Tarixdə bu gün

İlin 173-cü (uzun illərdə 174-cü) günü
Mühüm hadisələr:
1941 — Faşist Almaniyası Sovet İttifaqına hücuma başlamışdır.
Doğum günləri:

1802 – Azərbaycanın görkəmli şərqşünası və maarifçisi, rus şərqşünaslıq elminin banilərindən olan Mirzə Kazım bəy Rəşt şəhərində anadan olub.
O, 9 yaşında ikən anası ilə birlikdə Rəştdən Dərbəndə atasının yanına gəlib. Hələ uşaqlıqdan elmi biliklərə dərin maraq göstərən Kazım bəy atasının köməyi ilə müsəlman məzhəbinin tam kursunu bitirib, Azərbaycan, tatar, fars dillərini mükəmməl öyrənib. O, eyni zamanda ərəb, rus və türk dillərinə də dərindən yiyələnib. Kazım bəy 17 yaşında ikən özünün ərəb dilində “Ərəb dilinin qrammatikası təcrübəsi” adlı ilk əsərini yazıb.
1821-ci ildə Həştərxana gedən Mirzə Kazım bəy Şərq ölkələrinə getmək və təhsilini başa çatdırmaq istəyirdi. O, Həştərxanda qaldığı dörd il ərzində ingilis, fransız, alman və qismən yəhudi dillərini öyrənib.
Kazım bəyi 1824-cü ildə Avropa elmlərini mükəmməl öyrənməsi üçün İngiltərəyə dəvət edirlər. Lakin rus hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermir. Bunun əvəzində Rusiya imperiyasının xüsusi sərəncamı ilə Kazım bəy Omska tatar dili müəllimi olaraq göndərilir. 1826-cı ilin əvvəlində Omska gedərkən yolda ağır xəstələnən Kazım bəy Kazanda dayanmaq qərarına gəlir Burada Kazım bəy Kazan Universitetinin rektoru, professor K.Fuksla tanış olur. Kazım bəyin istedadından heyrətə gələn K.Fuks onu şəhərin çox görkəmli adamları ilə tanış edib. Kazım bəy 1826-cı ilin oktyabrında Kazan alimlərinin xahişi ilə ərəb-fars dilləri üzrə lektor (baş müəllim) təyin olunub.
Kazım bəy 26 yaşında ikən London Kral Asiya cəmiyyətinin həqiqi üzvü seçilib. İki il keçdikdən sonra fars dilində ərəb filologiyasına dair əsərinə görə Şərq dilçiliyi magistri dərəcəsi alıb. Sənədlərdən məlum olur ki, Kazım bəy universitetə lektor təyin olunanda rus dilini heç bilmirdi. Ona görə də rus dilini əsaslı şəkildə öyrənmək vəzifəsini qarşıya qoyan Kazım bəy çox keçmədən mühazirələrini rus dilində oxumağa başlayıb. O, eyni zamanda Sədinin “Gülüstan” əsərini rus dilinə tərcümə edib və 1829-cu ilin sonunda tərcüməni başa çatdırıb. Kazım bəy Kazan Universitetində fəaliyyəti dövründə elmi-tədqiqat işləri ilə də ciddi məşğul olurdu. “Ərəb ədəbiyyatı haqqında mülahizələr” adlı əsərini tamamladıqdan sonra Krım xanlarının tarixinə həsr etdiyi “Əssab as-Səyyar, yaxud yeddi səyyarə” adlı əsəri də yazıb başa çatdırıb.
Mirzə Kazım bəy 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilib. 1849-cu ildə Sankt-Peterburq Universitetinin rəsmi dəvəti ilə Peterburqa gedən Kazım bəy orada fars dili ilə bərabər ərəb dilini də tədris edib.1850-ci ilin fevralında Rusiya Coğrafiya Cəmiyyətinin həqiqi üzvü seçilib, bir müddətdən sonra Şirvan və Dərbəndin qədim tarixinə dair “Dərbəndnamə” adlı çox mühüm əsərini nəşrə hazırlayıb. Təqribən 12 il ərzində ərsəyə gətirdiyi bu əsərində Kazım bəy təkcə ona məlum əlyazmalardan deyil, həm də Qərbi Avropa alimlərinin əsərlərindən də faydalanıb. Rusiyada və Qərbi Avropa ölkələrində geniş rezonans doğurmuş bu əsərə görə o, Peterburq Elmlər Akademiyasının çox nüfuzlu Demidov mükafatına layiq görülüb. Sonralar bu əsərə görə Kazım bəyə Britaniya kraliçasının qızıl medalı verilib. Alim 1839-cu ildə “Türk-tatar dilinin qrammatikası” dərsliyini çap etdirib.
1854-cü ilin oktyabrında Peterburq Universitetinin Şərq dilləri şöbəsi fakültəyə çevriləndən sonra Kazım bəy oranın ilk dekanı seçilib. Onun təklifi ilə bu fakültədə qədim ərəb, yeni ərəb, fars, osmanlı türkcəsi, Azərbaycan-türk, caqatay, monqol, kalmık, mancur, Çin, qədim yəhudi, yeni yəhudi, gürcü dili və ləhcələrinin tədrisi başlanıb. Kazım bəy Şərq dilləri fakültəsində əlavə olaraq xarici əlaqələr, siyasi-iqtisad, mülki hüquq və cinayət hüququ məsələlərinin, latın dilinin və pedaqogikanın tədrisinin aparılmasına nail olub.
Kazım bəy Peterburq Universitetində çalışmaqla kifayətlənməyib Hərbi Akademiyanın zabit heyəti üçün türk dilindən mühazirələr oxuyurdu. O, İmperator Hərbi Akademiyasında keçilən türk dili kursu üçün dərs vəsaiti də hazırlayıb və bu əsərinə görə ona növbəti dəfə Demidov mükafatı verilib.
Peterburqda Kazım bəy elmi fəaliyyətini daha da genişləndirib. O, həm türkologiyaya, həm də Şərqin tarixinə və onun dinlərinə dair əsərlər çap etdirib. Onlardan biri də 1854-cü ildə işıq üzü görən “Türk dili kursu üçün dərs vəsaiti” adlı əsəri idi. Əsərdə türk dilinin qısa qrammatik oçerki, Osmanlı imperiyasında müxtəlif xətlərlə yazılmış mətnlər, 6700-dən artıq rus sözlərinin tərcüməsi olan türk lüğəti verilib. Onun həmin il dərc etdirdiyi “Şərq dillərindəki sözlərə oxşar rus sözlərinin izahı” adlı məqalə rus lüğətində oriyentalizmlərin öyrənilməsi metodikasına həsr olunub.
Mirzə Kazım bəy 1868-ci ildə rus elmi dairələrində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafikasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona ən böyük arzusu, mənsub olduğu və həmişə sadiq qaldığı türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihəsini həyata keçirməsinə imkan vermir.
Görkəmli alim 1870-ci ildə Sankt-Peterburqda dünyasını dəyişib.

1897 – SSRİ Xalq artisti Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül) Şuşa yaxınlığında –Xanbağı adlanan yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında oynamışdır.
1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir.
1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır.
1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır.
1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.
26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmiş, Birinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

1924 – Tanınmış yazıçı Cəlal Novruz oğlu Cavadov (Cəlal Bərgüşad) Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya olduğuna görə tərxis edilmişdir .
Onun “Cənub taydan əsən meh” adlı ilk şeri də Qubadlıda çıxan “Avanqard” qəzetində dərc edilmişdir .
Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. “Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur .
1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında “Çoban Boran”, “Göy göl”, “Suren Adamyan”, “Torpağın ətri”, “Çinar yarpağı” televiziya fılmləri çəkilmişdir. “Babək” əsəri Tehranda (1984) farsca, “Qaçaq Nəbi” İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli “İkinci Dünya müharibəsi” ordeni (1986) və medallarla təltif edilmişdir.
Cəlal Bərgüşad şair Süleyman Rüstəmin bacısıyla ailə qurmuşdur.
1996-cı il iyulun 9-da vəfat etmişdir.

1942 — İstedadlı bəstəkar, şair, tarzən, gitaraçı Bəhram Paşa oğlu Nəsibov Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. 1962-1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya fakültəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı “Qarabağ” dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca “Sən də həmdəm, mən də həmdəm”, “Var gülüşündə”, “Şahnaz” təsnifi kimi məşhurlaşan “Deyin hardadır”, “Səni qəmli görəndə”, “Gecələr”, “Bəxtəvər gəlin”, “Ay gecikən məhəbbətim”, “Qurban olum”, “Sən güləndə”, “Ay qız”, “Xatirəsən”, “Gəl inad etmə” və digər mahnılarını yazıb. Ümumilikdə 300-ə yaxın mahnısı var. Uzun illər bu mahnılar xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilib. Sonradan mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müəllifin adına qeydiyyatdan keçib. Əksər mahnıların sözlərini də özü yazıb. B.Nəsibov həm də tarda və gitarada gözəl ifa edirdi. Bundan əlavə Bəhram Nəsibov çoxlu sayda şerlər, bəhri-təvillər, uşaq mahnılarının müəllifidir.
1993-cü ildə Füzuli rayonunun işğalından bir necə gün sonra beyninə qan sızıb.
5 il xəstə yatan şair- bəstəkar Bəhram Nəsibov 1998-ci ildə vəfat edib.

1947 — Şair Eldar Baxış oğlu Ağayevin (Eldar Baxış) anadan olmuşdur.
Eldar Baxış 1947-ci il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Diləli Müskanlı kəndində kəndli ailəsində doğulmuşdur. Burada ibtidai məktəbi, Qubadlıda isə onbirillik məktəbi bitirib ADU-nun tarix fakültəsində təhsil almışdır (1965-1969).
Bakı kəndlərində müəllimlik etmiş, öz ərizəsi ilə bir il əsgəri xidmətdə olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, redaktor (1972-1988), televiziyanın ədəbi-dram verilişləri baş redaksiyasının televiziya tamaşaları şöbəsinin böyük redaktoru (1988-1990) vəzifələrində çalışmışdır. “Səs” və “Nəfəs” qəzetlərini yaratmış, “Səs” qəzetinin baş redaktoru olmuşdur (1990-1992). Yenidən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində Gənclik Yaradıcılıq Birliyinin İctimai-siyasi şöbəsinin müdiri işləmişdir (1992-1993). Radionun “Bilgi və uşaq dünyası” verilişləri Baş redaksiyasının baş redaktoru olmuşdur (1993-cü ildən).
“Köynək” adlı ilk şeiri 1966-cı ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuşdur. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Vladivostokda keçirilən Umumittifaq poeziya festivalında iştirak etmişdir (1985). Qardaş xalqlar ədəbiyyatından seçmə nümunələri Azərbaycan dilinə çevirmişdir.
Kukla teatrı onun “Məlikməhəmməd” pyesini səhnələşdirmişdir (1982). Bu pyes Mərdəkan Xalq teatrı aktyorlarının ifasında Praqada tamaşaya qoyulmuşdur. Eyni zamanda xalq teatrlarına Tbilisidə keçirilən Ümumittifaq baxışında yüksək mükafata layiq görülmüşdür.
“Azərbaycan” jurnalında çap etdirdiyi “Qaravun dərənin dükançası” (1981) onun ilk nəsr əsəridir. “Uzun Həsən” pyesi Şuşa Dövlət Teatrında tamaşaya hazırlansa da, erməni təcavüzü üzündən oynanılmamışdır.
22 may 1986-cı ildə vəfat etmişdir.
Vəfat etmişdir:

1976 – Xalq artisti İsmayıl Osmanlı Bakıda vəfat etmişdir.
İsmayıl Osmanlı 11 aprel 1902-ci ildə Nuxada (Şəki) anadan olub. Mükəmməl təhsil görməyib. 11 yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb.
1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.
İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yüzlərlə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub.
İsmayıl Osmanlı “Azərbaycanfilm”in istehsal etdiyi “Kəndlilər” (Daxili işlər naziri), “Bir məhəlləli iki oğlan” (Mahmud), “O olmasın, bu olsun” (Rza bəy), “Əsl dost” (Usta Şirəli), “Yenilməz batalyon” (Yusif), “Mən ki gözəl deyildim” (Poçt müdiri), “26-lar” (Şahbazov), “Ulduzlar sonmür” (Hacı Zeynalabdin Tağıyev), “Nəsimi” (Nəimi), “Yeddi oğul istərəm” (Kələntər) və sair filmlərdə çəkilib.
22 iyun 1978-ci ildə vəfat edib. Məzarı I Fəxri Xiyabandadır.

1994 – Xalq şairi, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Xəlil Rza Ulutürk 61 yaşında Bakıda vəfat etmişdir.
1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub.
1948-ci ildə “Azərbaycan pioneri” qəzetində “Kitab” adlı ilk şeri dərc olunub.
1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb.
1957-ci ildə “Bahar gəlir” adlı ilk şerlər toplusu nəşr olunub. Şair elə həmin il Moskvaya, Maksim Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərilib.
1959-cu ildə vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib və filologiya elmləri namizədi dərəcəsinə layiq görülüb.
1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu işıq üzü görüb. Bir il sonra “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülür.
Azərbaycanda xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rza da bütün varlığı ilə bu hərəkata qoşulub, imperiyanın şovinist siyasətini, Dağlıq Qarabağ torpağına göz dikən erməni daşnaklarını alovlu çıxışları ilə ifşa edib.
1990-cı ilin yanvarında sovet imperiyasının Bakıda törətdiyi qanlı cinayətlər barədə xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrə görə həbs olunub və Moskva şəhərindəki Lefortovo həbsxanasına göndərilib. 8 ay 13 gün zindanda qalan və öz mübarizəsini burada da davam etdirən şair “Lefortovo gündəliyi”ni, 200-dən çox şer və poema qələmə alıb.
1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılıb.
1991-ci ildə şair “Türk milləti mükafatı laureatı”, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq Şairi fəxri adlarına layiq görülüb.
Türk dünyasının görkəmli şairi Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib.
Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.