Sərbəst səhifə

3 iyul Dünya Qonşular Günüdür.
Çoxları, hətta ola bilər ki, mehriban qonşular da, Dünya Qonşular Günü haqqında bilməsin. Bu, elə də qəbahət deyil. Amma qonşu ola bilməmək qəbahətdir.
Çoxları, hətta ola bilər ki, mehriban qonşular özləri belə, Dünya Qonşular Günü haqqında bilməsin. Bu, elə də qəbahət deyil. Amma qonşu ola bilməmək qəbahətdir. Qonşu, qonşu haqqı, qonşuluq xatiri qonşuluq edən adamlar arasında müqəddəs bir and, əhd olub.

İlk dəfə olaraq 1999-ci ildə Fransanın paytaxtı Parisdə qeyd olunan Qonşular Günü 2014-ci ildən etibarən də Avropanın bir çox yerlərində də qeyd olunmağa başlamışdır.
Qonşu cəmiyyət həyatında insanların bir-biri ilə ev, ticarət, torpaq və s. xüsusiyyətlərə görə olan bitişik və ya yaxınlıq halıdır. Bu yaxınlıq kortəbii olmayıb, təsadüfi olmayıb, qanunauyğun həyati təcrübə və müşahidələrin zəruri nəticəsi kimi formalaşmışdır. İnsan cəmiyyətinin tarixi göstərir ki, qonşuluq haqqına və borcuna hörmət edilən bütün toplumlarda hüzur və əmniyyət, ruzi-bərəkət təmin olunmuşdur. Pərqu döşəklərdə rahatca yatan bir qarnıtoxun qonşusu açından yata bilmədiyi, bir kasıbın hamilə qadını təzə meyvə üçün şişib-dama döndüyü kəsimdə imkanlı qonşunun uşağı gilas dənələrini quşlara atdığı məmləkətlərdə həmişə düşmənçilik, kin, həsəd və hər cür pislik hökm sürmüşdür. Qonşuların bir-biri ilə yaxşı münasibətdə olması cəmiyyətin rifah və səadətinə səbəb olur. Eləcə də qonşu ölkələr arasındakı münasibətlər firavan və asyişə xidmət edir. Ermənilər qonşu deməyə də adamın dili gəlmir: onlar nankordurlar. Heyvana bir qarın çörək verən sahibinə heç vaxt nankorluq etməz, amma ermənilər edər və etdi də.
Türk xalqlarında qonşuluq münasibətləri həmişə uça tutulub. İnsan özünə yurd-yuva salanda, ev tikəndə, 2 otaq tikəcəksə, birini hökmən qonaq otağı üçün nəzərdə tutub. Bu cür qonşuluq münasibətlərinin kökü min illərə söykənən bir keçmişə əsaslanır. Türk xalqı ilə bizim qonşulumuz mükəmməldir, etibarlıdır, safdır.
Qonşusuzluq insanı tənhalığa və çarəsizliyə sövq edər. Çünki qonşuluq bizim üçün maddi cəhətdən deyil, mənəvi cəhətdən daha önəmlidir. İnsanın hər zaman sevinc və kədərini bölüşə biləcəyi qonşulara, qonşuluq münasibətlərinə ehtiyacı var. Elə məqamlar olur ki, qonşuluq qohumluqdan da üstün olur, çünki xeyir-şərdə qohum-qardaş ha gəlib çatınca, qonşu özünü onlardan tez çatdırır.

Hamıya “mehriban qonşu olun” diləyi ilə Məmməd Arazın gözəl bir şeiri:
Qonşu qardaş, az qurdalan o çəpər boyu,
Əsəbini, qəzəbini hörmə çəpərə,
Bizə tərəf əyilməkdən tikan quruyub,
Pozma onun yatımını hədərcə yerə.

Bizim bağa su axıdır açdığın bərə,
Bizim tutdan sizin bağa kölgə düşəcək.
Gözümüzü gözümüzdən qorusaq belə,
İtlərimiz macal tapıb həvirləşəcək.

Tüstü qalxar iki evin həndəvərindən,
İki tüstü bir havada əriyəcəkdir.
“Sizin”, “bizim” dediyimiz sədd çəpərində
Qarışqalar eyni yüklə yeriyəcəkdir.

Sənin baban bulaq çəkdi, ya mənim babam?
Nə fərqi var? Su çəkənin, su – içənindir?
Yol boyunca cərgələnən bu qoz, bu badam,
Əkənindi? Yeyənindi? – Nə deyək indi?

Olmasaq da bir süfrədə bir dəmə ortaq,
Günümüzün gəlişi bir, axarı birdir.
Dağa çıxaq, düzə enək, göyə dırmanaq,
Yolumuzun kilidi bir, açarı birdir.

Yüz ocağa od veribdir o qara təndir,
Çəpərlərdə bitən gördüm qaratikanı.
İki qarış torpaq udsan – biri sənindi,
Dünyagirlər yemədilər quyruq dünyanı.

Mən Təbrizli, Naxçıvanlı, mən Gəncəliyəm,
Çox görmüşəm hasar üstə ölənləri də.
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölənləri də…
Hamıya yaxşı qonşu düşsün, hamı yaxşı qonşu olsun diləyilə…




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.