Tarixdə bu gün

İlin 190-cı (uzun illərdə 191-ci) günü.
Mühüm hadisələr:
1919 – Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimat qəbul edilmişdir.
Doğum günləri:

1835 — XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır
1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.
Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir.
Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Məhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır.
Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir.
Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata” ,”Qafqaz müsəlmanlarına xitab” və s. satiralarıdır.
Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat etmişdir.

1936 –Azərbaycan yazıçısı və geoloqu Şamo Arif Qubadlı rayonunun Əyin kəndində anadan olub.
1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun xatirəsini yaşatmaq üçün atası və anasının razılığı ilə onun adını öz adının qarşısına qəbul edib.
O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır.
Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi “Xəzər və neft” kitabı bu gün gədər öz aktuallığını saxlayır.
Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq “Qoşa çinar” hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə “Göz dağı” povesti və “Anamın yuxusuna girməsin” romanını çap etdirib. Ən nəhayət, sonuncu romanı “Qınamayın məni” olub.
Dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələr ilə çıxış etmişdir.
Şamo Arif 16 iyun 2012-ci ildə 75 yaşında vəfat etmişdir.
Vəfat etmişdir:

1992— Azərbaycanın Milli Qəhrəmanı Namiq Müslüm oğlu Allahverdiyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Namiq Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə 1-saylı orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür.
1988-ci illərdə erməni təcavüzkarları torpaqlarımıza tez-tezz hücumlar edirdi başlamışdı. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il 31 avqustda DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və digər kəndləri erməni basqınçılarından azad edilmişdi. 9 iyul 1992-ci il erməni millətçilərinin silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edirlər, cəsur əsgərimiz Namiq onların qarşısını almaq üçün yüksəkliyə qalxaraq mövqə tutur, elə bu vaxt güclü partlayış eşidilir, tankdan atılan mərmi onun həyatına son qoyur.
Azərbaycan Respubliksaı Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Namiq Müslüm oğlu Allahverdiyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Beyləqan rayonundakı 1 saylı orta məktəb qəhrəmanın adını daşıyır.

1996 — Tanınmış nasir Cəlal Bərgüşad 72 yaşında vəfat etmişdir.
Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı kəndində fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, 1943-cü ildə ağır döyüşlərin birində kontuziya olduğuna görə tərxis edilmişdir .
Bundan sonra Qubadlı rayon daxili işlər şöbəsində VAQ müdiri işləmişdir (1943-1946). Onun “Cənub taydan əsən meh” adlı ilk şeri də Qubadlıda çıxan “Avanqard” qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. “Azərbaycan pioneri” qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951).
1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında “Çoban Boran”, “Göy göl”, “Suren Adamyan”, “Torpağın ətri”, “Çinar yarpağı” televiziya fılmləri çəkilmişdir. “Babək” əsəri Tehranda (1984) farsca, “Qaçaq Nəbi” İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli “İkinci Dünya müharibəsi” ordeni (1986) və medallarla təltif edilmişdir.
Cəlal Bərgüşad şair Süleyman Rüstəmin bacısıyla ailə qurmuşdur.

2014 — Filologiya elmləri doktoru, professor, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki, tərcüməçi və politoloq Vaqif Arzumanlı vəfat etmişdir.
V.Arzumanlı 1947-ci ildə Quba rayonunda anadan olub.
Onbirillik məktəbi qızıl medalla bitirdikdən sonra 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyytı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxumuşdur. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləmiş, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışmışdır.
V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləmişdir. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinə rəhbərlik etmiş, 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviri işləmişdir.
30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olmuşdur.
2014-cü ilin iyul ayında Nabrandakı bağ evində ağır xəstəlikdən sonra dünyasını dəyişmiş və öz vəsiyyəti ilə Xudatda atasının dəfn olunduğu “Şıxlar” qəbiristanlığında torpağa tapşırılmışdır.
Bayramlar və xüsusi günlər:

9 iyul Azərbaycan Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı. Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.
Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın – 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaratdı. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud oldu.
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanındı.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.