Nostalji

Ağlamaq – şiddətli ağrıdan, ruhi sarsıntıdan, bir açı təəssüratdan doğan psixoloji vəziyyətdir… Xəstəxanasında mədə ağrısından fəryad çəkib ağlayan 80 yaşlı qoça görmüşəm. Sünnət ediləcək deyə qorxudan haray-həşir salan balaça uşaqların qışqırıqlarını da çox eşitmişəm. Uşaqlıq illərimdə qonşumuzda 70-80 yaşlı bir kişinin səbət hörərkən fındıq çubuğu ilə 40-50 yaşlı oğlunu döyərkən bu zavallının fəryadları indi də qulağımdan getmir. Ağlamaq təkcə fiziki təsirdən baş vermir. Bəzən kədərlənəndə, bəzən duygulananda, sevinəndə belə, gözlərimiz yaşla dolur.

Lap nə qədər dözümlülük göstərsən də, emosional vəziyyətdə itirdiyin bir əziz adamı xatırlayıb, göz yaşları tökməmək də olmur.
Biz insanıq. Ürəyimiz var ki, ağlayırıq. Ağlaya bilməyən heç insan da deyil. Yeri gələndə ağlamaq, yeri gələndə gülmək təbii insana xasdır. Amma burası var ki, qadınlar ağlamağa daha meyillidirlər. Elə “kişi ağlamaz” qənaəti bu fikri təsdiqləməkdədir.
Qadınlar zərif olduqlarından duyğulanmağa daha meyilli olurlar. Ən adi bir sözdən təsirlənib göz yaşına güç verirlər. Kişilər isə daha rasional olduqlarından özlərini sındırmazlar.
Qadınlar ərləri ata evinə getməyə icazə verməyəndə də ağlayırlar. Amma kişi hər şeyə görə dünyasında ağlamaz. Kişilər isə ən yanan hallarında ağlayarlar: övladını itirəndə(iraq-iraq, Allah heç bir ataya göstərməsin bunu), valideynlərini itirib bir vaxt xatirələrə təslim olanda, lap elə həyat yoldaşını itirəndə… Ola bilər ki, dünyasını dəyişmiş şəxs, baş vermiş faciə adamıma aidiyyəti yoxdur. Amma hardansa eşidib, bilib o da kövrəlir. Yalan deyirəmsə, gerçəkdən ağlayım, mən istənilən körpəni ağlayan görəndə özümü saxlaya bilmirəm. Mən kövrək duyğulara qapılanda bir az da özüm bu hisləri bir az da emosionallaşdırıb ağlayıram… Nə olsun ki, bunu kimsə hiss etmir… Heç mən də kimsə hiss etsin deyə ağlamıram.
Kişilər əlacsız qalanda, aciz qalanda ağlayarlar. Amma bunu ailəyə, xanıma bildirməzlər…
Qadınlar, siz elə bilirsiniz ki, kişilər şalvar geyib asudə ora-bura gedən, kef edən xüsusi məxluqlardır.. Yox!!! Kişi olmaq qadın olmaqdan çox ağır. Sizə nə var ki, üstünüzə ekstremal halda əriniz acıqlanır. Heç bilirsinizmi bəzən ərlərinizin başına nə müsibətlər gəlir? C.Novruzun bir şeirində övladlarına dediyi misraları bir oxuyun:
… Vaxt olub ki, dediyimdən dönməmişəm –
sizin üçün!
Vaxt olub ki, vəzifəli bir alçağın
Qabağında dinməmişəm sizin üçün!
Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm,
Bu dünyaya verib sizi,
Sonra sakit,
Sonra rahat, bu dünyadan gedəcəyəm!…
Hələ bunlar deyilə bilənlərdir…
Siz amma kişi evdən çıxanda yerini güllələyirsiniz ki, guya kefə gedir.
Allahı sevərsiz, etməyin belə. Sizin proletarınızdan başqa kiminiz var ki… Onun da sizdən başqa bir köynək qədər yaxın olanı kim var ki… Proletar üçün sizsiz həyat evi də belədir, qılb evi də…





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.