Tarixdə bu gün
İlin 165-ci (uzun illərdə 166-cı) günü.

Mühüm hadisələr:
1937— Hatayın müstəqilliyi Türkiyə Böyük Millət Məclisində təsdiqləndi.
1940 — İkinci Dünya müharibəsində Alman hərbi birləşmələri Parisə daxil oldular. Fransanın paytaxtı Paris almanlara təslim oldu.
1949— Vyetnam dövləti quruldu.
Doğum günləri:

1888 – Azərbaycan Demokratik Respublikasının 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri, Azərbaycan Milli Şurasının üzvü, ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas (bəzi mənbələrdə Azərbaycan himninin sözlərinin müəllifi kimi göstərilir) Camo bəy Hacınski (Camo bəy Hacınski Süleyman oğlu) Quba şəhərində anadan olmuşdur.
O, ictimai-siyasi xadim Mehdi bəy Hacınskinin kiçik qardaşıdır. Gənc yaşlarında Bakıya köçən Camo bəy burada gimnaziya təhsili almışdı. Gimnaziyanı bitirib 1907-ci ildə Bakıda rus dilində nəşr olunan “Kaspi” qəzetində müxbir kimi fəaliyyətə başlamışdı və bu qəzetlə əməkdaşlığını 1915-ci ilədək davam etdirmişdi.
1914-cü ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirən Camo bəy Hacınski, sonralar İqtisadçı ixtisasına da yiyələnmişdi.
Zaqafqaziya Seymi Müsəlman fraksiyasınin üzvü olmuşdur. Milli Şuranın üzvü və İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri idi. Hacınski Azərbaycan Xalq Cumhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində təmsil olunmuşdur. Respublikanın rabitə sahəsində xüsusi xidmətləri olmuşdur. Aprel işğalından sonra mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirmişdir.
1922-ci ildə həbs olunaraq 3 il məhbəsdə saxlanıldıqdan sonra Solovki (Rusiya) düşərgəsinə göndərilmişdir.
1928-ci ildə azad olunaraq Bakıya gəlmiş lakin, 1938-ci ildə yenidən həbs edilərək sürgün olunmuş və 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat etmişdir.
1956-cı ildə ona ölümündən sonra bəraət verilmişdir.

1902— Görkəmli Azərbaycan heykəltəraşı Tokay Məmmədovun anası, ilk azərbaycanlı heykəltəraş qadın Zivər Nəcəfqulu qızı Məmmədova Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olmuşdur.
O, ilk orta təhsilinə yeddi yaşında “Müqəddəs Nina” qızlar gimnaziyasında başlamışdır. Zivər xanım Şərqin ilk heykəltəraş qadını olmaqla yanaşı, həm də gözəl skripka çalırdı. Üzeyir Hacıbəyov öz sevimli skripkasını ona bağışlamışdır. Zivər xanım 1924-cü ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirmişdir. O, bir müddət S.D. Erziya və P.V. Sabsayın emalatxanasında çalışmışdır.
Zivər xanım portret ustası kimi tanınmış və zəngin bir qalereya yaratmışdır. O, hələ tələbəlik illərində Hüseynqulu Sarabskinin büstünü yaratmışdır. Sonralar isə Məhsəti Gəncəvinin, Nizaminin əsərlərinə illüstrasiyalar işləmişdir.
Zivər Məmmədova milli heykəltaraşlıq sənətimizin ilk yaradıcılarından sayılır. O, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin inkişafında mühüm xidmətləri olan insanların bədii obrazları, daşlaşmış surətlərini yaratmağa böyük əmək sərf etmişdir.
Zivər Məmmədova 22 aprel 1980-ci ildə Bakıda vəfat etmişdir.

1926 – Görkəmli tarzən, Xalq artisti Həbib Əbdülhüseyn oğlu Bayramov Bakıda anadan olub.
Hələ kiçik yaşlarından balaca Həbibin tara olan sevgisini hiss edən atası 13 yaşı tamam olanda ona tar alır və musiqi məktəbinə –Əhməd Bakıxanovun yanına aparır. H.Bayramov 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində həm əlaçı tələbə kimi təhsil alıb, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs deyib. 1949-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-konsert birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.
H.Bayramov həm də gözəl saz ifaçısı olub. Onun sazda ifa etdiyi “Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamları radionun “Qızıl Fond”unda saxlanılır.
Ustad sənətkar 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olub. H.Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova kimi sənətkarları tarda müşayiət edib.
Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib, Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

1947— Tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi , Xalq artisti, “Şöhrət” ordenli Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov anadan olub.
Faiq Sücəddinov 1965-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun Fortepiano şöbəsinə daxil olur.
1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayır. XX əsrin 80-ci illərində Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırır və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirir.
1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakultəsinə qəbul olunur.
1981 il-də Azərbaycan Dövlət Konservatoriya Bəstəkarliq fakultəsini bitirir.
2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kirpdə yaşayıb – fəaliyyət göstərir.
Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün “Atatürk” odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır.

1957— Azərbaycanın Milli Qəhrəmanı Tahir Əminağa oğlu Bağırov Türkmənistan Respublikasının Krasnovodsk (indiki Türkmənbaşı) şəhərində anadan olmuşdur.
1974-cü ildə Şirvan şəhərində 8-ci sinifi bitirmiş, həmin ildə sürücülük sənətinə yiyələnmişdi. 1977-ci ilin may ayıdan 1979-cu ilin sentyabr ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra Azneft-1 İstehsalat Birliyində işləmişdir.
Milli Ordu hissələri təşkil edilməyə başlananda Tahir Bagırov da onun sıralarına qoşulmuşdur. 1992-ci ilin 1 mart tarixində 843-cu hərbi hissənin komandirinin əmri ilə Tahir təlim komandirinin müavini təyin olunmuş, sonra isə Azərbaycan Respublikası hərbi hava qüvvələrinin Mİ-24 helokopterində bort atıcısı vəzifəsinə keçirilmışdi. Qarabağda Ermənistan ekspedisiya korpusuna qarşı keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir.
1992-ci il 11 oktyabrda gedən döyüşlərdə T.Bağırov qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fəmanı ilə Tahir Əminağa oğlu Bagırova Azərbaycanın Milli Qəhrəmanı fəxriadı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Şirvan şəhərində yaşadığı küçəyə,11 saylı və 59 saylı orta məktəbə onun adı verilib.
Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı İxtiyar Qasım oğlu Qasımov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
İxtiyar Qasımov 22 mart 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur.
1977-ci ildə Salahlı kənd orta məktəbinə getmiş və səkkizinci sinfə qədər burada təhsil almışdır. 1985-ci ildlə Bakıya gələrək təhsilini burada davam etdirir. 1992-ci ildə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüşlərə göndərilməsini xahiş etmişdir.
İxtiyarı “N” saylı hərbi hissəyə təhkim edirlər. Qazançı kəndində dedən döyüşlərdə İxtiyar və onun səngər qardaşları ermənilərin üç PDM-ni, bir zirehli maşınını və onlarla əsgərini məhv etmişlər.
1992-ci il 14 iyulda ermənilər Canyataq kəndinə hücuma edirlər. Şiddətli döyüşlər başlayır. İxtiyar yaralanmış dostlarını göptürüb yeni mövqe seçməyi tapşıraraq, özü təkbaşına ermənilərin irəliləməsinin qarşısını almağa başlayır. Amma özü də qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasım oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Salahlı kənd qəbristanlığında dəfn edilib.
Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi onun adını daşıyır.

1997 — Tanınmış şair, tərcüməçi, publicist İsa Mustafa oğlu İsmayılzadə 56 yaaşında vəfat etmişdir.
İsa İsmayılzadə 1941-ci il martın 15-də Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra -1958-1963-cü illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır.
Ədəbi fəaliyyətə tələbəlik illərində “Aprel çiçəkləri” (1959) almanaxında və “Azərbaycan gəncləri” qəzetində (19 iyun 1961-ci il) çap etdirdiyi ilk şeri ilə başlamışdır. O, Qardabanidə orta məktəbdə müəllim (1963-1964), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor (1966-1968), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, baş redaktorun müavini, “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1968-1981), “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində işləmişdir (1981-ci ildən ömrünün sonunadək). Eyni zamanda Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin Musiqili verilişlər baş redaksiyasında (müqavilə ilə) Musiqi mətnləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir (1994-cü ildən). Şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə, habelə bir sıra xarici dillərə tərcümə edilmişdir.
Bayramlar və xüsusi günlər:
Hər il iyunun 14-də qeyd olunan Dünya Qan Donoru Günü 2005-ci ilin mayında Dünya Səhiyyə Assambleyasının 58-ci sessiyasında təsis edilib.

1868-ci ilin həmin günü avstriyalı həkim-immunoloq Karl Landşteyner anadan olub. O, insan qanı qruplarının kəşfinə görə 1930-cu ildə Nobel mükafatına layiq görülüb.
Dünya Qan Donoru Gününün iyunun 14-də qeyd edilməsi dörd beynəlxalq təşkilatın – könüllü və pulsuz qan verməyə çağıran Dünya Səhiyyə Təşkilatının, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Federasiyasının, Beynəlxalq Donor Qanı Təşkilatları Federasiyasının və Beynəlxalq Qanköçürmə Cəmiyyətinin təşəbbüsü olub.
Son zəng
İyunun 14-də Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu il respublikada 102 min 120 nəfər XI sinfi bitirir.
2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində şagirdlərin sayı 1 milyon 706 min 935 nəfər təşkil edib.
Cari tədris ilində ümumi təhsil müəssisələrində 150 min 445 nəfər IX sinfi bitirir.
Bu tədris ilində ölkə üzrə 137 min 862 şagird birinci sinfi bitirir.
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 min 569 uşaq təhsil alıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin XI siniflərini 28 min 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir. Paytaxtda 42 min 70 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 505 min 372 şagird təhsil alıb.
İdarənin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 29 min 767 müəllim fəaliyyət göstərir.
Qeyd edək ki, “Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunur. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülməsi tapşırılıb.
Bütün məzunlarımızı təbrik edir, uğurlu yol arzulayırıq.





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.