Tarixdə bu gün

İlin 164-cü (uzun illərdə 165-ci) günü.

Mühüm hadisələr:

1550 – Memar Sinanın “Süleymaniyyə” məscidinin inşası başlanmışdır.

2000 – Papa II İohan Pavelə (Ioannes Paulus) sui-qəsd üstündə tutulan və İtaliyada həbsxanada olan Mehmet Ali Ağca Türkiyəyə qaytarılmışdır.

Doğum günləri:

1927 — Tələt Soltan oğlu Bakıxanov Bakı şəhərində anadan olmuşdur.

Musiqiçi kimi yetişməsində əmisi Əhməd Bakıxanovun böyük rolu olmuşdur.

1945-47-ci illərdə teatr texnikomunu bitirmiş, 1947-49- cu illərdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən dərs almışdır.

1947- ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansambılının solisti olmuşdur.

Bir sıra xarici ölkələrdə Fransa, İndoneziya, Malta, İran, Türkiyə, Suriya və başqa ölkəlrdə qastrol səfərlərində olmuş, muğam üçlüyünün tərkibində görkəmli xanəndələri müşaiyət etmişdir. Azərbaycan muğamlarının, xüsusilə, “Segah” instrumental muğamının gözəl ifaçılarından biri kimi tanınmışdır.

1959 —Xalq artisti , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Bəsti Əli qızı Cəfərova Bakı şəhərində anadan olub.

1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin “Quşu uçan budaqlar” psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb.

Bəsti Cəfərova Akademik teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında özünün hazırladığı “Mən Dədə Qorqud…” (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin “Təskinlik verməyi unutmayın” (“Kiçik şəhzadə”, Qızılgül, Göl çiçəyi, və Fanarçı), “Yuğ” Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın “Heydərbaba” əsəri əsasında səhnələşdirildiyi “Salam” (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb. Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Səltənət (“Quşu uçan budaqlar”, Ə.Əylisli), Nazlı (“Əliqulu evlənir”), Bənövşə (“Nişanlı qız” S. Rəhman), Qadın (“Sizi deyib gəlmişəm…”, Anar), Əsmər (“Günah”, R.Əlizadə), Bədidə və Nigar (“Qanlı Nigar”, S.Şendil), Gülruh (“Şeyx Xiyabani”), Azadə xanım (“Dəlilər və ağıllılar”), Ağabəyim ağa (“Hökmdar və qızı”), Lalə (“Büllur sarayda”), Sürəyya (“Tənha iydə ağacı”), Xurşidbanu Natəvan (“Xurşidbanu Natəvan”, İ.Əfəndiyev), Solmaz (“Od gəlini”, C.Cabbarlı), Martrio (“Dişi canavar”, F.Q. Lorka), Qonerilya (“Kral Lir”, V.Şekspir), Qaliyə və Adlay (“Sokratı anma gecəsi”, Ç.Aytmatov və M.Şahanov), Ədilə (“Poçt şöbəsində xəyal”, Elçin), Fedra (“Fedra”, J.Rassin), Afət (“Afət”, H.Cavid), Qadın (“İnsan səsi”, J.Kokto), Xanuma (“Xanuma”, A. Saqarelli), Jivka (“Nazirin xanımı”, B. Nuşiç), Qətibə İnanc (“Qətibə İnanc”, M.S. Ordubadi) və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasında hazırlanmış Pəri (“Solğun çiçəklər”, Cəfər Cabbarlı), Gülay (“Ər və arvad” Mar Bayğıyev), Alina (“Astana”, Anatoli Dudarev), Rəna (“Analar” Əzizə Cəfərzadə), Ağabəyim ağa (“Güllələnmiş heykəllər” Hüseynbala Mirələmov) əsərlərinin tamaşalarında də əlvan rollarla iştirak edib.

2013-cü ildə pedaqoji fəaliyyətlə məşğul olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor elmi adına layiq görülüb.

 1975 – ARB 24″ TV-də Xəbərlər Departamentinin direktor müavini,jurnalist  Aynur Əli qızı Nəsirova Bakı şəhərində dünyaya gəlib.

172 saylı tam orta məktəbi bitirdikdən sonra 1994-ci ildə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinə   qəbul olunub. 1998-ci ildə bakalavr təhsilini başa vurduqdan sonra elə həmin fakültənin magistr pilləsinə daxil olub, 2000-ci ildə isə təhsilini yekunlaşdırıb.

Aynur Nəsirova BDU jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur. 1999-cu il yanvar-iyun aylarında magistr təhsili ilə yanaşı, Sara TV-də “Xəbərlər” xidmətində reportyor; 1999-cu il iyun-dekabr aylarında “Teleskop” qəzetində redaktor; 2000-2003-cü illərdə “Lider” TV-də Prezident Aparatında akkreditasiya olunmuş müxbir-redaktor; 2004-2016 illərdə BDU, Teleradio jurnalistikası kafedrası nəzdində, tədris televiziya studiyasında müdir; 2014-cü ildən “ARB” TV-də “Xəbərlər” xidmətinin redaktoru vəzifəsində çalışıb. Hazırda “ARB 24” TV-də Xəbərlər Departamentinin direktor müavini kimi fəaliyyət göstərir.

Vəfat etmişdir:

1992— Azərbaycanın Milli Qəhrəmanı Şikar Şükür oğlu Şikarov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Şikar Şikarov 1953-cü il dekabr ayının 3-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinun Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır.

1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir.

1990-cı il 20 Yanvar hadisələrindən sonra Vətənə qayıtmışdır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında Əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir. 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik etmiş, uğurlu əməliyyatlar keçirmişdir.

1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Qobustan rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır (əslən həmin kənddəndir).

 2009 — Səməd Vurğun Fondunun prezidenti və Səməd Vurğunun ev-muzeyinin direktoru , Əməkdar incəsənət işçisi Aybəniz Səməd qızı Vəkilova 71 yaşında vəfat etmişdir.

Aybəniz Vəkilova 1937-ci il sentyabrın 9-da Bakıda anadan olub.

O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, uzun müddət Nizami adına Ədəbiyyat Muzeyində elmi işçi işləyib.

2006-2009-cu illərdə Səməd Vurğunun ev muzeyinin direktoru olub.

1996-cı ildə “Şərəf” ordeni ilə təltif edilib. Səməd Vurğunla bağlı bir neçə kitabın müəllifidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!