Tarixdə bu gün
İlin 277-ci günü
Doğum günləri:

1864 — General-mayor Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev Ağdam rayonunda dünyaya göz açıb. Süleyman bəy 1907-ci il fevralın 28-dən Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası üzrə baş nəzarətçisı təyin olunmuşdur. Süleyman bəy Əfəndiyev yalnız hərbçi deyildi. O həm də хalqımızın maariflənməsində görkəmli ictimai хadim kimi fəal iştirak etmişdir.
Tez-tez Qoriyə gələn, azərbaycanlı balalarına köməyini əsirgəməmişdir. Görkəmli maarifçi, ədəbiyyatşünas Firudin bəy Köçərli və Səfərəli bəy Vəlibəyovla dostlaşmış, Tiflisdə azərbaycanlıların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaхından iştirak etmişdir. 1912-ci il dekabrın 6-da polkovnik rütbəsi alan Süleyman bəy Əfəndiyevin imperiya ordusundakı хidmətləri sonralar üçüncü dərəcəli “Müqəddəs Anna”, ikinci dərəcəli “Müqəddəs Stanislav”, “Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Vladimir” ordenlərinə layiq görülmüşdür. Polkovnik Süleyman bəy Əfəndiyevin imperiya ordusunda sonuncu vəzifəsi Əlahiddə Qafqaz ordusunda Zaqafqaziya poliskeşikçi dəstəsinin təftiş-yoхlama üzrə baş nəzarətçisi idi (1912-ci ildən). Öncə dediyimiz kimi, Süleyman bəy Əfəndiyevin çoх böyük və danılmaz хidməti 1917-ci il iyul ayından başlayaraq Azərbaycan Milli ordusunu yaratmaq təşəbbüsüdür. O, 1919-cu ildə Qazax rayonunda vəfat edib.

1928 —Aramızdan vaxtsız getmiş, istedadlı yazıçı Məsud Əlioğlu Qubadlı rayonunun Mahmudlu kəndində dünyaya gəlib.
1946-cı ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat institutu ilə başlayıb. 27 yaşında “Nəsrimizdə vətəndaş müharibəsi mövzusu” adlı elmi tədqiqat əsərinə görə filologiya elmləri namizədi, 40 yaşında “Azərbaycan sovet nəsrinin inkişaf yolları” mövzusu üzrə yazdığı elmi tədqiqat əsərinə görə isə filologiya elmləri doktoru dərəcəsinə layiq görülüb.
100-ə qədər məqalənin, monoqrafiyaların, Nizami, Füzuli, M.F.Axundov, N.Vəzirov, S.S.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli, Şeyx Məhəmməd Xiyabani, Şəhriyar və digər bu kimi ədiblərin yaradıcılığını, həmçinin yaşadığı dövrün çağdaş ədəbiyyatının mənzərəsini işıqlandıran dəyərli kitabların müəllifidir.
Əsərləri sovet dönəmində yasaq olunmuş Hüseyn Cavidə ədəbi bəraət qazandırmış ilk silsilə məqalələrin və fundamental “Hüseyn Cavid” monoqrafiyasının müəllifidir. O, Xalq yazıçısı Əli Vəliyevin oğlu, yazıçı Afaq Məsudun atasıdır.
Məsud Əlioğlu 1973-ci ilin 23 iyun ayında 44 yaşında Bakı şəhərində vəfat edib.
1933 – Fizika–riyaziyyat elmləri doktoru, professor, Bakı Dövlət Universiteti Bərk cisimlər fizikası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli laureatı Bəhram Mehrəli oğlu Əsgərov Tovuz rayonunda anadan olmuşdur.
140 elmi məqalə, 4 monoqrafiya, 7 kitab və 1 patentin müəllifidir. Əsas tədqiqat sahəsi yarımkeçiricilər və aşağıölçülü sistemlərdə elektron köçürmə hadisələrinin kvant nəzəriyyəsidir. 12 mart 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir.

90
1935 — Azərbaycan bəstəkarı, Azərbaycan Lenin Komsomolu Mükafatı Laureatı, Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı Laureatı, professor, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub.
1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, dahi bəstəkarımız Qara Qarayevin tələbəsi olub. 1969-1983-cü illərdə Kompozisiya kafedrasının müdiri kimi fəaliyyət göstərib.
Musiqi yaradıcılığının zirvəsini fəth edən, hazırda yaşının kamillik dövrünü yaşayan bəstəkar hər zaman sənətdə öz dəsti -xəttilə sevilivə seçilir.
Ustad sənətkar həm də müasir təfəkkürə, geniş dünyagörüşünə, dərin intellekte malik bir şəxsiyyətdir. Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda kifayət qədər tanınan Xəyyam Mirzəzadənin hər bir məsələyə orijinal münasibəti, fərdi baxışları var. Müasir musiqi texnologiyalarını dərindən mənimsəyən musiqiçi milli zəminə möhkəm dayanan bəstəkarlardandır.
Xəyyam Mirzəzadə- Xalq artisti: “1968-ci ildən bəri bizim işlərimiz müəyyən qədər yaxşı getdi. Bizə fikir verdilər. Cavan oğlan ola-ola mənimlə bərabər Dövlət Komitəsində öz əsərlərini təqdim eləyənlər arasında müəllimlərim də vardı. Belə oldu ki, mənim ikinci simfoniyam Dövlət Mükafatı aldı”.
Onu da qeyd etmək lazımdır ki, sənətkarın musiqisinin milli mənsubluğu müxtəlif detallarda özünü göstərmir. O, həmişə öz idealarını həyata keçirmək üçün milli təfəkkürün qanunauyğunluqlarına, xalq musiqisinin dərin qatlarına, qədim təbəqələrinə istinad edir.
Bundan başqa bəstəkar 30-dan artıq kinofilmə və 15 dram tamaşasına musiqi bəstələyib. Həmin kinolar sırasına “Zirzəmi” filmini də aid etmək olar.
1963-cü ildə Rafiq Babayev Xəyyam Mirzəzadənin “Oçerklər – 63” simfonik poemasını ilk dəfə ifa edir. Bildirək ki, müəllif bu əsərin ilk ifasını caz pianoçusu kimi məhz Rafiq Babayevə etibar etmişdi.
Xəyyam Mirzəzadənin yaradıcılığında maraq doğuran sahələrdən biri də, fortepiano musiqisidir. Bu sahə bəstəkarın yaradıcılığında aparıcı olmasa da, diqqətəlayiq əsərlərlə təmsil olunub.
Xəyyam Mirzəzadə 30 iyul 2-18-ci ildə 82 yaşında vəfat etmişdir.

90
1935 — Aktyor, Əməkdar artisti Məcnun Hacıbəyov Quba rayonunun II Nügədi kəndində doğulub. Aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. Akyorluq istedadını isə elə uşaq yaşlarından hiss etməyə başlayıb. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Məcnun Hacıbəyov “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik Macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib. Aktyor yalnız “Solğun çiçəklər” tamaşında “Əbdül” rolunu oynamadığı üçün heyfislənir. 1999-cu ilin 13 iyulunu həyatının ən ağrılı günlərindən biri kimi xatırlayır. Həmin gün aktyorun ömür gün yoldaşı Zahidə xanım 57 yaşında faciəli şəkildə dünyasını dəyişib. Bir neçə ildir ürəyinə görə müalicə alır. Aktyor deyir ki, yaşlandığım üçün bəzən yaddaşım da sözümə baxmır. Buna baxmayaraq hələ də mütaliə edir. Aktyorun son yaratdığı obraz isə “Yarımştat” tamaşında olub. O, bu tamaşada Murtuz obrazını canlandırıb.
Məcnun Hacıbəyov 16 noyabr 2021-ci ildə 86 yaşında vəfat etmişdir.

1952 — Kimya elmləri doktoru, professor Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Məhərrəm oğlu Abbasov Tərtər rayonunda anadan olub.
Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 29 Elmlər doktorlarının sayı: 8 Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Altunin adına Beynəlxalq Eklogiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü. 1988-ci ildən 1992-ci iləqədər “ASSOKOR” assosiasiyasının rəyasət heyətinin üzvü. Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir (05.04.2013). Türk Dünyası Tədqiqatları Beynəlxalq Elmlər Akademiyasının Akademik üzvü seçilmişdir (may, 2013); 2013-cü ilin noyabrın 15-də Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş və Avropa Təbiət Elmləri Akademiyasının Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuşdur.

1967 — Azərbaycanın Milli Qəhrəmanı Namiq Müslüm oğlu Allahverdiyev Beyləqan rayonunda anadan olmuşdur.
1984-cü ildə 1-saylı orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür. 1988-ci illərdə erməni təcavüzkarları torpaqlarımıza qarşı məkrli planlar qururdu. Belə vəziyyətdə yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı.
1991-ci il 31 avqustda isə Namiq artıq DİN-in XTP-yə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və digər kəndləri erməni basqınçılarından azad edilmişdi.
9 iyul 1992-ci il erməni millətçilərinin silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edirlər, Namiq onların qarşısını almaq üçün yüksəkliyə qalxaraq mövqə tutur, elə bu vaxt güclü partlayış eşidilir, tankdan atılan mərmi onun həyatına son qoyur.
Azərbaycan Respubliksaı Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir. Beyləqan rayonundakı 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

1968 — Azərbaycanın Milli Qəhrəmanı Cəmil Səmədxan oğlu Niftəliyev Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur.
1975-ci ildə Bakının Lökbatan qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbə getmişdir. 1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilib.
1989-cu ildə ordudan tərxis edilir və Cəmil Vətənə dönərək Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə işə düzəlir. Bu illər Vətənin ağır günləri idi…Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi . 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil bir neçə uğurlu əməliyyatlarda iştirak etdi, deşmənlərə amansız zərbələr vurdu.
Cəbhədə ezamiyyət müddəti bitəndən sonra yenidən komandanlığa müraciət edərək döyüş bölgəsində qalmağa razılıq alır. O, Ağdam döyüş bölgəsində vuruşur. 1992-ci il mart ayının 29-da Ağdamın Şelli kəndində gedən döyüşlərdə isə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Niftəliyev Cəmil Səmədxan oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Qaradağ rayonundakı 233 saylı məktəb və Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən gəmisi qəhrəmanımızın adını daşıyır.
Vəfat etmişdir:

1933 — Görkəmli Azərbaycan yazıçısı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev Bakı şəhərində vəfat etmişdir. Əbdürrəhim bəy Haqverdiyev1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. Əbdürəhim bəy Haqverdiyev ədəbi fəaliyyətə Şuşa real məktəbində oxudugu zaman başlamış, M.F. Axundzadənin təsiri ilə “Hacı Daşdəmir” adlı kiçik bir pyes yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl və həvəsi daha da çoxalır. O, burada olarkən “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) dramını və “Dağılan tifaq” (1896) faciəsini yazıb. 1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müddət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər tərəfdən teatrlarda verilən tamaşalara rejissorluq edib. Eyni zamanda bədii yaradıcılığını da davam etdirib: “Bəxtsiz cavan” (1900) və “Pəri-cadu” (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı ildə “Həyat” qəzetində hekayələr və “Molla Nəsrəddin” jurnalında gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Xəyalət”, “Ac həriflər” və sair əsərlərin müəllifidir.

1982 — Görkəmli ədəbiyyatşünas, folklorşünas, dramaturq, tərcüməçi, filologiya elmləri doktoru, professor, Azərbaycan yazıçısı, ssenari müəllifi Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib Bakı şəhərində vəfat etmişdir.
Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu 1907-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Bakı pedaqoji texnikumunu bitirmişdir. 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir. 1933-1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim, dosent, 1944-cü ildən vəfatınadək Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir. Ədəbi yaradıcılığa 1934-cü ildən başlamışdır. “Qaçaq Nəbi” adlı ssenarisini 1938-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirmişdir. “Bir qalanın sirri” , “Onu bağışlamaq olarmı?” ssenariləri əsasında eyni adlı filmlər çəkilmişdir. “Bahar”, “Aslan yatağı”, “Çiçəklənən arzular”, “Hind nağılı”, “Rübailər aləmində” və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. “Azərbaycan xalq dastanları (orta əsrlər)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1946-1977-ci illərdə “Koroğlu”, “Molla Nəsrəddinin lətifələri”, “Aşıq Ələsgər”, “Kitabi-Dədə Qorqud”, “Azərbaycan dastanları” və digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışmışdır. Azərbaycan folkloru kursu, Azərbaycan xalqının qəhrəmanlıq eposu (parçalar), Azərbaycan xalqının qəhrəman oğulları, Çiçəkli dağ (nağıl-pyes), Azərbaycan xalqının dastanları və s. kitabların müəllifidir.
Bayram və xüsusi günlər:

5 0ktyabr – Beynəlxalq Müəllimlər Günüdür. Bur gün həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Müəllimlər Günü ölkəmizdə 1993-cü ildən qeyd edilməyə başlanıb.
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər günü qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Müəllimlər günü Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.
Amma Azərbaycanda Müəllim Gününün kütləvi şəkildə qeyd olunmasının xüsusi bir tarixçəsi var.
Müəllim Gününün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra da bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.