Tarixdə bu gün

İlin 276-cı günü

İlin sonuna 89 gün qalır.

Mühüm hadisələr:

1734 – Nadirqulu xan Qəbələyə gəlmişdir.

1906 – Ümumi “SOS” siqnalı qəbul edilmişdir.

1993 – Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikası prezidenti seçilmişdir.

2009 – Naxçıvan MR-də türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə görüşü keçirilmişdir.

Doğum günləri:

150

1875— Görkəmli  nasir, maarif xadimi Süleyman Sani Rzaqulu bəy oğlu Axundov Şuşada anadan olmuşdur. “Sani” sözünü özünə təxəllüs götürmüşdür.

Süleyman Sani Axundovun ilk yaradıcılıq əsəri “Tamahkar” komediyasıdır. O, bu əsərini Mirzə Fətəli Axundovun “Hacı Qara” əsərinin təsiri ilə 1899-cu ildə yazmışdır.

1907-cı ildə qələmə aldığı “Dibdat bəy”, “Türk birliyi” adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirmişdir. “Laçın yuvası”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” və başqa pyeslərin müəllifidir.

Süleyman Sani Axundov yazmış olduğu “Qan bulağı” (1923), “Ümid çırağı” (1923), “Cəhalət qurbanı (1923), “Nə üçün” (1925), “Təbrik” (1925), “Sona xala” (1926), “Namus” (1926), “Mister Qreyin köpəyi” (1927), “Son ümid” (1927), “İki dost, iki düşmən” (1927), “Gənc maşinistka və qoca yazıçı” (1935) hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında, inkişafında da onun böyük xidməti vardır. Ədib, “Qorxulu nağıllar” (1912-1914) başlığı altında yazdığı “Əhməd və Məleykə”, “Abbas və Zeynab”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirmişdir.

1921 — Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyev Naxçıvanda Şaxtatlı kəndində anadan olmuşdur.

T.Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə,  onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı.

Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.

Adlı  təqaüdçü  olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.

Professor T.Əliyev 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin və səmərələşdirici təklif, ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur.

Tamerlan Əliyevin müəllifi olduğu “Klinik-diaqnostik laborator tədqiqat üsulları” (1974), “Şəkərli diabet haqqında ətraflı məlumat” (1977), “Biokimyəvi tədqiqat üsulları” (1979), “Şəkərli diabet” (1979), “Prediabet” (1982), “Karbohidrat mübadiləsinin pozulmaları və ürəyin işemik xəstəliyi” (1983), “Şəkərli diabet zamanı qan dövranı pozulmaları və onların tənzimi” (1985), “Endokrinologiya” (1993) və s. bu kimi əsərlər indi də öz aktuallığını saxlayır. Alimin uzun illərin təcrübəsi sayəsində əldə etdiyi praktik vərdişlər və nəzəri biliklər əsasında qələmə aldığı “Endokrinologiya” adlı dərslik bu sahə üzrə Azərbaycan dilində yazılmış ilk irihəcmli, genişəhatəli nəşrdir. Alim həmçinin A.V.Sumarokov və A.A.Mixaylovun “EKQ üzrə vəsait” adlı kitabını rus dilindən Azərbaycan dilinə çevirmişdir.

Professor T.Əliyevin “Klinik-diaqnostik laborator tədqiqat üsulları” adlı monoqrafiyası SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə təqdim edilmiş və sərginin Qızıl medalına layiq görülmüşdür. Bu monoqrafiya Azərbaycan SSR Dövlət Mükafatı ilə təltif edilmişdir.

Tamerlan Əliyev Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Almaniya, Kanada, İsveçrə, Finlandiya və başqa xarici ölkələrdə keçirilmiş elmi toplantılarda dəfələrlə novator məruzələrlə çıxış etmişdir.

Oftalmoloq Zərifə Əliyeva, onkoloq Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın qardaşıdır.

Tamerlan Əliyev 7 aprel 1997-ci ildə dünyasını dəyişmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

70

1955—Azərbaycan tarixçisi, tarix elmləri doktoru , AMEA A. a. Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan diasporu şöbəsinin müdiri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Beynəlxalq Əlaqələr Komissiyasının sədri Məryəm Həsən qızı Seyidbəyli Bakıda anadan olmuşdur.

 İlk ali təhsilini Bakı Dövlət Universitetində alıb. Vətən tarixi ixtisası üzrə  “XIII əsrin birinci yarısı – XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatı” (İbn əl-Fuvatinin “Talxis macma al-adəb fi mucam al-alkab” materialları əsasında) mövzusunda namizədlik dissertasiyası, “Rusiya Federasiyasında Azərbaycan diasporunun formalaşması və inkişafı” mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.

Məryəm Həsən qızı Seyidbəyli İbn əl-Fuvatinin “Talxis macma al-adəb fi mucam al-alkab” materialları əsasında XIII əsrin birinci yarısı – XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatını tədqiq etmişdir. Burada ilk dəfə olaraq ərəb dilində Azərbaycan tarixi və mədəniyyətinə dair çoxlu sayda dəyərli faktlar elmi şəkildə şərh olunmuşdur.

“Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişaf xüsusiyyətləri və tendensiyaları” adlı tədqiqatında xarici və rus ədəbiyyatlarının ətraflı təhlili əsasında diaspor anlayışını araşdırmış, müxtəlif tanınmış yanaşmalara əsasən bu fenomeni şərh etmiş, həmçinin diaspor fenomeninin etno-mədəni təhlilini vermişdir.

Vəfat etmişdir:

1973 – Aşıq Nabat Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir.

Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub.

1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli Aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir.

 Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı.

Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının və I Aşıqlar Qurultayının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır.

1991—Azərbaycanın Milli Qəhrəmanı  Yuri Petroviç Kovalyov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Yuri Kovalyov 1965-ci il mayın 29-da Göyçay rayonunda rus ailəsində anadan olmuşdur.

1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra isə Bakıya qayıtmışlar. O, orta təhsillə yanaşı idmana da böyük maraq göstərirdi. 11 yaşında olarkən İdman ustası və Azərbaycanın Əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnmişdi. Hələ futbol məktəbində oxuyarkən bacarıqlı qapıçı kimi formalaşan Yura öz çevikliyi ilə yoldaşları arasında fərqlənirdi. O, iki dəfə Bakı çempionu olmuş, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qorumuşdu.

1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirmişdir. 1982-ci ilə kimi Azərittifaqın Reklam istehsalat kombinatında çalışmışdır. 1983-cü ildə Pribaltika hərbi dairəsinin sıralarına çağırılmış, hava desant qoşunlar xidmət etmiş və 1985-ci ildə ordudan tərxis olunmuşdur. 1987-ci ildə Bakı Qırmızı bayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər Məktəbinə daxil olmuşdur.

O, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilmişdir.  Erməni işğalı başlayanda Kovalyov da Azərbaycanın  müdafiəsinə qalxır. O,  Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərmişdir. Düşmən tərəfindən “Əsədovun bandası” adlandırılan XTMD-nin əməkdaşları ilə düşmənin rahatlığını əlindən almışdı. Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Başına yüz min rubl qiymət qoyulmuşdu. General Məhəmməd Əsədovun və nazir müavini polkovnik Ramiz Məmmədovun Yura Kovalyova böyük rəğbəti var idi və Kovalyov onları tez-tez müşayiət edərdi.

1991-ci ilin aprel ayıda döyüş zonalarında fərqlənmiş bir qrup OMONçunu mükafatlandırmaq üçün Daxili İşlər Nazirinin müavini Rəhim Quliyev və nazirliyin şöbə rəisi Həmid Cəfərov XTMD-yə gəlmişdilər. Mərasimdə çıxış edən Həmid Cəfərov 1991-ci il aprel ayının 3-də respublikanın xalq deputatlarından Aydın Məmmədovun, Tamerlan Qarayevin, Ramiz Fətəliyevin və bir sıra rəsmi şəxslərin və özünün vertolyot qəzasına uğramalarından söhbət açaraq vertolyotdakıların xilas olmasında Yura Kovalyovun yüksək peşə səriştəliyi nümayiş etdirməsini xüsusilə qeyd etdi. Söhbət zamanı Yura ünvanına deyilən təriflər qarşısında təvazökarcasına susdu və sonra qeyd etdi ki,

” Mən də azərbaycanlıyam, bu torpağın çörəyini yemişəmsə, suyunu içmişəmsə, ona da xidmət etməliyəm. “

Onun rus olması xarici jurnalistləri təəccübləndirirdi. Yura Kovalyov Şuşanın Qaladərəsi kəndində Azərbaycan jurnalistlərini müşayiət edərkən, gözlənilmədən ora Ermənistan vertolyotu enmiş və vertolyotdakı xarici müxbirlər onunla görüşmək istəmişlər. Xarici jurnalistlər Kovalyovu suala tutmuşlar:

”  — Siz russunuzmu?

— Bəli, mən rusam, Azərbaycan isə vətənimdir.”

O, cəbhə xəttindən anasına göndərdiyi şəklin arxasına “Qarabağ mənim vətənimdir, iftixarımdır, sevincimdir, kədərimdir” kəlmələrini yazmışdı.

1991-ci il 3 oktyabrda digər OMONçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yura Kovalyov həlak olur, Kudenin isə ağır yaralanır. Ermənilər UAZ-a yaxınlaşanda partlayış baş verir.  Qəhrəmanlarımız  ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.

1992 – Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir. 2 il Əliyar Əliyev həmin universitetdə müəllim işləyir. Atasının ölümü ilə əlaqədar kəndə qayıdır, qəsəbə orta məktəbində müəllim, “Məhsul” Könüllü İdman Cəmiyyətinin rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. Çox keçmir ki ,  Həmkarlar İttifaqı Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon şurasının sədrli  seçilir.

Klassik güləş üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq yarışların qalibi olub. Əliyarın Əliyev rəhbərliyi ilə yetişmiş 8 nəfər respublika və SSRİ çempionu olmuş, 1 nəfər isə olimpiya yığma komandasına üzv seçilmişdir.

Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq müharibə meydanına atılır. O özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandırının təchizat üzrə müavini təyin edilir. 1992-ci ildən isə tabor komandiri vəzifəsini daşıyır. Düşmənin canlı qüvvəsinin məhv edilməsində dəfələrlə igidlik göstərir. Bir döyüşçü kimi onun ən başlıca xüsusiyyəti ən ağır döyüş yerlərinə can atması idi. Əliyar Əliyev döyüşə başlayanda onun ətrafındakılarda böyük ruh yüksəkliyi yaranır və igidliklə vuruşurdular.

Əliyarın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. Həmin döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar.

Bu böyük qəhrəmanlığına görə Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il fərmanı ilə Əliyar Yusif oğlu Əliyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Məzarı doğulub boya-başa çatdığı Qubadlı rayonunun Qazyan kəndindədir.

1996 — Görkəmli yazıçı  nasir, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycanın Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev 82 yaşında Bakıda vəfat etmişdir.

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Füzuli şəhərində anadan olmuşdur.

1930-cu ildə orta məktəbi bitirdikdən sonra şəhər orta məktəbində və 2-ci dərəcəli partiya məktəbində dil və ədəbiyyatdan dərs demişdir.

1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə qiyabi olaraq Coğrafiya fakültəsini bitirmişdir.

1938-ci ilin axırlarında Bakıya gələn İlyas Əfəndiyev “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləmişdir.

İlk mətbu əsəri “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabr ayında dərc olunmuşdur.

30-cu illərin axırlarında xırda hekayələri ilə ədəbiyyata gələn yazıçının 1939-cu ildə “Kənddən məktublar” adlı ilk kitabı Azərnəşr tərəfındən nəşr edilmişdir.

“Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzetində” (1939-cu il 26 yanvar) çap olunmuşdur.

İlyas Əfəndiyev 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazmışdır.

1946-cı ildə yazıçı özünün ilk müstəqil dram əsəri – “İşıqlı yollar” pyesini qələmə almışdır.

Yazıçı 1958-ci ildə özünün ilk böyük nəsr əsəri olan “Söyüdlü arx” romanını yazmışdır.

Ədib 50-ci illərin axırlarından iri həcmli roman və povestlər yazmağa başlamış, “Söyüdlü arx” (1958), “Körpüsalanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1976-78), “Geriyə baxma, qoca!” (1980), “Üçatılan”(1981), “Qaçaq Süleymanın ölümü” (1993), “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” (1996) əsərləri oxucular tərəfındən yüksək qiymətləndirilmişdir.

1964-cü ildə tamaşaya qoyulmuş “Sən həmişə mənimləsən” pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloi dramın əsasını qoymuş, sonralar bu yolu “Mənim günahım”(1967), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər”(1969), “Qəribə oğlan” (1973), “Bağlardan gələn səs” (1976), “Büllur sarayda” (1983), “Bizim qəribə taleyimiz”(1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989) və s. pyesləri ilə davam etdirmişdir. İlk tamaşası 1968-ci ildə olmuş “Unuda bilmirəm” pyesidir.

Müasir mövzulara daha çox üstünlük verən yazıçı 1971-ci ildə ilk dəfə tarixi mövzuda “Mahnı dağlarda qaldı” pyesini yaratmışdır.

İlyas Əfəndiyev 1972-ci ildə “Mahnı dağlarda qaldı” pyesinə görə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.

1994-cü ilin may-iyun aylarında İlyas Əfəndiyevin anadan olmasının 80 illiyi təntənə ilə qeyd edildi. Sənət adamları arasında o, ilk dəfə respublikamızın “Şöhrət” ordeni ilə mükafatlandırılmışdır.

İlyas Əfəndiyev müxtəlif mövzularda yazılmış 400-dən çox məqalənin müəllifıdir.

Bayram və xüsusi günlər:

Hər il oktyabrın 3-də Türkdilli Ölkələrin Əməkdaşlıq Günü qeyd olunur.  Bu, türk dilində danışan ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) tərəfindən   3 oktyabr 2009-cu il  tarixində imzalanan Naxçıvan Sazişi ilə qəbul olunmuşdur.Şuranın açıqlamasında deyilir: “Türk Şurası ortaq tarix, dil, kimlik və mədəniyyət kimi dörd təməl əsasında qurulan, üzv ölkələr arasında iş birliyi ilə həmrəyliyin inkişaf etməsi baxımından əhəmiyyətli regional bir platformadır. Azərbaycan, Türk Şurasının üzvü, qardaş ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərə böyük dəyər verir. Azərbaycan, üzv ölkələr arasında qarşılıqlı inamın gücləndirilməsi, region və region xaricində sülhün qorunması, ortaq maraqları əhatə edən səmərəli iş birliklərinin təşviqi, ticarət və sərmayələr üçün müsbət şəraitin yaradılması da daxil olmaqla təşkilatın bütün məqsədlərinə sadiqdir.”

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!