Tarixdə bu gün

İlin 364-cü günü (uzun illərdə 365-ci). İlin sonuna 1 gün qalır.

Mühüm hadisələr:

1898 — Gülhanə Hərbi Tibb Məktəbi açılıb.
1922 — Nəriman Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsi ZSFSR-dən 1-ci Sədri seçilib.
1989 — Gəncənin tarixi adı XX əsrdə ikinci dəfə bərpa olunub.


1999 — Türkiyə Apelyasiya məhkəməsi edam cəzasına məhkum edilmiş terrorçu Abdulla Öcalanın şikayətini rədd edib.

Doğum günləri:

1915 —   Kimya  elmləri doktoru, professor,  AMEA‐ın müxbir üzvü    Bilal Dadaşov    Şamaxı qəzasında (indiki Hacıqabul rayonu) Rəncbər kəndində anadan olmuşdur.
 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir.
Kimya üzrə fəlsəfə doktoru (1944) və elmlər doktoru (1957) elmi dərəcəsini, professor (1963) elmi adını almışdır. Azərbaycan SSR EA‐nın müxbir üzvü seçilmişdir (1980).
B.Dadaşov institutu bitirdikdən sonra Fiziki kimya kafedrasında işləmiş (1934‐1939), kafedranın aspirantı, assistenti olmuş, eyni zamanda, Tibb texnikumunda kimya dərsi demişdir (1939‐1944).
1945‐1950‐ci illərdə Azərbaycan EA‐nın Kimya İnstitutunun Kataliz laboratoriyasının müdiri və N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun assistenti və dosenti olmuşdur. Azərbaycan EA‐nın Qeyri‐Üzvi və Fiziki Kimya İnstitutunda Xüsusi yanacaq və yanma laboratoriyasının müdiri, sonra isə Neft‐Kimya Prosesləri İnstitutunda (NKPİ) laboratoriya rəhbəri (1957‐1963) vəzifəsində çalışmışdır.
Azərbaycan EA NKPİ‐nin laboratoriya və Heterogen kataliz şöbəsinin müdiri olmuşdur (1987‐1995).
B.Dadaşov elmi tədqiqat işlərini pedaqoji işlə uzlaşdıran alimlərdən biri idi.
B.Dadaşovun elmi tədqiqatlarının nəticələri 260 elmi əsərdə, o cümlədən 19 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapmışdır. B.Dadaşov 5 elmlər doktoru, 21 kimya üzrə fəlsəfə doktoru hazırlamışdır.
AMEA‐ın müxbir üzvü Bilal Dadaşov 2007‐ci ildə Bakıda vəfat etmişdir.

1926 — Məşhur muğam və opera müğənnisi, Xalq artisti Əbülfət Əsəd oğlu Əliyev Şuşada anadan olmuşdur.
Şuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı məkanlarında toplaşar və məclislər qurarmışlar. Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb.
Qarabağın el şənliklərində oxuduğu “Ay bülbüllər”, “Kimə yalvarım”, “Uca barıdan aşaram mən”, “Uca dağlar” mahnıları musiqisevərlərin ruhunu oxşayır. Qısa müddətdə gənc musiqiçinin səs-sorağı rayon hüdudlarını aşır, Bakıdan dəvətlər alır. O, radioda ilk dəfə “Şuşanın dağları” mahnısını ifa edir. Beləliklə, 19 yaşlı Əbülfət taleyini birdəfəlik Bakıya bağlayır. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur, o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. Görkəmli xanəndənin repertuarında “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti qəbul edilib.
1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxır. Ə.Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib.
Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda – İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.
27 dekabr 1990-cı ildə vəfat edib.

1930 —  Görkəmli tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru , professor Cəlal  Mehdi oğlu Abdullayev   Gürcüstanın Qarayazı (indiki Qaradabani) rayonunun Nəzərli kəndində anadan olmuşdur.
 Həmin rayonun Kosalı kənd orta məktəbini bitirdikdən sonra 1951-1956-ci illərdə Azərbaycan Dövlət
Universitetinin (BDU) Filologiya fakültəsində təhsil almışdır.
Cəlal Abdullayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Azərbaycan sovet ədəbiyyatı tarixi kafedrasında baş laborant kimi başlamışdır. O, aspiranturada təhsilini 1958-1961-ci illərdə almış və müəllim kimi fəaliyyət göstərmişdir. Daha sonra kafedra müdiri vəzifəsinədək yüksəlmişdir.
Abdullayev 1979-cu ildən ömrünün axırınadək Bakı Dövlət Univerisitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur.
Cəlal Abdullayev Azərbaycan ədəbiyyatında çağdaş ədəbi-nəzəri fikrin, ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafında əvəzsiz xidmətlər göstərib. Onun tədqiqatlarında Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Seyid Hüseyn və başqa klassiklərin elmi-nəzəri və ədəbi-bədii irsi bu və ya digər şəkildə araşdırmaya cəlb olunub. Səməd Vurğun aşiqi olan professor 1962-ci ildə “Səməd Vurğun və folklor” mövzusunda namizədlik işi, 1974-cü ildə isə “Səməd Vurğunun sənətkarlığı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Cəlal Abdullayevin “Səməd Vurğunun poetikası” , “Səməd Vurğunun sənət dünyası” monoqrafik tədqiqatları, çoxlu sayda məqalələri görkəmli şairin yaradıcılıq irsinin araşdırılmasına həsr edilib.
Cəlal Abdullayev 2010-cu il mayın 20-də Bakı şəhərində dünyasını dəyişmiş, Xırdalan qəbiristanlığında  dəfn edilmişdir.

1937— Azərbaycan müğənnisi (tenor), Xalq artisti Rauf Yusif oğlu Babayev Qərbi Azərbaycanda Leninakanda (Gümrü) anadan olmuşdur.
Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Zərb alətləri sinfində ali musiqi təhsili almışdır.
1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır.O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972–1987-ci illərdə “Qaya” dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən “Qaya” dövlət orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləmişdir.
Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır.
Rauf Babayev 27 mart 2020-ci ildə 82 yaşında vəfat etmiş və   İkinci fəxri xiyabanda dəfn olunmuşdur.

1954 —Azərbaycan Respublikasının Xalq artisti, aktrisa,   Prezident təqaüdçüsü Fatma Mahmudova Ağdam rayonunda anadan olub.
 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununu bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı aktrisalarından olan F.Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olmuşdur. “Dağılan Tifaq”da Sona xanım, “Fərhad və Şirin”də Məryyəm, “Solğun Çiçəklər”də Sara, “Qaçaq Nəbi”də Həcər, “Təhminə və Zaur”da Təhminə, “Qismət”də Ana və s. bu kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirmişdir. Aktrisa 1987-ci ildə “Pirverdinin Xoruzu” filmində Həlimə roluna çəkilmişdir.
Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan F. Mahmudova 1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlamalı olmuşdur. Burada teatrın repertuarında olan tamaşaların əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yarada bilmişdir.

1962 — Azərbaycan Respublikasının Xalq artiati Elşən Mansurov anadan olub.
E.Mansurov 1985-1990-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Ağacəbrayıl Abasəliyevin kamança sinfində təhsil almışdır.Təhsil aldığı illərdə Respublikada keçirilən müxtəlif müsabiqələrdə laureat olmuşdur.
1986-cı ildə Bakı şəhərində keçirilən Ü.Hacıbəyli adına I Beynəlxalq Müsabiqədə birinci yerə layiq görülmüşdür. 1986-cı ildən başlayaraq xanəndə Alim Qasımovla birlikdə çalışmışdır. O, dünyanın bir çox ölkələrində Azərbaycan muğamlarının təbliği ilə məşğul olmuşdur.
Bu ölkələrdən Amerika, Fransa, Almaniya, İngiltərə, Belçika, Hollandiya, İspaniya, Danimarka, İsveç, İsveçrə, Finlandiya, İtaliya, Braziliya, İran, Türkiyə, Mərakeş, Tunis, Rusiya və s. göstərmək olar. Dəfələrlə Moskvada keçirilən Azərbaycan Mədəniyyət Günlərində, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq layihələrdə, Dövlət tədbirlərində iştirak etmişdir. 2000-ci ildə uşaqlardan ibarət “Azəri” muğam qrupunu yaratmışdır. 2000-ci ildə Almaniyanın Hanover şəhərində “Expo -2000”-də çıxış etmişdir.
2002-ci ildən Hollandiyada fəaliyyət göstərən Ümumdünya “Atlas” ansamblının üzvüdür. 2004-2006-cı illərdə “Azəri” muğam qrupu ilə bir sıra Avropa dövlətlərində konsertlərlə çıxış etmiş, 2005-ci ildə xanəndə Nəzakət Teymurovanın “Xarı Bülbül” muğam qrupunun tərkibində Yaponiyanın Naqoya şəhərində “Expo-2005”-də iştirak etmişdir.
2006-cı ildən UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında “Əbədi muğam” layihəsində yaxından iştirak edir. UNESCO-nun Şirvanşahlar sarayında (Bakı, İçərişəhər) keçirilən muğam konsertlərinin və nəzərdə tutulan Azərbaycanın rayonlarında keçiriləcək muğamın təbliği layihəsinin koordinatorudur.

Vəfat etmişdir:

1944 — Sovet İttifaqı Qəhrəmanı, baş leytenant  Vladimir  Aleksandr oğlu Balandin (Balandin Vladimir Aleksandroviç) 21 yaşında  faşizmə qarşı  amansız  müharibədə  qəhrəmancasına həlak olmuşdur.
 Vladimir Balandin  17 mart 1923-cü ildə Bakı şəhərinin Suraxanı qəsəbəsində doğulmuşdur.
Milliyətcə rusdur.
1942-ci ildə hərbi təyyarəçilik məktəbini bitirmişdir.
Baş leytenant Vladimir Balandin Belarusiya və Litva Respublikaları uğrunda gedən döyüşlərdə 18 düşmən təyyarəsi vurmuşdur.
Litva Respublikasının Kapsukar şəhərində dəfn edilmişdir.
Vladimir Balandin 19 aprel 1945-ci ildə (ölümündən sonra) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
2 dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur.
 Suraxanı rayonunun  yaraşıqlı küçələrindən biri qəhrəmanın adını daşıyır.

1998 – Sovet İttifaqı Qəhrəmanı Abbas Şahbaz oğlu Quliyev 82 yaşında vəfat etmişdir.
Abbas   Quliyev 1916-cı il sentyabrın 15-də Naxçıvanın Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji texnikumunda təhsil almış, 1937-ci ildə təhsilini başa vuraraq Naxçıvana qayıtmışdır. O, teatr sənəti ilə maraqlanmış, özfəaliyyət dərnəklərinin iştirakçısı olmuşdur.
1941-ci ildə Sovet Ordusuna çağırılmış, Sumı topçuluq məktəbini bitirmişdir. Kapitan A.Ş.Quliyev Dneprdən Visla çayına qədər döyüş yolu keçmişdir. 1944-cü ilin avqustunda Polşa torpağında o, öz topçuları ilə birlikdə xüsusi tapşırığı yerinə yetirərək düşmənin diqqətini yayındırıb Visla çayının sağ sahilinə keçmiş, sonra isə üç gün ərzində faşistlərlə qeyri-bərabər döyüş aparmaqla sovet qoşunlarının maneəsiz çayı keçməsi  və düşməni darmadağın etməsinə şərait yaratmışdı.
1945-ci il fevralın 25-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. O vaxtlar “İzvestiya” qəzeti bu münasibətlə yazmışdı: “Naxçıvan teatrı A. Quliyevin şəxsində müvəqqəti də olsa səhnə xadimini itirsə də, Sovet Ordusu onun simasında bacarıqlı və fədakar zabit əldə etmişdi”.
Kapitan A.Quliyev müharibə qurtardıqdan sonra, 1945-ci ildə hərbi xidmətdən tərxis olunmuş və Naxçıvanda rəhbər vəzifələrdə işləmişdir.X

2017 — Görkəmli pianoçu, Xalq artisti Çingiz Hacı oğlu Sadıqov 88 yaşında vəfat etmişdir.
 Cingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur.
İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik Musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939-1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının Piano fakultəsində (X), 1951-1953-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır.
1953-1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971-1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981-1990-cı illərdə “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, 1973-1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və muəllimi, 1983-1986-cı illərdə Mədəniyyət və Turizm nazirinin məsləhətçisi, 1991-1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir.
2009-cu ildə oktyabrın 28-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!