Tarixdə bu gün
İlin 180-ci (uzun illərdə 181-ci) günü.
Mühüm hadisələr:
1992 — Azərbaycan Respublikası Yeni Zelandiya ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1954— Azərbaycanın Milli Qəhrəmanı Elxan Qaçay oğlu Zülfüqarov Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 nömrəli məktəbin səkkizinci sinfini bitirmişdir. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirmişdir. 1971-ci ildə texnikuma daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə Ukraynada xidmətini başa vurmuş və yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilmişdir. Milis işçisi olaraq fəaliyyətə başlamış, baş leytenant rütbəsi almışdır.
1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıtmışdır. 1992-ci ildə könüllü olaraq Milli Ordu dıralarına yazılmışdır. Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir.
Оnu “Edik” kimi tanıyan ermənilər başına mükafat qоymuşdular. 40-dan çox hərbi əməliyyatda iştirak etmişdir. Qısa müddətdə ona kapitan rütbəsi verilmiş və kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunmuşdur.
Erməni, rus dillərini səlis bildiyi üçün ən mühüm məlumatlar əldə etməyi bacarırdı.
4 yanvar 1994-cü ildə kəşfiyyat zamanı əldə etdiyi məlumatlar sayəsində 19 kənd azad edilmiş, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnika ələ keçirilmişdir.
Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Elxan Qaçay oğlu Zülfüqarov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

1958 —Tanınmış Azərbaycan aktyoru, müğənni Elçin Qəzənfər oğlu Həmidov Bakıda anadan olmuşdur. Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürür. Amma gələcəyin istedadlı aktyorunu hələ qarşıda daha böyük çətinliklər gözləyir. Əmisinin evində də əziyyətli günlər keçirən, valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçinin əvvəlcə bacısı, sonra isə qardaşları vəfat edir. 1974 –cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olub 1981-ci ildə bitirib.
1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında artist-vokalist kimi fəaliyyət göstərib. İstedadı və bacarığı sayəsində Elçin Həmidov az vaxt ərzində kollektivdə böyük hörmət qazanıb. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olmuşdur.
Süleyman Ələsgərov, Şıxəli Qurbanov «Olmadı elə, oldu belə»də Gülüstan, Vasif Adıgözəlov, Əliağa Kürçaylı “Boşanaq, evlənərik”də İkram, H.Qurbanov, Cahangir Aslnoğlu “Qarğa məndə qoz var”da Zərzibonskaya, Soltan Hacıbəyov “Qızıl gül”də Azay, Səid Rüstəmov, Məmməd Səid Ordubadi “Beş manatlıq gəlin”də Nadir, Süleyman Ələsgərov, Şıxəli Qurbanov “Özümüz bilərik”də Miriş, Süleyman Ələsgərov, İsi Məlikzadə “Subaylarınızdan görəsiniz”də Mayıl, Süleyman Ələsgərov, İsi Məlikzadə “Hərənin öz ulduzu”nda Nəzir, Emin Sabitoğlu, Xalidə Hasilova “Nəğməli Könül”də Mustafa, Sərdar Fərəcov, Əli Əmirli “Səhnədə məhəbbət”də ofisiant, Oktay Rəcəbov, Aqşin Babayev ”Əlin cibində olsun”-Şəkərli, Vasif Adıgözəlov, Anar “Aldın payını çağır dayını”-Əli Əyrizadə, Faiq Sücəddinov, Tamara Vəliyeva ”Mən dəyərəm min cavana”-Dilənçi, İmre Kalman ”İdialı qaraçı” Estraqon, Üzeyir Hacıbəyli «O olmasın, bu olsun»da Rza bəy, Rauf Hacıyev “Talelər qovuşanda”da Totuş, Üzeyir Hacıbəyli “Ər və arvad” Kəblə Qubad obrazı ilə tamaşaçıların rəğbətini qazanmışdır.
Elçin Həmidovun ölümü çox qəfil və kədərli olub.2011-ci il 4 martda istedadlı aktyor qəflətən dünyasını dəyişib. Elçinin işə gəlmədiyini görən dostları onun evinə gediblər.Fövqaladə Hallar Nazirliyinin işçilərinin köməyilə qapı açıldı.Təəssüf ki,bu vaxt artıq Elçin Həmidov tək-tənha dünyasını dəyişmişdir.
Aktyor 5 mart-da Xırdalan qəbiristanlığında torpağa tapşırılmışdır.

1967— Azərbaycan Tibb Universitetinin rektoru, görkəmli Azərbaycan psixitrı, tibb elmləri doktoru , professor, Əməkdar müəllim Gəray Çingiz oğlu Gəraybəyli Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olub. 1992-ci ildə həmin fərqlənmə diplomu ilə bitirib.
1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.
Professor Gəray Gəraybəyli 1995-ci ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildə dosent, 2012-ci ildə professor elmi adına layiq görülüb.
60-dan çox elmi əsərin, 1 tədris vəsaitinin, 2 tədris-metodik, 3 metodik tövsiyənin, 4 tətbiqetmə aktının və 1 səmərələşdirici təklifin müəllifidir. Dəfələrlə xarici ölkələrdə elmi konfrans və konqresslərdə elmi məruzələrlə çıxışlar edib. 2001-ci ildə ABŞ Dövlət Departamentinin Fulbright Programı çərçivəsində Cənubi Kaliforniya Universitetində elmi ezamiyyətdə olub.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudır.
Gəray Çingiz oğlu Gəraybəyli 11 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Vəfat etmişdir:

1992— Azərbaycanın Milli Qəhrəmanı Kamil Balədə oğlu Nəsibov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Kamil Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və ordu sıralarına çağırılmışdır. Üç ildən sonra ordudan tərxis edilərək vətənə qayıtmışdır. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.
1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman Kamil könüllülərdan ibarət özünümüdafiə bölüyü yaratmışdır. Komandiri olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdir.
1992-ci il 29 iyun tarixində Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Kamil Balədə oğlu Nəsibova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ağcabədi rayonunda dəfn edilmişdir.
Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi Kamil Nəsibovun adını daşıyır.

2011— Xalq rəssamı, iki dəfə Dövlət mükafatı laueratı, “Şöhrət” ordenli, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqqının üzvü olmuş Kamil Nəcəf oğlu Nəcəfzadə 81 yaşında vəfat etmişdir.
Kamil Nəcəfzadə 29 dekabr 1929-cu ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində doğulub.
1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir.
1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır.
Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “Knyaz”, 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun “Fərhad və Şirin” tamaşalarını göstərmək olar.
O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.