Poeziya buketi, nəğmə çələngi

 Dünya

Tufan qamçısını çırpsa da üzə,

Kol-kos, qaratikan çıxsa da dizə,

Toz-torpaq sovrulub dolsa da gözə,

Yenə də çiçəkdi, güldü bu dünya.

*****

Çox yerdən keçsə də, Çin sədditək sədd,

Tikanlı məftilli, hasarlı sərhəd.

Gözdən asılsa da, pərdətək min hədd,

Yenə də cunadı, tüldü bu dünya.

*****

Başından aşsa da dərdi bəşərin,

Seli gurlaşsa da təhlükələrin.

Ayıqlar götür-qoy etsə də dərin,

Yenə öz kefində lüldü bu dünya.

Gətirmə

Onsuz da ömrümün xəzan çağıdır…

Xəzanın üstünə xəzan gətirmə!

Ürəyim mehə bənd gül yarpağıdır…

Onu qoparmağa tufan gətirmə!

*****

Onsuz da heç nədən dolan gözümə

Kəsilmək bilməyən leysan gətirmə!

Onsuz da işığı solan gözümə

Qaranlıq gətirmə, toran gətirmə!

*****

Onsuz da gəncliyin sönübdür odu…

Soyuq sarayıma boran gətirmə!

Tutqun göylərimin yoxdur hüdudu…

Tutqun göylərimə duman gətirmə!

*****

Onsuz da yandırıb-yaxan bir neyəm,

Ney yandıran yerə… kaman gətirmə!

Acı şikayətəm, həzin gileyəm…

Sakit olmağıma güman gətirmə!

*****

Onsuz da gecikən vüsalımıza.

Gəl vaxtsız-vədəsiz hicran gətirmə!

Qabiləm, rəhm etmə əhvalımıza…

Aman istəmirəm… aman gətirmə!

Adam cərgəsinə çıxmaq istəyir

Nə kənd? Nə mənzərə?Nə dağ?Nə dərə?

 Ayağı yer tutan cumur şəhərə.

Guya gün ağlayır özünə hərə,

Adam cərgəsinə çıxmaq istəyir.

*****

Qurulu, bəzəkli imarət qalır,

Cənnətə bərabər bağ-həyət qalır.

Bir nişanlı qız da əmanət qalır,

Gözünün qorasın sıxmaq istəyir.

*****

Ya çəhərdə yaşa, ya kənddə yaşa,

Ömrü adam kimi fəqət vur başa.

Tale gəmisini çırpanlar daşa,

Özü öz evini yıxmaq istəyir.

Özündə qalsın

Gəl vurub yıxmayaq bəndi-bərəni,
Park öz parklığında, çəmən çəməndi.
Neynirəm o kəndi şəhərə təndi, 
Kəndin təravəti özündə qalsın.

*****

Şəhərin hay-küyü şəhər üçün bəs,

Kəndə şəhər ritmi gətirmə əbəs

Təki iş görməyə göstərək həvəs,

Qəlbin, hərarətin özündə qalsın.

*****

Duman tüstü ilə qarışmasın qoy,

Kənd şəhər olmağa çalışmasın qoy,

Mühit mühit ilə yarışmasın qoy,

Əsrin rəqabəti özündə qalsın.

Çörək

Çörək dükanlarının qapısında gəzənlər,

Çörək dolu rəflərə baxıb ağız büzənlər,

“İstisini ver”- deyə, satıcını üzənlər,

Gecə bişən çörəyi səhər nankor süzənlər,

Ağından, qarasndan…hər cüründən bezənlər”

Qədərsiz olsa çörək,

Qədirsiz olur demək?!

*****

Ey evində çörəyi….çörəkçin dyananlar,

“Təzə çörək gəlmədi?” söyləyib, deyinənlər,

Təkəkərlər üstündə təknəyə boylananlar,

Gözlədiyi çörəyi…görməyib hey salanlar,

Dükan dolub-daşınca, dükandan seyrələnlər!

Unutmayın bir şeyi:

Çörək sevmir gileyi.

*****

Sizdən öyrənir uşaq, sizdən götürür, əlbət,

Yaşlılar, yaddaşlılar! Sizə vacib bu söhbət,

Yadınızdan çıxıbmı çəkdiyiniz zəlalət,

Onda bir tikə çörək süfrələrdə səadət,

İndi tullantı olur süfrələrdə bərəkət.

Aşıb-daşsa da çörək,

Ona ehtiram gərək.

*****

Yurdun çörəyi boldur, hədər deyildir ancaq,

Qanımızla sulanıb çörək verən bu torpaq.

Blokada dastanı yaranmayıbdır nahaq…

O vaxtdn sinələr də hələ də var düyün-dağ,

Nə aclıq, nə harınlıq bilməsin oğul-uşaq:

Nə israf olsun çörək,

Nə bizə qıtlıq gərək…

*****

Bir sünbülün dənini min quşdan qorumuşuq,

Küləkdən qorumuşuq, yağışdan qorumuşuq,

Səksəkəylə bəd gözdən, baxışdan qorumuşuq,

Od ələyən günəşdən, sərt qışdan qorumuşuq,

Lap anadan, bacıdan, qardaşdan qorumuşuq,

Bugünkü günlər üçün,

Bugünkü günlər üçün.

*****

Ana haqq-sayını gözünün nurunda gəz,

Çörəyi də anatək müqəddəs sayırıq biz,

Ana ilə çörəyi ödəməz heç bir əvəz…

Ana ilə çörəyə ağ olan ruzi görməz,

Ana ilə çörəyə dünyada pis deyilməz.

Ana – namus, dəyanət,

Çörək – xeyir, bərəkət,

Çörək qüvvət, mətanətət.

1972


Eşitdim deyirlər

Eşitdim deyirlər:

Solub getmisən,

Başdan ayağacan

Payız olmusan.

*****

Eşitdim deyirlər:

Ölüb getmisən,

Min adam içində

Yalqız olmusan.

Özün bil,

Çağırsan gələrəm,

Çağırmasan yox.

*****

Eşitdim deyirlər:

Pozulub gedib,

Qızılı saçların

sahmanı artıq.

Neynim ki…əlinlə,

Yazılıb gedib,

Yazılıb ayrılıq

fərmanı artıq.

Özün bil,

Çağırsan gələrəm,

Çağırmasan yox!

*****

Eşitdim deyirlər:

Dönübsən külə.

Özün yandıdığın

hicran odunda.

Xəzan yarpaqların

Çətin ki, gülə –

Bahar itirmisən

Qabil adında.

Özün bil,

Çağırsan gələrəm,

Çağırmasan yox!

Dördlüklər

Yaxşılığın-yamanlığın sonu yoxdur,

Donu növ-növ, donu rəng-rəng, donu çoxdur.

Yaxşılığın yüzü, mini, milyonu az,

Yamanlığın onu, beşi, biri çoxdur.

*****
Bağban ol,  bəhrəli bostan qoyub get,

Şair ol, şaxəli dastan qoyub get.

Əlindən iş gəlmir, canın sağ  olsun,

Barı insan kimi vicdan qoyub get.

*****

Möcüzə baş versə, dirilsə əgər

Min il bundan əvvəl ölən xəbislər.

Yenə görəcəksən həmən-həməndir,

Xasiyyət qəbirdə dəyişir məgər

*****

Bazarın da olsun, malın da olsun,

Üzməyi də bacar, salın da olsun.

Həm ağlın, tədbirin, həm istedadın,

Həm bəxtin, naxışın, xalın da olsun.

*****

Həyat al-əlvandır, min butası var,

Düzü-əyrisi var, toyu-yası var.

Həm yaşıl bağları, qarlı dağları,

Həm də çirkab dolu min çalası var.

*****

Həsrətin qəlbimdə yanıq lalədir,

Göz yaşım ləbaləb bir piyalədir.

Piyaləyə görə Xəyyam deyir ki,

Qabilə bir baxın, Xəyyamlıq edir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!