Tarixdə bu gün

İlin 318-ci günü (uzun illərdə 319-cu).
İlin sonuna 47 gün qalır.

Mühüm hadisələr:
1908 Albert Eynşteyn Kvant nəzəriyyəsini irəli sürmüşdür.

Doğum günləri:

1889 —Hindistanın ilk baş naziri (1947-1964-cü illər) Cəvahirləl Nehru Allahabadda anadan olmuşdur.
Nehru həm də Tərəfsizlər hərəkatının liderlərindən olmuşdur. O, Hindistanın sonrakı baş nazirlərindən İndira Qandinin atası və Raciv Qandinin babası idi.
27 may 1964 –cü ildə 74 yaşında vəfat etmişdir.

1917 —Məşhur sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri; Sovet kosmik proqramının banilərindən biri, çoxsaylı dövlət mükafatları laureatı Kərim Abbasəli oğlu Kərimov Bakıda anadan olmuşdur. Onun atası Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Azərbaycan Cümhuriyyəti və Azərbaycanda sovet hakimiyyəti dövründə də o, neft sənayesində mühəndis kimi çalışmışdır. Hələ orta məktəbdə oxuyarkən K.Kərimov radio texnikasına maraq göstərməyə başlamışdır. Radio XIX əsrin sonlarında icad edilsə də, onun Azərbaycanda yayılması işi ləngiyirdi. Azərbaycan Cümhuriyyəti dövründə Fransa ilə bağlanmış müqaviləyə əsasən Gəncədə radioqüllə inşa edilmiş və orada quraşdırılmış qəbuledici Avropada yayılan radio verilişlərini dinləməyə imkan yaratmışdır. Təbii ki, radio qovşaqlarının olmaması üzündən radiodan yalnız dövlət əhəmiyyətli işlər üçün istifadə edilirdi. Azərbaycanda radio ilə səslənən ilk nitq Azərbaycanın Parisdəki nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Avropa ölkələri ilə danışıqlarının gedişi barədə hesabatı olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulanda radioya təbliğat vasitəsi kimi yanaşıldığından o sürətlə inkişaf etdirildi. 1926-cı ildə Bakıda ilk radioötürücü və respublikanın müxtəlif məntəqələrində radioqəbuledicilər işə başladı. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olan Kərim Kərimov özü bir neçə radioqəbuledici düzəltmiş, bu istiqamətdə olan yeniliklərlə dərindən maraqlanmışdır. İstedadlı tələbə Azərbaycan radiosuna işə qəbul edilmiş, bir müddət işlədikdən sonra
1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu almışdır. Onun bəzi ideyaları hərbi mühəndisləri maraqlandırmışdır. Artıq bu dövrdə İkinci dünya müharibəsi gedirdi. Radiomühəndislərə cəbhələrdə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat vermişlər. Maraqlıdır ki, bilikləri yoxlanıldıqdan sonra Kərim Kərimov birbaşa akademiyanın V kursuna daxil olmuşdur. Beləliklə o, 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırmışdır. O, “Katyuşa” adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdır. Qvardiya minaatan hissələrinin tərkibində olan bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfilikdə saxlanılırdı. Gənc mütəxəssis Qvardiya minaatan hissələri Baş İdarəsinin müvəkkili kimi BM-13 qurğusu üçün mərmilərin zavodlarda istehsalına nəzarət etmək tapşırığı almışdı. Öz işinə can yandıran Kərim Kərimov daim silahın təkmilləşdirilməsi barəsində düşünürdü və bu istiqamətdə bir neçə dəyərli təklif də irəli sürmüşdü. Məhz həmin vaxtdan Kərim Kərimov həyatını raket texnikası ilə bağlamışdır. Ömrünün sonunadək o, raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışmış, zehni və fiziki qüvvəsini əsirgəməmişdir. Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə vermişdir. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olmuşdur.

1946-cı ildən başlayaraq o, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparmışdır. Onun araşdırmaları nəticəsində yaradılan raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sisteminin elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq olunmağa başlanmışdır. Bu nailiyyətinə görə Kərim Kərimov 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Baykonur kosmodromunun əsası qoyulan gündən o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdir. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmamışdır. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdur. 1945-ci ildə böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin ildə o, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunmuşdur.
1975-ci ildə uçuşun hazırlığı ilə əlaqədar rekonstruksiya Kərim Kərimovun məsuliyyətində idi.
Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. O, bu məsul vəzifədə 25 il çalışmışdır. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən üçüş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdır. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır. O həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.
General-leytenant Kərim Kərimov 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.
Xalq artisti Vasif Babayev general-leytenant Kərim Kərimova “Yüksəliş” adlı tammetrajlı sənədli film çəkmişdir. Moskvada və Bakıda “Nizami” Kino Mərkəzində tammetrajlı sənədli filminin təqdimatı olmuşdur.
2017-ci ilin noyabrında AMEA-da Kərim Kərimovun 100 illik yubileyi qeyd olunmuşdur.

100

1925 —Tanınmış şair, nasir və publisist Gəray Fəzli Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir.
Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin “Mənim səsim” şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı “Mənim səsim” şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında “İtirilmiş səs” adlı poema da yazır…
1950-ci illərinin sonunda Azərbaycan Radio və Televiziya Komitəsinə işə dəvət edirlər. O, burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyir.

26 dekabr 1995-ci ildə 70 yaşında vəfat etmişdir.

1946 —Tanınmış alim, fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Sevda Yusif qızı Məmmədəliyeva Bakı şəhərində akademik ailəsində anadan olmuşdur. 1962-ci ildə Bakı şəhər 6 saylı orta məktəbi eksternat qaydası ilə və Bakı şəhər 2 saylı Uşaq Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş, 1967-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Azərbaycan Respublikası Elmlər Akademiyasının aspiranturasına daxil olaraq elmi fəaliyyətə başlamışdır.
Namizədlik disertasiyasını müdafiə etdikdən sonra 1970-1983-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışmışdır.
S.Məmmədəliyeva 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrində işləyir.
1996-cı ildə elm, mədəniyyət və təhsil sahəsində xidmətlərinə görə S.Məmmədəliyeva “Bilik” Azərbaycan Maarif Cəmiyyətinin medalı ilə təltif olunaraq akademik Yusuf Məmmədəliyev adına mükafatın laureatı olur.
1997-ci ildə S.Məmmədəliyevaya professor elmi adı verilir.
1999-cu ildə S.Məmmədəliyeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri vəzifəsinə seçilir.
S.Məmmədəliyevanın elmi fəaliyyəti müasir elm və təcrübənin ən aktual problemlərindən biri olan sosial fəlsəfə ilə bağlıdır.
S.Məmmədəliyevanın əsərləri yalnız Azərbaycanda deyil, xaricdə də elmi ictimaiyyət tərəfindən tanınmışdır. 1997-ci ildə sosial fəlsəfə üzrə silsilə işlərinə görə o, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, 1999-cu ildə Rusiya Ekoloji Akademiyasının əcnəbi üzvü, 2000-ci ildə NOOSFERA Beynəlxalq Akademiyasının həqiqi üzvü seçilmişdir.
2001-ci ildə S.Məmmədəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının “Fəlsəfə” ixtisası üzrə müxbir üzvü seçilmişdir
1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi fəal iştirak etmişdir.
1999-cu il avqust ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin fərmanı ilə S. Məmmədəliyeva Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilmişdir.
Mədəniyyət sahəsində elmi-praktik baza yaratmaq məqsədilə S. Məmmədəliyevanın təşəbbüsülə Mədəniyyət Nazirliyində mədəniyyət siyasəti şöbəsi yaradılmışdır. Bu şöbə beynəlxalq təşkilatlar və elmi institutlarla (Avropa Şurası, UNESKO, Avropa İttifaqı, MDB ölkələrinin mədəni əməkdaşlıq üzrə Şurası, TÜRKSOY) əməkdaşlıq əsasında mədəniyyət sahəsində yeni siyasət işləyib hazırlayan elmi laboratoriya kimi fəaliyyət göstərmişdir.
1999-cu ildən başlayaraq, S. Məmmədəliyevanın bilavasitə iştirakı ilə mədəniyyət siyasəti sahəsində bir sıra milli və beynəlxalq elmi proqramlar işlənib hazırlanmışdır. Onların sırasında “Azərbaycan Mədəniyyətinin Dövlət Strateji İnkişaf Proqramı”, “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı” mühüm yer tutur.
S.Məmmədəliyeva mədəniyyət sahəsində beynəlxalq elmi layihələrin koordinatorudur. Bunlardan Avropa Şurasının Mədəniyyət Komitəsi və Mədəniyyət Siyasəti üzrə Bonn Müqayisəli Tədqiqat İnstitutu (ERİCarts) ilə birlikdə həyata keçirilmiş “Azərbaycanda mədəniyyət siyasəti: əsas fakt və təmayüllərin kompendiumu” elmi layihəsi xüsusi qeyd olunmalıdır. Bu layihə əsasında hazırlanmış “Azərbaycan Respublikasında mədəniyyət siyasəti” elmi icmalı İnternet saytında (WWW. cultural policies.net) yerləşdirilmişdir. Kompendiumun onlayn versiyası 2002-ci ildə Kaliforniya Universitetinin “Sosial elmlər sahəsində ən yaxşı işə görə” mükafatına layiq görülmüşdür.
Avropa Şurasının “Stage” regional layihəsinin mühüm mərhələsi olan “Mədəni siyasət üzrə milli məruzənin müəlliflərindən biri S. Məmmədəliyevadır. Məruzə Avropa Şurası tərəfindən nəşr edilmiş, İnternet saytında yerləşdirilmişdir.
Milli Məruzənin təqdimatı Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin iclasında (Strasburq, 2001) və Bakı şəhərində keçirilən Milli debatlarda (2002) olmuşdur. Bu sənədin müstəsna əhəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin iştirakçılara müraciətində qeyd edilmişdir.
S.Məmmədəliyeva Avropa Şurasının “Münaqişənin mədəniyyət vasitəsilə aradan qaldırılması” və “Kiyev Təşəbbüsü”, həmçinin UNESKO-nun “Mədəni çeşidlilik”, “GUÖAM ölkələrinin mədəniyyət üzrə observatoriyası” proqramlarının milli koordinatorudur.
S.Məmmədəliyeva 1999-cu ildən Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin üzvü, Mədəniyyət üzrə Komitənin bütün iclaslarının iştirakçısıdır. O, Komitənin Strasburqda keçirilən iclaslarında, Fransa, Rusiya, Portuqaliya, İsveçrə, Xorvatiya, Almaniya, Yunanıstan, Hollandiya, Türkiyə və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda çoxsaylı məruzələrlə çıxış edir. Bu konfrans və simpoziumların nəticələri üzrə materiallar nəşr olunmuşdur.
2007-ci ildə Avropa Şürasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Bürosunun üzvü seçilmişdir.
Sosial fəlsəfə və kulturologiya sahəsində tanınmış alim olan S.Məmmədəliyeva bir çox beynəlxaq və respublika səviyyəli elmi forum, dəyirmi masa, seminarların iştirakçısıdır. 120-dən çox elmi işlərin, o cümlədən 9 kitabın müəllifidir.
Azərbaycan mədəniyyətinin inkişafının elmi bazasının yaradılması üçün onun son illərdə nəşr edilmiş əsərləri – “Azərbaycanda mədəniyyət siyasəti” (elmi icmal, 2002), “Azərbaycanın mədəniyyət siyasəti” (Avropa Şurasının “Stage” layihəsi əsasında, 2003), habelə “Qloballaşma dövründə mədəniyyət” (2004), “Mədəniyyət və insan” (2005) monoqrafiyaları xüsusi əhəmiyyət kəsb edir.
“Xoşməramlı səfir”, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, “Kitabxanalar biliklər cəmiyyətində” və “Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında” kitabların tərtibatçısı olmuşdur.
S.Məmmədəliyeva 2005-ci ildə Fransız Elmi Cəmiyyətinin medalına layiq görülmüşdür. 28 yanvar 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

1949 — Azərbaycan aktyoru, rejissor, Xalq artisti Rafiq Hacıbaba oğlu Əliyev Füzuli rayonunun Merdinli kəndində anadan olmuşdur. Bakıdakı 58 saylı orta məktəbindətəhsilini başa vurdudan sonra 1968-ci ildə Sankt-Peterburq şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsinə qəbul olunmuş, 1970-cu ildə oranı bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunmuşdur.
Teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaratmışdır. Bunlardan “Bumbaraş”da Bumbaraş, “Üç muşketyor”da Aramis, “Təmas”da Andrey, “Müsyö Jordan və Dərviş Məstəli Şah”da Hatəmxan ağa, “Buratino”da Karabas-Barabas, “Buraxılış gecəsi”ndən Gena, “Müfəttiş”də Dobçinski, “Keçən ilin son gecəsi”ndə Süleyman, “Quyu”da Akif və başqa obrazları qeyd etmək olar.
Çoxşaxəli yaradıcılıq fəaliyyəti göstərən Rafiq Əliyev həmçinin bir sıra beynəlxalq kino layihələrində ikinci rejissor, kastinq direktoru kimi də çalışmışdır. Rejissor R. Fətəliyevin çəkdiyi “Həqiqət anı” filmində Əli Ömərov, “Qraf Krestovski” filmində həbsxana rəisi, “Hökmdarın taleyi”ndə Vanya yüzbaşı, Orxan Fikrətoğlunun çəkdiyi “Papaq” filmində Başçı, Mehriban Ələkbərzadənin “Ölümünə məhkum olmuşlar” filmində müstəniq görkəmli aktyorun son illərdə yaratdığı gözəl ekran obrazlarındandır.
Teatr və kino fəaliyyəti ilə yanaşı Rafiq Əliyev uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqili Teatr aktyorluğu fakültəsində pedoqoji fəaliyyət göstərmiş, öz sənətinin sirlərini yetişməkdə olan gənc nəslə öyrətmişdir.
2004-cü ilin mayından ömrünün sonunadək Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsində çalışmışdır.
Rafiq Əliyev 2020-ci ildə 70 yaşında vəfat etmişdir.

Vəfat etmişdir:

1943 — Bəstəkar, görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşı Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə 24 yaşında vəfat etmişdir.
Ərtoğrul Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılımış “9 Variasiya”dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun”, Türkmən şairi Kəminənin “Leylanın vəsfi”, Tahir Rasizadənin “Səninlə olaydım” və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən “Sərhəddən məktub” simfonik balladasının və marşlar yazmış, “Şeyx Sənan”, “Məshəti” operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır.
1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəkilində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var.
1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, “Xalq düşməni”nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi.
Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır.

1969 —Tanınmış tarzən, Əməkdar artist Məmmədağa Muradov 48 yaşında vəfat etmişdir.
Məmmədağa Muradov 19 fevral 1921-ci ildə Bakıda anadan olmuşdur.
M.Muradov gənc yaşlarından ifaçılığa başlamış və o, 1937-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinə qəbul olunmuşdur. O, tez bir zamanda orkestrin solisti olmuş, daha sonra isə konsertmeyster vəzifəsində çalışmışdır.
M.Muradov eyni zamanda Bakının bir sıra musiqi məktəblərində, o cümlədən A.Zeynallı adına musiqi məktəbində uzun müddət müəllim işləmiş, istedadlı gənc tar ifaçılarının yetişməsində böyük rolu olmuşdur.
Məmmədağa Muradov özünün incə ifaçılıq texnikası, muğamları özünəməxsus işləməsi, solist müğənnilərin virtuoz müşayəti ilə dinləyicilərin qəlblərinə yol tapır, xalq musiqisi sevərlərin hörmətini qazanırdı.
Klassik muğamlarımızın sirlərinə dərindən bələd olan tarzən həm solo çalmaqda, həm də xanəndələri müşayət etməkdə xüsusi istedada malik idi. O, müqənniçilik məktəbinin korifeyləri Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, habelə Şövkət Ələkbərova, Rübabə Muradova, Əbülfət Əliyev, Sara Qədimova ilə birqə çıxışlar edir, onları müşayət edirdi.
Məmmədağa Muradovun ifaçılıq bacarıği xarici ölkə dinləyiciləri tərəfindən də yüksək qiymətləndirilmişdir. Onun sənəti Misirdə, Tunisdə, Almaniyada, Bolqarıstanda, İranda, Çində, Mərakeşdə, Sudanda və digər ölkələrdə özünə pərəstişkarlar qazanmış, alqışlara layiq olmuşdur. Həbəşistanda iki dəfə müvəffəqiyyətli qastrol çıxışlarının yuksək qiyməti olarag o, bu ölkənin imperatoru Hayle Selasiye tərəfidən qızıl imperator ordeni ilə iki dəfə təltif olunmuş və bu mükafatlar ona ölkənin başçısı tərəfindən şəxsən təqdim olunmuşdur.
M.Muradovun milli musiqimizin inkişafı və təbliği sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın əməkdar artisti fəxri adı, bır sıra hökümət mükafatları verilmişdir.
Məmmədağa Muradov yaradıcılığının çiçəkləndiyi bir dövrdə, ömrünün qirx səkkiz yaşinda vaxtsız vəfat etmişdir.
Gözəl tarzənin çaldığı tarın sədası ürəklərdə yurd salıb, qədim muğamlarımızın, gözəl xalq havalarımızın mahir ifaçısı kimi yaddaşlarda həmişəlik qalmışdır.

1985 – Məşhur saz ustası, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Aşıq Hüseyn Cavan (Hüseyn Mikayıl oğlu Əliyev) 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının (hazırkı İranın Şərqi Azərbaycan ostanındakı Kəleybər şəhristanının Abışəhməd bəxşinin Seyidan dehistanındakı) Uti kəndində yoxsul ailədə doğulmuşdur.
Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirmişdir. Onlar bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşamışlar. 7 yaşından muzdurluq etmiş, qoyun-quzu otarmışdır. 1927-ci ildə Göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olmuşdur (1927-1935).
Bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənmiş, toy-düyünlərdə, el şənliklərində çıxış etmişdir. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. Onun ilk şerləri: “Gül Azərbaycan”, “Oyan, vətəndaşım”, “Ana vətən”, “Oktyabr” və s. Təbrizdə “Vətən yolunda” qəzetində dərc olunmuşdur. 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbrizdə yaşamışdır. Milli-demokratik hərəkat təlatümə gəldiyi zaman səngərdən-səngərə gəzmiş, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırmışdır. Milli hökumət onu “21 Azər” medalı ilə təltif etmişdir. 1946-cı ilin martında Təbrizdə dövlət dram teatrı təşkil olunarkən o, direktor müavini vəzifəsində çalışmış, inqilabi ruhlu nəğmələri ilə çıxış etmişdir. Burada aşıqlar ansamblı yaratmışdır. Azərbaycan Demokrat Firqəsi və milli hökumət ona Xalq artisti fəxri adını vermişdir.
1946-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist işləmişdir. Sonra Qasım İsmayılov (indiki Goranboy) rayonunun Əzizbəyov (indiki Kəhrizli) kəndində yaşamışdır (1948-ci ildən). Ümumittifaq xalq yaradıcılıq evinin tədbirlərində dəfələrlə iştirak etmiş, Böyük teatrda çıxışı hərarətlə qarşılanmışdır. Respublika özfəaliyyət incəsənət festivalının laureatı olmuş, birinci dərəcəli diplom almışdır (1953).
Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə aşıqlar dəstəsinin bədii rəhbəri olmuşdur. “Şərəf nişanı” ordeni və fəxri mükafatlarla təltif edilmişdir.

Bayramlar və xüsusi günlər

14 noyabr Beynəlxalq Diabet Günüdür.
BMT-nin Baş Katibi Pan Ki-munun diabet günü münasibəti ilə dünya ictimaiyyətinə müraciətində deyilir ki, dünyada üç yüz əlli milyon insan diabetdən əziyyət çəkir – onların 80%-i inkişaf etməkdə olan ölkələrin payına düşür.
“Əhalinin yaşlanması və qeyri-sağlam həyat tərzi xəstəliyin hər il bir az daha artmasına səbəb olur. Diabet xəstəliyi vaxtında aşkarlanıb müalicə edilməzsə, sonradan sağlamlıqla bağlı ciddi narahatlıqlar yarada bilər. Hər il üç milyondan çox diabet xəstəsi ürəktutma, iflic və böyrək çatışmazlığı kimi problemlər səbəbindən dünyasını dəyişir”.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, diabetlə bağlı ölüm halları 2030-cu ilə qədər üçdə iki dəfə artacaq.
“Diabet inkişafa təsir göstərir. Yoxsul əhali qeyri-mütənasib şəkildə təhlükə ilə üz-üzə qalır və bu təsirə məruz qalmış ailələr daha çox yoxsullaşırlar. Diabet xəstəliyi milli səhiyyə sistemlərinə mənfi təsir göstərir və 2015-ci ilə qədər Minilliyin İnkişaf Məqsədləri, həmçinin aşağı və orta gəlirli ölkələrdə çətin qazanılmış inkişaf nailiyyətlərini itirmək qorxusu yaradır”.
Azərbaycanda 13 tibb müəssisəsində 400-dən artıq çarpayı diabetli xəstələrə xidmət göstərir. Statistikaya görə, son 8 ayda 52 tibb ocağında 48 mindən çox diabetli insan qeydiyyata götürülüb.
Ümumilikdə Azərbaycanda 163 mindən çox şəkərə tutulmuş insan var, onlar da 14 adda dərmanla pulsuz təmin olunur. Bununla yanaşı, qeyri hökumət təşkilatları dərmanlarla təchizatda problemlərin olduğunu bildirir.
Beynəlxalq Diabet Federasiyasının atlasında isə Azərbaycanda 400 min belə şəxsin olduğu bildirilir.
2003-cü il dekabrın 23-də Azərbaycan Milli Məclisi “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun qəbul edib. 7 iyun 2005-ci ildə hökumət “Şəkərli diabet üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” qərar qəbul edib.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!