliyev Hüseyn Əlirza oğlu 1911-ci il aprelin 22-də Comərdli  kəndində dünyaya göz açmışdır.

Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub.

1927-1932-ci illərdə Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur .

1922-1931-ci illərdə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.

Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932-1935) təqaüdə çıxanadək “Xalq qəzeti”nin (“Kommunist”) bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib (1935-ci il oktyabr ayının 4-dən).

Böyük Vətən Müharibəsi iştirakçısı olmuşdur. O, “Qafqazın müdafiəsinə görə”, «”1941-1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə”, “Böyük Vətən müharibəsinin 30 illiyi” medalları və “Xalqlar dostluğu” ordeni ilə təltif olunub.

Azərbaycan xalq rəssamı Hüseyn Əliyevin müxtəlif sərgilərdə nümayiş etdirilən rəsm əsərləri arasında, onun Comərdli  kəndində çəkdiyi “Yəhər təpə” və “Mahmud bulağı” tabloları özünəməxsus yer tutur.

Hüseyn Əliyevin “Göygöl mənzərələri” adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilmişdi.

2021 — Filologiya elmləri doktoru, professor Nizami Manaf oğlu Xudiyev 72 yaşında Bakıda vəfat etmidir.

Nizami Xudiyev 1949-ci il aprelin 1-də ildə Şahbuz rayonunda anadan olmuşdur.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimi, “Qızıl qələm” mükafatı laureatıdır. 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir.

Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, Həmkarlar İttifaqı Komitəsinin sədri, Birinci prorektor işləmişdir. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur.

1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!