Tarixdə bu gün

İlin 137-ci (uzun illərdə 138-ci) günü

Mühüm hadisələr:

2000 — Qalatasaray UEFA Kubokunun qalibi olub.

Doğum günləri:

1870 — Yazıçı, pedaqoq, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyev  Şuşa şəhəri yaxınlığındakı  Ağbulaq kəndində anadan olmuşdur.

İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin Şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq” (1896) əsərlərini yazmışdır. “Dağılan tifaq” (1899) Peterburqda nəşr edilmişdir.

Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini (“Ata və oğul”, “Ayın şahidliyi”) yazıb “İki hekayət” adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamış, İrana – Mazandaran vilayətinə səyahət etmişdir (1907). “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, eləcə  də tamaşanı idarə etmişdir.

“Nicat” cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, “Ceyranəli”, “Xortdan”. “Həkimi-nuni-səqir”, “Lağlağı”, “Mozalan”, “Süpürgəsaqqal” və s. imzalarla “Molla Nəsrəddin” jurnalında hekayə, felyeton çap etdirmişdir.

Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə “Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri” adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. Burada Yerli komitənin sədri (1922), Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).

Bunlardan başqa ədib Şеkspirin “Hamlеt”, Şillеrin “Qaçaqlar”,Vоltеrin “Sоltan Оsman”, Zоlyanın “Qazmaçılar”, Andеrsеnin “Bülbül”,”Şahın təzə libası”, Lanskоyun “Qəzəvat”, Çirikоvun “Yəhudilər”,Kоrоlеnkоnun “Qоca zəng çalan” əsərlərini də tərcümə еtmişdir.

Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur.

1933-cü il dekabrın 17-də 63 yaşında Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1899— Azərbaycan qrafik rəssamı, Əməkdar incəsənət xadimi Hacıyev Əmir Səhliəli oğlu Şuşada anadan olmuşdur.

Yaradıcılığa 1918-ci ildə Şuşada afişa və portretlər yaratmaqla başlamış, 1923-cü ildə isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur.1920-ci illərin ikinci yarısından Əmir Hacıyev “Azərbaycan Qadını (jurnal)”, “Həmkarlar İttifaqı” kimi jurnallara illüstrasiyalar çəkir, əməkdaşlıq və digər mövzularda plakatlar yaratmağa başlayır. Eyni zamanda o, Bakıda pedoqoji fəaliyyətlə məşğul idi. Tələbələrindən biri olan Kazım Kazımzadənin də tanınmış rəssam kimi formalaşmasında Əmir Hacıyevin rolu əvəzsizdir. Bu dövrdən başlayaraq rəssam tanınmış yazıçıların əsərlərinə illüstrasiyalar yaradır. “Xavər” (Mehdi Hüseyn) (1930), “Nəhənglər ölkəsi” (Mirzə İbrahimov) (1932), “Leyli və Məcnun” (Füzuli) (1953) “Poçt Qutusu” (Mirzə Cəlil) (1960) bu əsərlərə nümunədir.Hacıyevin ən yaxşı kitab təsvirləri Süleyman Sani Axundovun “Qaraca qız” (1924), Əbülhəsən Ələkbərzadənin “Yüksəliş” (1931), Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” (1934), Mirzə Fətəli Axundzadənin “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” (1938), Nizami Gəncəvinin “Yeddi gözəl” (1941), Füzulinin “Leyli və Məcnun” (1953) əsərlərinə çəkilmiş illüstrasiyaları hesab olunur.1941-1945-ci illər Böyük Vətən Müharibəsi dövründə təbliğat afişaları yaratmağa başlayır. Hacıyev eyni zamanda bir sıra bəzək və süjet xalçalar üçün eskizlər vermiş, miniatür silsilələrə (“Azərbaycan”, 1961; “Şuşa”, “Şamaxı”, “Bakı”, 1964) müəlliflik etmişdir.

Əmir Hacıyev 1972-ci ildə vəf etmişdir.

1929  — Görkəmli  rəqqasə, xoreoqraf-baletmeyster,  Xalq artisti Roza İsmayıl qızı  Cəlilova Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuşdur.

Roza Cəlilova Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında yaradıcılıq fəaliyyətinə başlamışdır. Onun repertuarında milli rəqslərmizlə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-da, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olmuşdur. Müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərinin yaradıcısı olmuşdur.

Roza Cəlilovada istedadla bərabər, Xoreoqrafiya Məktəbindən əxz etdiyi professional hazırlığı da vardı. Mahni və Rəqs ansamblında bu onu bütün rəqaslardan fərqləndirirdi.

O, irik süjeti, bədən plastikası və kəpənək uçusunu xatırladan zərif əl hərəkətiylə hər bir rəqsində (“Ağ çiçəyim” , “Lalə” , “Bənövşə” , “Qəşənqi” , “Qara göz” və s.) mükəmməl, bitkin bir sənət əsəri yaratmışdır.

Roza Cəlilova Bakı Dövlət Universitetinin  “Sevinc” rəqs ansamblının rəhbəri olmuşdur.

Hal-hazırda   Milli Konservatoriyanin nəzdindəki Gimnaziyada tələbələrə xoreoqrafiya sənətinin incəliklərini öyrədir.

2019-cu ilin mayında 90 yaşı münasibəti ilə  Roza xanım Azərbaycan Respublikasının Prezidenti tərəfindən    “Şöhrət” ordeni ilə təltif edilmişdir.

 1938 — Rejissor Arif Lətif oğlu Qazıyev İrəvan şəhərində anadan olmuşdur.

Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini (indiki rəssamlıq Akademiyasını, 1958) və Moskvada V.Surikov adına Rəssamlıq Akademiyasını (1965) bitirmişdir. Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev – muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyug”, ”İki bumeranq” və s. əsərlərin müəllifidir. 1957 ildən respublika, ümu- mittifaq və beynəlxalg sərgilərdə iştirak etmişdir. Əsərləri müxtəlif muzeylərdə (“Bakılı qız”, ”Məhəmməd Nəsirəddin Tusi” – R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, ”Tarla gözəli” – Şərg Sənətləri Muzeyi (Moskva) və s.), habelə ABŞ, Almaniya, Avstriya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.

Arif Qazıyev 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 1 may 2017-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

24 fevral 2022-ci ildə 83 yaşında vəfat etmişdir.

 Vəfat etmişdir:

2013— Azərbaycanın Milli Qəhrəmanı  Eldar Əsgər oğlu Ağayev 57 yaşında vəfat etmişdir.

Eldar Ağayev 1955-ci il 29 sentyabrda Gürcüstan SSR Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. O, 6 yaşı olanda atasının hərbi xidmətinin başa çatması ilə əlaqədar ailəsi ilə birlikdə Bakıya köçür.

1962-ci ildə Eldar 20 saylı orta məktəbə getmiş, amma təhsilini 134 saylı məktəbdə davam etdirmişdir. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vurub motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır. O,1978-ci ildə Kamçatka yarımadasında, 1981-1984-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri, 1984-1986-cı illərdə isə məhdud sovet qoşunları tərkibində Əfqanıstanda 395-ci motoatıcı taborunun kəşfiyyat rəisi, sonra isə həmin alayın kəşfiyyat bölüyünün komandiri olmuşdur.

E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə göndərilmişdir. O, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə təhsilini davam etdirmiş, Solneçnoqorsk şəhərində Ali Zabitlər kursunu bitirmiş, sonra xidmətini Almaniyada yerləşən Qərb Qoşun Qrupunda davam etdirmişdir. Onu əvvəlcə, 70-ci tank alayının kəşfiyyat rəisi, sonra isə Drezden 9-cu Əlahiddə Qvardiya kəşfiyyat taborunun komandiri təyin edilmişdir.

Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdır. O, 1992-ci ildə Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başladı. Bir müddətdən sonra isə 776-cı kəşfiyyat taborunu yaratdı və onun komandiri oldu. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılmış və onlarla erməni quldurunu məhv etmişdi.

Eldarın yaratdığı tabor 1995-ci il dövlət çevirilişinin qarşısının alınmasında da iştirak etmişdi. Bu taborun 18 əsgər və zabiti “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. O, 1997-ci ilədək həmin vəzifədə qalmışdır. Polkovnik E.Ağayev 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Texniki Universitetində hərbi kafedranın rəisi olmuş, 2000-2001-ci illərdə isə BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışmış, sonra isə öz şərəfli işini Ədliyyə Mazirliyində Məhkəmə Qərarlarının icrası Baş İdarəsinin təlim-tədris mərkəzinin rəis müavini vəzifəsində davam etdirmişdir.

Sovetlər birliyi zamanı “Qırmızı Ulduz”, “İgidliyə görə” ordenləri ilə təltif olunub. Qarabağ döyüşlərində iştirak etdiyi üçün “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar Əsgər oğlu   Azərbaycanın Milli Qəhrəmanı   fəxri  adına layiq görülmüşdür.

Bayramlar və xüsusi günlər:

17 may Beynəlxalq Telekommunikasiya, Rabitə və Ümumdünya İnformasiya Həmrəyliyi Günüdür. Beynəlxalq Telekommunikasiya və Rabitə günü Beynəlxalq Elektroəlaqə İttifaqı İdarəedici Sovetinin 1969-cu il qərarı ilə təsis olunub. “Ümumdünya İnformasiya Cəmiyyəti günü” isə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 27 mart 2006-ci il tarixdə elan edilib. Bu tarixin seçilməsi də təsadüfi deyil. 1865-ci ilin həmin günündə Parisdə 20 Avropa ölkəsinin nümayəndələri Beynəlxalq Teleqraf İttifaqının yaradılması haqqında müqavilə imzalayıblar. Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və yayılması böyük zərurətə çevrilir. Bu, bəşəriyyətin inkişafı üçün geniş imkanlar deməkdir. Azərbaycanda bu sahənin əsasını ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində qoyub. Onun 2003-cü ildə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” isə 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirdi. Həmin siyasətin davamı olaraq Prezident İlham Əliyev 21 oktyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nı imzaladı. Buna uyğun olaraq ölkəmizdə informasiya cəmiyyətinin qurulması istiqamətidə ardıcıl tədbirlər həyata keçirildi. İndi də bu sahədə uğurlu işlər görülməkdədir

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!