Baş redaktodan

Məni səcdəsinə gətirər biri,
Qoynunda gül kimi bitirər biri.
Od olub əridər, isidər biri…
Gəlib yetişdimi qocalqıq günü,
Yenə əzabımın ağır yükünü
Yalnız alar biri, götürər biri…
Məmməd Araz

Qadın – dünyanın bəzəyi, çiçəklər içində ən əsrarəngiz, ən rayihəli bir Çiçək… Həyatımızın və sevgimizin çiçəyi. Açmasa, yaşayammaz, var ola bilməz… Açmasa, yaşayammarıq, var olammarıq…
Bir qız, qadın haqqında düşündükdə ağlımıza ilk gələn də analıq duyğusu olur. Min bir gözəlin içindən seçdiyimiz birini Ana etmək, ondan atalıq , ərlik mandatı almaq istəyirik və alırıq da. Dünyada nə qədər bər-bəzək, hiss-duyğu var, yenə qadını analıq duyğusu kimi heç nə bu qədər gözəlləşdirə bilməz.Mən hərdən fikirləşirəm ki, sevgi, şəfqət, səmimiyyət, doğmalıq, vəfa, sədaqət, ülviyyət, qürur kimi bütün nəcib hislərin mənşəyi qadın və qadınlıq məfhumları ilə bağlıdır. Bu hisslərin hamısı gözəldir, bu hisslərin hamısı həyatımızın keyfiyyətini müəyyən edir. Amma qadının həyatımızdakı, taleyimizdəki rolu və yeri ilə bir qədər də cilalanır, məzmun və keyfiyyətcə daha da ülviləşir. Elə götürək, məsələn, “Vəfa” sözünü…
Bu sözün etimologiyası “sözünün üstündə durma”, “borcunu, təəhhüdünü yerinə yetirməkdə möhkəmlik” kimi başa düşülür… Hansı münasibətdə olursa-olsun, əxlaqi keyfiyyət kimi insanı ali edir. Sevgidə, ailə münasibətlərində isə vəfa borcu daha həssas, həssas olduğu qədər də möhtəşəmdir… Ərin də qadına vəfası şərtdir. Amma qadın vəfasının daşıdığı, ehtiva etdiy anlam qeyd etdiyimiz kimi, ilk, həm də ölçü olduğu üçün daha mükəmməl və daha möhtəşəmdir.


…Hələ balaca bir fidandı. Anası saçına lent bağlayıb həyətə buraxardı. O da qaçardı məhəllədəki rəfiqələrinin yanına. Atası qardaşına avtomat, qılınc, tapança,kranlı maşın alanda, ona da növ-növ gəlinciklər alardı, servizlər alardı. Hər dəfə həyətə düşəndə də bu gəlincikləri, servizləri özüylə düşürər, anası nahara çağırana qədər evciklər qurar, gəlinciklərinin telini darayar, sonra üstünü örtüb yuxuya verər, sonra da başlayar anası kimi ev işlərini görməyə… Fikir verdinizmi, özü bir tifil olan cocuq hələ 3-4 yaşından analığın əlifbasını öyrənir, özünü analığa hazırlayır. Ta ana olana kimi davam edər bu hazırlıq … Bunun təhər-tövrünü kimsə onlara öyrətməz, sövqi-təbii edərlər bunu ….
Yaşa dolduqca vüsala can atarlar. Can atarlar “oğlum”, “qızım” deməyə. Həsrətlə gözlərlər ona “ Ana “ desinlər.
Ana..Bu, elə bir xilqət ki, daşıdıqları sevgini, şəfqəti, zərifliyi, həyacanı, narahatçılığı hesaba alan, dəyərləndirə bilən etalon yox.. Bu hisslər bir ilin 12 ayına belə sığmaz…
Qəhrəmanlıq təkcə döyüş şəraitində, səngərdə, hansısa bir ekstremal vəziyyətdə yaranmır ki…Ana ömrü, qayğıları özü elə əsl qəhrəmanlıqdır… 9 ay bətnlərində böyüdüb, üzünü görməyərək, sadəcə, hiss etdikləri yavrularının ata belindən ana rəhminə düşdüyü andan başlayar bu qəhrəmanlıq. Hər şeyi nizama salarlar, qoruq-qadağaya təslim edərlər özlərini. Ataları süfrəyə gələn, əlinə keçənləri yeyəndə, o isə nəfsinə “dur” deyər, durmasan, yavrum gəlməz, mən ölərəm, “dur”…

İsti olanda belə böyür-başlarını bağlar ki, tifilinə birdən soyuq olar…Ətrafda başqaları novbar meyvə yeyəndə o, nəfsini içində boğar..Hələ çox sonra yavrusu dünyaya gələndən sonra da bir müddət belə şeylərə tamah salmazlar…Balasına ziyan olmasın deyə hər əziyyətə, əzaba beləcə sinə gərər… Qəhrəmanlıq deyilmi?
Beləcə, 9 ay əsgər sərvaxtlığı ilə qulluğunda durar, keşiyini çəkər, hələ əsgərdən də sərvaxt olar analar. Əsgərlər sərasər 24 saat, 1 həftə və yaxud bir ay keşik çəkmirlər ki. Qrafiklə, müəyyən rejimlə olar bu keşik çəkmək. Amma əsgər ana 9 ay göz bəbəyi kimi qoruyar dünyaya gətirəcəyi qafiləni. Dünyaya gətirincə min yol ölüb-dirildiyi balasını görməzdən öncə səsini eşidib, unudar hər şeyi..Allahına şükür edər. Lap qız vaxtındakı kimi dodaqları qızarar… Çünki indi o, anadır.
Nə böyük səadətdir Ana olmaq. Dünənə kimi adicə xanım idi, qız idi, amma indi A…n…a…!
Körpəsi ilə göz-gözə baxmaqdır ana olmaq… Qram-qram, santimetr-santimetr ətə-qana doldurduğu tifilini saniyəbəsaniyə görmək, izləməkdir Ana olmaq.

Müəyyən bir anlamda ana haqqını arıların haqqına da oxşadıram mən. Arılar da analar kimi çox zəhmətkeş olurlar, həssas olurlar. Hardasa gözünüzə arı dəymir, amma durduğunuz yerə bir balaca şəkər tozu səpsəniz, arılar həmən ordadırlar.
Arılar 1 kq bal toplamaq üçün 200 hektarlıq sahəni ələk-vələk edirlər.
100 qram bal üçün 1 milyon çiçəkdən şirə götürürlər. Bunun üçün 300 min km-ə qədər məsafə qət edirlər. Təsəvvür edirsinizmi, bu məsafə ilə 7 dəfə ekvator boyunca dolanmaq olar.
Nəhayətdə ərsəyə ən dadlı, müalicə vasitəsi olan bal gəlir.
Arı 100 qram bal üçün 1 milyon çiçəkdən şirə götürürsə, bu bal niyə şirin olmasın?! Bəs onda ülvi, uşa bir sevgi ülfətindən dünyaya göz açan cocuq necə?
Bal dadı, bala dadı ,
Bala adam aldadı.
Şirini şirin olar ,
Acısı da bal dadır .
Dünyaya göz açanda çəkisi 3-4 kq olan bir cocuqda 30-40 belə 100 qramlar var. Bəs onda bu bal üçün ana neçə hisdən, duyğudan, zəriflikdən, arzudan, niyyətdən şirə götürüb…Heç kim də görməyib, bilməyib, eşitməyib. Siz elə bilirsiniz toy gecəsindən sonra keçən 9 aydamı götürüb ana müqəddəsliyi?! Yox? Nə vaxt ki, sevməyə başlamışdı, bax, ondan başlayır arı-Ana uçuşları… Xəyallarda haralara uçmurlar… Neçə min güldə, çiçəkdə şehə, tikana batmır ana hisləri…
Və bir də görürsən ki, Allah, bu nədir, artıq onun sevgi çiçəklərin necə gözəl açıb… Sağa-sola baylanıb heç kimin müşahidə etmədiyinə əmin olunca, zillənib doyunca baxır yarı yumulu gözlərinə, əllərinə, yaxasına. Ehmalca əyilib sinəsinin qoxusunu ciyərlərinə çəkir….. Sevinir… Oxxay deyir… Hünəri var bir rəssamın gənc ananın bu halındakı hisslərini rəsmə çevirsin…Bacarmaz…olsa-olsa, bir ştrixini qeyd edə biləcək.
İçində ilahinin kəramətinə şükür edəcək ki, əziyyəti itmədi. Ona verilən İlahi payına, bu süd qoxulu körpəyə görə dəyirmiş əziyyət çəkməyə.
Bu əziyyətlər, nigarançılıqlar yenə təkrarlanmaqda davam edəcək. Geçələr səksəkəli yatacaq: narahat deyil ki, altı təmizdirmi, ac deyil ki, üstü açılmayıb ha, üzünü cırmaqlamayıb ki.. Görəcək ki, bunların heç biri yoxdur. Atası da şirin-şirin yatır, balası da. Onda sağ böyrü üstə uzanıb, sağ əlini başına dirsəkləyib bir xeyli öz “sənət əsəri” ni süzəcək, öyünəcək, içində layla söyləyəcək:
Layla, beşiyim, layla,
Evim, eşiyim, layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin, layla.
Layla dedim, can dedim,
Yuxudan oyan dedim
Dur , yeri bir mən baxım,
Olum boyun qurbanı.

Beləcə, özü də balasına dediyi laylanın xumarında səhərə yaxın yuxuya dalacaq.
Hələ qarşıda neçə belə sevgi fidanları açacaq. Qız olacaqsa, nəinki eyninə selektiv abort düşəcək, əksinə, daha qoruyacaq qızını. Böyüyüb onu xatırladacaq deyə.
Bax, xoşbəxtliyi, həyəcanı, sevinci eyni anda, beləcə, yaşamaq və yaşatmaqdır ana olmaq. Könül meyvəsini can sirdaşına göstərməyə can atmaqdır ana olmaq: bax, sənə nə şirin sovqat gətirmişəm…
Bir ailəyə, bir ocağa yeni həyat, hərarət bəxş etməkdir, “nənə” kimi, “baba” kimi fəxri ad gətirməkdir ana olmaq…
Bir ailənin, bir şəcərənin karvanını uzaq əsrlərə aprmaq qayğısıdır ana olmaq…
Fransız yazıçısı Emil Zolyanın məşhur sözləri var: “Heç bir bəzək və ya makiyaj qadını analıq sevgisi qədər gözəl edə bilməz”. Ona görə də ana olmağa can atır qızlarımız. Elə onların bundan sonrakı varlıqları sa Ana olmaqla sonuclanır, bütövləşir, müqəddəsləşir. Elə hər bir Azərbaycan proletarını dünyanın bütün proletarları arasında daha qürurlu edən də Azərbaycan Qadınlarıdır, Azərbaycan Analarıdır. Elə bu təslimiyyətdə Qadınlar Günündə Anaveushaq.wordpress.com-un yaradıcı heyəti adından çoxdan ailə həyatı qurmuş, indi isə hamısı nənə olmuş 121-ci qrupun qızlarının şəxsində ailə həyatı qurmağa hazırlaşan bütün qızlarımıza Allahın dərgahına əl uzadıb dua etdiyimiz diləkdir ANA olmaq.….




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.