Tarixdə bu gün

İlin 26-cı günü.

Mühüm hadisələr.

1992 – Azərbaycan Milli Ordusunun Dağlıq Qarabağdakı ilk böyük əməliyyatı uğursuzluğa düçar olub. Müdafiə naziri Tacəddin Mehdiyevin rəhbərlik etdiyi batalyonun Şuşanın Daşaltı kəndində pusquya düşməsi nəticəsində 70-ə yaxın hərbçimiz həlak olmuşdu.

1995 — Azərbaycan Respublikası Xorvatiya ilə diplomatik əlaqələr qurdu. 2002 – ABŞ prezidenti Corc Buş 1992-ci ildən Azərbaycana qarşı tətbiq edilən qadağının – “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin qüvvəsinin dayandırılması barədə sənədi imzalayıb. 1992-ci ilin oktyabrında Konqresdəki erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana Amerika yardımlarını qadağan edirdi. Azərbaycan uzun müddət bu qadağanın ləğvinə çalışsa da, ABŞ administrasiyası yalnız 2001-ci sonunda, Əfqanıstandakı antiterror kampaniyasında Azərbaycanı özünə müttəfiq görəndən sonra 907-nin qüvvəsinin dayandırılması üçün praktik addımlar atdı.

Doğum günləri:

1863 – Maarifçi alim, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərli Şuşada anadan olub. Firudin bəy 1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olmuşdur. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminariyasına tələbə toplamaq məqsədi ilə bu məktəbə gəlir və bu yolla Firidun bəy öz taleyini seminariya ilə bağlamış olur. 1879-1885-ci illər ərzində o, burada təhsil alır və seminariyanı bitirdikdən sonra İrəvan gimnaziyasına təyinat alır. 1885–1890-cı illərdə İrəvan    gimnaziyasında ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdı. F.Köçərli İrəvanı 1895-ci ildə tərk etmişdir. Şərəfli fəaliyyətini   davam etdirməkdə olan  F.b.Köçərli 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin olunur, 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər seminariyasının müdiri işləmişdir. Firidun bəy Köçərli Gəncə üsyanı yatırıldıqdan sonra XI Ordunun Xüsusi şöbəsi tərəfindən 1920-ci ildə  əlli səkkiz yaşında güllələnərək  həyatına son qoyulur. “Vətən dilinin” I hissəsinin (VII nəşr) yenidən işlənilməsində Firidun bəy Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını dəyiş dirərək zənginləşdirmişdir. Köçərlinin “Darı və buğda” əsəri “Vətən dilinə” salınmışdır.  

1932 —Yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Əzizə Yəhya qızı Əhmədova (Əzizə Türkan) Bakıda doğulmuşdur. İlk təhsilini doğma şəhərdə alan Əzizə Əhmədova əvvəlcə pedaqoji texnikumu bitirdi. Amma yaradıcılığa olan marağı onu Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsində təhsil almağa sövq  edirdi. Buranı bitirdikdən sonra “Uşaq və gənclər” nəşriyyatında əmək fəaliyyətinə başladı. Elə ədəbi yaradıcılığı da o illərdə çiçəkləndi. İlk hekayəsi “Qorxmazın səhvi” adlanırdı. 1957-ci ildə “Pioner” jurnalında dərc edilən bu bədii yazının qədəmi düşərli oldu. Əzizə son dərəcə məhsuldar işləyirdi. Hekayələri, pyesləri ilə yanaşı, tərcümələri də müntəzəm olaraq oxuculara çatdırılırdı. Az sonra Azərbaycan ensiklopediyasından işləməyə başlayan Əzizə Əhmədova daha sonra burada böyük redaktor vəzifəsində çalışdı .1967-ci ildə isə “Gənclik” nəşriyyatına direktor təyin edildi. Əzizə xanımın əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilirdi. Bir müəllif kimi onlarla kitabı dərc olunmuşdu.Əzizə Əhmədovanın əsərləri 30, 40, 50 min tirajla çap edilirdi bunlardan “Xınalı qayalar”, “Yaz qarı”, “Onu çiçəklər sevdi”, “Bu ellərə vurulmuşam”, “Bir ürək sındırmışam”, “Çiçəklərim” və digərlərinin adlarını sadalamaq olar.

1933 — Xalq artisti,  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar   Musa Abdulla oğlu Mirzəyev 1933-cü il yanvarın 26-da anadan olmuşdur. 1947-1951 -ci illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumunda  oxuduğu illərdə professor Boris Zeydman ilk bəstəkarlıq dərsləri almışdır. 1952-1958-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində təhsil almış və peşəkarlığını daha üst səviyyəyə inkişaf etdirməyə başlamışdır. Əsərlərinin böyük əksəriyyəti   görkəmli musiqi kollektivləri –  Ümumittifaq Televiziyası və Radiosunun Simfonik Orkestri, Moskva Filarmoniyasının Simfonik Orkestri, Krım Dövlət Filarmoniyasının Simfonik Orkestri tərəfindən ifa edilmişdir. Bəstəkarın vaxtaşırı Rusiyanın, habelə Türkiyənin müxtəlif şəhərlərində keçirilən kamera musiqisindən ibarət müəllif konsertləri dinləyicilərdə böyük rəğbət doğurur. Musa Mirzəyev həmçinin Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin yeni musiqi redaktəsini hazırlamış və əsər 1999-cu ildə məhz bu redaktədə tamaşaya qoyulmuşdur. Musa Mirzəyevin ictimai musiqi xadimi kimi fəaliyyəti də çox önəmlidir. O, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışaraq təcrübəli musiqi təbliğatçısı və gözəl təşkilatçı kimi respublikanın musiqi həyatında böyük xidmətlər göstərmişdir. Musa Mirzəyev 2016-cı  ildə Bakıda insultdan vəfat etmişdir.

Vəfat etmişdir:

1945 – Sovet İttifaqı Qəhrəmanı Məmiş  Şahbaz oğlu Abdullayev faşizminə qarşı döyüşlərdə qəhrəmancaına həlak olmuşdur. Məmiş Abdullayev 1923-cü ildə Kürdəmir rayonunun Muradxan kəndində dünyaya göz açmış, orta məktəbi qurtardıqdan sonra 1943-cü ilin iyununda hərbi xidmətə səfərbər edilmişdir.  Döyüş yolu I Belarus cəbhəsində  başlamış,  48-ci ordu tərkibində 339-cu atıcı alayda pulemyotçu olmuşdur. Serjant Məmiş Abdullayev 1944-cu ilin sentyabrının əvvəlində Polşa ərazisində düşmənə qarşı aparılan döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş və döyüşən hərbi hissənin hücumunu təmin etmişdir. O, faşistlərin tutduqları mövqelərin darmadağın edilməsində, Polşanın Rınesk Ostrov və Narov kəndlərinin azad olunmasında xüsusi fəallıq nümayiş etdirmişdir.  Qəhrəman  həmyerlimiz 1945-ci ildə döyüş meydanında şəhid olmuşdur. 1945-ci ilin 24 martında ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.

 

1948 — Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general, “Alçıtəpə Qəhrəmanıkimi tanınan  Musa Kazım Qarabəkir 65 yaşında vəfat etmişdir. Kazım 1882-ci ildə Mehməd Əmin Paşa və Hacı Həvva xanımın ailəsində dünyaya gəlmişdir. Onun ata tərəfdən kökləri oğuz türklərinin Əfşar boyuna gedib çıxır. Kazım Qarabəkir Paşanın həyatı və mücadiləsi Osmanlı və Türkiyə Cümhuriyyəti tarixinin ən önəmli səhifələrini əhatə edir. Onun adı Qurtuluş savaşının bayraqdarı Mustafa Kamal Atatürklə qoşa çəkilir. Bu böyük şəxsiyyət yalnız bacarıqlı bir sərkərdə, qalib komandan deyil, həm də dövrünün qabaqcıl ziyalısı, maarifçisi, xeyriyyəçisi idi. Kazım Qarabəkir Paşa düşməndən azad etdiyi Türk torpaqlarında həm də yerli əhalinin maariflənməsinin qeydinə qalır, məktəblər açır, bu məktəblər üçün dərsliklər yazırdı. O, müharibələrdə yetim qalmış türk çocuklarını övladlıga götürərək bu uşaqları himayə edirdi. Qurtuluş savaşının sonunda Paşanın artıq 6 minə yaxın övladlıga götürdüyü bu cür uşaqlar vardı. Qızı Timsal xanım Qarabəkir atası ilə baglı söhbətlərinin birində deyir:”Atama qəhrəmansan deyəndə etiraz edib deyərmiş ki, qəhrəmanlıq vəzifə bitdikdən sonra başlayar, biz sadəcə vəzifəmizi yerinə yetirdik. Həmçinin deyərmiş ki çox ugurlarım oldu amma məni ən çox xoşbəxt edən Sarıqamışı bir uşaq qəsəbəsi halına gətirib, o qədər uşaga himayədarlıq etməyim oldu”. ”Alçıtəpə qəhrəmanı” və ya “Yetimlər atası” ləqəbi ilə tarixə düşən Kazım Qarabəkir Paşa Qurtuluş savaşının bitməsindən sonra 1924-cü ildə Tərəqqipərvər Cümhuriyyət Partiyasını yaradır. Lakin Paşanın siyasi fəaliyyəti ugurlu olmur. Türkiyə hökuməti bu partiyanı qanundankənar elan edir. 1926-cı ildə Atatürkə qarşı sui-qəsddə iştirak ittihamı ilə məhkəmə qarşısına çıxır və bəraət alir.1927-ci ildən istefaya çıxan Qarabəkir Paşa 1938-ci ilədək canından artiq sevdiyi məmləkətinin ictimai həyatından kənarda qalır. Ancaq bu illər ərzində də Qarabəkir Paşa vaxtını boş keçirmir,kitablar yazır,marşlar bəstələyir. 1938-ci ildə İstanbuldan Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ildən həyatının sonuna qədər isə Məclis başqanı olur. Mustafa Kamal Atatürk onun haqqinda deyib:” Qarabəkir Paşa qayət zəki, üstün əxlakli, namuslu,fevkaladə iyi huylu, tədbirli bir adamdır” Kazım Qarabəkir Paşa yalnız Anadolu ellərində deyil, bütün Türk dünyasında hörmətlə anılan qəhrəmandır. Azərbaycanda, xüsusilə Naxçıvan torpagında xilaskar sərkərdə kimi xatırlanır. XX əsrin əvvəllərində erməni daşnak qüvvələri tərəfindən azərbaycanın ayrı-ayrı bölgələri işgal edilir,yerli əhaliyə qarşı böyük qırgınlar törədilirdi. Bu zaman qədim türk yurdu Naxçıvanın vəziyyəti daha acınacaqlı idi. Azərbaycanın əsas ərazisindən ayrı düşmüş bölgədə təkcə 1918-21- ci illərdə törədilən soyqırım nəticəsində yüzlərlə kənd dagıdılmış, yandırılmış, 75 minə yaxın dinc əhali qətlə yetirilmişdi. “Naxçıvan türk qapısıdır. Bu xüsusu diqqətə alaraq onun mövcudiyyətini qorumaq üçün əlinizdən gələni yapınız!” Atatürkün Naxçıvan üçün söylədiyi bu sözlər indi hər bir naxçıvanlının qəlbində yaşayır, sonsuz ehtiram və məhəbbət duygusu ilə xatırlanır. Bunun ardınca Kazım Qarabəkir Paşa ordusu ilə Naxçıvana yardıma gəlir. Naxçıvanlı müəllim, dəyərli tədqiqatçı və alimimiz, o günlərin çanlı şahidi Lətif Hüseynzadə xatirələrində deyır:” 3 günlük vuruşmadan sonra Şanlı türk ordusu Naxşıvana daxil oldu.Kazım Qarabəkir Paşanı yerli əhali böyük ruh yüksəkliyi ilə qarşıladı. Şəhərdə bayram tədbirləri başladı. Türk bayragının qaldırılması münasibəti ilə təşkil olunmuş izdihamda çıxış edənlərin hər biri xilaskar türk ordusuna sonsuz sevgilərini çatdırırdılar. Kazım Qarabəkir Paşa Naxçıvanda tez bir zamanda nizami ordu yaradılması işinə başlayır. Bu baxımdan Qarabəkir Paşanın adını daşıyan Naxşıvan Rüşdiyyə məktəbinin ordu quruculugunda xüsusi yeri vardır. O illərdə bu məktəbin şagirdi olan Lətif Hüseynzadə xatirələrində yazır: ”Paşa bir gün məktəbimizə gəldi. Onu hərbi vəziyyətdə qarşıladıq və salamladıq. O bizə marş öyrətdi. Marşın sözləri beləydi:
“Ya istiqlal, ya ölüm
Vətənim, millətim, sancagım, evim
İstiqlalım yoxsa cahanda
Yoxdur yerim!”

Kazım Qarabəkir Paşa Naxçıvanda oldugu zaman görkəmli Azərbaycan şairi Hüseyn Cavidlə birgə bölgənin maarif və mədəniyyətinin inkişafına böyük səy göstərir. Naxçıvan teatrının inkişafında yaxından iştirak edir. Namiq Kamalın “Vətən və ya silistrə” tamaşasına rejissorluq edərək hətta səhnə tərtibatını da özü verir. Naxçıvanda türk klassik yazarları- Namiq Kamalın, Tofiq Fikrətin, Xalidə Ədibin, Əbdülhəq Hamidin, Yəhya Kamalın və digər türk klassiklərinin əsərləri toplanmış böyük, milli bir kitabxana yaradır. Birinci Cahan Savaşında məglub tərəf olan Osmanlı İmperiyası Mudros barışıq sazişini imzalamaga məcbur olur. Sazişin 11-ci bəndinə əsasən Azərbaycan İngiltərənin nüfüz dairəsinə verilir, bütün yollar və neft mənbələri ingilislərin ixtiyarına keçirdi. İngiltərə hökumətinin diktəsi ilə hazırlanmış bu müqavilənin şərtinə görə Kazım Qarabəkir Paşanın 1-ci Qafqaz Kolordusu ləgv edilir, qəhrəman Paşa Naxçıvan torpagını tərk etməli olur. Naxçıvandan gedərkən o, “Harda oluramsa olum, Naxçıvanı köməksiz,arxasız qoymuyacagam. Var qüvvəmlə onu müdafiə edəcək, daşnaklara verməyəcəyəm”-demişdi. Sonrakı hadisələr Qarabəkir Paşanın həqiqətən bu torpagı unutmadıgını sübut etdi. 105 il yaşamış alim Lətif Hüseynzadə o günü belə xatırlıyır:” Kazım Qarabəkir Paşa 1918-ci il oktyabr ayının 31-də Naxçıvanı tərk edərkən bu torpagın xilası ugrunda şəhid olmuş Türk əsgərinin məzarı üstünə gəldi, məzar önündə baş əydi və belə bir şer parçası söylədi:

Yavrum bən gediyorum,sən rahat uyu bu toprakda,
Türk yurdudur,ana yurddur bu toprak da
Al kanından qızıl lalə, əlvan güllər bitəcəkdir bu toprakda!

Naxşıvandan ayrılarkən bu torpaga qılncı və qələmi ilə xidmət etmiş Kazım Qarabəkirin əlyazması şəklində Hüseyn Cavidə hədiyyə etdiyi “öyüdlərim” kitabı uzun müddət orta məktəblərdə dərs vəsaiti kimi istifadə edilmişdi. 1918-ci il noyabr ayının 3-də Kazım Qarabəkir Paşanın məsləhəti və köməyi ilə Naxçıvanda Araz-Türk Respublikası qurulur. Bu il 100 illiyini qeyd edəcəyimiz bu respublika çox az yaşasa da erməni quldur dəstələri tərəfindən Naxçıvanın işgalının qarşısını aldı. 1921-ci ilin fevralinda başlayan Moskva danişiqlarında bu quruma əsaslanaraq yerli əhalinin erməni idarəçiliyini qəbul etmədiyi göstərilirdi. Zaman-zaman öz işgalçı planlarını həyata keçirən ermənilər 1919-cu ilin aprelində yenidən Naxçıvanın Şərur bölgəsini işgal edirlər. İngiltərə hökumətinin dəstəyi ilə Naxçıvanda erməni idarəsi qurmaq planlaşdırılır. 1919-cu ilin may ayının 24-də isə 6 min nəfərlik qoşunla Naxçıvanı işgal edirlər. Bu zaman Anadolu ellərində ermənilərə, yunanlara, ingilislərə qarşı savaşda olmasına baxmayaraq Kazım Qarabəkir Paşa yenə də Naxçıvanı tək qoymur. Agrıdag tərəfdən yardım üçün Naxçıvana 2 min nəfərlik əsgər göndərir.Elə ilk günlərdən xeyli itki verən ermənilər geri çəkilməyə məcbur olurlar. 1921-ci ilin oktyabr ayının 13-də 5 dövlətin- Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və Rüsiyanın iştirakı ilə Qars müqaviləsi imzalanir. Naxçıvanın siyasi statusu müəyyən edilən müqavilənin altinda Türkiyə tərəfdən Kazım Qarabəkir Paşanın imzası vardir. Qars müqaviləsinə əsasən Türkiyə hökuməti Naxçıvanın Azərbaycanın tərkibində Muxtar Respublika kimi təhlükəsizliyinə və yaşamasına təminat almiş oldu . Bu müqaviləylə Türkiyə ilə Naxçıvan arasında 11 kilomertrlik sərhəd xəttinin təsbit edilməsi bu bölgə üçün çox mühüm əhəmiyyət daşiyirdi. Əsrin sonlarına dogru 1990-cı ilin qanlı yanvar günlərində Azərbaycanın baş şəhəri Bakıda rus qoşunları qırgın törətdiyi günlərdə erməni daşnakları yenə Naxçıvana hücumlara başladılar. O zaman Naxçıvan rəhbərliyi Qars müqaviləsinə əsaslanaraq qardaş Türkiyə Respublikasından kömək istədi və Türkün Turana açılan qapısı Naxçıvan erməni işgalından qorundu. Bu gün Naxçıvanda hər kəsin sevdiyi və tanıdıgı Kazım Qarabəkir Paşanın adini daşıyan yaraşıqlı, əzəmətli came ucalır. Xilaskar sərkərdənin şəninə şerlər, nəgmələr qoşulur. Qədim türk yurdu Naxçıvanı silahı və qələmi ilə qorumuş Paşanın bu torpaqda əbədi yaşamaq haqqı vardır.

1976 — Sovet İttifaqı Qəhrəmanı Mehdi Nadir oğlu Quliyev vəfat etmişdir. Mehdi Quliyev 5 may 1923-cü ildə Gədəbəy rayonunun Heriknaz kəndində anadan olub. M. Quliyev 1942-ci ildə İkinci Dünya müharibəsi başlayanda orduya səfərbər edilib. Pulemyotçular dəstəsinin komandiri qvardiya serjantı M. Quliyev 1943-cü ilin 27 mayında 15-ci qvardiyaçı alayın tərkibində Krasnodar vilayətinin Krım rayonunun Qorişnı kəndi ətrafındakı döyüşlərdə düşmənin 10-a yaxın əks hücumunu dəfn edərək onun 150-dən çox əskər zabitini, iki dəzgah pulemyotunu məhv etmişdir. Kerç yarımadasında Kırımın azad edilməsində igidlik göstərdiyinə görə 17 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra milis polkovniki rütbəsinə qədər yüksəlmiş və uzun illər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Müəssisədənkənar Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2-ci dərəcəli Vətən müharibəsi, 2 Qırmızı Ulduz ordenləri və medallarla təltif olunmuşdur.

2006 – Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev vəfat edib. İslam Tapdıq oğlu Rzayev 11.11.1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində Azərbaycan mədəniyyətini uğurla təmsil edib. Böyük məharətlə oxuduğu “Çahargah”, “Bayatı-Kürd”, “Mahu-Hindi”, “Rast” muğam dəsgahları AzTV-nin fonuduna daxil edilmiş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi. Bir sıra mahnılar da bəstələmiş, onlardan “Gəl inad etmə”, “Dağlar başı”, “Almadərən” mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun “Nəsimi”, “Aşıq Alı” və s. kantatalarında solo partiyanı ifa etmişdir. Müğam Teatrının yaradıcılarından biri və 20 ilə yaxın bədii rəhbəri olub. 100-dən çox ifaçı yetişdirib. Musiqimizin inkişafındakı xidmətlərinə görə, “Şöhrət” ordeni ilə təltif olunub.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!