Tarixdə bu gün

İlin 152-ci (uzun illərdə 153-cü) günü

Mühüm hadisələr:

1911 – Türk Hava Qüvvələri yaradılmışdır.

1992 – Azərbaycan Respublikası Lüksemburq ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri: 

1940 — Azərbaycan SSR-də ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Sevil Həmzət qızı Qazıyeva Zaqatala rayonunun Tala kəndində anadan olub.

1948-1958-ci ildə  Talakənd  orta məktəbində oxumuşdur. Sevil sənədlərini indiki Azərbaycan Dövlət Tibb Universitetinə versə də, müsabiqədən keçə bilmir. Kəndə qayıtmayan Sevil elə həmin il sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə verir. Burada mütərrib peşəsinin sirlərini öyrənir. 

Sov.İKP Mərkəzi Komitəsinin 1959-cu il dekabr plenumu Sevilin həyatında ciddi dəyişikliyə səbəb olur. Mətbuat vasitəsilə plenumun materialları ilə tanış olan mütərrib-tələbə özbək qızı Tursunoy Axunovanın maşında təkbaşına yüz adam qədər pambıq yığdığını öyrənəndə, sürücü mexanik olmağa qərar verir. Sevil bu qərarını rəfiqəsi Diləfruz Ocaqquliyevaya bildirəndə, o da həvəslə sürücü-mexanik olmağa razılaşır. Ertəsi gün Bakı 5 saylı sənət məktəbinin 4 tələbəsi – Sevil Qazıyeva, Məmləkət Tağıyeva, Solmaz Qurbanova və Diləfruz Ocaqquliyeva Azərbaycan LKGİ Mərkəzi Komitəsinə məktub yazıb, Bakı şəhərində qızlar üçün sürücü-mexanik kurslarının açılmasını xahiş edirlər. Sevil Qazıyevanın və rəfiqələrinin bu təklifi respublika rəhbərliyi tərəfindən dəstəkləndiyi üçün bir müddət sonra Binədəki Kənd təsərrüfatını mexanikləşdirmə məktəbində sürücü-mexanik hazırlayan kurs açılır. Sevil və rəfiqələri bu kursda sürücü-mexanik peşəsinin sirlərini öyrənməyə başlayırlar.

1960-cı ilin yayında Sevil və rəfiqələrini indiki Beyləqan rayonundakı 5 nömrəli pambıqçılıq sovxozuna göndərirlər. İstehsalat təcrübəsi zamanı Sevil maşınla 97 ton pambıq yığır.

 1961-ci ildə Özbəkistanda sovet pambıqçılarının Ümumrespublika toplanısında Azərbaycan nümayəndə heyətinin tərkibində Sevil Qazıyeva da iştirak edir. Sevil Özbəkistanda olarkən məşhur sovet pambıqçısı Tursunoy Axunovanın iş təcrübəsi ilə yaxından tanış olur. O, Daşkənddən qayıtdıqdan sonra Beyləqanda Tursunoy Axunova kimi kompleks-briqada yaradır və həmin briqadaya başçılıq edir.

1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun qiyabi Mexanizasiya fakültəsinə daxil olur. 

 1962-ci ildə onu Azərbaycan LKGİ-nin XXIII qurultayına nümayəndə seçirlər. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından birinə çevrilən Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır. Sevilin başçılıq etdiyi briqada həmin il hər hektardan 30 sentner pambıq götürdüyü üçün onu “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edirlər.

Sevil Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir.  O  həm   rayonun ictimai  həyatında  iştirak edir, həm də     traktorla  pambıq yığan qızların  briqadiri işləmişdir. Onun çağırışı ilə, 600-nəfərdən çox qız mexanizator peşəsini seçmişdir.

Sevil Qazıyeva gənc yaşlarında – 23 sentyabr 1963-cü ildə faciəli surətdə həlak olmuşdur. O, ölümündən sonra  Sosialist Əməyi Qəhrəmanı  adına layiq görülmüşdür.

1970-ci ildə “Azərbaycanfilm” tərəfindən ona həsr olunmuş “Sevil Qazıyeva” filmi çəkilmişdir.

1950 – Məxsusi rolları ilə tamaşaçıların xatirələrində yaşayan kino aktrisası Tanilə Əhmərova Bakıda anadan olub. 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirmişdir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olmuşdur.Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar yaratmışdır. Aktrisa “Üzeyir ömrü” filmində Üzeyirin anası, ” Qayınana” filmində Sevda, “Şir evdən getdi” filmində Şəfiqə müəllimə və başqa obrazlar oynamışdır.Onun oynadığı obrazlar daxilən saf,təmiz,həyatsevər obrazlardır.Tanilə Əhmədova “Qayınana” filmində canlandırdığı   Sevda obrazı ilə xalqın sevimlisinə çevrilmişdir.

Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat etmişdir.

1960 — Azərbaycanın Milli Qəhrəmanı Araz Bahadır oğlu Səlimov Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirmişdir. 1978-ci ildə hərbi xidmətə çağırılmışdır. 1980-ci ildə ordudan tərxis edilir və doğma yurdu Xocalıya qayıdır. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayır.

1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldı. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə atılmışdır.  Belə döyüşlərin ən dəhşətlisi  1992-ci il 26 fevral Xocalı faciəsi zamanı   oldu.  Araz son  nəfəsinədək vuruşdu,dinc  insanların  Xocalıdan   çıxarılmasına  kömək etdi. 

Erməni yaraqlıları qəhrəmanın izinə düşərək, qardaşı Fəxrəddinlə onu Əsgəranda vəhşicəsinə qətlə yetiriblər. Xocalı faciəsi zamanı Araz Səlimovun ailəsindən üç nəfər həlak oldu: Özü, qardaşı və atası.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Səlimov Araz Bahadır oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.

Vəfat etmişdir:

1888 – Məşhur Azərbaycan yazıçısı Seyid Əzim Şirvani, Şamaxıda vəfat etmişdir.

Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur.

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edir.

Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhvali-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.

Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata” ,”Qafqaz müsəlmanlarına xitab” və s. satiralarıdır.

  1920 —İkinci hökumət kabinetində səhiyyə naziri Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli represiyaya məruz qalmışdır.

Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1877-ci il yanvarın 12-də Yelizavetpol (Gəncə şəhəri) əsilzadə ailəsində doğulub. O, Gəncənin məşhur Rəfibəylilər nəslindəndir. Atası Ələkbər bəy Rəfibəyli maarifçi, Azərbaycanda ilk siyası partiya olan Difai partiyasının yaradıcılarından olmuşdur. Xudadat bəy Gəncə gimnaziyasını bitirdikdən sonra təhsilini Xarkov İmperator Universitetinin Tibb fakültəsində davam etdirən Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı bitir. Həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyir. Xarkovda oxuyarkən tələbə dostları ilə birlikdə “Həmyerlilər” dərnəyini qurur. O, Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və Həkimlər Cəmiyyətinin sədri kimi çalışır.

1909-cu ildə fəaliyyəti, xidmətləri nəzərə alınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib və 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib. Xudadat bəy gəncəlilərin təkidi ilə daha sonralar şəhər qubernatorunun vəzifəsinin icrasına başlayandan sonra da həkimlik fəaliyyətini davam etdirirdi.

Xudadat bəy “Yelizavetpol Tibb Cəmiyyəti” yaratmışdı və bu cəmiyyətin üzvləri Gəncə yoxsullarına pulsuz tibbi yardım göstərirdilər.

Xudadat bəy Azərbaycan Cümhuriyyətinin Səhiyyə və Sosial Təminat Naziri təyin edildikdən sonra onun bütün diqqəti Azərbaycanda səhiyyə ocaqlarının artırılmasına, epidemiya və digər xəstəliklərlə mübarizəyə həsr edildi. Onun göstərişi ilə ölkə ərazisində pulsuz müalicə göstərən bir neçə xəstəxana açıldı, kənd yerlərində yeni müalicəxana və feldşer məntəqələrinin tikintisinə başlandı, ekspertizalar üçün laboratoriya təşkil olundu. Gəncə yaxınlığındakı Zurnabad kəndində taun əleyhinə stansiya yaradıldı.

Xudadat bəy Rəfibəyli 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri olmuşdur. 1918-ci ildə Gəncədə ilk müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Fətəlixan Xoyskinin hökumətində ilk 6 oktyabra qədər Səhiyyə və Sosial Təminat naziri olmuşdur. 1918-ci ilin dekabrında Xoyskinin hökuməti istefa verdi və Xudadat bəy ölkənin Səhiyyə Naziri vəzifəsini tərk etdi.

Gəncə əhalisinin ciddi təkid və tələblərindən sonra 1919-cu ildə Xudadat bəy Gəncə quberniyasının general-qubernatoru vəzifəsinə təyin edildi. Bir il sonra Sovet Ordusunun Azərbaycana müdaxiləsi zaman həbs edilən Xudadat bəy aprelin 30-da qeneral-qubernatorluq vəzifəsindən istefa etdi. 1920-ci il mayın 12-də  onu həbs edilib Bakıya gətirdilər.  O, Gəncə üsyanının təşkilində ittihamlandırmışlar.

İyunun 1-də isə gizlicə Xəzərin kiçik bir adasına aparılaraq güllələnmişdir.

1988 — Görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru , professor, Əməkdar elm xadimi Əziz Qurbanəli oğlu Şərifzadə 93 yaşında vəfat etmişdir.

Əziz Şərifzadə 1895-ci ildə Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur.

1915-ci ildə orta təhsilini Tiflisdə almış, sonra işləmişdir.

“Molla Nəsrəddin” jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988).

Ədəbi fəaliyyətə 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunan “Naxçıvandan məktublar”ı ilə başlamışdır.

Azərbaycan bədii ədəbiyyatından ruscaya çoxlu tərcümələr etmiş, onlara ön söz, müqəddimə, şərhlər yazmışdır. İki medalla təltif olunmuşdur.

Bayramlar və xüsusi günlər:

1924 -cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, “bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin”. Bu bəyənnaməni qəbul edilməsində ilk işlər Eglantyne Djebb tərəfindən edilmişdir.

Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eglantyne Djebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı Doroti Bakston köməyi ilə 1919-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda “UşaqlaraYardım Fondu”nun əsasını qoydu.

1 iyun 1950-ci ildə isə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. “Ümumdünya Uşaqlar Günü” 1954-cü ildə BMT -nin Baş Assambleyasının №836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!