Tarixdə bu gün
Mühüm hadisələr:
1791 – Osmanlı İmperiyası ilə Avstriya arasında Ziştovi Sülh Müqaviləsi imzalanmışdır.
1992 – Azərbaycan Respublikası Portuqaliya ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1915 – Azərbaycanın Xalq artisti Məmmədrza Şeyxzamanov Gəncədə doğulub.
2 yaşında ikən atasını itirib. Və o andan etibarən ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olur.
1917-ci ilə qədər evdar qadın olan anası inqilabdan sonra Gəncədəki toxuculuq fabrikində işləməyə başlayır. Bununla da evinə çörək pulu qazanır. Mənəvi xəzinəmiz olan Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə, 1918-20-ci illərdə mövcud olan 23 aylıq cümhuriyyətimiz süquta uğrayandan sonra müstəqillik tərəfdarları arasında aparılan “təmizlənmələr” Şeyxzamanovlar nəslinə də əlini çəkir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu da ailənin bəxtinə, taleyinə kədərli bir iz salır. Onlar hər xırda şeylərə görə təqiblərə məruz qalır, olmazın çətinliklər və problemlərlə üzləşirdilər. Bu çətinliklər Məmmədrza Şeyxzamanovun sənətində də az-çox özünü biruzə verməkdə idi. Ona layiq olduğu xalq artisti adını da çox sonralar, 1974-cü ildə verdilər. Bunların hamısını Maarif Teymura Məmmədrza Şeyxzamanovun özü danışmışdı…
1929-cu ildə ibtidai məktəbi bitirən Məmmədrza orta məktəbə daxil olur. O, müəllimlər və şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz “toxumlarını səpməkdə” idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilir. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edir. Bu, gələcək aktyorun professional teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur, Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə “Vaqif” (Eldar), “Fərhad və Şirin” (Fərhad), “Yaşar” (İmamyar), “İki qardaş” (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmrilə M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır. Və elə o vaxtdan etibarən də sənət yolundakı “yaşıl işığı” daha da gur yanmağa başlayır. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınır və sevilir. Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi, “Vaqif”də Eldar kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edirdi ki, obrazın xarakterini aça bilirdi. Bunları azman aktyorumuz, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Əliabbas Qədirov xatırlayır. Deyir ki, Məmmədrza Şeyxzamanov çox cazibədar və nadir aktyor olub. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi vardı. Elə bir səs ki, kimə məxsus olduğu zamanındaca bilinirdi. Onlar “Mahnı dağlarda qaldı”, “İblis”, “Zamanın hökmü” və digər tamaşalarda tərəfmüqabilləri kimi çıxış ediblər. Məmmədrza Şeyxzamanov qəhrəman obrazlarını, komik rolları daha məharətlə ifa edirdi. Buna baxmayaraq, müxtəlif xarakterli, müxtəlif səpkili obrazların öhdəsindən də bacarıqla gəlirdi. Çünki hərtərəfli inkişaf etmiş aktyor idi. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir şəxsiyyət olub. Mərd idi. Heç kimdən qorxmazdı. Ürəyindən keçən sözü üzə deyərdi, arxaca danışmazdı. Düzlüyü çox sevirdi. Kimliyindən asılı olmayaraq, həmişə həqiqətin tərəfdarı olardı. Elə üzünə baxanda görünürdü ki, yerini bilən adamdır. Şit, yersiz zarafatları xoşlamırdı. Amma yaxın adamları, yoldaşları arasında duzlu, məzəli zarafatları da əskik olmazdı. Bir sözlə, o, əsl Azərbaycan kişisinin tipik nümunəsi idi.
Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxır. “Bəxtiyar” filmində Rəcəbov rolu ilə. Bununla da kino yolunda ilk uğurlu cığırı açılır. Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradır.
1963-cü ildə böyük sənətkarımız Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində – “Əhməd haradadır”da Şirin kişi rolunda çıxış edir. “Əhməd haradadır” filmi Azərbaycanın sənət rəmzi sayılan Adil İsgəndərovun quruluşçu rejissor kimi çalışdığı yeganə film olub. Hələ Akademik Dram Teatrının direktoru vəzifəsində çalışarkən Sabit Rəhman, Səməd Vurğun, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yazıçı-dramaturqlarla yaxından tanış idi, müdir təyin olunandan sonra da bu dostluq əlaqələri davam edirdi. O zaman ekranlaşdırılması üçün kinostudiyanın “papka”sında bir neçə əsər saxlanılırdı. Lakin Adil İsgəndərovun “Əhməd haradadır” xoşuna gəlir və ona kino çəkməyi qərara alır. Filmdəki rolları ifa edəcək aktyorları isə rejissor özü seçir. O, Nəcibə Məlikova, Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi tanınmış sənətçilərlə yanaşı Səyavuş Şəfiyev, Töhfə Əzimova, Səyavuş Aslan, Novruz Axundov, Eldəniz Zeynalov… kimi gənc aktyorları da çəkir. O zaman Azərbaycanın k karlardan idi ki, böyüklüyündən, peşəkarlığından istifadə edərək heç bir tələb irəli sürməzdi. Rahat və yaradıcı sənətkar olduğundan onunla çalışmaq asandı və hamıya xoş təsir bağışlayırdı. Ümumiyyətlə, səxavətli, qəlbi təmiz, ürəyi açıq insan olub Məmmədrza Şeyxzamanov. O, hamıyla öz dili ilə danışırdı. Böyüklə böyük, uşaqla uşaq kimi rəftar edərdi. Yaxınları, dostları və tanışları arasında isə bir ləqəbi vardı – “Yaxşı kişi”.
1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edir. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən idi.
Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də 68 yaşında vəfat etmişdir.

1943— Azərbaycan teatr və kino aktyoru, rejissor Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) Bakıda doğulub.
1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.
1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin “Yastı təpə” (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın “Yad adam” (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının “Şərqin şəhəri” (Bəhruz), Əlibala Hacızadənin “İnanmırsansa…”(Adil) , Nəriman Həsənzadənin “Kimin sualı var?” (Ədalət) və s.əsərlərin tamaşalarında oynayıb.
1984-ci ildə Ramiz Məlik Respublika Dövlət mükafatına layiq görülüb.1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub, Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar ” orendinə layiq görülüb.

1946—Azərbaycan Televiziyasının aparıcısı, diktor, Azərbaycan Respublikasının Xalq artistı Rafiq Hüseynov Şuşa şəhərində anadan olub.
Rafiq Hüseynov 17 yaşından ömrünü televiziyaya bağlayıb. Efirə çıxandan bir həftə sonra isə bütün Azərbaycanda məşhur olub. Qısa zamanda peşəkar diktor səviyyəsinə yüksəlib.
Rafiq Hüseynov televiziya sahəsində məktəb yaradan insanlardan biri olub. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycan teleməkanının simasına çevriliblər. Rafiq Hüseynovun açdığı cığır sonradan böyük yola çevrildi, televiziya və radioya özündən sonra böyük nəsil bəxş etdi.
Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişib.

1956 — Cavid irsinin yorulmaz təbliğatçısı və tədqiqatçısı, görkəmli ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz İbrahim qızı Babaxanlı Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmişdir. 1992-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür.
ICOM-un (Beynəlxalq Muzeylər Şurası) üzvüdür. Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilmişdir. HUMAY-XXII Akademiyası tərəfindən “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcilidliyinə görə “HUMAY” Milli Mukafatı ilə təltif edilmişdir.
Onun rəhbərliyi ilə AMEA Hüseyn Cavidin Ev Muzeyində son dövlərdə cavidşünaslığa böyük töhfə olan mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, G.Babaxanlının ideya müəllifliyi ilə muzeyin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi “Cavidşünaslıq” çoxcildli toplusu hazırlanmışdır. Toplunun 2012-ci ildə nəşr edilən 10 cildində böyük şair Hüseyn Cavidin zəngin irsi haqqında müxtəlif illərdə (1912-1983) mətbuat səhifələrində dərc olunmuş məqalə və resenziyalarla yanaşı, həm də Cavidlə bağlı irili-xırdalı bütün məlumatlar öz əksini tapmışdır. Gülbəniz xanımın rəhbərliyi ilə toplunun növbəti cildləri üzərində də iş davam etdirilir və bu istiqamətdə geniş araşdırmalar həyata keçirilir. Özündə əks etdirdiyi zəngin elmi informasiya baxımdan çoxcildli nəşr cavidşünaslığın inkişafında tədqiqatçılar üçün dəyərli bir mənbədir. Cavidşünas alimin uzun illər apardığı elmi tədqiqat işinin nəticəsi olaraq təhlili-təsviri ədəbiyyatşünaslıq üslubunda yazdığı “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyası da mühüm elmi aktuallıq kəsb edir. 2010-cu ildə nəşr edilmiş kitabda müəllif qeyd edir ki, XX əsrin 20-30-cu illərində Cavid yaradıcılığı ilə bağlı çoxlu sayda məqalələr, resensiyalar, elmi yazılar çap olunsa da, cavidşünaslığın bir elm kimi formalaşması 60-cı illərə təsadüf edir.
Cavidşünaslığın keçən əsrin 60-90-cı illər mərhələsini G.Babaxanlı onun bir elm kimi yaranması, formalaşması və inkişafı kimi səciyyələndirir.
Vəfat etmişdir:

1922— Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış Türkiyə hərbiçisi və siyasi xadim Ənvər Paşa 40 yaşında Tacikistanda vəfat etmişdir.
Ənvər Paşa 22 noyabr 1881-ci ildə İstanbulda anadan olmuşdur.
Ənvər Paşa İttihad və Tərəqqi Cəmiyyətinin öndərlərindən biri olmuş, 1913-cü ildə “Babıali Basqını” adı verilən hərbi çevrilişlə bu partiyanın iqtidara gəlməsinə nail olmuşdur. 1914-cü ildəki Almaniya ilə hərbi ittifaqın və Osmanlı dövlətinin Birinci dünya müharibəsinə daxil olmasının təşəbbüskarlarından biri olmuşdur. Müharibə illərində Hərb naziri vəzifəsini yerinə yetirmişdir.
Birinci dünya müharibəsinin məğlubiyyətlə nəticələnməsindən sonra Qafqazda və Mərkəzi Asiyada yaşayan türk xalqlarının dirçəlməsi və birləşməsi üçün mübarizə aparmış, bu uğurda qoşulduğu bir qiyamda Tacikistanda rus ordusu tərəfindən öldürülmüşdür.
1914-cü ildə Sultan Əbdülməcidin nəvəsi (Şahzadə Süleymanın qızı) Naciyə Sultanla evlənərək Osmanlı ailəsinə kürəkən olmuşdur. Bu evlilikdən Türkan Mayatepek və Mahpeyker Ürgüp adlı qızları və Əli Ənvər Akoğlu adlı bir oğlu vardır. Ənvər Paşa sabiq Baş Qərərgah rəisi Kazım Orbayın da qaynı idi.

2001— Tanınmış nasir, ssenarist, kino redaktoru, Dövlət mükafatı laureatı, Əməkdar Mədəniyyət İşçisi Əhmədağa Əkbər oğlu Qurbanov (Muğanlı) 75 yaşında vəfat etmişdir.
Əhmədağa Muğanlı 10 may 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. İbtidai təhsili doğma kənddə, orta təhsili isə Xırmandalı kənd orta məktəbində almışdır. 1947- 1952-ci illərdə ADU-nun Filologiya fakültəsində ali təhsil almışdır.
Ədəbi fəaliyyətə “İnqilab və mədəniyyət” (1951, N 10) jurnalında dərc olunan “Biz qol çəkirik ki…” hekayəsi ilə başlamışdır. Ondan sonra dövri mətbuatda vaxtaşırı çıxış edir.
20-yə yaxın sənədli fılm (“Azərbaycan…, Azərbaycan…”, “Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çobanbayatı”, “Mən sərhədçiyəm” və s.), “Dağlarda döyüş” (1968), “Od içində vahə” (1982), “Qocalar…, qocalar” (1982), “Atları yəhərləyin” (S.Rüstəmlə birlikdə, 1983), “Doğma sahillər” (1988) bədii fılmlərin ssenari müəllifıdir.
Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddillik məktəbində müəllimlikdən başlamışdır (1944). Orada Karl Marks adına kənd orta məktəbində baş dəstə rəhbəri (1946-1947), Azərbaycan KP Bakı Vilayət Komitəsinin orqanı “Bakı kommunisti” qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. Sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləmişdir. Burada ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləmişdir (1953-cü ildən). Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olmuşdur.

2006 — Görkəmli filoloq alim, metodist , filologiya elmlər doktoru Aydın Cəfər oğlu Hacıyev 70 yaşında vəfat etmişdir.
Aydın Hacıyev 1936-cı ildə Şuşanın Malıbəyli kəndində anadan olmuşdur.
1947-ci ildə Malıbəyli kənd 7 illik məktəbini bitirib, Şuşadakı pedaqoji texnikuma daxil olmuşdur. Aydın 1951-ci ildə həmin texnikumu bitirərək Tərtər rayonunun Sarov kəndində müəllimlik fəaliyyətinə başlamışdır. 1953-cü ildə təhsilini davam etdirmək üçün o, V.İ.Lenin adına (indiki N.Tusi adına) ADPÜ-nin Filologiya fakültəsinə qəbul olmuş və 1957-ci ildə həmin üniversiteti bitirmişdir. A.Hacıyev ölkəmizin qocaman ali məktəbində professor M.Rəfilidən, akademik Ə.Dəmirçizadədən, professor A.Abdullayevdən, S.Əfəndiyevdən, professor Ə.Seyidovdan elmlərin əsaslarını dərindən öyrənməyə səy göstərmişdir. A.Hacıyev 1957-62-ci illərdə Mingəçevir şəhərinin 10 saylı məktəbində əvvəl müəllim, sonra isə direktor vəzifəsində çalışmışdır.
A.Hacıyev 1962-ci ildə V.İ.adına ADPU-də ədəbiyyat tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuş, “V-VIII siniflərdə lirik şerlərin tədrisi metodikası” adlı dissertasiya mövzusu üzərində tədqiqat işləri aparmış, 1966-cı ildə bu dissertasiyanı uğurla müdafiə edib, pedaqoji elmlər namizədi , 1989-cu ildə “Azərbaycan Sovet uşaq nəsrinin təşəkkül və inkişaf problemləri (1920-1960)” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.
Professor Aydın Hacıyev öz elmi tədqiqatını 3 istiqamətdə aparmışdır:
1.Ədəbiyyatın tədrisi metodikası sahəsində: bu istiqamətdə ali və orta məktəblər üçün dərs vasaitləri, proqramlar və sanballı məqalələr çap etdirmişdir.
2.Pedaqoji-əxlaqi-tərbiyəvi istiqamətdə: bu sahədə o silsilə qəzet və jurnal məqalələri nəsr etdirmişdir. Tərbiyə işində səriştəsi az olan valideynlər üçün bu məqalələrin böyük əhəmiyyəti vardır.
3.Aydın Hacıyev uşaq ədəbiyyatının müxtəlif problemlərinə həsr etdiyi monoqrafiya, dərslik, dərs vəsaitləri və proqramlar ədəbiyyatşünaslıq elmimizin inkişafında böyük əhəmiyyət kəsb edir. Professor Aydın Hacıyev üniversitetinin ictimai həyatında da fəal inkişaf etmişdir. O, 1970-ci ildən – 1980-ci ilə qədər filologiya fakültəsi qiyabi şöbəsinin dekan müavini , 1988 – ci ildən 2006-cı ilə qədər Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışmışdır.

10
2015 – Azərbaycanın Əməkdar artisti, aktrisa Tanilə Əhmərova 65 yaşında Bakıda vəfat etmişdir.
Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirmişdir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olmuşdur.Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar yaratmışdır. Aktrisa “Üzeyir ömrü” filmində Üzeyirin anası, ” Qaynana” filmində Sevda, “Şir evdən getdi” filmində Şəfiqə müəllimə və başqa obrazlar oynamışdır.Onun oynadığı obrazlar daxilən saf,təmiz,həyatsevər obrazlardır. Tanilə Əhmədova “Qaynana” filmində canlandırdığı “Sevda” obrazı ilə xalqın sevimlisinə çevrilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.