Tarixdə bu gün
İlin 85-ci (uzun illərdə 86-cı) günü.
Doğum günləri:

1893 — Məşhur müğənni (mezzo-soprano), Xalq artisti Fatma Səttar qızı Muxtarova Cənubi Azərbaycanın Urmiya şəhərində dünyaya göz açıb. O, kiçik yaşlarında olarkən ailəsi Rusiyaya köçərək Rostovda, bir neçə il sonra Sankt-Peterburqda məskunlaşırlar. Lakin ailə ağır məhrumiyyətlərlə üzləşir – Fatma atasını itirir. Peterburqda heç bir yaxın qohumu və simsarı olmayan ailə çətin duruma düşür
. Gözəl və şirin səsli, rus dilində sərbəst danışmağı bacaran qızcığaz qürbət eldə bir parça çörək üçün ağır zəhmətlərə qatlaşır. Əvvəlcə şarmanka çalıb-oxuyur, sonralar ifaçılığını qarmonun müşayiəti ilə davam etdirir. Amma həyat heç də həmişə insana boz üzünü göstərmir. “Katya” təxəllüsü ilə tanınan Fatma çox keçmir rus meydan teatrının təmsilçilərinə qoşulur. Günlərin birində yeniyetmə yaşına qədəm basan Fatma xalq teatrı truppasının tərkibində Saratova gəlir. İstedadlı müğənnini təsadüfən “Saratovskiye vedomosti” qəzetinin redaktoru A.Arxangelski də dinləyir. Bu qarabəniz, gözləri nur saçan qızın məlahətli, ecazkar ifasına heyran olur. O, elə həmin gün bu barədə Saratov Konservatoriyasının professoru M.Medvedyevə danışır. Bu iki ziyalının xeyirxahlığı sayəsində o daha ciddi sənət aləminə qovuşur.
Rusiyada vətəndaş müharibəsi illərində Fatma Muxtarova təbliğat-konsert briqadalarının tərkibində çıxış etməyə başlayır. Qırmızı ordunun döyüş bölgələrində konsertlər verir. 1920-ci ildən başlayaraq Kazan, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və Tiflis opera teatrlarında səhnəyə çıxır. Avropa və rus klassik sənətkarlarının əsərlərinin füsunkar ifaçısı kimi şöhrət tapır.
Tiflis opera teatrının səhnəsində qazandığı nailiyyətlərə, milli opera sənətimizin inkişafındakı böyük xidmətlərinə görə vokal ustası 1936-cı ildə Gürcüstanın Əməkdar artisti, 1940-cı ildə isə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülür.
Korifey sənətkar Fatma xanım Muxtarova 1972-ci il, oktyabrın 19-da vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub..

1902 — Azərbaycanın Əməkdar artisti , müğənni Yavər Abbas qızı Kələntərli Şamaxıda anadan olmuşdur.
O, muğam, təsnif və Azərbaycan xalq mahnılarının mahir ifaçısıdır. 1932–1937-ci illərdə Azərbaycan radiosununun və 1937–1941, 1945–1951-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Leyli, Leylinin anası (“Leyli və Məcnun”, Üzeyir Hacıbəyov), Əsli (“Əsli və Kərəm”, Üzeyir Hacıbəyov), Ərəbzəngi (“Şah İsmayıl”, Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir.
Yavər Kələntərlinin qızlıq soyadı Zamanova olmuşdur.
Xudaverdi Kələntərli ilə evlənmişdir.
Şair Abbas Səhhət Yavərin doğma bibisi oğlu idi.
5 fevral 1979 -cu ildə 76 yaşında vəfat etmişdir.
1910 — Azərbaycanın görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli (“Ölülər”), ikinci bələdiyyə (“Hücum”) kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.
Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.
Teatrda Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”), Heydərbəy (“1905-ci ildə”), Fərhad (“Fərhad və Şirin”) və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz – Vaqif (“Vaqif”) və Otello (“Otello”) yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən “Varislər” filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi (“Böyük dayaq”), Fətəli xan (“Fətəli xan”) kimi yaddaqalan rollarda oynayıb. “Lətif”, “Almaz”, “Kəndlilər”, “Leyli və Məcnun”, “Uzaq sahillərdə” filmlərində rollar alıb. 1961-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb.
31 yanvar 1963-cü ildə vəfat edib.

1910— Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhman Şəkidə ( keçmiş Nuxa rayonu) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə “Molla Nəsrəddin” jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi – “Pozğun” 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.
Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur “Arşın mal alan” və “O olmasın, bu olsun”, “Koroğlu”, “Əhməd haradadır?” filmlərinin, “Ulduz” musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.
Bu gün Şəki Dram Teatrı S.Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.
Hekayələri:
“Şirin bülbül”, “Qudurğan”, “Mir Qasımın macəraları”, “Kölgələr”, “Mirzəkələntər”, “Xəyal plov”, “Nikolay taxtdan düşdü”, “Qohumlar”.
Povestləri: “Vəfasız”, “Son faciə”.
Pyesləri: “Toy”, “Xoşbəxtlər”, “Aşnalar”, “Aydınlıq”, “Əliqulu evlənir”, “Yalan” və s.
Romanı: “Nina”.
Vəfat etmişdir:

1918 — Azərbaycanlı zadəgan, milyonçu və xeyriyyəçi Aga Yusif Hacı Hacı ağa oğlu Dadaşov 48 yaşında vəfat etmişdir.
Aga Dadaşov 18 mart 1870-ci ildə əsilzadə ailəsində doğulmuşdur.
Stokholm Universitetini (İsveç) əla qiymətlərlə bitirmiş, rus, fransız və digər Avropa dillərini mükəmməl öyrənmişdi, 12 dil bilirmiş, poliqlot idi.. Çar Rusiyasında həqiqi mülki müşavir rütbəsində olmuşdur. Ölkə xaricindəki fəaliyyətinə və xeyriyyə işlərinə görə Rusiyanın “Müqəddəs Anna”, “Müqəddəs Stanislav”, 2 dəfə İranın “Şiri-Xurşid”, Buxara əmirliyinin “Buxarayi-şərif‖ ordenləri və bir çox medallarla təltif edilmiş, Dadaşov Rusiyanın “fəxri vətəndaşı” titulunu almışdır. Yeri gelmishken, Aga Yusif Dadashov Romanovlar sulalesinin 300 illiyi ile elaqedar Chari təbrik etmək üşün Azərbaycandan Peterburqa Bakı Dumasından dəvət almış yeganə qlasnı olub. Onun gəmiçilik ticarətindən əldə etdiyi gəlirin əksəriyyəti xalqın maariflənməsinə (Qori Müəllimlər Seminariyası və “Qız məktəbi”nə) sərf edilirdi. Bakı-Batum neft kəmərinin çəkilməsinə, Bakı Duması binasının inşasına xeyli vəsait sərf edən Dadaşov Maksim Qorkinin, D.İ. Mendeleyevin, neft geologiyası mütəxəssisi İ.M.Qubkinin Bakıya səfərlərini maliyyələşdirmişdi. Bakida müsəlmanların savadlanması istiqamətində yaradəımış “Nəşrül-Maarif” xeyriyyə cəmiyyətinin 5 fəxri uzvüdən biri də Hacı Hacıaga Dadaşovun oglu Aga Yusif idi. Azərbaycanın maddi mədəniyyət abidələrinin qorunub saxlanmasında yaxından iştirak edən Dadaşov Bibiheybət məscidini bərpa etdirmiş, həmçinin Buxara əmirinin Moskvada tikdirdiyi məscidə qırxçıraqlı qəndil və qiymətli xalılar bağışlamışdı.
Azərbaycanda Milli Hökumətin yaradılmasına, “Müsavat” partiyasının geniş fəaliyyət göstərməsinə maddi yardım edən Dadaşov 1918 ildə Bakıda Mart soyqırımı zamanı dəstəsi ilə birgə ermənilərə qarşı silahlı mübarizə aparmışdır. Rus qoşunları Bakını əhatə etdiyindən, şəhərdə xüsusi vəziyyət yaranmışdı. 1918-ci il martında Ağa Yusif bəy vəziyyətin nə ilə nəticələnəcəyini duyaraq, Bakıya çoxlu silah gətirtdirir və xalqı silahlandırır. O bu işə bütün ətrafını səfərbər edir. Yalnız yüksək rütbəli general gizli, həm də yoxlanılmadan nə isə edə bilərdi. Bu səbəbdən Ağa Yusif bəy hər yana özü gedər, kisələrlə qızıl xərcləyib Bakının müdafiəsinə qalxarmış. Onu məhv etmək üçün çox pusqular qururlar. Hətta bir dəfə güllə onun düz ürəyinə tuşlanır, amma döşündə gəzdirdiyi “Quran” onu qoruyur. Silah ardınca Rusiyaya göndərdiyi növbəti gəmiləri mart ayının 26-si qarşılamağa gedən Dadaşov silahları arabalara yüklətdirib geri qayıdarkən, sayca dəfələrlə çox olan bolşevik-erməni quldur basçısı olan daşnak S.Lalayanın quldur dəstəsi ilə qarşılaşmışdır. S.Lalayan ona qılıncının altından keçməyi təklif edərkən, Dadaşov “Mən türkəm. “Türk ölər, ancaq erməni dığasının qılıncının altından keçməz” cavabını vermişdir. Mən Vətənimin, xalqımın yolunda, öldürməyə və ölməyə hazıram”. Qeyri-bərabər döyüşdə Dadaşov erməniləri burada yubadaraq, silahların daşnaklara yox, əliyalın döyüşən azərbaycanlılara çatmasına nail olmuşdur. Hiddətlənən daşnaklar onu işgəncə ilə öldürmüşlər. Ölümündən sonra ermənilər onun üzəri brilyant, zümrüd və yaqutla bəzədilmiş, yaxasından orden və medallar asılmış mundirini ələ keçirmişlər. Qəbri indiyədək aşkar edilməmişdir.
Beş gün də ötəcək və martın 31-də daha böyük bir qırğın yaşanacaqdı.

1944 — Sovet İttifaqı Qəhrəmanı Əmi Ağa oğlu Məmmədov faşızmə qarşı mübarizədə qəhrənmancasına həlak olmuşdur.
Əmi Məmmədov 1922-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Suraxanı RHK-dan orduya çağırılmışdır.
Əmi Məmmədov ilk dəfə Suxumi ətrafında vuruşmaya girmiş və orada kəşfiyyatçı keyfiyyətlərinə malik olduğunu göstərmişdir. Nikolayevdə desant əməliyyatı keçirilməzdən əvvəl o, artıq təcrübəli döyüşçü idi. Daha sonrakı Novorossiysk və Taqanroq desant əməliyyatlarında, həmçinin Kerç, Mariupol, Feodosiya uğrunda döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralanmış, döyüş ordenlərinə və medallarına layiq görülmüşdür.
1944-cü ilin martında Nikolayevdə desantçıların faşistlərlə qeyri-bərabər döyüşündə həlak olmuş 67 nəfərin 4-ü bakılı idi: Əmi Ağa oğlu Məmmədov, Pavel Osipov, Nikolay Petruxin və Mixail Xakimov.
26 mart 1944-cü ildə Ukrayna Respublikasının Nikolayev şəhərində həlak olub və orada dəfn edilmişdir.
Onlar SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 20 aprel tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Yeni Suraxanı qəsəbəsindəki 101 saylı orta məktəb Əmi Məmmədovun adını daşıyır.

1973 — Görkəmli tarzən, pedaqoq, musiqi xadimi, Xalq artisti Əhməd Bakıxanov 81 yaşında Bakıda vıfat etmişdir.
Əhməd Bakıxanov 1893-ci il süntyabrın 5-də doğulmuşdur.
Əhmədxan Bakıxanov ilk təhsilini İranda almış, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnmiş, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə çalmış, müəllimlik etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə ADK-da, daha sonra ADMM-də muğamdan dərs demişdir (1930-1973). Azərbaycan radiosunun nəzdində xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (1931-1973) olmuşdur. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Bu ansambl bir çox görkəmli xanəndələri – Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və b. müşayiət etmiş, geniş konsert proqramları ilə çıxış etmişdir. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Əhmədxan Bakıxanov, tarzən Ə.Bakıxanovun böyük xidməti var. O, muğam sənətinin dərin bilicisi olmuş, ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi tanınmışdır. Eyni zamanda, onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılmışdır.
Əhməd Bakıxanovun ifasından bəstəkar N. Məmmədov tərəfindən bir çox instrumental muğamlar: “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Segah-Zabul”, “Rahab”, “Şüştər”, “Hümayun”, “Şahnaz” muğamları nota salınaraq çap olunmuşdur. Ə.Bakıxanovun oğlu, bəstəkar, xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək, “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun”, “Rahab” simfonik muğamlarını bəstələmişdir. Əhməd Bakıxanovun mənzilində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası sərgisi nümayiş olunur.

1993 – Azərbaycan və dünya futbolunda unudulmaz xidmətləri olan Tofiq Bəhram oğlu Bəhramov vəfat edib.
Tofiq Bəhramov 1925-ci il yanvarın 29- da Ağdamda dünyaya göz açıb.
Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin o, ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.
Tofiq Bəhramov idman tarixinə keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi düşüb. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Tofiq Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib.
O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.
Əfsanəvi azərbaycanlı hakim tarixdə öz ədalətli qərarı ilə unudulmaz iz qoyub. 1966-cı ildə dünya çempionatının Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu.
Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim etmişdi.
Əfsanəvi azərbaycanlı futbol hakiminin haqqında sənədli film də çəkilib, ingilis yazıçısı Artur Hopkraft özünün ən məşhur “Futbol adamı” kitabını Azərbaycan arbitrinə həsr edib.
Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Azərbaycanda ölkənin bir nömrəli idman arenası – Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır. Dünyada hakimlər içərisində ilk dəfə 2004-cü ildə məhz ona abidə ucaldılıb.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.