Tarixdə bu gün

İlin 191-ci (uzun illərdə 192-ci) günü.
Mühüm hadisələr:
1992 – Azərbaycan Respublikası Kanada ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1869 — Azərbaycanlı şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev) Göyçə mahalının Nərimanlı kəndinə anadan olub.
Yaradıcılığa çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib.
Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitinə yeni bir abu-hava gətirib:yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb. O, çox nadir sənətkardır ki, qəzəllərini və sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyur.
Onun bütün həyatı canından əziz bildiyi doğma Göyçəsinə olan erməni təzyiqləri ilə mübarizələrdə keçib. Və bununla yanaşı möhtəşəm Göyçə epopeyasını yaradıb.
1952-ci ildə vətənpərvər şair, son dərəcə xeyirxah insan Xəstə Bayraməli ana yurdu Nərimanlı kəndində vəfat edib. 14 aprel 1995-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında ulu Göyçənin qüdrətli söz ustadı, şair Xəstə Bayraməlinin 95 illik yubileyi keçirilmişdir.

1906 — Sovet İttifaqı Qəhrəmanı Cəfərov Ağaşirin Ağaməmməd oğlu Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur.
1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. Döyüşlərdə üç dəfə yaralanmışdır.
Pulemyotçu kiçik serjant Ağaşirin Cəfərov 1942-ci ilin noyabrında Cənub cəbhəsində 51-ci ordu tərkibindəki 416-ci Azərbaycan Milli diviziyasında döyüşə başlamışdır. 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə sərrast atəş ilə şəxsi igidlik göstərərək, düşmənin atəş nəqtələrini və 300-dən artıq canlı qüvvəsini məhv etmiş, döyüş üçün mühüm yüksəkliyin zəbt edilməsini təmin etmişdir. Taqanroq şəhəri uğrunda gedən vuruşlarda xüsusi igidliyinə görə 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür.
O, 416-cı diviziyada bu adı alan birinci qəhrəmandır.
Starşina Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz və kənd soveti sədri olmuş, sonra isə Bakıda Neft-qazma idarəsində işləmişdir.
3 may 1984-cü ildə vəfat etmişdir.
Neftçala rayonu Astanlı kənd tam orta məktəbi Ağaşirin Cəfərovun adını daşıyır. Neftçala şəhər parkında büstü və şəhərdə adına küçə vardır.

1930 — Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Burada orta təhsilini başa vurduqdan sonra 1946-lcı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1951-ci ildə universiteti bitirib Cəbrayıl rayonunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Bir il Şükürbəyli kənd orta məktəbində direktor işləmişdir. 1956-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsinə qəbul edilmiş, bir müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. 1993-1996-cı illərdə həmin qəzetin baş redaktoru işləmişdir. Sabir Əhmədli Yazıçılar Birliyinin Mükafatlar Şurasının sədri olmuşdur.
O, ədəbi fəaliyyətə 1951-ci ildə “Pioner” jurnalında çap olunmuş “Poçtalyon” hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. “Bir payız axşamı” adlı ilk kitabı 1961-ci ildə çapdan çıxmışdır. Sonralar “Aran”, “Pillələr”, “Görünməz dalğa”, “Yamacda nişanə”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Gedənlərin qayıtmağı”, “Dünyanın arşını”, “Yanvar hekayələri”, “Kütlə”, “Axirət sevdası”, “Şəhid ruhu” və s. kitabları işıq üzü görmüş, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirmiş, yüksək vətəndaşlıq hissləriylə qələmə alınmış əsərləriylə ədəbiyyatımıza böyük xidmət göstərmiş, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynamışdır. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilmişdir. Ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adları verilmişdir.
19 aprel 2009-cu ildə 78 yaşında vəfat etmişdir.

1936― Nəğməkar şairə, dramaturq, Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva Naxçıvan şəhərində anadan olmuşdur. Burada 2 saylı şəhər orta məktəbində təhsil almışdır. Daha sonra 1953-1957-ci illərdə Azərbaycan Dillər Universitetinin Fransız dili fakültəsində təhsilini davam etdirmişdir
Kəmalə Ağayevanın pedaqoji fəaliyyət dövrü 1957-1989-cu illəri əhatə edir. Eyni zamanda 1986-cı ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk ədəbi hissə müdiri olmuşdur. Kəmalə Ağayeva 2002-2005-ci illərdə “Ümid çırağı” jurnalının baş redaktoru kimi fəaliyyət göstərmişdir.
Kəmalə Ağayeva 1965-1983-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin, 1981-1983-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin təftiş komissiyasının və Kitabsevərlər cəmiyyəti idarə heyətinin üzvü seçilmişdir. O, dəfələrlə Naxçıvan şəhər Sovetinin deputatı olmuşdur. İki dəfə Azərbaycan KP qurultayına (XXVI, XXVII) nümayəndə seçilmişdir.
Kəmalə Ağayevanın “Hilal olaydım” adlı ilk mətbu şeiri 1957-ci ildə “Azərbaycan” jurnalında dərc edilmşdir. Bundan sonra şairə fəal bədii yaradıcılıqla məşğul olmuşdur. Onun “Bahar sözü” adlı ilk kitabı isə 1961-ci ildə işıq üzü görmüşdür. Kəmalə Ağayeva 15 şeir kitabının, 200-ə qədər oçerk və bədii yazıların müəllifidir.
18 iyul 2019-cu ildə 83 yaqşında vəfat etmişdir.

1970 — Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şikar Davud oğlu Aslanov Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur.
İlk təhsilini Süleymanlı kəndində almış, orta məktəbi 1987-ci ildə bitirmişdir.
1988-ci ildə sovet ordusuna hərbi xidmətə çağırılmışdır. 1990-cı ildə doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul edilmişdir. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yazılmışdır.
1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini xüsusi dəqiqliklə susdurmuşdur.
1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlmiş, hospitala çatdırılsa da, həyatını xilas etmək mümkün olmamış, Şikar güllə yarasından gözlərini əbədi olaraq yummuşdur.
Doğulduğu Süleymanlı kəndində dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Şikar Davud oğlu Aslanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Vəfat etmişdir:

1966 — Məşhur özbək şairi, akademik Qafur Qulam 63 yaşındavəfat etmişdir.
Qafur Qulam 1903-cü il mayın 10-da Daşkənddə kasıb, amma ziyalı bir ailədə doğulmuşdur.
O, ilk təhsilini mədrəsədə almış, mütaliə ilə biliyini zənginləşdirmişdir. Qafur Qulam əvvəl müəllimliklə məşğul olmuş, daha sonra isə qəzet və jurnal redaksiyalarında işləmişdir. Sovet hakimiyyəti illərində isə o, akademikliyə qədər yüksələrək 1943-cü ildə Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü seçilib .
Qfur Qulam Lirik şairdir. Onun lirikasında konkret təsvirdən qüvvətli ricətə adlamaq, keçmiş və gələcək haqqında mühakimə yürütmək, müqayisə etmək, ictimai məzmun daşıyan məsələlərdən öz şəxsi həyəcanlarına, öz tərcümeyi-halına, bəzən əksinə, fərdi — intim hiss və həyəcanlardan böyük ictimai ümumiləşdirmələrə meyl qüvvətlidir…. Qafur Qulamın hər şeirində tamamlanmamış bir poetik fikir vardır və müəllif əlvan təsvir vasitələrindən, priyomlardan həmin fikri vermək üçün istifadə edir”. Azərbaycan dilində “Sən yetim deyilsən” şeiri ilk dəfə “Özbək ədəbiyyatı anto logiyası”nda (1958) şair Qasım Qasımzadənin tərcüməsində, şair Əhəd Muxtarın tərcüməsində isə Q. Qulamın “Ömrün baharında” (1979) kitabında dərc olunub.
Qafur Qulamın zəngin ədəbi irsi var. Onun şeirləri, poemaları, hekayə və povestləri, rus və dünya klassiklərindən etdiyi tərcümələr yaradıcılığının əsasını təşkil edir. Nazim Hikmətin pyesləri, Şekspirin “Otello”su, Ş. Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”ı məhz Q. Qulamın tərcüməsində özbək dilinə çevrilmişdir. Qafur Qulam poeziyası, tədqiqatçılarının dili ilə desək, özbək ədəbiyyatına yeni ruh, yeni üslub gətirmişdir.

1981— Azərbaycanın Xalq şairəsi Nigar Xudadat qızı Rəfibəyli 68 yaşında vəfat etmişdir.
Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur.
1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdir . 1932-1936-cı illərdə Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir .
“Çadra” adlı ilk şeri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk “Şerlər” kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. “Dolores İbarruri” şeri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. “Cəmilə” şeri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Məhsəti Gəncəvinin rübailərini, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Çexovun “Vanya dayı”, “Albalı bağı” dramalarını, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir.
Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
Məzarı II Fəxri Xiyabandadır.
Bayramlar və xüsusi günlər:

10 iyul bütün dünyada Dünya Hüquq Günü kimi qeyd edilməkdədir. Günün rəsmi oaraq qəbul edilməsi isə keçən əsrin 70-ci illətinə təsadüf edir. 10 iyul 1967-ci ilə kimi, artıq “Hüquq yolu ilə dünya sülhü” adlı 2 konfrans keçirilmişdi. 10 iyul 1967-ci ildə isə Cenevrədə 3-cü konfrans keçirilir və bu tarixdən bşlayaraq, hər il 10 iyul Dünya Hüquq Günü olaraq qeyd edilməyə başladı.
Bu gün münasibəti ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını, akademiya və universitetlərdə hüquq sahəsi üzrə fəaliyyət göstərən müəllim və elm adamlarını təbrik edirik.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.