Tarixdı bu gün
İlin 158-ci (uzun illərdə 159-cu) günü.

Doğum günləri:

1924 — Görkəmli Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Məlik Dadaşov Bakı şəhərində anadan olmuşdur.
1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M. Əzizbəyov adına Akademik Dram Teatrına işə başlamış və “Ailə namusu” pyesində ilk rolunu oynamışdır.
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.
“Ölülər”dəki Şeyx Nəsrullah rolunu Akademik Teatrın səhnəsində o dəfələrlə oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı “O dünyadan salam” filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.
M.Dadaşov teatrımızda ömrünün sonuna kimi çalışmışdı. V.Şekspirin “On ikinci gecə”, L.Tolstoyun “Canlı meyit”, S.Vurğunun “Fərhad və Şirin”, Ş.Qurbanovun “Sənsiz”, İ.Qasımovun “Nağıl başlananda” və s. tamaşalarda onun yaratdığı obrazlar bu gün də xatirələrdən silinməmişdir.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.

1927 — Rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın Qeysər Seyfulla qızı Kaşıyeva Tiflisdə anadan olmuşdur. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxumuş, orada rus dilini öyrənmiş, sonra isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranmış, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir. 1907-1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbi oxumuşdur. Daha sonra məşhur rus rəssamı Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirərək ondan Moskvada təhsilini davam etdirməsini istəmişdir.
Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasından sonra Qeysər xanım 1918-ci ildən Tiflisdən Bakıya köçmüşdür. Sovet hakimiyyəti illərində o, Bakıda rəsm dərsləri verir, “Şərq qadını” jurnalı üçün illüstrasiyalar çəkirdi. 1930-cu ildə Qeysər xanım Zülfüqar Seyidbəyli ilə ailə həyatı qurmuşdur. Bu, onun 2-ci evliliyi idi, amma bu evlilik də uzun sürməmiş, Zülfüqar bəy siyasi səbəblərə görə 1938-ci ildə həbs edilmişdir. Çox keçmədən onlar sürgün edilmişlər.
Qeysər xanım 1950-ci ildə yenidən Azərbaycana qayıtmış və 1972-ci ildə aprelin 17-də Bakı şəhərində vəfat etmişdir.
1907-1915 illərdə akvarel, qara tuş, karandaş və kömürlə çoxlu rəsm, portret və mənzərə çəkmişdir (“İ.Qonçarovun portreti”, 1909, “Azərbaycan ziyalısı”, 1912, “Göl sahili”, 1914, “Küpəgirən qarı”, 1915). Sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, “Şərq qadını” jurnalına illüstrasiyalar çəkmişdir. Rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.

1946— Azərbaycan kinossenaristi, Xalq artisti Ramiz Məmmədəli oğlu Fətəliyev Bakıda anadan olub.
972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub.
1974-1975-ci illərdə “Azərbaycanfilm” kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü olub və həmin dövrdən yaradıcılıq bioqrafiyası Azərbaycan kinematoqrafiyası ilə bağlanıb.
1985-1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışıb. 1987-1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990-1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olub.
Ramiz Fətəliyevin ssenariləri üzrə “Azərbaycanfilm”də “Rəqiblər” (kinonovella), T.Bəkirzadə ilə birgə “Ömrün ilk saatı”, “Dənizə çıxmaq qorxuludur” (V.Qonçarova, Ə.Əbluçla birgə), “Birisi gün, gecəyarısı” (M.Avdiyev, A.Donetslə birgə), “Sizi dünyalar qədər sevirdim”, “Burulğan” (E.Quliyevlə birgə), “Xüsusi vəziyyət”, “Akarsızlıq şəraitində”, “Yaramaz” (V.Mustafayevlə birgə), SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən “Öz səadəti”, “Köhnə məktublar”, “Qraçlar”, “Mənasız həyat” (Ukrayna), “Altıncı”, “Hər cür rsqsiz”, “Həyatın mənası” (Özbəkistan) bədii filmləri çəkilib.
2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkir. O , “Bir anın həqiqəti” (12 seriyalı), “Məhəllə”, “Qraf Krestovski” və s. bədii televiziya filmlərinə quruluş verib.
1986-1995-ci illərdə kinostudiyanın direktoru olub.
Ramiz Fətəliyev Azərbaycanın Əməkdar incəsənət xadimi, Respublika Dövlət Mükafatı Laureatıdır..
1927— filoloq, dilçi, filologiya elmləri doktoru , professor Əli Abbas oğlu Fərəcov Qərbi Azərbaycanda İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Burada orta məktəbin yeddinci sinfini bitirəndən sonra İrəvan Pedaqoji Texnikumunda təhsil almışdır. Əmək fəaliyyətinə Zəngibasar rayonu kənd orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsində təhsil almışdır (1946-1951). Azərbaycan Dövlət Nəşriyyatında kiçik redaktor, redaktor, böyük redaktor, “Tədrisnəşr”də böyük redaktor vəzifələrində çalışmışdır (1951-1960). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1960-1964). “Şagirdlərə morfoloji məfhumların mənimsənilməsinin metodik əsasları” müvzusunda doktorluq dissertasiyası (1972) müdafiə etmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai təhsil metodikası və pedaqogikası fakültəsində dekan müavini, filologiya fakültəsinin dekanı, eyni zamanda institutun “Elmi əsərləri”nin məsul katibi olmuşdur. Elmi-pedaqoji və metodik əsərləri və tərcüməçilik fəaliyyəti ilə tanınmışdır. Şərikli yazdığı Azərbaycan və rus məktəblərinin III-V və VI sinifləri üçün “Azərbaycan dili” dərslikləri təkrar-təkrar nəşr edilmişdir. “Müxtəsər dilçilik lüğəti” (1960), “İzahlı dilçilik lüğəti” (1969), “Qrammatik məfhumların mənimsənilməsinin bəzi məsələləri” (1970) və “Azərbaycan dili” (III, VI siniflər üçün) dərslikləri kütləvi tirajla nəşr olunmuşdur. Xidmətlərinə görə, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri fərmanı, medallar və maarif əlaçısı nişanı ilə təltif edilmişdir.
1977-ci il mayın 11-də vəfat etmişdir.

1976 — Eksperimental astrofizika sahəsində gənc alim, Florida Universitetinin azərbaycanlı professoru Dürdanə Balakişiyeva Bakıda anadan olub.
Dürdanə xanım Bakıda 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil alıb. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı, tennis üzrə çempionatın qalibi olub. D. Balakişiyeva Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alıb.
Alim 2001-ci ildə Nyu-Yorkdakı Syrakus Universitetində (ing. Syracuse University) işləməyə başlayıb. Daha sonra isə elmi və müəllimlik fəaliyyətini Florida Universitetində davam etdirib. Dürdanə Balakişiyeva elmi karyerasına bərk cisimlər fizikası sahəsindən başlayıb. Tibbi məqsədlər üçün (anesteziya) MRL qətnaməsini (magnetic resonance imaging) yaxşılaşdırmaq üçün ksenonun hiperpolyarizasiyası (XE) metodunu inkişaf etdirib. Tədqiqatın gedişində alim ksenon kristalının yaradılması metodunu işləyib hazırlayıb ki, bu da detektorların yaradılması üçün ideal üsuldur.
Eyni vaxtda hazırda bütün dünya alimlərinin diqqət mərkəzində olan “qara materiya” sahəsində tədqiqatlar aparan “SuperCDMS” -lə və yeni eksperimentlər üçün məşhur “Solid Xenon” Enriko Fermi (Nobel mükafatı laureatı Enriko Ferminin adını daşıyan) laboratoriyası ilə birgə tədqiqatlara başlayıb.
Bir sıra elmi məqalənin müəllifidir:
Vəfat etmişdir:

1953 — Musiqişünas, Nazim Əliverdibəyov atası Ağalar bəy Kərbəlayi Ələkbər bəy oğlu Əliverdibəyov 73 yaşında vəfat etmişdir.
Ağalar Əliverdibəyov 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində anadan olmuşdu. . O, Ağdamın dövlətli mülkədarı, Xan qızı Xurşudbanu Natəvanın süd qardaşı Kərbəlayi Ələkbər bəy Əliverdi bəy oğlu ilə Telli xanım Mir Abdulla bəy qızı Vəzirovanln altı övladından biri idi. Kərbəlayi Ələkbər bəyin birinci nikahından daha üç övladı olmuşdu. Onlardan biri də dahi Üzeyir Hacıbəyovun anası Şirin xanım idi. Şirin xanımla Ağalar bəy Nətavanın başçılıq etdiyi “Məclisi-üns”ün yığıncaqlarında fəal iştirak edirdilər.
Ağalarbəy Əliverdibəyov mükəmməl Avropa təhsili almış mütərəqqi ziyalılarımızdan biri olub. O, 1901-ci ildə Peterburq Texnoloji Institutunu, sonra isə Varşava Inşaat Institutunu bitirmişdi. Gənc mütəxxəssis 1813-cü ildə vətənə qayıtmış, Bakı şosse yolları idarəsində mühəndis vəzifəsində işləmişdi. O, həmçinin gözəl muğam bilicisi kimi A. Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs demişdi.
Bəstəkar Nazim Əliverdibəyovun, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianist Nüşabə Əliverdibəyovanın atasıdır.
Bəstəkar Üzeyir Hacıbəyovun dayısıdır.
A. Əliverdibəyov müxtəlif dünya xalqlarının mədəniyyətini əhatə edən “Musiqi tarixi” adlı dolğun məzmunlu kitab yazmışdır . Həmin kitab, eləcə də xalq mahnı və təsniflərinin toplanılmasına böyük qayğı göstərməsi bu gözəl ziyalının musiqişünaslıq fəaliyyəti barədə danışmağa əsas verir.
A. Əliverdibəyov həm də doğma musiqi folklorunun qayğıkeş toplayıcısı idi. Həmin musiqi nümunələri hər hansı bir zümrəyə mənsub olmadığına görə, onlara bu və ya başqa xanəndənin, yaxud el nəğməkarının repertuarı kimi baxmaq olmaz. Toplama işi isə müxtəlif üsullarla həyata keçirilə bilər – xalq mahnılarını kimi texniki vasitələrlə, kimi də müəyyən yazı işarələrinin köməyi ilə toplaya bilər. Ağalar Əliverdibəyov isə el havalarını əvvəlcə özünün qeyri-adi musiqi hafizəsinə köçürmüş, sonra da onların nota yazılmasında bəstəkar S. Rüstəmova böyük yardım göstərmişdir.

1994 — Məşhur Azərbaycan müğənnisi, Xalq qrtisti Gülağa Allahverdi oğlu Məmmədov 76 yaşında vəfat etmişdir.
Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın “Kiçik bazar” məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb.
Müğənni kimi fəaliyyətə 1930-cu illərdə “Kəndlilər evi”ndə başlayıb. Burada özfəaliyyət dərnəyinin ən fəal üzvlərindən olub. Opera Teatrında keçiriləcək müsabiqədə iştirak edən azyaşlı Gülağa Ü.Hacıbəyli, Bülbül, S.Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə bəyənilib.
1947-ci ildə Musiqili Komediya Teatrında çalışmağa başlayıb, Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarında Məcnun, Kərəm, Əsgər, Sərvər rollarında çıxış edib. Lakin bir neçə ildən sonra, 1949-cu ildə teatrdan ayrılıb.
Konservatoriyada oxuduğu illərdə vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Hüseynqulu Sarabskidən öyrənib. Oxuduğu mahnıların çoxu isə S.Rüstəmova məxsus olub. Çünki, S.Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq onun üçün yazıb. T.Quliyevin də, C.Cahangirovun da əsərlərini ilk səsləndirən G.Məmmədov olub.
Müğənni şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnısının ifaçısı olub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrlərlə birgə çıxışlar edib.
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub. “Ay qız”, “Ana Kür”, “Oxu, gözəl”, “Şeir deyilmi”, “Mənim qızım” kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.
2002-ci ildə onun haqqında “Azərbaycantelefilm” tərəfindən qısametrajlı sənədli televiziya filmi çəkilib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.