Tarixdə bu gün
İlin 7-ci günü.
Mühüm hadisələr:
1929— “Tarzan” filmi nümayiş etdirilmişdir.

1992 – Birləşmiş Ştatların prezidenti Corc (ata) Buş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin tanınması barədə Bakıya məktub göndərib. Həmin vaxtadək Azərbaycanın müstəqilliyini dünyanın 50-dək dövləti tanımışdı.
1992-ci il fevralın 28-də Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında diplomatik münasibətlər quruldu.
Doğum günləri:

1907– Azərbaycanın tanınmış geoloqu, akademik Mirəli Qaşqay (1907-1977) Gəncədə anadan olmuşdur.
1930-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ADNSU) dağ-mədən fakültəsini bitirərək Dağ-mədən mühəndisliyi üzrə geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə “İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair” namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri “Azərbaycanın əsas və ultraəsas süxurları” adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Akademik M.S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir. Geokimyəvi tədqiqatlarının nəticələri ona “Azərbaycanın geokimyəvi xəritəsi”ni tərtib etməyə əsas vermişdir.
Görkəmli alim ömrünü Qafqazın geologiyasını və faydalı qazıntılarını öyrənməyə həsr etmişdir. M.Qaşqayın “Azərbaycan əsasi və ultrasəsi süxurları”, “Azərbaycan mineral suları”, “Daşkəsənin petrologiyası və metallogeniyası”, “Alunitlər, onların genezisi və istifadəsi” və s. fundamental əsərləri dünya elminə qiymətli töhfədir.
1977-ci il aprelin 23-də Bakıda vəfat etmişdir.

1927– Filologiya elmləri doktoru, professor Yavuz İbrahimxəlil oğlu Axundlu Ordubad rayonunda doğulub.
Naxçıvan Müəllimlər İnstitutunun Tarix-filolgiya (1947) və Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1952) bitirmişdir. Naxçıvan şəhər orta məktəblərində müəllim,dərs hissə müdiri və direktor işləmişdir (1952–1967). 1962-ci ildən Naxçıvan Dövlət Universitetində (ilk vaxtlar Azərbaycan Dövlət Pedoqoji İnstitutunun filialı, sonralar Naxçıvan Pedoqoji İnstitutu) çalışır. Filial direktorunun müavini (1967–1969), tədris və elmi işlər üzrə prorektor (1974–1979), Tarix-filologiya fakültəsinin dekanı (1986–1988) olmuşdur.
1970-ci ildən Ədəbiyyat kafedrasının müdiri işləmişdir. Azərbaycan ədəbiyyatında tarixi roman janrının inkişafına, nəzəri-estetik prinsiplərinə dair tədqiqatların müəllifidir. 1997-ci ildə Ankarada Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr edilmiş “İstiqlalın əzablı yolu” kitabı türk dilində çap olunmuşdur. Türkiyədə, Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq elmi konfranslarda məruzələr etmişdir.
15 avqust 2017-ci ildə vəfat etmişdir
Vəfat etmişdir:

1943 — Görkəmli dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Xosrov bəy Paşa bəy oğlu Sultanov 63 yaşında Türkiyədə vəfat etmişdir.
Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açmışdır. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili almışdır. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci höküməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutmuşdur. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olmuşdur.
Hazırda Bakı Metropolitenində baş mühəndis işləyən Soltan bəyin nəvəsi Elbrus Muradovun verdiyi müsahibədə Xosrov bəy Sultanovun gözünün birindən necə məhrum olması barədə xatirələrini bölüşüb.
Elbrus bəy bildirir ki, Xosrov bəy Odessa Tibb Universitetində Nəriman Nərimanovla tələbə yoldaşı olub. Tələbəlik dövründə küçədən keçərkən bir rus zabitin yoldan keçən qıza sataşdığını görən Xosrov bəy qızı müdafiə edir və bu da duellə nəticələnir. Birinci gülləni zabit atır və güllə bəyin gözünü zədələyir. Amma yaralı Xosrov bəy də zabiti öldürür. Sonradan məlum olur ki həmin qız Odessa Universitetinin rektorunun qızıdır. Həmin qızla evlənən Xosrov bəyin ondan Murad adlı bir oğlu olsa da, uşaq yaşlarında dünyasını dəyişib.
Xosrov bəy Sultanov 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunmuşdur. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır.
1920-ci ildə Qızıl Ordunun Azərbaycana daxil olduğu xəbərini eşidən Xosrov bəy Sultanov özünü Qarabağ İnqilabi Komitəsinin sədri elan edir və Sovet ordusunun gəlişini gözlədiyini Nəriman Nərimanova deyir. Nəriman Nərimanov isə onun yerinə Dadaş Bünyadzadəni təyin edir.
1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdan Xosrov bəy Sultanov Trabzonda məskunlaşmışdır.
Xosrov bəyin məzarıda İstanbulun Feriköy qəbiristanlığındadır.

1999 — Yazıçısı, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı Rafiq (Rəfiq) Zəka Cəfər Xəndan oğlu Fərzəli Hacıyev 59 yaşında vəfat etmişdir.
Rəfiq Zəka Xəndan 1939-cu il 16 iyunda Bakıda dünyaya gəlib. İlk şeir kitabı olan “Çağlayan” 1962-ci ildə nəşr olunmuşdur. “Axırı yaxşı olar” (1968), “Mənim əziz vəhşiciyim” (1970) musiqili komediyalarının mətnini yazıb. Şair həmçinin “Füzuli” və “Söyüdlər ağlamaz” operalarının mətnlərinin müəllifi olmuşdur.
R.Z.Xəndan heca və əruz vəznlərində əsərlər yazıb. Əsərlərinin mövzusu və qayəsini türkçülük, vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edib. 30-dan çox kitabı nəşr olunub.
Rəfiq Zəka şairlik fəaliyyəti ilə yanaşı Azərbaycan İncəsənət Akademiyasının professoru olaraq müəllim heyəti içərisində yer almış, estetikadan mühazirələr oxumuşdur.
Türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirib. Gözəl dramaturq olub, dünya klassik ədəbiyyatı nümunələrini tərcümə edib.
Tarixi gün və bayramlar:
Milad bayramı

Milad bayramı mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır. Hər il, əsasən 25 dekabrda İsanın doğulmasının qeyd edilməsi üçün keçirilir. Xristian təqviminin mərkəzində dayanan bu bayram advent və ya milad orucu ilə başlayır və Milad mövsümünü başladır ki, bu da Qərbdə on iki gün davam etməklə On ikinci gecə ayinləri ilə tamamlanır. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.