Tarixdə bu gün
İlin 181-ci (uzun illərdə 182-ci) günü.

Doğum günləri:

1812 – Məşhur Azərbaycan yazıçısı, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiy Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov və ya Mirzə Fətəli Axundov (Axundzadə) Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər.
O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.
Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olmuşdur.
Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat etmiş və köhnə müsəlman qəbirstanlığında (indiki Tbilisi botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonu) dəfn olunmuşdur.
Axundov bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.
M.F.Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir.

1915— Sovet İttifaqı Qəhrəmanı Müseyib Bağır oğlu Bağırov Gəncə şəhərində dünyaya göz açmışdır.
1933-cü ildə Bakı Dənizçilik texnikumunu qurtarmışdır.
1941-ci ildə orduya xidmətə getmişdir.
1943-cü ildə hərbi məktəb bitirərək 4-cü ordu tərkibindəki 69-cu qvardiya atıcı diviziyasında bölmə komandiri olmuşdur.
Qvardiya baş leytenant M.Bağırov Poltava vilayətinin Zenkov şəhəri ətrafındakı döyüşlərdə şəxsi qəhrəmanlıq göstərmiş, düşmən səngərinə birinci girərək onlarla faşisti məhv etmiş və ağır yaralansa da döyüş meydanını tərk etmişdir.
1944-cü ilin 22 fevralında ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Kapitan M.Bağırov 1945-ci ilin oktyabrında hərbi xidmətdən tərxis edilərək Bakıda işləməyə başlamışdır.
17 may 1981-ci ildə 66 yaşında vəfat etmişdir.

1928— Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü, AMEA-nın akademiki Cəlal Əlirza oğlu Əliyev Naxçıvan şəhərində anadan olmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifi idi.
1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olmuşdur.
Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvü idi.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra 2016-cı il yanvarın 31-də dünyasını dəyişib.
Akademik I Fəxri Xiyabanda torpağa tapşırılıb.
Vəfat etmişdir:

1925 – Azərbaycanın hərb xadimi, general-mayor Firidun bəy Camal bəy oğlu Vəzirov repressiya qurbanı olmuşdur.
Firidun bəy Camal bəy oğlu 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailəsində anadan olmuşdur. Firidun bəy ilk təhsilini Tiflis klassik gimnaziyasında almışdır. 1868-ci ildə Kropivnitskidəki (əvvəlki Yelizavetqrad) suvari məktəbini əla qiymətlərlə bitirmişdir. Hərbi xidmətə unter-zabit (xarici ordularda aşağı komanda heyətinə mənsub hərbi qulluqçu.) rütbəsində yeddinci Belarus qusar alayında başlamışdır. 1906-cı ildə ordudan tərхis olunan general-mayor Firidun bəy Vəzirov doğma şəhəri Tiflisdə Miхaylovsk prospektindəki 111 nömrəli mülkündə yaşamışdır.
1925-ci ilin 30 iyun tarixində güllələnmişdir.
N.Nərimanov bu dəfə onun dadına çata bilmir. Çünki artıq həyatda yox idi. Həmin il martın 19-da Moskvada həyatla vidalaşmışdı…
arət “Dağları aşdı sellər” kitabı nəşr olunub.

1969 — Görkəmli şair, tərcüməçi Əli Paşa oğlu Kərimov vəfat etmişdir.
Əli Kərim 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur.
1948-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə dəyişilmişdir. III kursdan Moskva M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirmiş və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Bakıya qayıtdıqdan sonra “Azərbaycan” jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.
Əli Kərimin ömrü,öz şair sözü kimi, poeziyada atributa çevrildi. Bu gün onun üslubunu,deyim tərzini,söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində çıxmış “Təzə müəllim” şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında “İlk simfoniya” poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan “İki sevgili”kitabı olmuşdur.
Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür.
Göyçayda Əli Kərim adına park salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir.
Bayramlar və xüsusi günlər:

30 iyun Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur.
Bu gün bizim ölkədə dünya ölkələrinin əksəriyyətində olduğu kimi, 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir.
Bu tarix İlham və Fərizənin xatirəsinə ithafən qeyd edilir. Bu cütlüyün faciəvi məhəbbət hekayəti milyonlarla azərbaycanlını sarsıtdı. İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar.
2004-cü ildən Azərbaycanda Sevgililər günü 30 iyun tarixində qeyd edilir. Bu günün tarixçəsi qəmli də olsa onların məhəbbətini, Leyli və Məcnun, Fərhad və Şirinin məhəbbətləri ilə müqayisə etmək olar.
Ailə quran gənclər ümid və arzu dolu idilər. Amma 1990-cı ilin gəlişi cavanlara bədbəxtlik gətirdi. Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet tanklarının Bakıya girdiyi an İlham hadisələrin şahidi oldu. Bu şahidlik onu şəhidlik zirvəsinə qaldırdı.
Həyat yoldaşının öldüyünü eşidən Fərizə onsuz həyatdan imtina etdi. İntihara cəhd edən Fərizəyə mane oldular, ilk cəhdinin boşa çıxmasına baxmayaraq, o fikrindən dönmədi. O, sirkə içərək doğmalarına vida məktubu yazıb, İlhamsız yaşaya bilməyəcəyini bildirdi. Məktubunu sona çatdıra bilməyən Fərizə bətnindəki körpəsi ilə əbədiyyətə qovuşdu.
İlham və Fərizənin faciəvi talelərinə baxmayaraq, Azərbaycanda Sevgililər günü onların nikaha daxil olduqları tarixdə qeyd edilir. (Bsax: https://oxu.az/society/82321) .




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.