Tarixdə bu gün
İlin sonuna 17 gün qalır.
İlin 348-ci günü (uzun illərdə 349-cu).
Doğum günləri:

1915— Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin və Azərbaycanın Xalq artisti, məşhur müğənni və aktyor Rəşid Behbudov Tiflisdə dünyaya gəlmişdir. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.
Zəngin bir yaradıcılıq yolu keçən Rəşid Behbudov 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır.
Rәşid Behbudov Hindistana səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazmışdır.
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

1924 —Məşhur hind kinoaktyoru, rejissor və ssenarist Rac Kapur Pişəvərdə (hazırda Pakistanın şimali-qərbində əyalət) aktyor Prithvirac Kapurun ailəsində anadan olmuşdur. O, kinoda (“Inquilab”) ilk rolunu 1935-ci ildə – 11 yaşı olarkən ifa etmişdir. 1948-ci ildə o, öz şəxsi studiyası olan “Rac Kapur films” şirkətini yaradır. Buna qədər isə bir neçə il “Bombey tokiz” studiyasında rejissor assistenti vəzifəsində çalışmışdı. Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi. Əvvəlki işlərindən olan “Avara” (1951) və “Cənab 420” (1955) filmlərində R. Kapur sadə, mehriban və cazibəli “kiçik insan” obrazını məharətlə yaradır. Rac Kapurun iştirakı ilə çəkilən filmlər hələ öz dövründə müvəffəqiyyətlə dünya ekranına çıxmışdı. Kapurun bacarığı sayəsində kino vasitəsilə cəmiyyətdə olan sosial ədalətsizliklərin sərt tənqidi mümkün oldu.
Rac Kapur öz müxtəlif filmlərində Hindistan ictimaiyyəti üçün ən önəmli məsələlərdən birinə – uşaq cinayətləri mövzusuna (“Ayaqqabı təmizləyənlər” (1954)); kasta bərabərsizliyi (“Bobbi” (1973) və s. mövzulara toxunurdu.
Rac Kapur 2 iyun 1988-ci ildə Hindistanın Yeni Dehli şəhərində, 64 yaşında vəfat etmişdir.
Rac Kapurun vəfatı bütün Hindistanı sarsıtdı və hər kəs bunu milli faciə kimi qəbul etdi.

1927 — Görkəmli elm və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü Xudu Surxay oğlu Məmmədov Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur.
1946- 1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Geologiya ixtisası üzrə təhsil almışdır. 1955-ci ildə X.Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında “Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə “Ksonolit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir.
Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır.
Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.
O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
1969-cu ildə Xudu Məmmədov doktorluq dissertasiyasını müdafiə etmiş, 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür.
1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
Yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında müstəsna xidmətləri var. Xudu Məmmədov “Şərəf nişanı” (1967), “Qırmızı Əmək Bayrağı” (1986) ordenləri, Azərbaycan SSR Ali Sovetinin “Fəxri fərmanı” və bir sıra medallarla təltif olunub.
Xudu Məmmədov 1976-cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür.O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.
Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat etmişdir.

1929 —Tanınmış ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan SSR Ali Sovetinin deputatı (19901991), Gürcüstanın Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, Dilarə Əkbər qızı Əliyeva Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub.
1954-cü ildə Gürcüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutunda “Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası” mövzusunda namizədlik dissertasiyasını işləmiş, müdafiə etmişdir.
Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olmuş, eyni zamanda bölmə müdiri kimi çalışmışdır. “Nizami və gürcü ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur. Hazırda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai birlik və Bakıda bir küçə onun adını daşıyır.
1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur.
Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir

1936– Tanınmış ssenari müəllifi və kino redaktoru Nadejda İsmayılova Bakı şəhərində anadan olub.
1962-ci ildə ADU-nun Filoloqiya fakültəsini, 1974 –cü ildə isə Ümumittifaq Kinematoqrafiya İnstitutunun (Moskva) Ssenari və kinoşunas fakültəsini bitirib.
1975-ci ildən 1984-cü ilə qədər “Azərbaycanfilm” kinostudiyasında Baş redaktor müavini vəzifəsində çalışıb.
1985-1987-ci illərdə AzTV nin “Azərtelefilm” YB-də işləyib. “Dalğa”, “Həftə plyus” “TV Kuryer” televiziya publistik proqramların müəllifi və aparıcısı olub.
Azərbaycanın Əməkdar jurnalisti fəxri adına Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülüb. Neçə müddət idi ki, ekrandan ayrılmışdı.

1956 – “Azərbaycan Bayrağı” ordenli döyüşçü baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olmuşdur.
Yasap kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfat Akadеmiyasının Aqronomiya Aqponomluq fakültəsini bitirib, Bərdə rayonunun bir sıra təsərrüfatlarında baş aqronom, idarə hеyyətinin sədri, mеşə kənd təsərrüfat idarəsinin müdiri vəzifələrində işləmişdir.
S.Zöhrabbəyov son iş yеrindən könüllü olaraq orduya yazılmış, Bərdə hərbi batalyonun qərargah rəisi olmuş, əsl qəhrəmanlıqlar gəstərmişdir.
Sərhəd Zöhrabbəyov 1992-ci ilin avqustun 24-də Dranbom uğrundakı vuruşmalarda şəhid olmuşdur. Məzarı Qusar rayonunun Yasab kəndindədir.
Birinci dərəcəli idmançı, cəsur döyüşçü Sərhədin həyat yoldaşı Еtibar xanım, oğlu Zöhrab, qızı Rеyhanə Bərdə şəhərində yaşayırlar.
Ölümündən sonra baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Azərbaycan Respublikasının Prezidentinin 1994-cü il tarixli əmri ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.
Bərdə və Qusar rayonlarında küçələrdən biri onun adını daşıyır.

1957 – Milli Qəhrəman Əliyar Yusif oğlu Əliyev Qubadlı rayonunun Qazyan kəndində anadan olub.
1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləmişdir. 1980-ci ildə hərbi xidmətə getmişdir. 1982-ci ildə ordudan tərxis olunduqdan sonra Saransk Dövlət Universitetində müəllım işləmişdir. 1983-cü ildə yenidən doğma yurda qayıtmışdır.
O, bir müddət rayon orta məktəbində müəllım işləmiş, “Məhsul” kənd Könüllü İdman Cəmiyyətində məşqçi olmuş, 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti Rayon Şurasının sədri seçilmişdir. O, respublikanın adlı-sanlı idmançılarından biri sayılırdı. Dəfələrlə klassik güləş üzrə respublika, ümumittifaq və beynəlxalq yarışlarda qalib gəlmişdi. Gənc pəhləvan, eyni zamanda, bir sıra mühüm yarışların hakimi və baş hakimi olmuşdu. Onun səkkiz yetirməsi respublika və SSRİ çempionu idi, bir nəfər isə Olimpiya yığma komandasında təmsil olunurdu.
Əliyar Əliyev respublikamızda gedən ictimai-siyasi hadisələrdə yaxından iştirak edirdi. O, rayonda Xalq Hərəkatına rəhbərlik edir, demokratik qüvvələrin birləşməsində yüksək təşkilatçılıq qabiliyyəti göstərirdi. Ermənistan ölkəmizə qarşı təcavüzə başlayanda cəbhəyə ilk könüllü gedənlərdən biri də Əliyar Əliyev olmuşdur. 1990-cı il ilin aprel ayında düşmənin Başarat kəndinə və mühüm strateji əhəmiyyəti olan ətraf yüksəkliklərə böyük qüvvə ilə hücum edəcəyi gözlənilirdi. Tabor komandiri düşmənin taktikasına yaxşı bələd idi. O, hücumun ya gecə yarıdan keçmiş, ya da səhər açılmamış başlayacağını təxmin etmişdi və zənnində yanılmamışdı. Dan yeri sökülməmiş, Topağac yüksəkliyi toplardan şiddətli atəşə tutuldu. Əliyar Əliyevin başçılıq etdiyi dəstə hücumu qətiyyətlə dəf edərək, düşmənə güclü əks-zərbə endirdi. Cəsur komandirin uzaqgörənliyi nəticəsində döyüş tam qələbə ilə başa çatdı. Düşmən xeyli canlı qüvvə və hərbi texnikasını itirərək, geri çəkılməyə məcbur oldu. 1992-ci il sentyabrın 30-da Əliyar Əliyevin komandirlik etdiyi tabor Laçın rayonunun ərazisini erməni işğalçılarından azad etmək üçün güclü hücum əməlıyyatına başladı. Qısa müddət ərzində düşmənin 30-dan artıq mövqeyi darmadağın edildi. Ağır itki verən erməni yaraqlıları vahimə içərisində geri çəkılməkdə, cəsarətli partizan dəstəsi isə irəliləməkdəydi. Artıq “Sussuz dağ”, “Suarası” yüksəklikləri geridə qalmışdı. Qarşıda isə görüləsi çox işlər var idi. Buna görə də komandir tələsir, bu zəfər yürüşünü davam etdirməyə can atırdı. Sonra Laçın rayonunun mərkəzində gedən döyüşlər… Onun adı bir əfsanəyə dönmüşdü. Hər yerdə onun rəşadətindən danışırdılar.
1992-ci il… Oktyabrın 3-ü… Şurumbaşı yüksəkliyi… Qanlı döyüşlər… Əliyar Əliyevin taboru “Tikanlı zəmi” deyilən dağa qədər irəliləmişdi. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdi. Lakin o, yüksəkliyə çata bilmədi, düşmən gülləsinə tuş gələrək şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 saylı fərmanı ilə mayor Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Qubadlı rayonunda abidəsi qoyulub. Yaratdığı tabor və Bakı şəhərindəkı küçələrdən biri onun adını daşıyır.
Qubadlı rayonunun Qazyan kəndində dəfn edilmişdir.
Vəfat etmişdir:

1894 — Görkəmli maarifçi, metodist, pedaqoq Aleksey Osipoviç Çernyayevski Tiflisdə vəfat etmişdir.
Aleksey Çernyayevski 1840-cı ildə Şamaxı yaxınlığında anadan olmuşdur. İlk təhsilini Şamaxı qəza məktəbində almışdır, daha sonra dörd il Şamaxı şəhər məktəbində oxumuşdur. Maddi sıxıntı ilə bağlı məktəbi tərk edib işə düzəlmək məcburiyyətində qalır. Məktəbi bitirmədən Aleksey Çernyayevski 16 yaşında poçta işə düzəlir və poçtalyon, 1864-cü ildən isə nəzarətçi işləyir.
1867-ci ildə o, Şamaxı qəza məktəbinin müəllimi vəzifəsinə keçirilir. 1869-cu ildə Aleksey Çernyayevskini Duşeti-Tianeti ikisinifli qapalı pansiona müdir təyin edirlər. 1870-ci ildə o, Tiflisdəki Nikolayev ibtidai məktəbinə müdir keçirilir. 1871-ci ildə Bakı xalq məktəbləri idarəsinə müdir müavini təyin olunur, lakin bu vəzifədə yalnız dörd ay çalışa bilir, onu Kuban vilayət xalq məktəbləri idarəsinə yenə də müdir müavini (1876-cı ildən müdir) vəzifəsinə təyin edirlər. Burada o səkkiz il çalışır. 1879-cu ildə Qori şəhərində Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsi yaradıldığı zaman həmin şöbənin müfəttişi vəzifəsinə dəvət alır. Demək olar ki, ömrünün ən yetkin çağını, on dörd il (1879-1893) həmin vəzifədə çalışır.
1893-cü ildə Azərbaycan şöbəsinin ikinci sinif şagirdi Səfərəli bəy Vəlibəyovun bacısı oğlu Süleyman Axundov tapança ilə özünü öldürmək istəmiş, lakin sağ qalmışdı. Bu qalmaqalla bağlı Çernyayevskini çox əziyyətə salır, təqsirli onu görürdülər.
Müxtəlif polis idarələrinə izahat və arayışlar yazmalı olan Çernyayevski yaxşı başa düşürdi ki, əsas məsələ seminariya direktorunun onun vəzifəsindən getməsi arzusudur. Beləliklə, 1893-cü ildə yorğunluğunu səbəb gətirərək o istefa ərizəsi yazır və Tiflisə köçür.
1894-cü ilin dekabrın 14-də 55 yaşında vəfat edir.
“Vətən dili”nin işıq üzü görməsi, Firidun bəy Köçərli (1863-1920), Rəşid bəy Əfəndiyev (1863-1942), Səfərəli bəy Vəlibəyov (1861-1902), Mahmud bəy Mahmudbəyov (1859-1923), Teymur bəy Bayraməlibəyov (1862-1937), Süleyman Sani Axundov (1875-1939), Cəlil Məmmədquluzadə (1866-1932), Nəriman Nərimanov (1870-1925) kimi ziyalı kadrların hazırlanması A.O.Çernyayevskinin adı ilə bağlıdır.
A.O.Çernyayevski “Vətən dili”nin I hissəsinin müəllifi, II hissəsinin isə Səfərəli bəy Vəlibəyov ilə birlikdə həmmüəllifidir.

2011 — Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndəsi, Xalq artisti Qədir Rüstəmov Türkiyədə vəfat etmişdir.
Qədir Rüstəmov 20 noyabr 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, burada xanəndə kimi yetişmişdir.
Əvvəlcə Azərbaycan Dövlət Musiqi məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri almış, sonradan Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşmışdır.
Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Onun ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

2015 – Azərbaycan Respublikasının Xalq artisti Azərbaycan SSR əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni bəstəkar Azər Rzayev 85 yaşında Bakı şəhərində vəfat etmişdir.
Azər Rzayev 15 iyul 1930-cu ildə Bakıda anadan olub. O, Azərbaycanın görkəmli opera müğənnisi Həqiqət Rzayevanın oğludur.
1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərmişdir.
Yaradıcılıq fəaliyyətində Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı və diplomantı, Azərbaycan gənclərinin I və II festivallarında həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görülüb.
Əsərləri arasında “Bakı-90” simfoniyası (1990), Skripka, viola və simfonik orkestr üçün ikili konsert (1990), Skripka və piano üçün sonatina (1990), Piano, skripka və violonçel triosu üçün Sonata (1991), Kamera orkestri üçün “Noktürn” (1993), Violonçel və orkestr üçün “Kantilena” (1994), Tar və kamera orkestri üçün “Düşüncə” və “Qaytağı” (1995), Simfonik orkestr üçün “Gənc ifaçılar marşı” (1997), Piano üçün 6 Prelüd (2000), 3 skripka və simfonik orkestr üçün konsert (2000) var. “Musiqi aləmində” silsilə televiziya və “Opera səhnəmizin ustaları” silsilə radio verilişlərin müəllifi və aparıcısı (1990 – 1993), dövri mətbuatda məqalələr müəllifləridir.
Bayramlar və xüsusi günlər

1986-cı ilin aprelin 26-da baş vermiş Çernobıl faciəsi zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.
Bu faciənin nəticələrinin aradan qaldırılmasına ümumilikdə 600 min nəfər cəlb edilib. Bu prosesdə Azərbaycandan 7 min nəfər iştirak edib. Çernobıl qəzasının aradan qaldırılması prosesində iştirak edən Azərbaycanlıların artıq 2 min nəfəri dünyasını dəyişib: onların demək olar ki, böyük əksəriyyəti 25-35 yaşlarında olub. Son illərdə bu insanlar arasında ölüm halları daha da artıb. Onlarda xüsusilə qan xəstəlikləri, xərçəng, qaraciyər sirrozu kimi xəstəliklər yaranıb.
Bu faciənin üstündən 36 il keçməsinə baxmayaraq, onun ağrı acıları unudulmayıb.İnsanlar istər hadisənin baş verdiyi 26 tarixini, istərsə də, 14 dekabr Ukraynada Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlərin yad olunması gününü anım günü kimi qeyd etməkdədirlər.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.