Tarixdə bu gün
İlin 171-ci (uzun illərdə 172-ci) günü.

Mühüm hadisələr:
1971 — Cəmşid Naxçıvanski adına orta ixtisas internat məktəbi (indiki Cəmşid Naxçıvanski adına hərbi lisey) təşkil edilib.
1995 — Azərbaycan Respublikası Mozambik ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1898 — Görkəmli aktyor, Xalq artisti Əli Mirzə oğlu Qurbanov Tbilisi şəhərində dünyaya gəlmişdir.
Əli Qurbanov aktyorluq fəaliyyətinə 1914-cü ildə Tiflisdə teatr həvəskarları truppasında başlamışdır. O, ilk dəfə M.Sənaninin təkidi ilə Həvəskarların “Gaveyi-Ahəngar” tamaşasında yalnız bircə kəlmə (“Gedək”) sözü ilə səhnəyə çıxmışdır. Bu ildən (1915) sonra isə M.Sənaninin təşəbbüsü ilə hazırlanmış “Məşədi İbad” tamaşasında Əli Qurbanov Rüstəmbəy rolunu oynayır. Məlahətli səsi onun muvəffəqiyyətini daha da artırır. Bu hadisədən sonra Əliyə maraq daha da artır.
Əli Qurbanov 50 ildən artıq böyük səhnədə olmuşdur. Bu muddətdə 200-ə yaxın muxtəlif rollarda çıxış etmiş, bəzi rolları bir neçə yüz dəfə oynamışdır. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa etmişdir. Aktyor 40 ildən artıq C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının filmlərində də çəkilmişdir.
Aktyor 1962-ci ildə 64 yaşında vəfat etmişdir.

1915— Görkəmli aktyor, Azərbaycanın Xalq artisti Süleyman Ağababa oğlu Ələsgərov Bakıda doğulub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. Səhnəyə ilk dəfə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.
Süleyman Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir neçə kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı “Bizim Cəbiş müəllim” filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur.
Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxmışdır. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. Səksən üç yaşında da səhnədə canlı, dinamik və təravətli görünürdü.
Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

1920 — Sovet İttifaqı Qəhrəmanı Fariz Məcid oğlu Səfərov Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur.
Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rusdilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddət Kürdəmir rayonunda rus dili müəllimi işləmişdir. 1939-cu ildə Bakı ŞHK-dan hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət etmişdir.
On günlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Minskdəki hərbi hissəyə geri dönməli olur, yolda olduğu qatarı alman təyyarələri bombalayır, çox sayda insan ölsə də Səfərov Fariz sağ qalır və 416-cı Taqanroq diviziyasının hissələrindən birinə qoşulur.
1943-cü ildə Zaporojye ətrafında Qızıl Ordu birləşmələri qanlı döyüşlərlə düşməni sıxışdıraraq Dneprə sahillərinə yaxınlaşdığı bir vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlara düşmən sahilə yön alır. Düşmən sahilə yaxınlaşmağa 10-15 metr qalmış qayıqlarını görsə də sahilə çıxa bilirlər. Ağır döyüşlərə baxmayaraq düşmən sahil zolağını yenidən ələ keçirə bilmir. Fariz Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanır. Alman Ordusuna məxsus xeyli döyüş sursatı, texnikası ələ keçirilir. Tezliklə Sovet ordu hissələri Dnepr çayını keçərək hücuma başlayır.
19 mart 1944-cü il tarixində SSRİ Ali Sovetinin Qərarı ilə Səfərov Fariz Məcid oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Fariz Səfərov müharibədən sonra da ordudan ayrılmamış və 1957-ci ildə mayor rütbəsində ehtiyata göndərilmişdir.
O, 27 avqust 1964-cü ildə vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ləki qəsəbəsində Fariz Səfərovun Ev muzeyi açılmış, Ağdaş Tarix-Diyarşünaslıq muzeyində xatirəsinə guşə yaradılmışdır.

1921– Məşhur bəstəkar, pedaqoq, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov Balaxanıda anadan olub.
A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb.
1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. 1950-ci ildə SSRİ Dövlət Mükafatı Laureatı adına layiq görülüb.
Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri,operaları, bir-birindən gözəl mahnıları var. “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirmişdir. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilmişdir. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.
Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib.
Məzarı Fəxri Xiyabanda yerləşir.

1956— “Azərbaycan Bayrağı” ordenli qəhrəman Ədalət Sabir oğlu Paşayev (“Topçu Ədalət”) Tərtər rayonunun Balakəngərli kəndində doğulmuşdur.
Tərtər şəhər 2 saylı orta məktəbi bitirib. 1972-77-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.
1991-ci ildə yaranan “Tərtər” özünümüdafiə batalyonuna zabit kimi daxil olub. Cəbhədə “Topçu Ədalət” adı ilə tanınıb. 1992-ci il avqustun 23-də Drambonda yaralanıb. Avqustun 25-də Bakıda Respublika Kliniki Xəstəxanasında vəfat edib.
Tərtər şəhər qəbiristanlığında dəfn olunub. Yaşadığı küçəyə onun adı verilib.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 saylı sərəncamı ilə Baş leytenant Paşayev Ədalət Sabir oğlu (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
1969 — Azərbaycanın Milli Qəhrəmanı Vüqar Tofiq oğlu Hüseynov Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur.
1976-1986-cı illərdə Daşkəsəndə məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmış, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayır. 1990-cı ildə DİN-nin polis dəstəsinə yazılmış və həyatını cəbhə ilə bağlamışdır.
Vüqar Hüseynov Xocalıda, Goranboyda uğurlu döyüş yolu keçmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olmuşdur. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edirlər. Vüqar burada qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur.
1992-ci il 6 iyun Azərbaycan Respublikası Prezidentinin 831 saylı fərmanı ilə Vüqar Tofiq oğlu Hüseynov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Doğuldğu Cəbrayıl rayonunun Daşkəsən kəndində dəfn edilmişdir.
Oxuduğu orta məktəb onun adını daşıyır.
Vəfat etmişdir:

1976 — Tanınmış aktyor Fazil İdris oğlu Salayev 44 yaşında vəfat etmişdir.
Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda dünyaya gəlib. Əslən, Cənubi Azərbaycandandırlar. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış. Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Eyni zamanda “Azərbaycan” nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.Bundan sonra Fazil sənədlərini Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir və qəbul olunur.Teatr İnstitutunu bitirən F.Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq işinin dəyərləndirilmədiyini görüncə, Musiqili Komediya Teatrına üz tutur.
Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Rejissor Həsən Seyidbəyli onu “Möcüzələr adası” filmində epizodik rola dəvət edir. Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı “Ulduz” filmində müxbir rolunu oynayır. Ardınca “Alma almaya bənzər” filmində Mehdi,”Bizim Cəbiş müəllim” filmində Mıqqı, “Bir cənub şəhərində” Fazil, “Dərviş Parisi partladır” filmində Qulaməli kimi yaddaqalan obrazlar yaradır. “Azdrama”dan küsüb getdiyi illərdə isə “Mozalan” satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi “Şərikli çörək” filmindəki Qırçı Məhəmməd obrazı isə qəhrəmanımızın istedadını başqa tərəfdən üzə çıxarır. Bu psixoloji rolla sübut edir ki, onun üçün heç bir amplua məhdudiyyəti yoxdur. Bu rol Azərbaycan kinosunda sükutla “danışmağın” bənzərsiz nümunəsidir. Bir vaxtlar televiziya ekranlarında gedən “Komediyalar aləminə səyahət” verilişində tez-tez səhnəciklərdə çıxış etmişdir.
İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da,oynadığı rolları, gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədhənifə oğlu Yəhyayev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elşad Yəhyayev 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. İlk təhsilini Şəkidə almışdır. 1977-ci ildə ailələri ilə Bakıya köçmüş və təhsilini Xətai rayonundakı 56 saylı orta məktəbdə davam etdirmişdir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı.
Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu “N” saylı hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir, faşist və ermənilərə qan uddurur . Naxçıvanlı kəndində qaynar döyüşlər gedirdi ermənilər ağır itki verdilər və geri çəkildilər…
Elşad bu döyüşdə xeyli düşməni məhv etsə də, özü də qəhrəmancasına həlak oldu: snayper gülləsi onun ürəyini əbədilik susdurdu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Elşad Məmmədhənifə oğlu Yəhyayevə olümündən Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Şəki rayonundakı 12 saylı məktəb qəhrəmanımızın adını daşıyır.
Bakı şəhərindəki 56 saylı orta məktəbdə isə onun büstü qoyulub.

1993 — Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş İlyas Vaqif oğlu Cabbarov 27 yaşında Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.
İlyas Cabbarov 2 mart 1966-cı ildə Laçın rayonunun Güləbird kəndində doğulmuşdur. 1973-cü ildə Güləbird kənd orta məktəbinə getmiş, orta məktəbi başa vurduqdan sonra 1983-cü ildə Şuşa Kənd Təsərrüfatı Texnikumuna qəbul olmuşdur. 1986-cı ildə Ukraynaya hərbi xidmətə yollanmışdır. 1990-cı ildən könüllü olaraq Milli Ordu sıralarında kəşfiyyatçı kimi xidmət etmiş, Güləbird batalyonunun kəşfiyyat bölüyünün komandiri təyin edilmişdir. İlyasın öz öz silahdaşları ilə birlikdə gətirdiyi qiymətli kəşfiyyat məlumatları nənki batalyonun, hətta bütün bölgənin uğurlu döyüş planlarının hazırlanmasına çox böyük təsir göstərmişdir.
706 saylı hərbi hissənin kəşfiyyatçısı Dəyhan, Fərəcan, Səfiyan, Suarası, Dəyirmanyanı, və digər kəndlərimiz uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, 1993-cü ilin iyunun 20-də kəşfiyyatdan qayıdarkən Xanalılar kəndi yaxınlığında minaya düşərək həlak olmuşdur.
Güləbird kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı fərmanı ilə döyüşlər zamanı şəxsi igidlik və şücaətlərinə görə sıravi İlyas Vaqif oğlu Cabbarov (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Bayramlar və xüsusi günlər:

Bu gün qaz təsərrüfatı işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin ölkədə qaz təsərrüfatının yaradılmasının 70 illiyi ilə əlaqədar olaraq 12 iyun 2006-cı il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 20-si respublikada Qaz Təsərrüfatı İşçilərinin peşə bayramı Günü kimi qeyd olunur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.