Tarixdə bu gün
ilin 154-cü (uzun illərdə 155-ci) günü.
Mühüm hadisələr:

2006 — “Qarabağ” Azərbaycan Kubokunu qazanıb.
2015 — “Qarabağ” Azərbaycan Kubokunu qazanıb.
Doğum günləri:

1927 — Məşhur fotoqraf Kamal Həbib oğlu Babayev Bakıda anadan olub. 1953-cü ildən “Pioner” jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar fotoqraf kimi çalışıb, 1959-cu ildən bu günə kimi isə muzeyin fotoqrafı kimi işləyir.
XX əsrin 50-ci illərində “Gənc texniklər” mərkəzində fotoqrafiya dərnəklərini aparıb. Ayrı-ayrı illərdə müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edib.
1962-ci ildə mətbuatda fəal iştirak etdiyinə görə Fəxri fərmana layiq görülüb. 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqədə diplomla mükafatlandırılıb. 1987-ci ildə SSRİ-də çıxan “Nauka i jizn” jurnalının müsabiqəsində 3-cü yer tutaraq “Kiyev” fotoaparatı mükafatına sahib olub. Həmən jurnalda 3 məqaləsi dərc olunur. 1988-ci ildə “Sovetskoe foto” jurnalının 1-ci mükafatını qazanıb.
1990-cı illərdə Moskvada çıxan “Panorama Azərbaycana” qəzeti ilə əməkdaşlıq edib, bu qəzetdə onun çoxlu fotoşəkilləri və məqalələri dərc olunur. Həmən illərdə Rusiyanın Kamişin şəhərində keçirilmiş “Master i Marqarita” müsabiqəsinin və “Serdse” müsabiqəsinin diplomlarını alıb. 1995-ci ildə fransanın Nant şəhərində açılmış “Azərbaycan fotoqraflarının əsərləri” sərgisində bir neçə əsəri ilə çıxış edib. “Azərbaycan Elmlər Akademiyası” fotoalbomunun müəllifidir.
Bakı Dövlət Universitetini bitirib. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

1957 — Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud qızı Vəliyeva (Afaq Məsud) Bakıda anadan olub.
1979-cu ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında redaktor, redkollegiyanın üzvü, 1986-1988-cu illərdə “Azərbaycantelefilm”də direktor vəzifələrində çalışıb.
Əsasən romanlar və hekayələr müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib.
Q.Q.Markesin “Patriarxın payızı”, T.Vulfun “Dünyanın hörümçək toru” romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin “Mövcudluq haqqında həqiqət”, Ə.Qəzalinin “Səadət iksiri”, “Oğluma məktub”, “İlahi bilik”, İbn Ərəbinin “Məkkə açıqlamaları” və sair əsərləri azərbaycan dilinə tərcümə edib.
“Can üstə”, “O məni sevir”, “Yol üstə” pyeslərinin müəllif idir. Əsərləri əsasında “Sərçələr”, “Qonaqlıq”, “Gecə”, “Cəza” televiziya filmləri çəkilib.
2000-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan “Avropa şərqşünaslığında qadın yazarlar”).
“Humay” Milli Akademiyası mükafatı laureatıdır. Afaq Məsud 16 may 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilmişdir.
23 dekabr 2015-ci ildə TÜRKSOY-un “Haldun Taner” mükafatına layiq görülmüşdür.
1 iyun 2017-ci ildə Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin nəvəsidir.
Ədəbiyyatşünas alim, yazıçı Məsud Əlioğlunun qızıdır.

1958 – Məşhur Azərbaycan nasiri, publisist, tərcüməçi, ssenariçi Nəriman Hacı oğlu Əbdülrəhmanlı Gürcüstan Respublikası Qaraçöp mahalının Düzəyrəm kəndində anadan olub.
1975-ci ildə Düzəyrəm kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib. 1983-cü ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun nəzdində kinossenari kursunda təhsil alıb. 1980-ci ildən “Daşkəsən”, “Sovet Gürcüstanı” qəzetlərində, “Kino” qəzeti və “Yeni filmlər” jurnalı redaksiyasında, C.Cabbarlı “Azərbaycanfilm” kinostudiyasının “Yaddaş” sənədli filmlər studiyasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Müdafıə Nazirliyinin kino-telestudiyasında, “Hərbi bilik” jurnalında, “Lider” televiziyasında, “Ulduz№ jurnalında, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Qanun”, “Adiloğlu” nəşriyyatlarında müxtəlif vəzifələrdə işləyib, BSU-nun yaradıcılıq fakültəsində nəsr kursunu aparıb.2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində çalışır.
N. Əbdülrəhmanlının ilk publisistik yazıları 80-ci illərdə çap olunub. 80-ci illərdə hekayələri, 90-cı illərdə povestləri, 2000-ci illərdə romanları işıq üzü görüb. О 80-ciillərin axırlarından kinopublisistika və kino tarixi ilə ciddi məşğul olub, 4 cildlik “Azərbaycan kino sənəti tarixi” monoqrafiyasını yazmaqla yanaşı, qələmə aldığı ssenarilər üzrə bədii və sənədli kinofilmlər çəkilib, 2001-2003-cü illərdə isə «Lider» televiziyasında silsilə sənədli filmlərin yaradılmasında iştirak edib. O 1991-1993-cü illərdə “Gümüş Aypara” Beynəlxalq Aşqabat kinofestivalının Azərbaycan üzrə icraçı direktoru кimi fəaliyyət göstərib. N.Əbdülrəhmanlı 80-ci illərdən folklor araşdırmaları aparmaqla yanaşı, bir çox aşıq və şairlərin yaradıcılığını toplayıb, kitab halında nəşr etdirib, onlarla kitabın tərtibçısi və redaktoru olub. О, еyni zamanda 80-ci illərdən bədii tərcüməylə ciddi və ardıcıl məşğul olur, gürcü, rus və türk dillərindən dünya ədəbiyyatı nümunələrini dilimizə çevirib. 2006-cı ildə yaradıcılığına görə Beynəlxalq Sənət Mükafatına, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” – “Şans” mükafaına layiq görülüb. “Yalqız” romanı 2010-ci ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, “Yolsuz” romanı isə 2011-ci ildə üçüncü mükafata layiq görülüb. 2018-ci ci ildə Azərbaycan Yaradıcılıq Fondunun “Ədəbiyyat adamı” mükafatına layiq görülüb.
Əsərləri türk, rus, ərəb, gürcü və ingilis dillərinə tərcümə olunub.
N. Əbdülrəhmanlı istefada olan mayor, Qarabağ müharibəsinin veteranıdır.
1998-ci ildən AYB-nin uzvü, 2004-2014-cü illərdə AYB İdarə Heyətinin üzvü olub. 2014-cü ildə AYB sıralarını tərk edib.
Vəfat etmişdir:

1963— Məşhur türk şairi, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı və türk inqilabi poeziyasının banisi Nazim Hikmət və ya Nazim Hikmət Ran 61 yaşında Moskvada vəfat etmişdir.
Nazim Hikmət 1902-ci il yanvar ayının 15-də zadəgan ailəsində anadan olmuşdur. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan xaric edilmişdir. “Sərvliklərdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunmuşdur. 1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq uğrunda vuruşan Anadoluya getmişdir. 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur.
1924-cü ildə Türkiyəyə qayıtmış, inqilabi “Oraq-çəkic” qəzetində, “Aydınlıq” jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış etmişdir. Həmin orqanlar bağlandıqdan sonra təqib olunan və 1925-ci ildə qiyabi surətdə 15 il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli olaraq SSRİ-yə gəlmişdir. 1928-ci ildə Bakıda şairin “Günəşi içənlərin türküsü” adlı ilk şerlər kitabı çapdan çıxmışdır. 1938-ci ildə yenidən Türkiyəyə qayıtdıqdan sonra həbs olunan Nazim Hikmət 8 ay həbsxanada yatmış və işdə heç bir dəlil-sübut olmadığına görə azad edilmişdir.
1929-cu ildə “835 sətir”, 1930-cu ildə “Baron-3”, 1930-cu ildə “1+1=1”, 1931-ci ildə “Səsini itirmiş şəhər” kitablarındakı şerlərdə xalqın ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdır. 1924-cü ildə yazdığı “Cokonda və Şi-Ya – u” poeması, 1932-ci ildə yazdığı “Benerci özünü niyə öldürdü” mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlmişdir. Onun “Kəllə”, 1932-ci ildə “Bir ölü evi, yaxud mərhumun naləsi”, “Bayramın ilk günü”, 1935-ci ildə “Şöhrət və ya unudulan adam” pyeslərində kapitalizm quruluşu kəskin şəkildə ifşa edilmişdir. 1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən “Gecə gələn teleqram” şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunmuşdur. Bir ildən sonra amnistiya əsasında azad edilmişdir. Sonralar şair demək olar ki, hər yeni kitabın nəşrindən sonra həbsə məhkum olunmuşdur.
1935-ci ildə yazdığı “Taranta Babuya məktublar” poemasında, 1936-cı ildə qələmə aldığı “Alman faşizmi və irqçiləri” publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunur. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – “Şeyx Bədrəddinin dastanı” çapdan çıxmışdır. 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa” pyeslərini və s. əsərlərini həbsxanada yazmışdır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olmuşdur.
1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə “Türkiyədə”, 1955-ci ildə “Qərib adam”, 1956-cı ildə “İvan İvanoviç vardımı, yoxdumu”, 1960-cı ildə “Domokl qılıncı” və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazmışdır. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər (“Bir məhəlləli iki oğlan”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım”, “Məhəbbətim, kədərim mənim”) çəkilmişdir.
Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirmişdir. Onun poeziyasına kəskin publisistika ilə yanaşı dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şer vəznini Nazim Hikmət gətirmişdir. Yaradıcılığı müasir türk ədəbiyyatına güclü təsir göstərmişdir. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulmuşdur.
1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olmuşdur.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələmişlər. R.Babayev “Kəllə” pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.

1991— Azərbaycan aşıq sənətinin “Bülbülü” kimi tanınmış və Şirvan aşıq məktəbinin inkişafında özünəməxsus xidmətləri olmuş Aşıq Bəylər Hacı Rəşid oğlu Qədirov 74 yaşında vəfat etmişdir.
Aşıq Bəylər Qədirov Salyan rayonunun Çuxanlı kəndində doğulub.
Aşıq Bəylər uşaq yaşlarından aşıqlıq sənətinə maraq göstərmiş, yüksək bacarıq və istedadı sayəsində bu sənətin bilicisinə çevirilmişdir.
O, aşıqlıq sənətinin sirlərini Şamaxı rayonunun Cəyirli kəndindən olan atasının yaxın dostu Aşıq Abbasdan öyrənib.
1938-ci ildən el məclislərdə çıxış edib. Azərbaycan Aşıqlarının II və III Qurultaylarında iştirak edib. Bir sənətkar kimi xidmətləri yüksək qiymətləndirilib, diplom, fəxri fərman və müxtəlif mükafatlara layiq görülüb.
1970-ci illərdə Moskvada “Azərbaycan mədəniyyəti günləri ongünlüyü”ndə iştirak etmişdir.
Aşıq Bəylər Rza Məmmədovun (Aşıq Rza Qobustanlı, Mirzəlinin, Ağababa Bədəlovun, Aslan İsmayılovun, oğlu İxtiyar Qədirovun və onlarla başqalarının ustadı və müəllimi olub.

1992— Azərbaycanın Milli Qəhrəmanı Eldar Abdulla oğlu Tağızadə Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Eldar Tağızadə 6 sentyabr 1963-ce ildə Bakı şəhərində anadan olmuşdur. 1970-1980-cı illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyində əməliyyat müvəkklili vəzifəsində çalışırdı.
Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Eldarın sayəsində neçə-neçə insan girovluqdan azad edilmişdi. 1991-ci ildə artıq Eldar kapitan rütbəsində DİN-nin Terrorizmə və Banditizmə Qarşı Mübarizə İdarəsində məsuk vəzifədə işləyirdi.
3 iyun 1992-ci ildə Tağızadəni yenidən Qarabağa göndərirlər.
Döyüş zamanı “Şaka” ləqəbli təhlükəli qatili zərərsizləşdirmək lazım idi. O, polis işçilərinə atəş açaraq gizlənmişdi, Eldar onun gizləndiyi binaya daxil olur, polis kapitanının silahsız olduğunu görən namərd “Şaka” qəfil olaraq Eldarın sinəsinə atəş açır , cəsur polis qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı fərmanı ilə Eldar Abdulla oğlu Tağızadə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Təhsil aldığı 164 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır.

2005 – Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, akademik Akademik Firudin Qasım oğlu Köçərli 84 yaşında vəfat etmişdir.
Firudin Köçərli 1920-ci il 28 dekabr tarixində Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1926-1935-ci illərdə İsalı kənd orta məktəbində təhsil almışdır. 1936-cı ildə Gəncə Pedoqoji texnikumuna daxil olmuş, 1940-cı ildə oranı bitirərək doğma kəndində müəllimlik fəaliyyətinə başlamışdır.
F.Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin nəzdində olan fəlsəfə şöbəsinə daxil olmuşdur. Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur. Universiteti fərqlənmə diplomu ilə bitirərək 1950-ci ildən 1953-cü ilə qədər M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuş və dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
F.Köçərli 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universiteinin Fəlsəfə kafedrasının dosenti vəzifəsində çalışmışdır. O, 1958-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının fəlsəfə sektorunun rəhbəri olmuş, 1967-ci ildən 1985-ci ilə qədər Fəlsəfə və Hüquq İnistitutunun direktoru vəzifəsində işləmişdir. Ömrünün son anı olan 2004-cü ilə qədər bu institutda fəaliyyət göstərmişdir.
F.Köçərli 1966-cı ildə doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi adına layiq görülmüşdür. 1968-ci ildə SSRİ AEAK-nın qərarı ilə ona fəlsəfə tarixi üzrə professor elmi adı verilmişdir.
F.Köçərli 1966-cı ildə Azərbaycan Elmələr Akademiyasının müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.
Akademik F.Köçərlinin elmi-tədqiqat fəaliyyəti əsasən Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin, dialektik və tarixi materializmin, etika və estetika problemlərinin tədqiqinə yönəldilmişdir. Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin fəlsəfi baxışlarına dair tədqiqatlar aparmış, həmin tədqiqatlırın nəticələri onun nəşr etdiyi kitab və monoqrafiyalarında öz əksini tapmışdır. Eyni zamanda F.Köçərlinin apardığı tədqiqatlar Moskvada nəşr olunan “SSRİ də fəlsəfə tarixi” adlı kitaba daxil edilmişdir.
Akademik F.Köçərli uzun illər SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan bölməsinin sədri olmuşdur. O, Çexoslovakiyada, Kanadada, Skandinaviya ölkələrində çıxışlar etmişdir.

2006 — Azərbaycan aktyoru, arxiv kadrlarda iştirak edən, ssenari müəllifi, Azərbaycan romantik aktyor məktəbinin istedadlı nümayəndəsi, coşğun səhnə temperamentli teatr və kino aktyoru , Xalq artisti Mikayıl Şahvələd oğlu Mirzəyev 59 yaşında vəfat etmişdir.
Mikayıl Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indi Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində doğulub. 1969-cu ildə ADİİ-nin dram və Kino aktyorluğu fakültəsini bitirib. İnstitutun Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər (müxtəlif fasilələrlə) AMDT-də aktyor işləyib. İki dəfə Milli Məclisə deputat seçilib.
Mikayıl Mirzə teatrda Kürd Musa, Fərhad (“Vaqif” və “Fərhad və Şirin”, Səməd Vurğun), Muratov, Eyvaz (“Qəribə oğlan” və “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev), Aslan (“Kəndçi qız”, Mirzə İbrahimov), Zahid (“Fəryad”, Bəxtiyar Vahabzadə), Elxan (“Od gəlini” Cəfər Cabbarlı), Cinli Mustafa (“Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə), İxtiyar (“İblis”, Hüseyn Cavid) rollarını oynayıb.
1992-1995-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.