Tarixdə bu gün

 İlin 219-cu (uzun illərdə 220-ci) günü.

Doğum günləri:

 1930 – Məşhur rəssam, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyov Bakıda anadan olmuşdur.

1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirmişdir.

Nərimanbəyovun yaradıcılığının ilk dövrünə aid əsərlərə “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqaları daxildir. 1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib.

Rəssamın “Emalatxanada”, “Kafedə”, “Qız Qalası”, “Talış dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və s. əsərləri dünyaca məşhurdur.

S. Bəhlulzadə onun haqqında deyirdi: “Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir…” .

T. Nərimanbəyov SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş , “İstiqlal” və “Şərəf” ordeninə layiq görülmüşdür.

2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat etmişdir. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunmuşdur.

1931— Rəqqasə, rəqs quruluşçusu, libretto müəllif, balet artisti, baletmeyster, Xalq artisti Rəfiqə Hacı qızı Axundova Bakıda anadan olmuşdur.

Rəfiqə Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir. 1990 ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni (“Yeddi gözəl”, “İldırımlı yollarla”, Q.Qarayev), Gülşən (“Gülşən”, S.Hacıbəyov), Gülyanaq (“Qız qalası”, Ə.Bədəlbəyli), Şirin (“Məhəbbət əfsanəsi”, A.Məlikov), Zarema (“Baxçasaray fontanı”, B.Asafyev), Jizel (“Jizel”, A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərb. Opera və Balet Teatrında “Xəzər balladası” (1968, T.Bakıxanov), “Qobustan kölgələri” (1969, F.Qarayev), “Yallı” və “Azərbaycan süitası” (1969, R.Hacıyev), “İldırımlı yollarla” və “Yeddi gözəl” (1975, 1978, Q.Qarayev), “Babək” (1986, A.Əlizadə), “Şelkunçik” (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında “İldırımlı yollarla” (1976) baletlərinin quruluşunu vermişdir. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir. Əlcəzairdə “Üç inqilab” (1973, R.Hacıyev; M.Məmmədovla birgə) ilk milli baletini, Malmödə “Muğam” (1975, N.Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə “Yeddi gözəl” (1979), Antverpendə “Kaleydoskop (1980, F.Qarayev) baletlərini (hər ikisi M.Məmmədovla birgə) tamaşaya qoymuşdur. “Xəzər balladası”, “Qobustan kölgələri” və “Azərbaycan süitası” 1969 ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilmiş və Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşdür. 1994 ildə “Yeddi gözəl” baletini Ankarada tamaşaya qoymuşdur (M.Məmmədovla birgə). “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

1989 —Qadınlar arasında Beynəlxalq qrossmeyster Türkan Məmmədyarova Sumqayıtda anadan olmuşdur.

2002-ci ildə İspaniyanın Peniskola şəhərində keçirilmiş 14 yaşadək qızlar arasında Avropa çempionatında birinci yerə çıxıb.

2003-cü ildə Yunanıstanın Xalkis şəhərində keçirilmiş 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülüb.

2011 və 2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.

Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində 2002-ci ildə Sloveniyanın Bled, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xantı-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında və 2003-cü ildə Bolqarıstanın Plovdiv, 2007-ci ildə Yunanıstanın İraklion, 2009-cu ildə Serbiyanın Novi Sad, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir.

2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində birinci lövhədə mübarizə aparmışdır.

FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Türkan 2307 xalla Azərbaycan qadın şahmatçıları arasında 6-cı, “Top 100 Women February 2017” reytinq cədvəlində isə 182-ci yerdə qərarlaşıb.

Türkanın qardaşı Şəhriyar və böyük bacısı Zeynəb də beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar.

Məmmədyarovlar ailəsi Azərbaycanda üç beynəlxalq qrossmeyster yetişdirmiş yeganə şahmat ailəsidir.

Vəfat etmişdir:

1992— Milli Qəhrəman Aqil Səməd oğlu Məmmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Aqil Məmmədov 30 iyul 1969-cu ildə Qubadlı rayonunda dünyaya göz açmışdır. 1984-cü ildə Qubadlı rayonunda 2 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini 126 saylı Xanlıq texniki-peşə məktəbində davam etdirmiş, sürücülük peşəsinə yiyələnmişdir. Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində başlamışdır.

Aqil Məmmədov 1987-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyaraq doğma yurda qayıtmışdır.

Aqil Məmmədov Vətənin çətin günlərində Qubadlı rayon özünümüdafiə taboruna qoşulmuşdur. Ermənistanla səhrəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınmışdır. O, dəfələrlə cəsur kəşiyyatçı yoldaşları ilə birlikdə Ermənistanın Qafan və Gorus rayonlarına keçərək, çoxlu hərbi girovla geri qayıtmışdır.

1992-ci il iyun ayında dörd nəfər laçınlının girov aparılması onu hədsiz dərəcədə hiddətləndirir. O, girovları geri qaytarmaq üçün öz dəstəsi ilə əməliyyata başlayır. Bir neçə saatdan sonra bir erməni zabitini ələ keçirərək rayon mərkəzinə gətirirlər. Elə həmin gün ermənilər dörd laçınlını erməni zabiti ilə dəyişməyə məcbur olurlar. O, dəfələrlə belə şücaətlər göstərmiş və hərbi hissədə ad-san qazanmışdı.

1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyinə hücum edilməli idi. Hər şey isə kəşfiyyatçılardan asılı idi. Aqil öz dəstəsi ilə tapşırığı müvəffəqiyyətlə yerinə yetirib geri dönərkən, gözlənilmədən mühasirəyə düşür. O, öz dəstəsini bu çətin vəziyyətdən çıxarmaq üçün müxtəlif yollar düşünür. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv edərək, mühasirəni cəsarətlə yarırlar. O, döyüş dostlarına qarşı tərəfin minalandığını bildirir və bir qədər sonra özü minaya düşərək ağır yaralanır. Yoldaşları onu təhlükəli yerdən çıxarmağa çalışırlar. Lakin çoxlu qan itirdiyinə görə onun həyatını xilas etmək mümkün olmur.

5 fevral 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin 457 saylı fərmanı ilə Aqil Səməd oğlu Məmmədov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Qubadlı rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Aqil Məmmədovun təhsil aldığı 2 saylı orta məktəb onun adını daşıyır. Hazırda bu məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir. Qubadlıda və Gəncədə adına küçələr var.

1992— Azərbaycanın Milli Qəhrəmanı Aslan Qabil oğlu Atakişiyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Aslan Atakişiyev 1953-cü il 16 avqustda Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub. 1960-cı ildə burada birinci sinfə getmiş. 1970-ci ildə məktəbi bitirmişdir. 1972-1974-cü ilərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunda müəllimliyə başlamışdır. Qarabağ hadisələri başlayanda o, müəllim işləyirdi. Vətən torpaqlarının təhlükə altında olduğunu görən Aslan öz doğma peşəsindən ayrılıb cəbhəyə yollandı.

Aslan Atakişiyev torpaqlarımız uğrunda gedən döyüşlərdə həmişə öz cəsarəti və hünəri ilə seçilirdi. Cəbhə rəhbərliyi həmişə onun bu cəsarətini yüksək qiymətləndirirdi. Bu hünər və cəsarət az vaxt içərisində onu tabor komandirinin müavini kimi məsuliyyətli bir vəzifəyə gətirib çıxardı. Lakin tabor komandirinin müavini olmasına baxmayaraq, öz əsgərləri içərisində qızğın yerlərdə döyüşə birinci atılırdı. Bu hünər və cəsarət çoxuna nümunəyə çevrilirdi.

Aslan Laçın rayonu uğrunda gedən döyüşlərdə Mazutlu, Səfiyan, Türklər, Suarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərir.

1992-ci il 7 avqustda Sussuzdağ yüksəkliyi uğrunda qızğın döyüşlər gedirdi. Elə onun son döyüşü də burada oldu. Aslan Atakişiyev bu döyüşdə gözlərini əbədi yumdu.

Azərbaycan Respubliksası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Məzarı Bakı şəhərindəki Şəhidlər Xiyabanındadır.

1992— Azərbaycanın Milli Qəhrəmanı Ələkbər Həsən oğlu Əliyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Ələkbər Əliyev 22 dekabr 1955-ci ildə Qubadlının İşıqlı kəndində anadan olub. Sumqayıt Politexnik Texnikumunu bitirib. Qubadlı Rayon Kimya Biriliyinin sədri, sonra isə kəndlərində sovxoz direktorunun müavini vəziyəsində işləyib.

O, Əliyar Əliyevin çağırışına ilk cavab verənlərdən biri olub. Azərbaycan torpaqları uğrunda gedən vuruşlarda həmişə öz cəsarəti və döyüşkənliyi ilə fərqlənib. Çox qorxmaz bir döyüşçü olub. Sonuncu döyüşü Laçının Suarası kəndində olub. 1992-ci il 7 avqust tarixli gedən bu döyüşdə Ələkbər  təkbaşına 20-ə qədər erməni hərbçisini məhv edib və qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ələkbər Həsən oğlu Əliyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Xətai rayonundakı 204 saylı orta məktəb onun adını daşıyır.

Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.

2008— Görkəmli uroloq-alim və pedaqoq, Dövlət Mükafatları laureatı, Əəməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olmuş Mirməmməd Cavad oğlu Cavadzadə 81 yaşında Bakıda vəfat etmişdir.

O, 18 may 1927 –ci ildə Lənkəranda anadan olmuşdur. SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub.

 Mirməmməd Cavad oğlu Cavadzadə Mirməmməd Cavadzadə respublikada ictimai xadim kimi də yaxşı tanınırdı. O, 9-12-ci çağırışlar Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin, Azərbaycan Uroloqlar Cəmiyyətinin, digər ictimai birlik və qurumların sədri kimi fəaliyyət göstərmişdir.Mirməmməd Cavadzadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

 M.C.Cavadzadənin elmi tədqiqatları xarici ölkələrdə geniş şöhrət tapmış, 20 dəfədən artıq ölkəmizin urologiya elmini təmsil etmiş, beynəlxalq elmi forumlarda çıxışlar etmişdir.

Respublika Kliniki Uroloji Xəstəxanasına Mirməmməd Cavadzadə adı verilmişdir

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!