Dilimiz varlığımızdır


“Dönmək” əvəzinə dolanmaq, çevrilmək də deyilir. Başqa sözlə: birinin uğrunda fəda olmaq, özünü qurban vermək. Habelə: “qurban olmaq”, “ağrısınıı (bəlasını, qadasını) almaq” ifadələri də eyni mənada işlənir.


İslam dinindən çox-çox qədimlərdə hər hansı fəlakətdən xilas olduqda sədəqə verirdilər ki, bu sədəqə müvafiq şəxsin başı üzərində və ya ətrafında üç dəfə dolandırılırdı. Məsələn, pul sədəqəsini baş üzərində, heyvan sədəqəsini şəxsin ətrafında dolandırırdılar. Bu adətin izlərinə bədii ədəbiyyatda rast gəlirik.
“Dədə Qorqud”da deyilir ki, Qazan bəy oğlu Uruz bəyi dustaqlıqdan xilas etdikdən sonra “qırx otaq tikdirdi. Yeddi gün gecə -gündüz yemək-içmək oldu. Qırx evli qulla qırx cariyə oğlu başına çevirdi, azad elədi”. Deməli, vaxtilə azad edilən qullar şəxsin ətrafında dönür, dolanır, çevrilirdi. Bu adət daha bir sıra xalqlarda olmuşdur. Qeyd edilən ifadələrin qədim şamanizmlə əlaqədar olduğunu göstərən Nəsir Rzayev yazır: “Şamanizm Azərbaycan dilinin lüğət tərkibinə də qüvvətli təsir götərmişdir. “Başına dolanım”, “qurban olum”, “qadan alım” kimi ifadələr şamanların müalicə məqsədini güdən prosesini təmsil edir.
Türküstan şamanlarının müalicə ayinlərini xatırlayaq.
Şaman xəstəliyi xəstədən göyərçinə, yaxud toyuğa köçürərkən quşları üç dəfə xəstənin başına dolandırır. Ayinin birinci mərhələsi dilimizdə “başına dolanım” ifadəsinin yaranmasına səbəb olmuşdur. Bu ifadəni işlədən hər kəs müraciət etdiyi adamın başına dolanmağa hazır olduğunu bildirir. Bu o deməkdir ki, o, müraciət etdiyi adamın bütün xəstəliklərini, dərd-sərini qəbul etməyə hazırdır.
İkinci “qadan alım” ifadəsi həmin şaman ayininin ikinci prosesinə uyğun gəlir. Bu prosesdə şaman dualarını və ayini müşayiət edən musiqinin təsiri altında xəstəlik (qada) insandan göyərçinə, yaxud toyuğa keçir. Bu o deməkdir ki, göyərçin, yaxud toyuq xəstənin qadasını alır, xəstəliyi öz canına qəbul edir.
Bu ifadəni işlədən adam özünü həmin göyətrçinin yerinə qoymuş olur. Həmin ayinin sonuncu – üçüncü prosesində göyərçin xəstənin qadasını alandan sonra kəsilir, yəni xəstənin qurbanı olur. Yuxarıda qeyd etdiyimiz üçüncü “qurban olum” ifadəsi dəbu ayinin sonuncu prosesini təmsil edir. Bu ifadəni işlədən adam öz əzizi uğrunda qurban getməyə – ölümə hazır olduğunu bildirir.
Bu ifadələrin dilimizə keçməsi, dilimizin əzbəri olması bir daha haqqında danışdığımız Şərqi Türküstan şaman ayininin xalqımız arasında çox geniş yayıldığını göstərir.
Nəzərdən keçirdiyimiz üç ifadənin əsasında “başına dolandır, ver” ifadəsi də yaranmışdır. Adamlar öz xəstəliklərindən və başqa ziyanlardan yaxa qurtarmaq üçün nəzir verməyi əhd edir. Onlar nəziri verərkən üç dəfə başlarına dolandırırlar ki, bu onların qurbanlığı olsun, onları (şaman ayinində olduğu kimi) xəstəlikdən, hər cür xata-baladan qorusun”.
B.Bayramovun “Cıdır düzü” romanında deyilir: “Naxış xanım ana ürəyinin bütün qüdrəti və qüvvəti ilə həyəcana düşdü. Hətta, özünü qurban deyib, oğlunun çarpayısının başına dolandı”.


Musa Adilov,
Filologiya elmləri doktoru, professor

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!